Ermənistan təzminatı ərazilərlə ödəyə bilər - İrəvanın üç seçimi var
Bizi izləyin

Nida Təhlil

Ermənistan təzminatı ərazilərlə ödəyə bilər - İrəvanın üç seçimi var

Azərbaycan və Ermənistan arasında çoxsaylı bəndlərin olduğu sülh sazişi layihəsinin müzakirə edildiyi bəllidir. Nikol Paşinyanın açıqlamasına görə, bəndlərin sayı 17-dir, rəsmi Bakı isə konkret rəqəm açıqlamayıb. Layihədə hansı bəndlərin yer aldığı da məlum deyil, yalnız ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması, Ermənistan Konstitusiyasının dəyişdirilməsi kimi məsələlərin olduğunu bilirik. Sazişin imzalanması və uzunmüddətli barışığın əldə edilməsi üçün əslində iki prioritet məsələ də var.

- Mənəvi zərərin ödənməsi: Ermənistan təcavüz və işğal siyasətinə görə Azərbaycan xalqından üzr istəməli, ərazi iddialarından imtina etməli, bunun üçün belə iddiaların yer aldığı normativ-hüquqi aktları dəyişdirməlidir;
- Maddi zərərin ödənməsi: I Qarabağ müharibəsi və işğal dövründə törədikləri vandalizmə görə Azərbaycana təzminat ödəməlidirlər.

Bu iki məsələ sülh sazişində öz əksini tapmadığı halda, regionda uzunmüddətli barışığın əldə ediləcəyi sual altındadır, xüsusilə Ermənistanda revanşizmin hələ də ictimai-siyasi şüurda davam etməsi fonunda. II Dünya müharibəsində nasistlərin məğlubiyyətindən sonra Almaniyanın üzləşdiyi vəziyyət və nəticəsi nümunələrdən biridir. Almaniyanın ödədiyi təzminatlar və üzləşdiyi vəziyyət almanlarda nasizmin nə qədər təhlükəli olduğu stereotipini yaratdı, bu gün nasizm ideologiyası bu ölkədə qadağandır, həm də ciddi ictimai qəzəblə üzləşir. Ermənistanın Azərbaycana təzminat ödəməsi həm də ermənilərin revanşist düşüncələrinin sıradan çıxarılması, belə demək mümkünsə, “sağalmaları” üçün lazımdır.

Beynəlxalq təcrübədə bu, “müharibə təzminatı” olaraq qeyd olunur və məğlub ölkə qalib ölkəyə vurduğu zərəri müxtəlif formalarda ödəyir. Ermənistan isə təkcə müharibə təzminatı yox, həm də işğal dövründə vurduğu zərəri ödəməlidir. I Qarabağ müharibəsində Ermənistan Azərbaycana qarşı hərbi təcavüz aktını həyata keçirib. Erməni silahlı qüvvələrinin Azərbaycan sərhədlərini keçməsi, Azərbaycan ərazilərində döyüşməsi və qeyri-qanuni erməni hərbi birləşmələri ilə hərbi əməliyyatları planlaşdırması təcavüzün bariz nümunəsidir. 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın bütün hərbi potensialı ilə məğlubiyyətini etiraf etməsi həm də təcavüzün etirafı idi. Bu, Ermənistanın beynəlxalq məsuliyyətini təsdiqləyir, onun beynəlxalq öhdəliklərini pozaraq qeyri-qanuni vəziyyət yaratdığını və bu vəziyyətin doğurduğu nəticələrə görə məsuliyyət daşıdığını göstərir. Başqa cür desək, suveren Azərbaycan ərazisində qeyri-qanuni işğal nəticəsində törədilmiş dağıntılara görə Ermənistan məsuliyyət daşıyır. Çünki işğalçı dövlət, yəni Ermənistan işğal edilmiş ərazi üzərində suverenliyə malik deyildi, işğal rejimi çərçivəsində fəaliyyət göstərirdi və bu ərazilərin işğalının müvəqqəti hal olmasını anlayırdı (hətta danışıqlar prosesində işğal edilmiş rayonların qaytarılması təklifi müzakirə edilirdi). Lakin Ermənistan bu müvəqqəti vəziyyətdən “yandırılmış ərazi” siyasəti həyata keçirmək və azərbaycanlıların qayıdış hüququna mane olmaq üçün istifadə etdi.

Ermənistanın işğalına son qoyulması işğal edilmiş və vaxtilə bir milyon azərbaycanlının yaşadığı suveren Azərbaycan ərazilərində törədilmiş dağıntıların həcmini üzə çıxardı və cəmiyyətdə böyük sarsıntı yaratdı. Şəhər və kəndlərdə bütün tikililər, evlər, xəstəxanalar, məscidlər, mədəniyyət abidələri, hətta qəbirlər yerlə-yeksan edilmişdir. Belə hallara məhz orta əsrlərdə, cəngəllik qanunlarının hökm sürüdüyü vaxtlarda rast gəlinirdi. Halbuki, beynəlxalq hüquq faktiki olaraq işğalçı dövlətin nəzarətində yerləşən ərazilərin işğal rejimi altında olduğunu və işğal etmiş dövlətin orada baş verənlərə görə məsuliyyət daşıdığını vurğulayır, eyni zamanda, mülkiyyətin, mədəni irsin, tarixi abidələrin, xəstəxanaların dağıdılmasını qadağan edir. Ermənistanın işğal etdiyi ərazilərdə vurduğu zərərin həcmi Vətən müharibəsindən dərhal sonra hesablanıb. Hesablamalara görə, Livan boyda bir ölkənin darmadağın edilmiş ərazisi yenidən qurulmalıdır. Söhbət yüz milyardlarla dollardan - bəlkə də daha çox - gedir.

Ermənistan təzminatı bir neçə formada ödəyə bilər:

1. Sülh danışıqları mütləq şəkildə Ermənistanın təzminat məsələsini əhatə etməli, onun vurduğu zərərin bərpa edilməsi üçün ödəyəcəyi məbləğin miqdarı və ödəniş formaları müəyyən olunmalıdır.

2. Ermənistanın maliyyə durumu buna imkan vermirsə beynəlxalq təzminat fondu yaradıla bilər və Ermənistanın “dostları” həmin fond vasitəsilə bu ölkənin təzminatının ödənilməsində iştirak edə bilər.

3. Ermənistan öz ərazisindən Azərbaycanın xeyrinə müəyyən güzəştləri özündə ehtiva edən təzminat razlışmasına gedə bilər. Bu, Ermənistanın müəyyən əraziləri üzərində suveren hüquqlarından Azərbaycanın xeyrinə imtina etməsini və ya suveren ərazilərində müəyyən funksional suveren hüquqların, yəni müəyyən fəaliyyət sferalarının uzunmüddətli konsessiyasını özündə ehtiva edə bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm