Dağlıq Qarabağın azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verdi
Bizi izləyin

Nida Xəbər

Dağlıq Qarabağın azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verdi

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Bu barədə Publika.az-a icmadan daxil olan bəyanatda məlumat verilib.

Bəyanatda deyilir: “Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub.

XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır.

1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladılar. 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi. 1918-ci ilin əvvəllərində, yəni, mart qırğını ərəfəsində bilavasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdür.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya hücumu zamanı insanların hər cür zorakılığa məruz qalaraq qəddarlıqla qətlə yetirilməsi və həmin məzarlığın sonradan kütləvi şəkildə basdırılmış yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilmişdir.

Bundan əlavə, ermənilər tərəfindən Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 157 kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir. Bu dövrdə Quba qəzasında 167, Şamaxı qəzasında 110, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış, dağıdılmış və talan edilmişdir. Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür.

Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyatı olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Ermənistanın bu hərbi təcavüzü Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin öz doğma torpağından məcburən köçkün düşməsinə gətirib çıxarıb və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olub, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edildi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır.

Ermənistanın Azərbaycana qarşı açıq-aşkar hərbi təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Belə ki, Ermənistan respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də ATƏM/ATƏT-in 1975-ci il 1 avqust tarixli Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizlənmələrə məruz qalmışdır.

Çox təssüf ki, Ermənistanın XX əsrin sonunda yenidən başlayan etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiya ilə müəyyən olunub.

Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də digər beynəlxalq təşkilarların qərarlarına baxmayaraq, indiyə kimi Ermənistan respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb. Ona görə də beynəlxalq birlik qəti praktik addımlar atmalı, Ermənistana təzyiqləri artırmaqla azərbaycanlılara qarşı ernik təmizləmə və işğalçılıq siyasətinə son qoyulması üçün zəruri tədbirlər görməlidirlər.

Bu baxımdan, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox olan azərbaycanlı əhalisi beynəlxalq birliyi Azərbaycan xalqına qarşı tarix boyu baş vermiş və bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm