Nida Xəbər
"Ölüm olsun türkə" - İranın türk əleyhinə addımına SƏRT REAKSİYA: Ankara və Bakı...
İranın Tehran şəhərində keçirilən futbol çempionatında "İstiqlal” və "Piruzi” komandalarının tərəfdarları "Ölüm olsun türkə” şüarı səsləndiriblər.
Publika.az xəbər verir ki, hadisə 1 mart tarixində “Azadi” stadionunda keçirilən görüş zamanı baş verib.
Şüarlar İran televiziyasında da yayımlanıb.
Məlumata görə, Tehran komandalarının görüşlərində belə faktlara tez-tez rast gəlinir.
Dünyanın istənilən ölkəsində azarkeşlərin irqçi, siyasi və radikal davranışları birmənalı şəkildə cəzalanadırılır. Bu, kluba maddi cəza tətbiq edilməsi ilə həyata keçirilir. Ancaq İran Futbol Federasiyasının İnzibati Komitəsi paytaxt komandalarını fars tərəfdarların irqçi hərəkətlərinə görə cəzalandırmır.
Belə mənfi hallar hansı səbəblərdən doğur və bu cür hadisələr baş verən zaman nə kimi tədbirlər görülməlidir?
Məsələ ilə bağlı futbol mütəxəssisi Elnur Əşrəfoğlunun fikirlərini öyrəndik. O, bu məsələyə yerli federasiyanın baxmalı olduğunu bildirdi:
“Bütün çempionatlarda azarkeşlər hansısa radikal şüarlar səsləndirirlər. İrqçi şüarlar üçün də klublar cəzalandırılır. Xatirimdə Təbrizlə bağlı bir hadisə qalıb. 90-cı illərdə Ağdamın “Qarabağ” klubu Təbrizdə bir futbol turnirində iştirak edirdi. Mən də telejurnalist kimi komanda ilə birgə səfər etmişdim. “Traktorsazi”nin oynadığı stadionda “Qarabağ” Tehran təmsilçisinə qarşı mübarizə aparırdı. 70 000 nəfərlik stadionda iynə atmağa yer yox idi. Bütün azarkeşlər isə bir ağızdan “Qarabağ, Azərbaycan” qışqırırdı. Təbrizdə bu artıq məlum məsələdir. İstər “Traktorsazi”nin, istər aşağı liqada iştirak edən “Maşınsazi”nin oyunlarında olsun, belə irqçi şüarlar səslənməkdədir. Bu futboldur, belə hallar hər zaman baş verir.
İki Tehran komandasının oyununda türklərə qarşı irqçi şüarların səslənməsinin, yəqin ki, xüsusi bir səbəbi var və planlı şəkildə həyata keçirilib. Ancaq heç də düzgün bir hərəkət deyil. Ümumiyyətlə, İran komandaları özlərinə əsas rəqib kimi “Traktorsazi”ni görürlər. Ola bilsin, məhz Təbriz təmsilçisini qıcıqlandırmaq üçün bu yola əl atıblar. İstənilən halda son qərarı yerli federasiya və Asiya Futbol Konfederasiyası verməlidir. Ancaq təbii ki, Azərbaycan da, Türkiyə də belə hadisələrə öz münasibətini bildirməlidir və məsələ ictimailəşdirilməlidir.
Xatırlayırsınızsa, “Traktorsazi” ötən il İran Superliqasının finalında çempionluğun bir addımlığında idi. Ancaq tribunadan belə bir məlumat verildi ki, Təbriz təmsilçisinin əsas rəqibi qələbə qazana bilmir. Bu da həm azarkeşləri, həm də komandanı arxayınlaşdırdı. Sonda isə verilən yanlış məlumat ucbatından “Traktorsazi” çempionluqdan oldu. Yəni, belə təxribat xarakterli hadisələr və təzyiqlər həmişə olub”.
E.Əşrəfoğlu qeyd etdi ki, irqçi şüarlarla bağlı cəzalar azarkeşlərə tətbiq edilə bilməz:
“İrqçi və siyasi şüarların səsləndirilməsi ilə bağlı cəzalar azarkeşlərə yox, klublara tətbiq edilir. Azarkeş tribunada sərbəstdir. Düzdür, oyundan əvvəl təhlükəsizlik tədbirləri görülür. Ancaq azarkeşin dilini saxlamaq mümkün deyil axı. İnanın ki, bu hadisə Avropada baş versəydi, UEFA özünəməxsus şəkildə sərt və düzgün qərarlar qəbul edəcəkdi”.
"Günaz" televiziya kanalının qurucusu və rəhbəri Əhməd Obalı isə məsələnin mahiyyətində daha dərin səbəblərin dayandığını dedi:
“İranda baş verən hər hansı bir hadisəyə şərh bildirərkən mütləq onun kökünə baxmaq lazımdır. Elə məlum oyunda səslənən şüarların kökü də çox-çox keçmiş zamanlara dayanır. İranda, xüsusilə, azərbaycanlılara qarşı olan radikal hərəkətlərin siyasi kökü var. Oradakı azərbaycanlıların sayının çoxluğundan, yüzillər ərzində İrana məhz türk əsilli nəsillərin hökm etməsi iranlı millətçiləri bu gün də narahat edir. Bu çaxnaşmaya hələ Firdovsinin “Şahnamə” əsərində rast gəlirik. Bu əsər türk və ərəblərin əleyhinə yazılıb. İranlı millətçilər də bu arqumentə əsaslanmağı sevirlər. Biz son yüzildə praktik olaraq da buna rast gəlirik.
Məsələn, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın əksəriyyəti İranın başqa-başqa bölgələrinə köçüb yaşayırlar. Çünki rejim iqtisadiyyatı elə yönəldib ki, azərbaycanlıların birgə yaşadığı yerlər güclənə bilməsin, qədim Azərbaycan torpaqları boş qalsın, ən azı zəifləsin, gücsüz olsun.Uşaqlar fars məktəblərində assimilyasiya olunsun. Necə ki, məsələn, bir azərbaycanlı ailə gedib Rusiyada yaşayır və uşaqları istər-istəməz rus mədəniyyəti ilə böyüyür, eləcə də İran bu siyasəti yürüdür. Bu anlamda türklərə qarşı deyilən hər biz söz İranda bir mədəniyyət nümunəsinə çevrilir. Tarixi filmlər belə hazırlananda dolayı yolla da olsa, azərbaycanlılar təhqir edilir.
Ümumiyyətlə, İranda azərbaycanlıların təhqir edilməsi yeni bir hadisə deyil. Yeni hadisə odur ki, azərbaycanlılar artıq bu təhqirlərə boyun əymir, əksinə, etiraz edirlər. Bu da sevindirici amildir ki, artıq soydaşlarımız öz haqlarını tələb etməyə başlayırlar".
Ə.Obalı "Traktorsazi" komandasının İran liqasındakı taleyinə və keçdiyi tarixi yola da aydınlıq gətirdi:
“Traktorsazi”nin 1-ci liqaya yüksəlməsi özü bir müəmmadır. Komanda lap əvvəllər 1-ci liqada çıxış edirdi. Sonra 2-ci liqaya endirdilər. “Traktor” da öz gücünə inkişaf etdi və avtomatik olaraq superliqaya qayıtdı. “Traktor”un yenidən yüksək liqaya qayıtması və azarkeşlərin sayının sürətlə artması rejimi ciddi narahat etməyə başladı. Onlar təəccüblənmişdilər. Çünki zənn etmirdilər, azərbaycanlı fəallar idmandan istifadə edə bilər. Rejim isə çalışdı ki, bu artımı fürsətə çevirsin və kütləni idarə etsin. Beləliklə, azarkeşlərin stadiona yığılmasına, orada enerjilərini boşaltmasına icazə verildi. Yəni, siyasi təzyiqin yaratdığı hikkə stadionda boşalsın ki, başqa təhlükəli hərəkata çevrilməsin və kütlə əsas hədəfdən uzaq qalsın. Əlbəttə ki, hər ikisini bacara bilmədi. Buna görə də diqqəti “Traktorsazi”yə yönəltdi, komandanı zəiflətməyə çalışdı. Belə təxribatlar da məhz bu siyasətin bəhrəsidir. Dəfələrlə olub, azarkeşləri tribunaya buraxmayıblar, biletlərin yarısı satılmadığı halda hamısının satıldığını deyiblər.
İran rejimi “Traktorsazi” məsələsində başını itirib. Nə edəcəyini bilmir. Hər nə edirsə, onun içindən özünün əleyhinə bir şey çıxır. Bilirsiniz niyə? Çünki “Traktor”un oyununa gedən azarkeşlərin əksəriyyəti, hətta hamısı üçün oyunun nəticəsi önəmli deyil. “Traktor” üçün tribunaya getmək sırf milli məsələdir. Sözünü demək üçün bir fürsətdir".
Cənubi Azərbaycanda yaşayan türklərin səsini, tapdanan haqlarını bütün dünyaya yaymağa çalışan Əhməd Obalı farslarla yanaşı, ermənilərin də fürsət düşdükcə türkləri alçaltdığını qeyd etdi:
"Başda Azərbaycan və Türkiyə olmaqla, türk dövlətləri və bütün insanlıq belə məsələlərə mütləq şəkildə reaksiya bildirməlidir. Çünki bir etnikə qarşı ölüm şüarı səsləndirmək 5-6 nəfərin deyil, daha böyük qüvvənin işidir. Bu gələcək üçün təhlükəli bir məsələdir. Bu, regionda düşmənçilik toxumlarının səpilməsi deməkdir. Belə hərəkatlar getdikcə İran dövlətinin daxilində siyasi çaxnaşma yarada bilər. Bu gün sözdə deyilən hər bir şey, sabah əmələ də keçər.
Biz “ölüm olsun türkə” şüarını təkcə stadionda eşitmirik. Hər il Tehran küçələrində 24 apreli qeyd edərkən iranlı məmurlar ermənilərin köməyi ilə iğtişaşlar yaradır və “ölüm olsun türkə” şüarlarını orada da səsləndirir. Burada guya Türkiyəni nəzərdə tuturlar. Halbuki, Azərbaycanla Türkiyə qardaş ölkələrdir, eyni millətdirlər. Xocalı soyqırımının ildönümündə bizə icazə vermədilər ki, məscidin içində də olsa, öz faciəmizi yad edək. Ancaq ermənilər üçün şəhərlərin küçələrində plakatlar açılır, öz pulları ilə ermənilərə hər şəraiti yaradırlar”.
Zümrüd
-
Sosial23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin122:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI
-
Kriminal22:24
Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü
-
Dünya22:12
Onun fotosu məşhur jurnalın üz qabığında - FOTO
-
Sosial21:00
Azərbaycanda toy YASA ÇEVRİLDİ
-
İdman20:48
Mbappe Fransa millisinə ŞƏRT QOYDU - Yalnız bu matçlarda...
-
Magazin120:36
Builki “Səs”in ən yaxşılarını onlar seçəcəklər - FOTO
-
Qarabağ 20:24
Bu tarixdən Turşsuya qayıdış başlayacaq