Nida Təhlil
Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləri nədir? - DETALLAR
Azərbaycan hərbçilərinin 9 may paradında iştirak üçün Moskva küçələrində məşq etməsi Prezident İlham Əliyevin Rusiyaya səfər planında dəyişikliyin olmadığı deməkdir. Əliyev Moskvada olacaq və bu səfər həm də bir sıra məsələlərin – AZAL təyyarəsinin vurulması və s. Putinlə birbaşa müzakirə imkanları yarada bilər.
Bu kontekstdə Bakı-Moskva xəttində baş verən son hadisə - deputat Azər Badamovun hava limanında saxlanılması və deport edilməsi “belə bir addım kimin marağındadır” sualını yaradır.
Badamov Rusiyanın dəvəti ilə Həştərxana gedən nümayəndə heyətinin tərkibində olub və heç bir izahat vermədən ona qarşı atılan addımın Bakıda narazılıq yaradacağı məlum idi. Belə bir narazılıq Prezident İlham Əliyevin 9 mayda planlaşdırılan Moskva səfəri öncəsi Kremlə sərfəli görünmür və Rusiyada Azərbaycanla münasibətləri “baltalamağa” çalışan qrupların “özfəaliyyəti” versiyası önə çıxır. Hərçənd, Badamova qarşı atılan addımdan Kremlin xəbərsiz olduğu ehtimalı zəifdir. Və Rusiyadan verilən açıqlama – TASS-ın “mənbəyə” istinadən yaydığı məlumat Moskvanın bu addımla nəyi hədəflədiyinə dair təxminlər yaradır.
Açıqlamada bildirilir ki, bu qərar guya Badamovun “anti-Rusiya və rusofob xarakterli fikirləri”ndən qaynaqlanır, lakin fərdi xarakter daşıyır və Rusiyanın Azərbaycanla münasibətlərindəki strateji tərəfdaşlıq və müttəfiqlik kursuna təsir göstərmir. Əlavə olunur ki, Rusiya tərəfi dost ölkələrlə münasibətlərdə “stop-list” praktikasının tərəfdarı deyil. Azərbaycan bundan əvvəl bir neçə rusiyalı deputatın ölkəyə girişinə qadağa qoymuşdu. Sonuncu belə hal Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevlə bağlı olub. Moskva bu kimi məsələlərin diplomatik kanallar vasitəsilə həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb və mediada qarşılıqlı iddialarla vəziyyətin gərginləşdirilməsinin düzgün olmadığını bildirib.
Moskva konkret qeyd etməsə də, məlumatda Badamova qarşı qərarın Valuyevlə bağlı olduğu aydınlaşır. O da aydın olur ki, hədəf Valuyevlə bağlı qərara adekvat cavab vermək və Bakını “bu kimi məsələləri gündəmə gətirməkdən çəkindirmək”dir. Lakin Badamovla bağlı qərarın Valuyev məsələsi gündəmdə olanda yox, niyə indi – 10 gün öncə deputat Dağıstana səfər edib və heç bir qadağa ilə üzləşməyib – verilməsi maraqlıdır. Mümkündür ki, Rusiya “təklifini” Moskvada gözlənilən Putin-Əliyev görüşündə müzakirə etmək niyyətindədir və öncədən praktiki müstəvidə adekvat addım atmaqla razılaşma imkanını gücləndirir.
Hərçənd, məsələnin təkcə “stop-list” praktikasını qarşılıqlı şəkildə aradan qaldırmaqdan ibarət olduğunu demək çətindir. Moskva belə bir gediş edirsə, qarşılığında bir yox, birdən çox istəyi ola bilər, misal üçün, AZAL-ın təyyarəsi ilə bağlı ortaq məxrəcin tapılması, Bakıdakı “Rus evi”nin fəaliyyətinin bərpası və s.
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov da ötən həftə “Rus evi”nin bərpası ilə bağlı danışıqların davam etdiyini demiş, “məsələni hamını qane edəcək şəkildə həll etmək lazımdır” tonunda açıqlama vermişdi.
Bütün bunlar Əliyevlə Putinin mümkün görüşünün gündəmi ola bilər.
Asif Nərimanlı
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO




































