Aİ mətbuatı Azərbaycanı belə tərif etdi: Etibarlı tərəfdaşdır, regionun lideridir
Bizi izləyin

Nida Təhlil

Aİ mətbuatı Azərbaycanı belə tərif etdi: Etibarlı tərəfdaşdır, regionun lideridir

Aİ mətbuatı Azərbaycanı belə tərif etdi: Etibarlı tərəfdaşdır, regionun lideridir

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransı bu il Azərbaycanda keçiriləcək. Avropa İttifaqına yaxın media qurumları Bakının həm BMT, həm də Avropa İttifaqının gözündə yaşıl enerji mərkəzinə çevrildiyini vurğulayır.

Publika.az xəbər verir ki, bu il noyabrın 11-22-də Azərbaycanın paytaxtı Bakıda 2024-cü il BMT-nin İqlim Dəyişikliyi Konfransı keçiriləcək. Avropa İttifaqına yaxınlığı ilə tanınan və Aİ institutlarının yerləşdiyi Belçikanın paytaxtı Brüsseldə yerləşən “EU Reporter” nəşrində konfransla bağlı təhlil məqaləsi dərc olunub.

Məqalədə bildirilir ki, Azərbaycan bir tərəfdən həm BMT, həm də Aİ-nin yaşıl ətraf mühit və iqlim dəyişikliyi məqsədlərinə qarşı mübarizə istiqamətində mühüm layihələr həyata keçirir və Bakı üçün önəmli mövzuları konfransa çıxarmağa hazırlaşır.

Lazımi addımlar atılacaq

Nəşr vurğulayır ki, Azərbaycan son illərdə tez-tez mühüm regional və beynəlxalq enerji və ətraf mühit konfranslarına ev sahibliyi edir. BMT-nin iqlim dəyişikliyi konsepsiyası ilə bağlı qlobal toplantısının ilk dəfə Qafqaz-Xəzər regionunda baş tutacağını və toplantıya Azərbaycanın ev sahibliyi edəcəyini bildirən media orqanı bu il xüsusilə G-7 üzvlərindən gözləntilərin böyük olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycanda keçiriləcək konfransda BMT-nin hazırladığı və ilk dəfə Bakıda imzalanmaq üçün dünya liderlərinə təqdim ediləcək “uzunmüddətli iqlim dəyişikliyi və hədəflər strategiyası sənədi” də gündəmə gələcək.

Hədəf 2025-ci ildir

İqlim dəyişikliyi ilə mübarizə üçün ölkələr tərəfindən ayrılan büdcələrin artırılması planın ən diqqət çəkən bəndi kimi önə çıxır. Plana həmçinin ümumi büdcə bazasının hər il 100 milyard dollardan yuxarı artırılması və 2025-ci ilə qədər bütün iştirakçı ölkələrin BMT-nin ətraf mühit hədəflərinə çatması daxildir. Media orqanı pərdə arxasından əldə etdiyi məlumatları da paylaşıb. Müvafiq olaraq, Azərbaycan COP29 Konfransına “müharibə və minaların ətraf mühitə təsirləri və təhlükələri” mövzusunun daxil edilməsini nəzərdən keçirir.

Qafqaz regionunda ən çox turisti cəlb edən şəhər

Nəşr Azərbaycanın neft və təbii qaz hövzəsi kimi müəyyən edilən Xəzər regionunda yerləşməsi, Asiya ilə Avropa arasında mühüm enerji xətlərinə ev sahibliyi etməsi ilə son 14 ildə böyük əhəmiyyət kəsb etdiyini bildirib. Mətbuat Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsi (2012), ilk Avropa Oyunları (2015), Şahmat üzrə Dünya Çempionatı (2015), Dünya Müstəqillər Hərəkatının Parlament Şəbəkəsinin toplantısı (2022) kimi mühüm tədbirlər keçirildiyi barədə məlumatlar verib. Məqalədə həmçinin Bakının dünyada texnoloji şəhərlər anlayışına malik azsaylı şəhərlərdən biri olduğu, beynəlxalq təşkilatlar və investisiyalar sayəsində bütün Qafqaz regionunda ən çox turisti cəlb edən şəhər olduğu vurğulanıb.

Yaşıl enerji mərkəzi

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində 2024-cü ili “Ümumdünya Yaşıl Həmrəylik İli” elan etdiyi vurğulanan yazıda Bakının öz regionunda həm hüquqi, həm də praktiki olaraq mühüm addımlar atdığı qeyd olunub:

“Azərbaycan qlobal istiləşmə və iqlim dəyişikliyi ilə mübarizədə həm etibarlı enerji tərəfdaşı, həm də mühüm ölkə olduğunu bütün dünyada sübut edib. Azərbaycan Cənubi Qafqazdan Avropaya yaşıl enerji keçid məntəqəsinə çevrilmək üçün bir çox layihələri dəstəkləyir. Bu çərçivədə ölkə Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Avropa Yaşıl Sazişin hədəflərinə uyğun olaraq Qara dəniz sualtı elektrik kabeli layihəsini imzalayıb. Azərbaycan yaşıl enerji mərkəzinə çevrilir”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm