Azərbaycan-Qırğız Respublikası müttəfiqliyi rəsmiləşdi – Türk dünyası güclənir
Bizi izləyin

Nida Təhlil

Azərbaycan-Qırğız Respublikası müttəfiqliyi rəsmiləşdi – Türk dünyası güclənir

Azərbaycan-Qırğız Respublikası müttəfiqliyi rəsmiləşdi – Türk dünyası güclənir

Prezident İlham Əliyevin Qırğız Respublikası səfəri həm ikitərəfli münasibətlər, həm də türk dünyasında inteqrasiyanın dərinləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Səfər Azərbaycan və Qırğız Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi. İmzalanan sənədlər, qəbul edilən qərarlar, liderlərin bəyanatları bunu deməyə əsas verir.

Publika.az
xəbər verir ki, Çolpon-Ata şəhərində baş tutan görüşlər zamanı qardaş xalqlar arasındakı əlaqələrin artıq sadəcə ənənəvi dostluq çərçivəsini aşaraq, rəsmi müttəfiqlik səviyyəsinə yüksəldiyi elan edildi. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması tarixi hadisədir. Çünki müqavilə Azərbaycanla Qırğız Respublikasının həm siyasət, həm iqtisadiyyat, həm də beynəlxalq müstəvidə bir-birinin maraqlarını hər zaman müdafiə edəcəyini, çətin anlarda bir-irinin yanında olacağını təsdiqləyən ali hüquqi sənəddir.

Prezident İlham Əliyev və Prezident Sadır Japarov təkbətək və geniş tərkibli görüşlərdə ölkələrimiz arasındakı siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olundu. Dövlət başçıları beynəlxalq təşkilatlar, xüsusilə BMT, Türk Dövlətləri Təşkilatı (TDT) və digər qurumlar çərçivəsində qarşılıqlı dəstəyin və sıx koordinasiyanın bundan sonra da uğurla davam etdiriləcəyini vurğuladılar.

Görüşlərdə iqtisadi sahədə əməkdaşlığın şaxələndirilməsi əsas hədəflərdən biri kimi göstərildi. Ölkələr arasında ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin gerçəkləşdirilməsi və hər iki ölkənin iş adamları üçün daha əlverişli şəraitin yaradılması istiqamətində konkret addımlar müzakirə olundu. Bəyan edildi ki, Azərbaycan-Qırğız Fondunun aktiv fəaliyyəti hər iki ölkədə yeni istehsal sahələrinin açılmasına, sahibkarlığın inkişafına və prioritet layihələrin maliyyələşdirilməsinə güclü təkan verir. Bununla yanaşı, qlobal miqyasda nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artdığı bir dövrdə, Orta Dəhliz çərçivəsində yükdaşımaların asanlaşdırılması, gömrük prosedurlarının təkmilləşdirilməsi və logistik imkanların genişləndirilməsi diqqət mərkəzində oldu.

Səfər çərçivəsində yalnız rəsmi sənədlər deyil, həm də xalqlarımızın mənəvi və mədəni bağlarını daha da gücləndirən addımlar atıldı. Qırğız Respublikasında həyata keçirilən sosial yönümlü layihələr, səhiyyə və uşaqların reabilitasiyası istiqamətində görülən işlər iki ölkə arasındakı səmimi qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Elm, təhsil, mədəniyyət və gənclər siyasəti sahələrində əldə olunan razılaşmalar gələcək nəsillərin də bu qardaşlıq ruhunu qoruyub saxlamasını və inkişaf etdirməsini təmin edəcək.

Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri bir daha göstərdi ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri ardıcıl, düşünülmüş və strateji xarakter daşıyır. İmzalanan tarixi müqavilələr və əldə olunan razılaşmalar gələcəkdə həm hər iki ölkənin iqtisadi tərəqqisinə, həm də bütövlükdə Türk dünyasının birliyinin və geosiyasi mövqeyinin güclənməsinə mühüm töhfə verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm