“Brexit”dən sonra “Dexit” təhlükəsi: Avropa İttifaqı dağılır?
Bizi izləyin

Nida Təhlil

“Brexit”dən sonra “Dexit” təhlükəsi: Avropa İttifaqı dağılır?

Son aylarda Avropa İttifaqının (Aİ) iki əsas üzvü olan Fransa və Almaniyada başlayan etiraz aksiyaları birliyin gələcəyini təhlükə altına alan meyllərin artmasına səbəb olub. Fermerlərin, sürücülərin, tranzit daşıma şirkətləri işçilərinin kütləvi itaətsizlik aksiyaları bu ölkələrdə ifrat sağçıların yüksəlişinə təkan verib. Bu tendensiya daha çox Almaniyada müşahidə edilir.

Ölkə daxilində Aİ-dən çıxmaqla bağlı çağırışlar artır. Sözdə "Dexit" adlandırılan bu prosesin həm Almaniya, həm də Aİ-yə mümkün mənfi nəticələri indi əsas müzakirə mövzularından biridir. Qeyd edək ki, Aİ-yə hazırda 27 dövlət daxildir. Lakin onların iqtisadiyyatları, ölçüləri və strukturları bir-birindən fərqlənir. Almaniya iqtisadi baxımdan təşkilatın lider ölkəsidir. Onun iqtisadi gücü bütünlükdə Aİ-nin ümumi daxili məhsulunun (ÜDM) 24 faizini, üzv ölkələrdən birbaşa investisiyaların beşdə birini (21%) təşkil edir. Almaniya həm də Aİ daxilində mal və xidmətlərin ən böyük ixracatçısı və idxalçısıdır. Ekspertlər xəbərdarlıq edirlər ki, "Dexit"in nəticələri həm blok, həm də bütövlükdə Almaniya üçün fəlakətli ola bilər.

Almaniya iqtisadiyyatı 227 milyard avro itirəcək

İqtisadi proqnozlara fikir verək. Almaniyanın Bertelsmann Fondunun araşdırmasına görə, ölkənin Aİ-dən çıxması onun blokda qaldığı ssenari ilə müqayisədə 2030-cu ilə qədər təşkilatın ÜDM-nin 0,3, Almaniyanın ÜDM-nin isə 0,5% azalmasına səbəb olacaq. Araşdırmada həmçinin xatırladılır ki, Böyük Britaniyanın Aİ-dən çıxması blokun ixracının 1,7%, Almaniyanın ixracının 3,2%, həmçinin Aİ əhalisinin müvafiq olaraq 1,4% və Almaniya əhalisinin 3,9% azalmasına səbəb olub. Almaniya Aİ və vahid bazarı tərk edərsə, o, daha ciddi ticarət maneələri və blok daxilində işçi qüvvəsinin hərəkətliliyinin azalması ilə üzləşəcək.

“Al Arabiya” yazır ki, iqtisadçılar Almaniyanın Aİ-dən çıxmasının zərərini hesablayıblar. “Dexit” baş verərsə, Aİ büdcəsinin beşdə birini, Almaniya iqtisadiyyatı isə 227 milyard avro itirəcək.

Avropa İslahatları Mərkəzinin araşdırmasında isə bildirilir ki, Almaniyanın blokda qaldığı ssenari ilə müqayisədə "Dexit" 2030-cu ilə qədər Aİ-ni ÜDM-in 0,9%-dən və Almaniyanı ÜDM-in 1,9%-dən məhrum edəcək. Tədqiqat "Dexit"in AB ixracını 2,3%, Almaniya ixracını isə 4,7% azaldacağını göstərib. Bu, həmçinin Aİ əhalisinin 0,8%, Almaniya əhalisinin isə 2,5% azalması deməkdir.

Pisləşən iqtisadi göstəricilər

Əslində, Fransa ilə yanaşı, Almaniyanın daxilində də iqtisadi tənəzzül yaşanmaqdadır. Bunun isə bir çox səbəbi var. Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) təhlilinə görə, Almaniya hazırda Ukraynadakı müharibə və Rusiya qazının tədarükünün tamamilə kəsilməsi səbəbindən 100 milyard avro artıq itirib. Bu, ÜDM-in 2,5%-i deməkdir.

"Euronews"un məlumatına görə, “alman lokomotivi” 2023-cü ilin dördüncü rübündə enerji daşıyıcılarının qiymətlərinin artması, Avropada tələbin zəifləməsi səbəbindən ÜDM-də 0,3 faizlik geriləmə yaşayıb. Ölkə artıq qlobal dünyada rəqabət qabiliyyətini itirir. Bütün bunlar 2023-cü ildə ixracın 1,2 faizlik göstərici ilə ciddi şəkildə azalmasına səbəb olub. Digər tərəfdən, Mərkəzi Bankın faiz dərəcələrini yüksəltməsi, 2023-cü ildə qeydə alınan yüksək qaçaq inflyasiya Almaniyada məcburi vergi tənzimləmələrinə və kənd təsərrüfatı subsidiyalarının kəsilməsinə gətirib çıxarıb. Bu da öz növbəsində alman fermerlərinin və digər sahələrdə çalışanların kütləvi etirazlarına təkan verib.

Aİ-nin hesabına əlavə gəlirlər əldə edənlər var

"Dexit" bloka daxil olan digər üzv dövlətlər üçün də iqtisadi tənəzzül vəd edir. Aİ-nin bu il üçün təxmini büdcəsi 143 milyard avro təşkil edir ki, bunun da 137 milyardı üzv ölkələrin birbaşa investisiyalarından ibarətdir. Almaniyanın payı 30,3 milyard avrodan çoxdur. Aİ-yə üzv dövlətlərin əksəriyyətinin ümumi büdcədən aldığı pay öz büdcələrindən qatqılarından qat-qat çoxdur. Məsələn, Polşa ən böyük benefisiardır. 2022-ci ildə Aİ büdcəsinə qoyduğu sərmayədən 16,6 milyard avro çox vəsait əldə edib. İkinci yerdə İspaniya (13 milyard avro), üçüncü yerdə isə İtaliya (8,4 milyard avro) qərarlaşıb.

Aİ-nin son hesabatında bildirilir ki, 7,5 milyon alman aztəminatlı işlərdə çalışır. “Paritatischer Gesamtverband” qeyri-hökumət təşkilatının məlumatına görə isə, Almaniyada yoxsulluq riski altında olan insanların nisbəti ümumi əhalinin 16,6 faizini təşkil edir. Bütün bunlar xüsusilə də Şərqi Almaniyada yaşayanlar arasında ksenofobik hisslərin güclənməsinə səbəb olur. Proqnozlara görə, bütün bu yaşananlar Aİ-nin əsas iqtisadi gücü hesab edilən ölkədə 2025-ci ildə keçiriləcək növbəti seçkilərdə ifrat sağçı partiya və təşkilatların populyarlığının əhəmiyyətli dərəcədə artmasına təkan verir.

Qərəzli siyasi ambisiyalar

Göründüyü kimi, bu gün Azərbaycana Avropanın müxtəlif strukturlarında "dərs" verməyə çalışan, ölkəmizə münasibətdə ədalətsiz qərarların əsas təşkilatçıları olan ölkələrin özləri tənəzzül içindədir. Qərəzli siyasi ambisiyalar bu ölkələrin iqtisadi inkişafının əsas lokomotivini təşkil edən enerji daşıyıcılarının əsas tədarükçülərindən olan və etibarlı tərəfdaş kimi özünü sübut etmiş Azərbaycanla münasibətlərə kölgə salır. Bu cür çətin durumda zərərin yarısından da dönmək mümkündür. Azərbaycanın haqlı tələbləri və yaratdığı reallıq nəzərə alınmaq şərtilə... ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm