Bu, Azərbaycana Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynamağa imkan verir - - SƏFİR/FOTO
Bizi izləyin

Nida Xəbər

Bu, Azərbaycana Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynamağa imkan verir - - SƏFİR/FOTO

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) və Türkmənistan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə 5 Xəzəryanı ölkə başçısının iştirakı ilə Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumuna həsr olunmuş dəyirmi masa keçirilir.

Publika.az xəbər verir ki, dəyirmi masada Xəzəryanı ölkələrin Azərbaycandakı səfirləri, politoloq və ekspertlər, millət vəkilləri, SOCAR və BP şirkətinin rəsmi şəxsləri iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformalarının artırılmasının əhəmiyyətindən danışıb.

O, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq perspektivlərinə diqqət çəkib.

R.Qonaqov qeyd edib ki, avqustun 12-də Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının bir ili tamam olur. Bu münasibətlə Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə bu il avqustun 12-də Türkmənistanda I Xəzər İqtisadi Forumu keçiriləcək.

BMAM sədri Xəzəryanı ölkələri bu gün dünyanın enerji təhlükəsizliyi xəritəsini dəyişən ölkələr adlandırıb. Qeyd edib ki, dünyanı Xəzəryanı ölkələr olmadan təsəvvür etmək mümkün deyil.

Türkmənistan Respublikasının Azərbaycandakı səfiri Mekan İşankuliyev “Birinci Xəzər İqtisadi Forumu” mövzusunda çıxış edərək forumun həm Azərbayacan, həm də digər Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına, bu ölkələrin suverenliyinə vacib təsir göstərəcəyini bildirərək, qlobal iqtisadi əməkdaşlığın genişləndiyi müasir dünyada Xəzəryanı ölkələr arasında dostluq və əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Səfir forumun Avaza turistik zonasında keçiriləciyini bildirib. O qeyd edib ki, Xəzər hövzəsində əməkdaşlığın inkişafı vacibdir. Əlavə edib ki, Xəzəryanı ölkələr təkcə regional miqyasda deyil, dünya miqyasında mühüm ölkələrdir.

Diplomat bu ölkələrin zəngin enerji resurslarına malik olduğunu, Avropa və Asiyanın qovşağında yerləşdiyini bildirib: “Bu regiondan mühüm nəqliyyat dəhlizləri keçir. Regionun logistik əhəmiyyəti getdikcə artır. Hazırkı əməkdaşlıq müxtəlif aspektləri əhatə edir. Türkmənistan üçün əsas məsələ bir-birinin maraqlarına və suverenliyinə hörmət etməkdən ibarətdir”.

Səfir forumun keçirilməsinə dair Türkmənistan Prezidenti tərəfindən müvafiq sərəncam imzalandığını bildirb. O qeyd edib ki, forum 4 hissədən ibarət olacaq. Bu çərçivədə sərgilər təşkil olunacaq, müqavilələr imzalanacaq. Hazırda forumun keçirilməsi istiqamətində detallı iş gedir. Bu məqsədlə xüsusi təşkilat komitəsi yaradılıb. Həmçinin, 3 dildə fəaliyət göstərən sayt istifadəyə verilib.

Diplomat artıq forumda iştirakla bağlı Azərbaycan tərəfinə dəvət göndərildiyini, ölkəmizin forumda ən yüksək səviyyədə geniş nümayəndə heyəti ilə təmsil olunacağına ümid etdiyini vurğulayıb.

M.İşankuliyev daha sonra Türkmənistan və Azərbaycan arasında hazırda əməkdaşlığın strateji xarakter daşıdığını bildirib. Qeyd edib ki, iki ölkə müxtəlif sahələrdə, xüsusilə logistik sahədə əməkdaşlıq edirlər: “Azərbaycanın geopolitik mövqeyi ona Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynamağa imkan verir. Eləcə də Türkmənistan Mərkəzi Asiyanın Avropaya açılan qapısı rolunu oynayır”.

BMAM sədri R.Qonaqov artıq forumda iştirakla bağlı rəhbərlik etdiyi təşkilata dəvət göndərildiyini bildirb. Daha sonra I Xəzər İqtisadi Forumuna həsr olunmuş, Türkmənistanda hazırlanan qısa sənədli film nümayiş olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Xəzər hövzəsi ölkələrinin beyin mərkəzlərinin əməkdaşlıq perspektivləri” mövzusunda çıxış edib.

O, Xəzəryanı ölkələrin birgə səylərinin artırılmasında “beyin mərkəzləri”nin yaradılması ətrafında fəaliyyətin gücləndirilməsini təklif edib. Həmçinin, bildirib ki, iqtisadi təşəbbüslərin sistemli və effektiv nəticələnməsi üçün “beyin mərkəzləri”inin rolu müstəsna xarakter daşıya bilər.

F.Şəfiyev Xəzəryanı ölkələlə əməkdaşlığın Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O qeyd edib ki, Xəzəryanı ölkələr arasında ən çox “beyin mərkəzləri”nə malik ölkələr Rusiya və İrandır: “Bu da təbiidir. Çünki digər 3 ölkə - Azərbaycan, Qazaxıstan və Türkmənistan yeni müstəqillik qazanmış ölkələrdir”.

F.Şəfiyev daha sonra deyib: “Bir çox ekspertlər qeyd edirdilər ki, Xəzəryanı ölkələr arasında konvensiyanın imzalanması mümükün olmayacaq. Amma konvensiyanın imzalanması bu iddiaları alt-üst etdi.

Milli Məclisin deputatı, professor Hikmət Baboğlu “Xəzər dənizi yeni enerji və nəqliyyat-kommunikasiya dəhlizi kimi” mövzusunda çıxışı zamanı qeyd edib ki, hazırda olduqca mürəkkəb beynəlxalq münasibətlər sistemində yaşayırıq: “Biz görürük ki, ayrı-ayrı ölkələr maraqlarının həyata keçirilməsində çətinliklərlə üzləşirlər. Ona görə də ölkələrin öz maraqlarını uzlaşdırması vacibdir”.

H.Babaoğlu qeyd edib ki, Xəzərdə əməkdaşlığın əsası 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub: “Bu layihə və ondan sonrakı layihələr təkcə Azərbaycan üçün deyil, bütün Xəzəryanı ölkələr üçün yeni perspektivlər yaratdı. Bu əməkdaşlıqdan hazırda digər ölkələr də bəhrələnirlər. Hazırda Azərbaycan Şimal-Cənub və “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bu regionun ölkələri ilə geniş əməkdaşlıq edir. Bu istiqamətdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa olunub”.

H.Babaoğlu Xəzəryanı ölkələr arasında birgə turistik layihələrin həyata keçirilməsinin region ölkələrinin hər birinin maraqlarına cavab verəcəyini bildirib: “Düşünürəm ki, avqustun 12-də qardaş Türkmənistanın Avaza şəhərində keçiriləcək forumda “beyin fırtınası” baş verəcək və bütün ölkələr bundan yararlanacaq”.

“BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Xəzər dənizində neft-qaz layihələri” mövuzunda çıxış edib.

O, Xəzər hövzəsinin neft-qaz layihələrinin dünya miqyasında artan əhəmiyyətinə diqqət çəkərək, mövcud zəmində Xəzəryanı ölkələrin qarşılıqlı fayda verəcək regional və qlobal əhəmiyyətli əməkdaşlığının gecləndirilməsindən bəhs edib.

B.Aslanbəyli, həmçinin Xəzər hövzəsi neft-qaz layihələrinin XXI əsrdə ən səmərəli və strateji enerji lahiyələrdən olduğunu iştirakçıların diqqətinə çatdırıb. “BP-Azərbaycan”ın rəsmisi qeyd edib ki, Türkimənistanın Cənub Qaz Dəhlizinə qoşulmaq imkanı var: “Xəzəryanı ölkələrdə neft-qaz, neft-kimya sənayesi inkişaf edib. Yəni region təkcə neft-qaz ehtiyatları ilə zəngin deyil. Həm də bu neftayırma, neft-kimya sənayesi sahəsində də böyük potensiala malikdir”.

AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə “Xəzəryanı ölkələrdə elmi-innovativ əməkdaşlığın davamlı inkişafının əsasları” mövzusunda çıxış edib. O, daha çox humanitar məsələlərə diqqət çəkib.

R.Mirzəzadə Xəzər Gününün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Alim dünyanın ən böyük qapalı su hövzəsinin çirkəndiirlməsinə də diqqət çəkib.

Səfirə müraciətlə deyib ki, Xəzərin sahillərinin heç də hamısı Avaza kimi turistik yer deyil: “BMT-nin dayanıqlı inkişafla bağlı 17 tələbi var. Həmin tələblərin hamısı Xəzərə aiddir. Burada iqlim, ətraf mühitin qorunması, biomüxtəliflik kimi məsələlər daxildir”.

R.Qonaqov Xəzər Günü təklifi ilə bağlı bildirib ki, 12 avqust tarixinin Beynəlxalq Xəzər Günü kimi elan edilməsi ehtimalı yüksəkdir.

Türkmənistan səfiri M.İşankuliyev də təklifin forumda müzakirəyə çıxarılacağını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm