Nida Təhlil
Bayramovla Mirzoyanın Antalya görüşü - Bakı niyə təmas qurdu?
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumu çərçivəsində görüşüb. Bu, sülh sazişi mətninin razılaşdırılmasından sonra iki ölkə rəsmiləri arasında ilk təmasdır.
Son aylar tərəflər arasında təmaslar səngiyib, xüsusilə İrəvanın Bakının tələblərini müzakirə etməmək üçün danışıqlardan yayınması fonunda. Əliyevlə Paşinyan sonuncu dəfə ötən ilin oktyabrında Kazanda qeyri-rəsmi formatda görüşüb. Ondan öncə Paşinyan Londonda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Əliyevlə görüşdən imtina etdi. Məqsəd Avropa siyasi düşərgəsində təşkil olunan Bakı-İrəvan danışıqlarında balansın yaranmasının, Ermənistanın istəmədiyi situasiyanın formalaşmasının qarşısını almaq idi.
Xarici işlər nazirləri isə ötən ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində ABŞ-ın həmin vaxt dövlət katibi olan Blinkenin təşəbbüsü ilə görüşüb. Daha sonra oktyabr ayında İstanbulda keçirilən “3+3” regional məşvərət platforması çərçivəsində bir araya gəlib. Dekabrda ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin Malta toplantısında Vaşinqton yeni görüş təşkil etmək istəsə də, Bayden Administrasiyasının Ermənistan yönümlü siyasəti təmasın qurulmasına mane oldu.
Bu müddətdə yeganə təmaslar Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında davam edib, digər səviyyədə görüşlər olmayıb. Sülh sazişi mətninin razılaşdırılmasından sonra Ermənistan tərəfi görüşlərin keçirilməsinə ciddi səy göstərir, hətta bütün səviyyələrdə. Misal üçün, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Sarqis Xandanyan Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri ilə görüşmək istəyib, belə bir görüşün sülh sazişinin imzalanmasında nə qədər rol oynaya biləcəyi sual altında olsa da.
Ermənistanın məqsədi razılaşdırılmış sülh sazişi mətninin qısa müddətdə imzalanmasına nail olmaq, Bakının digər tələblərini gündəmdən çıxarmaq, ən azı arxa fona keçirməkdir. Azərbaycanla təmas qurmaq cəhdləri də bundan qaynaqlanır. Rəsmi Bakı isə davamlı sülhə töhfə verməyəcək nəticəsiz müzakirələrə o qədər də isti yanaşmır, çünki İrəvanın yerinə yetirməli olduğu tələblər – konstitusiyanın dəyişdirilməsi və s. – var və bu kimi məsələlərdə irəliləyiş olmadığı təqdirdə, təmasların effektivliyi də sual altına düşür.
Bu kontekstdə Bayramovla Mirzoyanın ADF çərçivəsində görüşü diqqət çəkir. İrəvan üçün bu görüş “nəhayət təmasın qurulması” olsa da, Bakının irəli sürdüyü tələbələr fonunda mövqeyi dəyişməyib. İstisna deyil ki, Bakı görüşə məhz Türkiyədə keçirilməsinə görə razılaşıb və məqsəd ADF-nin dialoq platforması rolunu gücəndirmək olub.
Asif Nərimanlı
-
Hadisə18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin217:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var
-
Magazin214:28Məşhur rus aktyoruna alkoqol qadağası qoyuldu
-
Yaxın Şərq14:08İsraildə terror oldu: Ölən və yaralananlar var







































