Əməkdar artist: "Cənab prezident qeyd etdi ki, maaşlar artırılacaq"
Bizi izləyin

Nida Xəbər

Əməkdar artist: "Cənab prezident qeyd etdi ki, maaşlar artırılacaq"

“Çox gözlənilməz bir görüş oldu. Serbiyadan yenicə qayıtmışdım, Belqradda iki tamaşaya dirijorluq etmişdim. Bakıya çatan kimi zəng gəldi, dedilər ki, cənab prezident bir qrup incəsənət xadimləri ilə görüşmək istəyir. Bu barədə əvvəlcədən bizə xəbər verməmişdilər. Görüşün hansı formatda təşkil olunması mənim üçün də maraqlı idi. Artıq tədbir başlayanda özümü çox səmimi və isti mühitdə hiss etdim, xüsusi ilə pozitiv məqamlarla rastlaşdım”.

Bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, əməkdar artist Əyyub Quliyev Publika.az-a verdiyi açıqlamasında deyib:

“Belə görüşlər başqa ölkələrdə, xüsusilə Avropada az-az olur. Digər kontinentlərdə dövlət başçıları əsasən çox tanınmış sənətkarların yubileyində iştirak edir, əlamətdar günlərdə xüsusi diqqət göstərir, onları mükafat, orden və ya medalla təltif edir. Amma belə bir formatda görüşlərin təşkil edilməsi nadir hallarda mümkün olur.

Cənab İlham Əliyevin incəsənət xadimləri ilə görüşündə həm yaşlı, həm orta, həm də gənc nəslin bir yerə toplaşıb Azərbaycan mədəniyyətindəki məqamları və hazırkı tələbatları müzakirə etməsi çox unikal hadisədir. Görüşün bilavasitə ölkə başçısı və ölkənin birinci vitse-prezidentinin entuziazmla, vətəndaşlıq və xüsusi qayğı faktoru ilə aktiv iştirakı ilə keçirilməsi gözlənilməz haldır.

Ümumiyyətlə, istər möhtəşəm festivallar, istər layihələr və konsertlər, istər gənclərin dəstəklənməsi proqramı və ölkə mədəniyyətinin xaricdə tanıdılması, istərsə də müxtəlif təqdimatların, sərgilərin təşkili və s. bu kimi mədəni hadisələr dövlətimizin çox böyük diqqəti sayəsində gerçəkləşib. Bakıda və digər şəhərlərdə teatrların təmiri, bərpası, quruculuq işləri, tanınmış şəxsiyyətlərin heykəllərinin qoyulması, onların yubileylərinin yüksək səviyyədə qeyd olunması çox sevindirici faktdır. Əlbəttə ki, görüşdə hər bir insanın deyiləsi və təklif edəsi sözləri var idi. Hətta çıxışlar çox olduğu üçün bizə vaxt çatmadı. Çünki vaxt limitini aşmışdıq, bununla belə cənab prezidentin xüsusi insanpərvərliyinin şahidi olduq. Hər deyilən arzunu müzakirəsiz qeyd edir və demək olar ki, hər birinə müsbət cavab verirdi. Əlbəttə ki, səsləndirilən fikirlər də çox mənalı və aktual təkliflər idi. Məncə, belə görüşlər çox olacaq. Prezident İlham Əliyev özü də qeyd etdi ki, görüşlərin davamı olacaq. Bizə böyük ümid və stimul verdi ki, 2019-cu il və qarşıdakı illər mədəniyyət və digər sahələr üçün əlamətdar olacaq. Bu yolda xüsusi proqram hazırlanır, ümumi ölkədə, strukturlarda dəyişiklik olacaq.

Opera və Balet Teatrının baş dirijoru, musiqi rəhbəri və kollektivin bir üzvi kimi daha bir sevindirici faktı qeyd etmək istərdim. Cənab prezident qeyd etdi ki, teatrlarda maaşlar artırılacaq. Bu, bizim üçün hazırda həqiqətən də aktual məsələlərdən biridir. Yaradıcı insanın maddi sıxıntıları onun işinin səmərəliliyinə müəyyən mənada təsir edir. Odur ki, ölkə başçısı maksimum əlindən gələni edir ki, sənət nümayəndələri üçün əlverişli şərait yaradılsın və bütün sıxıntılar aradan qaldırılsın. Bunun üçün plan və ideyalar hazırlanır.

Görüşdə teatrın kateqoriyası məsələsi də müzakirə olundu. Müəyyən məsələlərdən dolayı unudulan şəxsiyyətlərin həm təqaüdləri, həm ev şəraiti və görkəmli simaların heykəllərinin qoyulması, eləcə də incəsənət xadimləri və gənc sənət adamlarının evlə təmin olunması çox aktual məsələlərdən biridir. Bir çox sənət adamları var ki, ailə qurub, lakin yaşadığı şəraitdə yaradıcı prosesi həyata keçirtmək və yaradıcılıqla məşğul olmaq asan deyil. Bizim üçün çox xoş oldu ki, cənab prezident bu fikri özü səsləndirdi. Hər kəsi dinlədi və hər birimizə müsbət cavablar verdi.

Gözəl məqamlardan biri də o idi ki, prezident İlham Əliyev çıxış edən hər insanın fəaliyyətindən xəbərdar idi. Bu da o deməkdir ki, çox gərgin iş qrafikinə baxmayaraq, onun hər bir məsələdən xəbəri və məlumatı var. Bu, bir nümunə olmalıdır və mən səbirsizliklə növbəti görüşləri gözləyirəm. Və bir daha təşəkkür edirəm ki, cənab prezident bizi bu görüşə dəvət etmişdi”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm