Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
Bizi izləyin

Nida Xəbər

Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset bombalarla atəşə tutulması ilə bağlı dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Ombudsman Aparatından Publika.az-a bildirilib ki, müraciətdə deyilir: “Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə olunmaqla intensiv şəkildə atəşə tutulmaqda davam edir. Nəticədə mülki əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş verib, evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara, ticarət mərkəzlərinə və digər sosial obyektlərə ciddi ziyan dəyib.

Bu müharibə cinayətlərini törətməklə kifayətlənməyən işğalçı Ermənistan region üçün ciddi ekoloji fəsadlar törədə biləcək, eyni zamanda, region dövlətləri və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə yönələn qəsd əməllərinə başlayıb.

Belə ki, işğalçı Ermənistan silahlı qüvvələri oktyabrın 6-sı saat 23 radələrindən başlayaraq mülki əhalinin sıx yaşadığı və münaqişə zonasından uzaq olan Yevlax rayonu ərazisini, bu ərazidən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini kaset tipli raketlərlə ilə atəşə tutub. Raketlər Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 10 metrliyinə düşüb, 300-dən çox kaset tipli bombanın qəlpələri ətrafa yayılıb. Bu isə mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə və təhdiddir.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, bütövlükdə bölgə, Avropa və dünya dövlətləri üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük strateji əhəmiyyətə malikdir.

Ermənistanın törətdiyi bu növbəti müharibə cinayəti artıq yalnız Azərbaycan dövlətinə qarşı deyil, bütünlükdə region və Avropa dövlətlərinə yönələn cinayət hadisəsi olmaqla, qlobal enerji təklükəsizliyinə zərbə vurmaq, region üçün ciddi ekoloji fəsadlar törətmək məqsədi daşıyır.

Təcili olaraq bütün dünya dövlətlərinə çağırış edərək, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini kaset bombalarla atəşə tutması ilə törədilən növbəti müharibə cinayətinə sərt reaksiya verməyə, Ermənistanın regionun və Avropanın enerji təhlükəsizliyinə təsir edəcək, o cümlədən ciddi ekoloji fəsadların baş verməsinə səbəb ola biləcək cinayətkar əməllərinin dayandırılması üçün təcili tədbirlər görməyə çağırıram”.

Bəyanat BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, UNİCEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm