BQXK-nın anti-Azərbaycan missiyası: komitənin fəaliyyətinə ehtiyac varmı?
Bizi izləyin

Nida Təhlil

BQXK-nın anti-Azərbaycan missiyası: komitənin fəaliyyətinə ehtiyac varmı?

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) mandatı beynəlxalq və daxili münaqişələr zamanı qurbanları – qaçqınlar, mülki şəxslər, əsirlər, yaralılar və qeyri-döyüşçüləri qorumaqdır. Bu, BQXK-nin kağız üzərində yazılan nizamnaməsində belədir, praktikada isə komitə qurbanlar arasında dininə, millətinə görə ayrı-seçkilik edir. Bu gerçək birinci və ikinci Qarabağ mühribəsində çılpaqlığı ilə ortaya çıxdı.

Birinci Qarabağ müharibəsində işğalçı Ermənistanın soyqırımı siyasəti nəticəsində 4 min azərbaycanlı əsir və itkin düşüb. Həmin vaxt BQXK əsir və itkin düşmüş azərbaycanlıların tapılması istiqamətində müəyyən qədər işlər görsə də, bu fəaliyyət daha çox görüntü xarakteri daşıyırdı. Komitə öz missiyasını tam yerinə yetirmədən, azərbaycanlı əsirlərin geri qaytarılması və itkin düşənələrin tapılması işindən boyun qaçırdı. Ermənistanda əsir saxılanılan azərbaycanlılarla bağlı məlumatı olan komitə nəinki onların azad edilməsinə çalışdı, bununla bağlı məlumatları da Azərbaycanla paylaşmadı.

30 il sonra – II Qarabağ müharibəsində məlum oldu ki, BQXK “qurbanlar” arasında ayrı-seçkilik edir:

- əgər itkin və əsir düşmüş şəxslər ermənidirsə, komitə missiyasını sona qədər yerinə yetirir;
- 44 günlük müharibədən sonra 1700-dən artıq erməni hərbçinin cəsədinin Ermənistana təhvil verilməsində BQXK-nin oynadığı rol bunun ispatıdır;
- müharibə və sonrasında BQXK ermənilərin müdafiəsi və onların problemlərinin həlli istiqamətində fəal iş aparması ilə yadda qaldı.


BQXK ermənilərin müdafiəsi ilə təkcə missiyasının ayrı-seçkilik siyasəti üzərində qurulduğunu göstərmədi, həm də Xankəndində ofis açmaqla beynəlxalq hüququ da, Azərbaycan qanunvericiliyini də heçə saydı.

Birincisi, BQXK-nın Bakı ofisi fəaliyyət göstərdiyi halda, Xankəndində ofisin açılması hüquqi baxımdan qəbuledilməz idi, çünki bu şəhər və komitənin fəaliyyət göstərdiyi ermənilərin yaşadığı bölgə Azərbaycanın suveren ərazisidir;
İkincisi, BQXK-nın Xankəndi ofisinin öz büdcəsi və müstəqil kadr siyasəti mövcud idi, beləliklə, Azərbaycan ərazisində eyni təşkilatın iki ayrı ofisinin olması həm hüquqi, həm məntiqi baxımdan absurd idi;
Üçüncüsü, BQXK-nın Xankəndi ofisi ərazisində fəaliyyət göstərdiyi Azərbaycanın qanunlarını pozaraq, Bakı ofisinə yox, İrəvan ofisinə bağlı şəkildə işləyirdi;

Bu faktlar BQXK-nın beynəlxalq hüquqda ərazi bütövlüyünün toxunulmazlıq prinsipini, eləcə də Azərbaycanın suverenliyini pozduğunu ispat edir. Rəsmi Bakı Xankəndi ofisinin statusunun dəyişdirilməsi ilə bağlı BQXK-ya dəfələrlə müraciət etsə də, komitə bunu “qulaqardına” vurdu. Və ermənilərin müdafiəsi məqsədilə bütün hüquqları tapmaqdan çəkinmədi, hətta qaçaqmalçılıq kimi qeyri-qanuni fəaliyyətlərlə belə məşğul oldu.

2022-ci ilin 12 dekabrında azərbaycanlı ekofəalların Laçın yolunda başladığı aksiyadan sonra Qarabağda separatçı rejim üçün situasiya dəyişdi. 44 günlük müharibədən sonra silah-sursatın daşınması da daxil olmaqla qeyri-qanuni addımlarını rahat şəkildə həyata keçirən separatçılar artıq bu rahatlıqdan məhrum oldular. Bu prosesin davamında – 2023-cü ilin 23 aprel tarixində Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması separatçıları və onların dəstəkçilərini tamamilə “oyundankənar vəziyyətə” saldı. 2023-cü ilin iyul ayında isə Dövlət Sərhəd Xidməti Laçın sərhəd-buraxılış məntəqəsində BQXK əməkdaşlarının komitənin embleminin olduğu avtomobillərlə qaçaqmalçılıq etmək cəhdini aşkarlaması diqqəti beynəlxalq təşkilatın törətdiyi qeyri-qanuni işlərə yönəltdi. Və araşdırmalar BQXK-nın hələ 2022-ci ilin dekabrından – ekofəalların aksiyası başlayandan sonra ermənilərin müdafiəsi və Qarabağdakı separatçı rejimə dəstək məqsədilə özünün beynəlxalq missiyasından sui-istifadə etdiyini ortaya çıxardı.

BQXK-nın “xəstə biznesi”

Hələ Laçın-Xankəndi yolunda aksiya başlayanda Azərbaycan xəstələrin Ermənistana daşınmasına və humanitar yüklərin keçidinə şərait yaradılmışdı, eyni yanaşma Laçın sərhəd-buraxılıq məntəqəsi qurulandan sonra da davam etdi. Qarabağdakı ermənilər də BQXK vasitəsilə mütəmadi olaraq, heç bir maneə olmadan Ermənistana aparılırdı, bu daşınma o qədər sürətlə davam edirdi ki, “bir ovuc erməni arasında nə qədər xəstə var” suallarını da yaradırdı. Həmin vaxt ermənilərin “xəstə” adı ilə daşındığı, komitənin Xankəndi ofisinin və onun tabe olduğu İrəvandakı ofisinin bundan pul qazandığı ehtimalları önə çıxırdı. Ermənistan mediasının Qarabağda iki kriminal ünsürün 10 min dollar qarşılığında Ermənistana keçidinin təmin edildiyi haqda yaydığı məlumatlar da bu şübhələri təsdiq edirdi.

BQXK-nın silah qaçaqmalçılığı

DSX-nın 2023-cü ilin iyul ayında BQXK-nın qaçaqmalçılığını ifşa etməsi komitənin Qarabağdakı separatçıları zəruri mallarla, hətta silah-sursatla təmin etdiyi gerçəyini də ortaya çıxardı. Laçın postu qurulandan sonra Azərbaycan dövləti bəyan etdi ki, Qarabağdakı erməni əhalisinin ehtiyaclarını BQXK-nın vasitəsilə Ağdam-Xankəndi yolu ilə təmin edə bilər. Komitənin rəhbərliyi isə bu təklifi “qulaqardına” vurdu və sona qədər bundan imtina etdi. Əvəzində qaçaqmalçılıq yolu ilə ermənilərə lazım olan malların daşınmasını həyata keçirdi. Burada əsas məqsəd Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyasının qarşısını almaq və erməni separatizminin “yemlənməsi” idi. BQXK açıq şəkildə beynəlxalq hüququ və Azərbaycan qanunlarını pozurdu. Bu qaçaqmalçılıq faktı BQXK-nın erməni separatçılara “beynəlxalq missiya” adı altında silah-sursat daşıdığı ehtimalını da ön plana çıxarırdı. Çünki separatçılar Azərbaycan qanunlarına tabe olmur və müharibəyə hazırlaşırdılar. 2023-cü ilin 20 sentyabrında baş tutan antiterror tədbirləri də göstərdi ki, onlar döyüşmək üçün öncədən hazırlıq görüblər və istisna deyil ki, BQXK silahlanmada onlara yardım edib.

“Beynəlxalq missiya” adı altında casusluq

BQXK-nın Qarabağdakı qanunsuz fəaliyyəti komitənin separatçılara casusluq etdiyi versiyasını da önə çıxarır. Çünki komitənin əməkdaşları “humanitar missiya” adı altında bölgədə maneəsiz hərəkət imkanına malik idilər və şübhəsiz ki, bu əməkdaşlar Azərbaycan ordusunun mövqeləri və fəaliyyəti ilə bağlı topladıqları məlumatları da Xankəndindəki separatçılara təqdim edirdi.

Faktlar təsdiq edir ki, BQXK-nın Azərbaycandakı fəaliyyəti tamamilə qanunsuz olub. Komitənin birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş azərbaycanlılara münasibəti ilə ikinci Qarabağ müharibəsində ermənilərə münasibəti arasındakı ayrı-seçkilik siyasi yanaşmada da özünü göstərir. Azərbaycan komitənin Xankəndindəki ofisinin fəaliyyətinin və İrəvan ofisinə bağlı olmasının qanunsuz olduğunu desə də, BQXK rəhərliyi “müharibə şərtlərini” əsas gətrirərək, bunun zəruri olduğu iddiasını irəli sürürdü. Misal üçün, vaxtilə BQXK-nın Bakı ofisinə rəhbərlik etmiş, hazırda isə qurumun Avropa və Şərqi Asiya departamentinin rəhbəri olan Arian Bauer 44 günlük müharibədən sonra bildirirdi ki, “yeni müharibə olacaq, buna görə onların Xankəndində fəaliyyətinin hələ uzun müddət davam etdirməsinə ehtiyac var”. Bu fəaliyyəti həm də Bakıdakı ofislə yox, İrəvandakı ofislə koordinasiya edirdilər. Lakin Rusiya-Ukrayna müharibəsində komitə fərqli yanaşma sərgiləyir, beynəlxalq hüququn prinsiplərini “əsas götürür”. BQXK-nın Donetskə yardımların Moskvadan deyil, Kiyevdən aparılması tələbini irəli sürməsi bunun ispatıdır: eyni komitə Azərbaycanın suveren ərazisi olan Xankəndinə yardımların Bakıdan aparılmasını qəbul etmir, Laçın yolunun açılması üçün əlindən gələni edir, hətta Ağdam-Xankəndi yolunun açılmaması üçün qaçaqmalçılıqla məşğul olurdu.

Artıq BQXK-nın Xankəndi ofisi fəaliyyətini dayandırıb. Bu haqda məlumatını Bakıdakı ofis yox, İrəvandakı ofis tərəfindən yayılması da suallar yaradır. Son məlumatda BQXK-nın Xankəndi ofisinin Bərdəyə köçürüldüyü deyilir. Bu, tamamilə qanunsuzdur.

Birincisi, müharibə bitib, separatizm ləğv olunub və Azərbaycanın suverenliyi bərpa edilib: bu o deməkdir ki, BQXK-nın “Qarabağ ofisi” olaraq təqdim edilən nümayəndəliyinə ehtiyac yoxdur;
İkincisi, komitənin Azərbaycanda Bakı ofisi fəaliyyət göstərdiyi halda, ikinci ofisinin fəaliyyətinə ehtiyac qalmır;
Üçüncüsü, Xankəndidə fəaliyyət göstərmiş və erməni separatçılara yardım etmiş nümayəndəliyin Bərdədə yenidən fəaliyyətə başlaması komitənin “beynəlxalq missiya” adı altında Ermənistana casusluq etməyəcəyi zəmanəti yoxdur;

Bütün bunlar BQXK-nın ümumiyyətlə Azərbaycandakı fəaliyyətini sual altında salır və komitənin ölkəni tərk etməsinin zəruriliyini ön plana çıxarır. Azərbaycanda bu komitənin işini həyata keçirən, hətta ondan da daha səmərəli işləyən Qızıl Aypara Cəmiyyəti fəaliyyət göstərir. Bu ölkədə BQXK-ya artır yer yoxdur...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm