16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
Bizi izləyin

Nida Təhlil

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Azərbaycanda azyaşlıların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin imzaladığı fərmanla sosial şəbəkələrdən istifadə ilə bağlı qanunun tətbiqi təmin edilir. Yeni qaydalara əsasən, 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrdə hesab açmasına məhdudiyyət qoyulması nəzərdə tutulur. Məqsəd uşaqları internet mühitində mövcud olan zərərli təsirlərdən qorumaq, onların sağlam inkişafına dəstək verməkdir.

Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirdi ki, sosial şəbəkələr müasir dünyanın ayrılmaz hissəsinə çevrilsə də, onların müəyyən mənfi tərəfləri də mövcuddur.

Deputat qeyd etdi ki, bu təsirlərdən ən çox zərər görənlər yetkinlik yaşına çatmayan uşaqlardır:

Sosial şəbəkələr bəşəriyyət üçün böyük imkanlar yaratdığı kimi, təəssüf ki, müəyyən fəsadlara da səbəb olur. Bu fəsadlar ilk növbədə yetkinlik yaşına çatmayan uşaqlara təsir göstərir”.

Onun sözlərinə görə, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqların və yeniyetmələrin həm inkişafına, həm də dünyagörüşünün formalaşmasına mənfi təsir göstərə bilər.

A.Mirzəzadə bildirdi ki, bununla bağlı dünyanın müxtəlif ölkələrində fərqli tədbirlər həyata keçirilir. Deputatın fikrincə, Azərbaycanda 16 yaşınadək uşaqların sosial şəbəkələrdə hesab açmasına qoyulan məhdudiyyət də beynəlxalq təcrübəyə əsaslanır.

Millət vəkili vurğuladı ki, bu sahədə tətbiq ediləcək nəzarət mexanizmləri ilə bağlı ictimaiyyət məlumatlandırılacaq. Bununla yanaşı, əsas məsuliyyət ailələrin üzərinə düşür.

“Bu o demək deyil ki, yeniyetmə 16 yaşı tamam olan kimi sosial şəbəkədə hesab açmalı və oradakı bütün mənfi təsirlərlə üz-üzə qalmalıdır. Valideynlər övladlarına nəzarət etməli, onları düzgün istiqamətləndirməli, sosial şəbəkələrin faydaları ilə yanaşı, riskləri barədə də məlumatlandırmalıdırlar”, - deyə deputat qeyd edib.

Aydın Mirzəzadənin sözlərinə görə, yalnız sosial şəbəkələrin deyil, sürətlə inkişaf edən süni intellekt texnologiyalarının da mümkün mənfi təsirləri nəzərə alınmalıdır.

“Həm sosial şəbəkələrin, həm də süni intellekt texnologiyalarının mümkün mənfi təsirlərindən hər kəsin, xüsusilə də uşaq və yeniyetmələrin maksimum qorunması vacibdir. Gələcəkdə xaricdə gənclərin qorunmasına və sağlam tərbiyəsinə xidmət edən yeni praktikalar formalaşarsa, onların da tətbiqi məqsədəuyğun olacaq”, - deyə millət vəkili əlavə edib.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm