“Hüseyniyyun” xortlayır: İran Azərbaycanı təhdid edən riyakar planını açıqladı
Bizi izləyin

Nida Təhlil

“Hüseyniyyun” xortlayır: İran Azərbaycanı təhdid edən riyakar planını açıqladı

İrandan yaşayan keçmiş Azərbaycan vətəndaşlarının təbliğat orqanı kimi istifadə etdiyi “ziaussalihin” saytında “Hüseyniyyun” terror qruplaşmasının Azərbaycanda “İslami müqaviməti” gücləndirməklə bağlı yeni proqramı açıqlanıb. Proqrama əsasən aşağıdakı fəaliyyətlər nəzərdə tutulur:

-Müsəlmanların, Azərbaycan xalqının və regionun mənafelərini və müqəddəs yerlərini qorumaq üçün daxildən və xaricdən çəkindirici qüvvənin yaradılması

- İranın mənafeyini qorumaq və müdafiə etmək, qlobal təkəbbür və tiranlığa qarşı çıxmaq.

- Azərbaycanda müqavimət modelinə əsaslanan islami oyanış.

-Azərbaycanda “ədalətli hökumət” (Kərimi dövlət) üçün kadrların hazırlanması, şəbəkələşdirilməsi və İslami idarəçilik diskursunun yaradılması, siyasi, sosial, iqtisadi və elmi sahələr üzrə Əhli-Beyt məktəbinin davamçılarının hazırlanması.

- dövlət quruculuğu mərhələsinə qədəm qoyub, imamət və əmirliyin daxili modelinin həyata keçirilməsi.

-Qafqazda və Rusiyada İslam İnqilabının sosial bazasının möhkəmləndirilməsi.

-Qafqaz, Rusiya və Mərkəzi Asiyada dinlər və sivilizasiyalar arasında mədəni və tarixi birliklər əsasında dialoqun yaradılması.

-Ağıllı proqramlar vasitəsilə Əhli-Beyt məktəbinin davamçılarının müxtəlif dini və siyasi aspektlərdə gücləndirilməsi və s.

- Qlobal sionizmin əli ilə İran İslam sivilizasiyasının məhvi, Azərbaycan və Qafqaz xalqlarının kimliyinin təhrif edilməsi və tarixinin saxtalaşdırılması ilə mübarizə və müsəlmanların və bu region xalqlarının tarixi kimliyinin bərpası.

- Bölgədə ifrat millətçiliklə mübarizə.

-Azərbaycan və İran xalqları arasında xalq diplomatiyasının bərpası və gücləndirilməsi.

-şiəsizləşdirməyə və vəhhabiliyə qarşı mübarizə, Azərbaycanın dini demoqrafiyasında dəyişikliklərin qarşısını almaq, Qafqazda şiə və sünni birliyini gücləndirmək.

- Bölgədə cihada əməl edən böyük media gücü yaratmaq.

-Azərbaycan və Qafqazı sionistlər və terrorçular üçün təhlükəli vəziyyətə salmaq, müsəlmanların, Qafqaz və region xalqlarının təhlükəsizliyini təmin etmək.

-İmam Xameneinin intellektual sistemi əsasında imamla ümmət arasında səmimi və ağıllı münasibət yaratmaq ki, ümmət öz İmamı kimi düşünsün, təhlil və hərəkət etsin.

-İnqilab İmamlarının əmrləri əsasında Qüds Şərifi və Fələstinin azad edilməsi, həmçinin sionist rejimin məhv və “müqavimət oxu”nun hədəflərinin təbliği üçün zəmin yaratmaq.

-Azərbaycan və Türkiyədə sionist şiəliyə saray və dünyəvi şiəliyə, ingilis və amerikan İslamına qarşı mübarizə.

Terror qruplaşması dərc etdiyi xəbərdə bildirir ki, Azərbaycanda Hüseyniyyun İslam müqaviməti “böyük şəhid general Qasım Süleymaniyə verdiyi” vədə uyğun, “bu müqəddəs məqsədləri” həyata keçirmək üçün gecə-gündüz çalışır.

Azərbaycanofob ekspert Ehsan Müvəhhədian isə İranın Qafqaz və Mərkəzi Asiyada güclü və planlı iştirakı zərurətindən bəhs edir. Onun fikrincə, Türkiyə Rusiyanı bölgədən çıxarmaq üçün fəaliyyətini genişləndirir: “Maraqlarımızı qorumaq üçün biz Rusiya ilə tez bir zamanda yeni əmək bölgüsü yaratmalıyıq və ona görə ki, Rusiya təhdidləri gec başa düşməsi və balanslı və adekvat cavab verməməsi ilə İran üçün problemlər yaradır. Rusiyanın Cənubi Qafqazda müstəqil oynamaq və ortaq maraqları və təhdidləri olan dost ölkə kimi İranı kənarda saxlamaq cəhdi NATO, İsrail, Türkiyə və Azərbaycan tərəfindən sui-istifadələrə səbəb olub və “onun çoxəsrlik arxa həyətində təsirini azaldıb”.

E.Müvəhhədian iddia edir ki, Bakı rusları şantaj edir və Vladimir Putini aldadır, neft ixracı, ticarəti və s. işlərdə Rusiyanı özündən asılı vəziyyətə salır. “Mərkəzi Asiyanın qalan hissəsində biz təkfirçilərin artan təsirini, Rusiyadan uzaqlaşmanı, Qərb və Çindən asılılığın artmasını izləyirik. Təhsil sistemi və media təşəbbüsləri də buna kömək edir”.

Daha sonra bu təşəbbüsləri yenə də İsrail-ABŞ alimi Brenda Şafferlə bağlayır. “Kanada, Amerika, İsrail, Türkiyə və Azərbaycan hakimiyyətləri Novruzu türklərə, kürdlərə və s.-yə məxsus etnik hadisə kimi təhrif etməyə çalışır. İrandakı etnik məsələlər üzrə təcrübəli sionist casus, İlham Əliyevin qeyri-rəsmi müşaviri Brenda Şaffer ABŞ prezidentini aldadır ki, Novruzu qeyd edənlərin çoxu fars dilini bilmir və bunu farsca təbrik etmək olmaz. Bəzi Qərb dövlətləri, İsrail və onun podratçıları Türkiyə və Bakıya geniş sərmayə qoyurlar”.

O da “Hüseyniyyun” terror təşkilatının ideoloqlarının dediyini təkrarlayır: “Fars dilinin, İran ədəbiyyatının və incəsənətinin müstəsna potensialına diqqət yetirmək, filmlər və seriallar, musiqi və digər sənətlər, media vasitəsilə təsiri artırmaq, mədəni və akademik mübadilələri və qonşularla əməkdaşlığı genişləndirmək lazımdır”.

İranın Sovet İttifaqındakı sonuncu səfiri Nasser Nobarinin də dərdi Rusiyanın bölgədən çəkilməsi fonunda İranın Qafqazda möhkəmlənə bilməməsi və Azərbaycan Respublikasının güclənməsidir. Sabiq səfir deyir:

- Bir neçə əsrdir ki, biz təhlükəsizlik problemini və ölkənin tərəqqisi problemini necə həll etmək barədə düşünürük.

- Rusiya (Ukraynada) qalib gəlsə, biz onun qələbəsində tərəfdaş olmayacağıq, uğursuz olarsa, məğlubiyyətində tərəfdaş olacağıq.

- İranın Qafqazla bağlı siyasəti passiv olub.

-Ərəbistan yarımadasından kənarda İslamı qəbul edən ilk şəhər, bu gün Ermənistanın paytaxtıdır!

-Azərbaycan Respublikası Stalinin əsəridir.

- Rusiya rəsmi olaraq İranı Qafqaz tənliyindən çıxarıb.

Qeyd edək ki, həm Müvəhhədianın, həm də Nobarinin açıqlamaları sülhməramlıların Qarabağdan çəkilməsi haqda rəsmi xəbərdən, eləcə də İranın “dron şousu”ndan əvvələ təsadüf edir. Hələ II Qarabağ savaşından sonra zəif də olsa anti-Rusiya məzmunlu müzakirələr gedirdi. İndi belə müzakirələrin artması ola bilsin ki, İranın hansısa mərhələdə Rusiyanın yanaşmasına rəğmən Qərblə uzlaşmaya getməsi istəyindən irəli gəlir.

Ötən il cənubi azərbaycanlı fəalların ciddi müqaviməti ilə üzləşdikdən, eləcə də İranın Azərbaycan dövlətinin tələblərini nəzərə almağa məcbur olmasından sonra terror qruplaşması kölgəyə çəkilmşdi. İndi yenidən ölü canların fəallaşdırılması, həm də hər bəndi təhdid, dövlətimizə, mədəniyyətimizə, milli kimliyimizə nifrət dolu proqram elan edilməsi nə ilə bağlıdır? Adətən, bu qruplaşma Azərbaycanın hansısa diplomatik, hərbi uğuruları (dəhlizlərlə bağlı diplomatik uğurlar, II Qarabağ savaşında zəfər qazanılması, Türk Dövlətləri Təşkilatının gücləndirlməsi, Şuşa bəyannaməsinin imzlanması və s.) önləmək və ya gözdən salmaq üçün qısqırdılır. Görünür, rus sülhməramlılarının Azərbaycanı tərk etməsi, eləcə də müxtəlif təzyiqlərə rəğmən Azərbaycanın nə İsrail, nə Türkiyə, nə də Rusiya ilə müttəfiqlik münasibətlərini pozmaması, nəhayət, gözlənilən sülh müqaviləsinin bölgəyə xarici təsir imkanlarını minimallaşdıracağıı perspektivi Tehranda kimlərisə yenə də qıcıqlandırır. Nə qədər qəribə də olsa, proqramın media gücü yaradılması bəndi müəyyən qədər Azərbaycanda və siyasi mühacirətdəki soydaşlarımız tərəfindən də icra olunur. Siyasi islamla bağlı şəxslərin mühacirlərə məxsus You Tube kanallarında fəallaşması, hətta rus sülhməramlılarının Qarabağı tərk etməsini belə “Rəisnin Putinə zəng etməsi” ilə bağlamaq cəhdləri hər halda təsadüfi deyil.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm