Böyük qayıdışla başlayan yol: İqtisadi dirçəlişdən Zəfərə uzanan Azərbaycan modeli
Bizi izləyin

Nida Təhlil

Böyük qayıdışla başlayan yol: İqtisadi dirçəlişdən Zəfərə uzanan Azərbaycan modeli

Böyük qayıdışla başlayan yol: İqtisadi dirçəlişdən Zəfərə uzanan Azərbaycan modeli

15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müasir dövlətçilik tarixində mühüm dönüş mərhələsi kimi qiymətləndirilir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni mərhələ başlandı.

Publika.az mövzunu millət vəkili Vüqar Bayramovla söhbətində davam etdirib.

1993-cü il: Yeni dönüş və sabitlik mərhələsi

Deputat bildirdi ki, Ulu Öndərin qayıdışı ilə ölkənin bütün sahələrində yeni bir mərhələ başlandı:

“Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında və eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı”.

Onun sözlərinə görə, Ümummilli Liderin siyasi uzaqgörənliyi nəticəsində sabitlik əldə olundu və iqtisadi bərpa prosesi sürətləndi:

“Ümummilli liderinin siyasi uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi. İqtisadiyyatın bərpa və inkişafı üçün yaxın dövrdə nəzərdə tutulan tədbirlər ilə yanaşı strateji proqramlar və layihələrin işlənib hazırlanmasına və reallaşmasına başlanıldı”.

İqtisadi tənəzzülün aradan qaldırılması və islahatlar

Deputat qeyd etdi ki, müstəqilliyin ilk illərində yaşanan iqtisadi tənəzzül qısa müddətdə aradan qaldırıldı:

“Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül qısa zamanda aradan qaldırıldı. Strateji baxış iqtisadi tənəzzülün qısa zamanda aradan qaldırılmasına, liberal iqtisadi islahatlar yolu ilə mülkiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoymasına, sənaye, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu”.

Onun sözlərinə görə, liberal iqtisadiyyat və sosial ədalət prinsipləri fonunda mühüm addımlar atılıb.

“Liberal iqtisadiyyatın, sosial ədalət prinsiplərinin fonunda ölkənin iqtisadi müstəqilliyinin qorunması istiqamətində ardıcıl fəaliyyətlər həyata keçirilməyə başlanıldı. MDB məkanında ilk dəfə olaraq torpaq islahatı, yeni mülkiyyət növlərinin formalaşması və inkişafı, sosial ədalət və təminat sisteminin formalaşması və gücləndirilməsi və eləcə də Azərbaycanın dayanıqlı inkişafa nail olunması üçün xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Bu islahatlar strateji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı”, - deyə millət vəkili əlavə etdi.

"Əsrin müqaviləsi” və beynəlxalq iqtisadi mövqe

Vüqar Bayramov qeyd etdi ki, 1994-cü ildə imzalanan müqavilə Azərbaycanın gələcək inkişafında mühüm rol oynayıb:

“Qısa müddət sonra, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə imzalandı. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır”.

Deputat əlavə etdi ki, bu proses Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi:

“Digər maraqlı nüans olaraq qeyd etmək istərdim ki, qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi”.

İqtisadi nəticələr və inkişaf göstəriciləri

Deputatın sözlərinə görə, nəticədə ölkə iqtisadiyyatının ən uzunmüddətli tənəzzül prosesi dayandırıldı və 1995-ci ildən başlayaraq tərəqqi meylləri müşahidə edildi.

O qeyd etdi ki, büdcə göstəricilərində ciddi müsbət dəyişikliklər baş verib:

“Dövlət Statistika Komitəsinin məlumatına görə, büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ildəki 7,1 faizdən 2002-ci ildə 0,4 faizə endirildi. Dövlət büdcəsinin xərclərində sosial müdafiə və sosial təminat xərclərinin payı ildən-ilə artdı. 1993-cü ildə bu məqsədlərə ümumi büdcə xərclərinin 8,5 faizi sərf olunmuşdursa, 2002-ci ildə bu xərclər büdcə xərclərinin 20,4 faizinə çatdı".

Zəfər və müasir Azərbaycan reallığı

Deputat bildirdi ki, hazırda Azərbaycan tarixinin ən şanlı günləri və ən parlaq səhifələri yaşanır. Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkədir.

Onun sözlərinə görə, Qarabağda aparılan bərpa işləri genişmiqyaslıdır:

“Bütün bunlar, cənab Prezident İlham Əliyevin siyasi təmkini, beynəlxalq arenada böyük diplomatik nüfuzu, hərb meydanında qəbul etdiyi cəsarətli qərarlar sayəsində mümkün oldu. 27 il həsrətlə baxdığımız torpaqlarda bu gün böyük quruculuq işləri həyata keçirilir”.

Müsahibimizin sözlərinə görə, Zəfərdən keçən qısa müddət sonra işğaldan azad olunan ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayrılıb və 85 minə yaxın vətəndaşımız həmin ərazilərimizdə məskunlaşıb, işləyir və təhsil alır.

Deputat əlavə etdi ki, iqtisadi göstəricilər də ciddi artım nümayiş etdirir:

“Son 23 il ərzində Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb, dövlət büdcəsinin gəlirləri təxminən 30 dəfə, icmal büdcənin gəlirləri isə 15 dəfə yüksəlib. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 90 milyard dollara çatıb. Xarici borcun ÜDM-də payı birrəqəmli həddə olan Azərbaycan valyuta ehtiyatlarının iqtisadiyyatın həcminə nisbətində dünyada ən yaxşı göstəricilərə malik ölkələrdəndir”.

Vüqar Bayramov sonda vurğuladı ki, Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyev məktəbinin və Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.

“Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin və Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Suverenliyimizin tam bərpasının banisi Ulu Öndərimiz, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımız və şanlı ordumuz oldu”, - deyə millət vəkili fikrini yekunlaşdırdı.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm