“Sərhədsiz reportyorlar” təşkilatı çoxdan bu məsələni qaldırmalıydı” - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

“Sərhədsiz reportyorlar” təşkilatı çoxdan bu məsələni qaldırmalıydı” - ŞƏRH

“Jurnalistlərin həyatına olan təhlükə birmənalı pislənilməlidir. Ümumiyyətlə, jurnalistlərin hüquqlarını qorumaqla bağlı beynləxalq təşkilatlar, beynəlxalq jurnalist təşkilatları, eləcə də “Sərhədsiz reportyorlar” təşkilatı çoxdan bu məsələni qaldırmalıydı”.

Publika.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media eksperti Zeynal Məmmədli “Sərhədsiz reportyorlar” qeyri-hökumət təşkilatının Fransanın “TF 1” televiziyasının jurnalisti Liseron Budulun Fransanın erməni icması tərəfindən nifrət hədəfinə çevrilməsi və ölümlə hədələnməsini pisləyən bəyanatına münasibətini ifadə edərkən deyib.

Onun sözlərinə görə, vacib deyil ki, ölümü, hər hansı hücumu gözləyəsən: “Ümumiyyətlə, jurnalistlərlə bağlı bu məsələləri onlar gündəmə gətirməliydilər. Nədənsə ancaq xarici ölkələrdən gələn jurnalistlərlə bağlı olanda bu məsələni qaldırırlar. Məsələn, orada Azərbaycan televiziyasının əməkdaşı, yaxud bir başqası yaralanmayıb? Bu hadisə bunlarla da bağlı olub.”

Z.Məmmədli qeyd edib ki, “TF 1” televiziyasının jurnalistinin erməni icması tərəfindən hədələnməsi erməniləri birbaşa gözdən salan məsələdir:“Jurnalisti hədələmək həqiqətin yayılmasına qarşı çıxmaqdır. Təkcə fransalı jurnalistlə bağlı yox, görün, Karen Şahnazorovla bağlı Rusiya mətbuatında, Ermənistanda nə dəhşətli isterika qaldırıblar. Yəni o deyib ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır. Babayan var, ona qarşı da hücuma keçmişdilər. Yəni kimsə bu hücuma son qoyulması üçün guya, Azərbaycanın xeyrinə çalışırsa, əslində, Azərbaycanın yox, həqiqətin tərəfində olursa, ona qarşı bu cür isterika qaldırırlar. Amma bunun bizə bir xeyri var ki, onlar Fransada erməni diasporunun əsl üzünü görürlər”.

“Amma o başqa məsələdir ki, o ölkələrin ictimai rəyi nə dərəcədə bu məsələ ilə maraqlanır, onlar üçün həssas məsələdir? Ona görə, beynəlxalq jurnalist təşkilatları bununla bağlı çox ciddi mövqe ortaya qoymalıdırlar”, - deyə media eksperti əlavə edib.

Z.Məmmədli nəzərə çatdırıb ki, Fransa hökuməti “Şarl Ebdo” qəzeti ilə bağlı baş vermiş hadisə zamanı dünya müsəlmanlarının çoxsaylı etirazlarına məhəl qoymayaraq, demokratik azadlıqların müdafiəsinə qalxmışdı: “Fransa hökuməti indi də analoji mövqe nümayiş etdirməliydi, amma reallıqda vəziyyət başqadır. Reallıqla insan hüquqları, azadlıqlar çox təəssüf ki, uyğun gəlmir. Bir avropalının qiyməti necəyədir? Bir suriyalının və ya bir azərbaycanlının qiyməti neçəyədir? Qiymətlərdə çox böyük fərq var. Onlarda 8 adam terror qurbanı olur, bütün dünya matəm edir, amma bu yanda 100 minlər ölür, diqqət edən yoxdur. Buradan bir həqiqət çıxır ki, biz öz həyatımızı çox ucuz dəyərləndiririk. Biz bu mənada Avropanın dilində, tərzində danışmağı, onun ictimai rəyi, qeyri-hökumət təşkilatları ilə işləməyi, - hökumətlərdən söhbət getmir, yaxşı bacarmırıq. Bu işləri qurandan sonra dünyada vəziyyət dəyişməlidir. Dünya belə gedə bilməz. Çünki get-gedə böyük bir qarşıdurma, ədalətsizlik görürük. Fransada, Amerikada ölkə daxilində ədalətlidirlər. Elə ki, xaricdən söhbət gedir, artıq burada siyasi-iqtisadi oyunlar oynamağa başlayırlar, hətta burada dini həmrəylik də var. Reallıq budur. Biz bu reallığı bilib, ondan nəticə çıxartmalıyıq”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm