Nida Xəbər
“Paşinyan artıq bu oyunun içindədir, nə qədər əlləşir çıxa bilmir” - MÜSAHİBƏ
Politoloq İlyas Hüseynov Publika.az saytına geniş müsahibə verib. Müsahibəni təqdim edirik.
– İlyas müəllim, Prezident İlham Əliyev bir neçə gün öncə Qırğızıstanda səfərdə oldu. Sonra dövlət başçısının Qazaxıstana işgüzar səfəri həyata keçirildi. İyun ayında isə Prezident İlham Əliyevin Özbəkistanda dövlət səfəri baş tutub. Həmçinin, dövlət başçısının iyunun 29-da Türkmənistana səfəri – Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirakı da diqqəti cəlb edir. Avqust ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə ilk səfərini gerçəkləşdirdi. Bu səfərlər xronologiyasını xatırlatmaqda məqsədimiz Azərbaycanın türkdilli ölkələrlə münasibətlərinin yüksələn xətt üzrə getdiyini göstərməkdən ibarətdir. Bəs bu münasibətlərdə qarşılıqlı maraq və fayda nədən ibarətdir?
– Sualınıza görə təşəkkür edirəm. Düşünürəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında bu gün keyfiyyətcə yeni münasibətlər formalaşıb və burada əsas amil Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədir. Çünki onlar həm də Azərbaycanın potensialını, gücünü, hərbi qüdrətini, insan resurslarını, sosial bazasını çox dərindən analiz edə bilirlər. Eyni zamanda Azərbaycan həm də mühüm geostrateji bir bölgədə yerləşir. Azərbaycan Şərqlə Qərb arasında çox kilid bir dövlətdir. Bu, tarixən belə olub. Hazırkı dönəmdə isə yeni transformasiyalar dövrüdür. Dünya da biz görürük ki, şəkillənir. Dünyada yeni trendlər formalaşır. Neft-qaz amili bu gün ən önəmli prioritetdir. Nəqliyyat yükdaşımaları ilə bağlı mühüm perspektivlər formalaşır. Mərkəzi Asiya ölkələri bu trendlərdə olmağa çalışırlar. Azərbaycan da məhz nəqliyyat, tranzit, logistika nöqteyi-nəzərdən böyük infrastruktur işləri həyata keçirir. Burada Ələt terminalının istifadəyə verilməsi, Zəngəzur dəhlizi ilə bağlı həyata keçirilən fəaliyyətlər və sülh prosesi, eyni zamanda da çox önəmli bir dövrdə də trendlərdə olan və müzakirə obyekti olan Orta Dəhliz ideyası bu gün reallaşmaq üzrədir. Bu dəhliz ideyası həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində də dəyərləndirilir. Bilirsiniz ki, İstanbulda Türk Dövlətləri Təşkilatı yeni bir dövrə qədəm qoydu. Özbəkistanın tamhüquqlu üzv olması, Türkmənistanın müşahidəçi status qismində iştirakı və Macarıstanın burada olması həm də türk dövlətləri üçün də yeni üfüqlər formalaşdırır. Zəngəzur dəhlizi, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması ilə bağlı Türk Dövlətləri Təşkilatı üçün həm də siyasi-iqtisadi prioritetdir.
– Azərbaycan həm sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində, oktyabrın 6-da isə Praqada “Avropa siyasi birliyi” zirvə toplantısında iştirak etdi. Ölkəmizin müxtəlif qütblər arasında gedən geopolitik oyunda cəlbediciliyi, burada nə dərəcədə uğurlu olması və Azərbaycanın buradakı dividendləri, faydaları nədən ibarətdir?
– Azərbaycanın tarixən yerləşdiyi geostrateji bölgə imperiyaların maraq dairəsində olub. Müxtəlif güc mərkəzləri bu gün də Azərbaycan uğrunda savaşdadır. Bu savaş həm də siyasi, geosiyasi kontekstdə dəyərləndirilir. Lakin Azərbaycan həm də qütblər arasında olan maraqların uzlaşdırılmasında da iştirak edir. Eyni zamanda Azərbaycanın yerləşdiyi bölgə 3 böyük dövlətlə əhatə olunub – İran, Türkiyə və Rusiya. Bu dövlətlər də beynəlxalq münasibətlər sistemində aparıcı dövlətlərdir. İranın mövqeyi bəlidir. İran-Qərb ziddiyyətləri var. Türkiyə NATO-nun üzvüdür və Azərbaycanın hərbi müttəfiqidir. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanıb, Azərbaycanla Rusiya arasında spesifik münasibətlər var və strateji xarakter daşıyır. Bu dövlətlər arasında olan maraqların balanslaşdırılması Azərbaycanı beynəlxalq aləmdə həm də bir balanslaşdırıcı dövlət kimi nəzərdən keçirməyə sövq edir. Azərbaycan identiklik, tarixi adət-ənənə nöqteyi-nəzərdən ayrı-ayrı qütblərdə yerləşən, bəzən ziddiyyətlər və konfrontasiyalar içində olan güc mərkəzlərini də özünə cəlb edə bilir. Burada biz nəqliyyat nöqteyi-nəzərdən Şərq dünyası, karbohidrogen nöqteyi-nəzərdən Qərb dünyası üçün maraqlıyıq. Azərbaycanın həm karbohidrogen ehtiyatlarının nəqli, həm də nəqliyyat yükdaşımaları sahəsində prioritetləri ölkəmizi bu iki qütb üçün daha zəruri və əməkdaşlığa cəlb edir. Ona görə də düşünürəm ki, məhz Qərblə Şərq bazarları arasında olan əlaqənin təmin olunmasında da Azərbaycan mühüm həlqədir. Burada neft-qaz faktoru, eyni zamanda logistika imkanları yeni beynəlxalq münasibətlər sistemində, dünya nizamının yeni şəkillənməsində ölkəmizə diqqəti daha da artıracaq.
Eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda da ölkəmizə böyük maraq var. Neft-qaz qiymətlərinin artması ölkəmizi Avropa üçün həm də diversifikasiya istiqaməti kimi nəzərdən keçirməyə məcbur edir.
– Sizcə, Azərbaycanın bu geopolitik oyunda yer alması onun mövqelərini gücləndirir, yoxsa zəiflədir?
– Çox önəmli və vacib həyati əhəmiyyətli bir sualdır. Düşünürəm ki, mövqelərimiz hər ötən gün güclənir. Azərbaycan Prezidentinə də böyük hörmət var. Bilirsiniz ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsində cənab İlham Əliyevə həm Bolqarıstan Prezidenti Rumen Radev, həm Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, həm də Serbiya Prezidenti Aleksandar Vuçiç və Şimali Makedoniya Prezidenti Stevo Pendarovski çox böyük epitetlər səsləndirərək ölkəmizin prezidentini yüksək mövqeyə qoydular və onu təriflədilər. Bu, cənab prezidentin enerji diplomatiyası ilə bağlı həyata keçirilən fəaliyyətdir. Eyni zamanda Ali Baş Komandan kimi tarixi zəfər qazanmasını da səciyyələndirən bir amildir. Ona görə də düşünürəm ki, cənab prezidentin həyata keçirdiyi siyasi, enerji diplomatiyası bütün güc mərkəzləri tərəfindən təhlil olunur. Vətən müharibəsində qazandığımız qələbə həm də hərbi təhlil və tədqiqat mərkəzləri tərəfindən öyrənilir. Azərbaycan postsovet məkanında bir addım atdı və bu addıma qarşı bəzi dövlətlər həmlələr etməyə çalışırlar. Bilirsiniz ki, postsovet məkanında Rusiyanın mühüm geosiyasi ambisiyalarını özündə əks etdirən Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı var. Biz orada baş verən prosesləri də görürük. Ona görə də Azərbaycanın burada bir açar dövlət olduğunu bütün dünya birliyi görür. Lakin Qərb dövlətləri tərəfindən qərəzli münasibət, ikili standartlar da var. Xüsusilə Qarabağ məsələsində ermənipərəst mövqelər bu gün hərəkətə gəliblər. Bu da ölkəmiz qarşısında bu maneələri dəf etmək üçün də yeni imkanlar formalaşdırmalıdır.
– Qarabağ məsələsində ermənipərəst mövqelərdən söz düşmüşkən… Fransa son vaxtlar xeyli canfəşanlıq edir, Parisdən Azərbaycanla bağlı verilən xoşagəlməz açıqlamaların sayı artıb.
– Oktyabrın 6-da Praqada keçirilən görüşün dördtərəfli xarakter alması, Emmanuel Makronun iştirakı heç də burada Fransanın birbaşa olaraq proseslərdə iştirakı kimi qiymətləndirilməməlidir. Bəli, Avropa İttifaqının mülki missiyasının “Fransa gəldi, bundan sonra Rusiyanın vasitəçiliyi ilə olan bütün proses ləğv olunacaq, bizim arxamızda Fransa dayanacaq” kimi qələmə verilməsi yalnız Ermənistan daxili auditoriyası üçün hesablanıb. Nəzərə almaq lazımdır ki, Fransa hazırda Avropa İttifaqında dönəm sədrliyini yerinə yetirir. Geniş anlamda burada Avropa İttifaqı vasitəçi kimi çıxış edir. Şarl Mişel də Avropa İttifaqı Şurasının prezidentidir. Şarl Mişel regionu yaxşı tanıyır, onun vasitəçiliyi ilə artıq ali səviyyədə 5 görüş arxada qalıb. Ona görə də düşünürəm ki, Fransa buradakı proseslərə cəlb olunmağa çalışır. Çünki ATƏT-in Minsk qrupu formatı ləğv olunub. Tarixin arxivinə göndərilib və bir daha dirilməyəcək. Fransa artıq öz milli maraqlarından regiona yanaşır. Fransa Senatında həm Vətən müharibəsindən sonra qondarma qurumun tanınması ilə bağlı tövsiyə xarakterli qətnamə, həm də son dövrlərdə Azərbaycana iqtisadi sanksiyaların tətbiq olunması ilə bağlı aparılan müzakirələr və irəli sürülən bəzi tövsiyələr yalnız Azərbaycanı təhdid etmək məqsədi daşıyır. Şantaj elementlərini özündə ehtiva edir. Ona görə də Fransanın mövqeyi hazırda havadan asılmış kimidir.
– Rusiya Avropa İttifaqının vasitəçiliyinə qısqanclıqla yanaşır və bunu heç gizlətmir. Rəsmi Moskva bu kontekstdə Aİ-nin regiona mülki missiya göndərmək niyyətini də tənqid edir. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 11-də keçirilən brifinq zamanı deyib: “Təəssüf ki, biz burada Avropa İttifaqının nəyin bahasına olursa-olsun Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasına müdaxilə etmək, ölkəmizin vasitəçilik səylərini sıxışdırmaq cəhdini görürük. Biz ondan çıxış edirik ki, Bakı və İrəvanın barışmasının, regionda sabit sülhün və uzunmüddətli sabitliyin yeganə açarı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir”. Bu baxımdan necə düşünürsüz: Aİ ilə Rusiya arasındakı ziddiyyətlərin indiki pik dövründə mövqeləri uzlaşdırmaq mümkün olacaqmı?
– Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, qlobal miqyasda da Qərblə Rusiya arasında ciddi konfrontasiya gedir. Biz bunu Ukrayna müharibəsi kimi də nəzərdən keçirməməliyik. Düşünürəm ki, burada geniş anlamda həm də ABŞ-Rusiya mübarizəsidir. Bu dövlətlərin həm də Azərbaycanın yerləşdiyi regionda öz maraqları var. ABŞ regional əməkdaşlığı daha çox neft-qaz amili üzərindən dəyərləndirir və Xəzər hövzəsinə böyük maraq göstərir. Çünki ABŞ-ın strateji doktrinasında əsas dənizlər üzərində hakimlik vardır, Rusiyada isə kontinent, yəni quru sərhədlər üzərində hakimlik avrasiyaçılıq konsepsiyasının əsasını təşkil edir. Ona görə də düşünürəm ki, qlobal miqyasda da bu münaqişə güclənib. Aydındır siyasi müstəvidə regiona sülh, təhlükəsizlik, sabitlik, əmin-amanlıq gətirmək istəyən dövlətlər də öz maraqlarından bura yanaşırlar. Və Mariya Zaxarovanın Aİ-nin mülki missiyasının regiona cəlb olunması ilə bağlı fikirlərində bu məsələni daha da çətinləşdirəcəyi ilə bağlı ştrixlər, vurğular var. Eyni zamanda Rusiyanın əsas istəyi Moskvanın vasitəçiliyi ilə 2020 və 2021-ci illərdə imzalanmış üç üçtərəfli bəyanatların əldə rəhbər tutulmasıdır. Lakin Brüssel də öz gündəliyini formalaşdırır. Yəni, regionda vasitəçiliyi həyata keçirmək üçün əsas meyar tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində fəaliyyətdir və gündəliyin formalaşdırılmasıdır. Brüssel bu gündəliyi formalaşdıra bilib və Rusiyanın hakim olduğu mövzulara daha çox yeni töhfələr vermək niyyəti güdülür. Lakin öz gündəliyində sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması daha çox Avropa İttifaqı tərəfindən təşviq olunur.
– Son vaxtlar ABŞ-ın da aktivləşdiyi nəzərə çarpır. Vaşinqtonun vasitəçiliyi ilə sülh gündəliyi üzrə müxtəlif səviyyələrdə bir neçə görüş keçirilib…
– Doğrudur. Sülh müqaviləsinin imzalanması ilə bağlı biz son dövrlər aktivləşən ABŞ-ı nəzərdən qaçırmamalıyıq. Azərbaycan Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ Prezidentinin təhlükəsizlik təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan arasında Vaşinqtonda mühüm görüşlər keçirilib. Eyni zamanda Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində də dövlət katibi Entoni Blinken XİN rəhbərləri ilə görüşdü. ABŞ da bəzi məqamlarda artıq Avropa İttifaqını kənarda qoyub öz maraqlarından burada vasitəçilik niyyətini güdür. Bu, təbii ki, Aİ-nin mövqelərinə də bir zərbədir. Burada yeni bir ziddiyyət – ABŞ-Aİ ziddiyyəti ortaya çıxır. Ona görə də görürsünüz ki, problemlər nə qədər çətindir, eşalonlaşdırılmışdır, manelər çoxdur. Burada Azərbaycan öz milli maraqlarını danışıqlar masasına yatırırsa və bunu qəbul etdirməyə çalışırsa, bu, mənə elə gəlir ki, cənab prezidentin həm siyasi iradəsini, həm prinsipiallığını və qətiyyətini göstərir, eyni zamanda Azərbaycanın geniş anlamda mövqeyinin daha da möhkəmlənməsini büruzə verir.
– Rusiya-Ukrayna müharibəsinin Qarabağ məsələsinə təsiri və ya təsirləri nədən ibarət ola bilər?
– Ondan başlayaq ki, fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Bu bəyannamədə dövlətlər bir-birinin ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini rəhbər tutur, onlara hörmətlə yanaşır. Daxili işlərə qarışmamaqla bağlı öhdəliklər götürür. Eyni zamanda mühüm bir amil məhz müharibə başlayandan sonra informasiya təhlükəsizliyi sahəsində Rusiya ilə Azərbaycan arasında sazişin imzalanmasıdır. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi dünyadakı dondurulmuş münaqişələri, bəzən gözardı hesab olunan bəzi məsələləri də qabartdı. Kosova məsələsi ilə bağlı hərəkətlilik yaşandı, Tayvan məsələsi gündəliyə gəldi. Qazaxıstan-Rusiya münasibətlərində ziddiyyətlər yaşandı, Qırğızıstan-Tacikistan sərhədində eskalasiya baş verdi. Və böyük Rusiyaya qarşı bəzi dövlətlər ərazi iddiaları ilə çıxış etdilər. Polşa Kalininqradı, Yaponiya Kuril adalarını tələb etdi. Sanki bəzi dövlətlər Rusiyanın çökməsindən, məğlub edilməsindən özləri üçün dividend qazanmaq istədiklərini artıq müharibənin gedişində üzə çıxardılar.
Azərbaycan tərəfi də təbii ki, özü üçün prioritet hesab olunan strateji yüksəklikləri hədəfləyirdi. Fərrux yüksəkliyinin azad olunması, Zabux və Sus kədlərinin, Laçın şəhərinin mərkəzinin Azərbaycanın nəzarətinə keçməsi, Azərbaycan-Ermənistan sərhədində mühüm strateji yüksəkliklərə Azərbaycanın yiyələnməsi ölkəmizin zəmin üzərində mövqelərinin möhkəmlənməsinə təsir etdi. Burada bu və ya digər formada Rusiya-Ukrayna müharibəsinin də təsiri var. Rusiya təbii ki, burada həm zəmin üzərində, həm də diplomatik müstəvidə regionda Aİ-nin vasitəçilik imkanlarının da qarşısını ala bilmir. Çünki başı daxili məhdudiyyətlərə, sanksiyalara başı qarışıb. Əsas məsələ Rusiyanın Ukrayna cəbhəsində zəfər qazanmasıdır. Lakin Rusiyanın özünün strateji doktrinasında Cənubi Qafqaz, Mərkəzi Asiya dövlətləri, Baltikyanı ölkələr, Şərqi Avropa həyati vacib əhəmiyyət kəsb edən regionlardır və burada Şərqi Avropa, eləcə də postsovet məkanı Rusiya üçün ən əsas mövzulardır. Burada təbii ki, Azərbaycan da yer alır. Ona görə də düşünürəm ki, qlobal miqyasda mübarizənin getməsi, Rusiya-Ukrayna müharibəsi həm də Cənubi Qafqazda sülh, təhlükəsizlik və etimad quruculuğu prosesinə də təsir göstərir. Burada birini digərsiz təsəvvür etmək də mümkün deyil.
Azərbaycanın həyata keçirdiyi uzaqgörən, praqmatik siyasət ölkəmizi həm də bir sıra təhlükələrdən qoruyur. Azərbaycan Yaxın Şərqdə gedən müharibələrdə yer almayıb və özünün ərazisindən üçüncü dövlətlərə qarşı istifadə olunmasına qarşı çıxıb. Bu gün Rusiya-Ukrayna müharibəsi ilə bağlı kifayət qədər önəmli mövqe sərgiləyir. Ölkəmizin həyata keçirdiyi bu müharibədəki addımları ilk növbədə ölkəmizin təhlükəsizliyinin qorunmasına hesablanıb. Azərbaycan Ukraynaya humanitar yardımlar göndərir, lakin həm də Ukraynanın ərazi bütövlüyü məsələsindən çıxış edir. Çünki bizim üçün ərazi bütövlüyü, suverenlik ən əsas amildir və dəyərdir.
– Sentyabrın 12-14-də Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalardan sonra KTMT-ni köməyə çağıran, ancaq adekvat cavab ala bilməyən Ermənistanın Rusiya ilə münasibətlərində gərginlik, ölkədə anti-Rusiya əhval-ruhiyyəsi yüksələn xətt üzrə gedir. Ermənistanın Baş naziri, parlament sədri, Təhlükəsizlik Şurasının katibi KTMT-nin dərhal və effektiv cavab vermədiyini bildirir və rəsmi İrəvanın birlikdən çıxması məsələsini qaldırırlar. Bu baxımdan Ermənistan-Rusiya münasibətlərinin hazırkı durumunu şərh etməyinizi istərdik.
– Ermənistan-Rusiya münasibətləri hazırda çox gərgin dövrünü yaşayır, ziddiyyətlərlə doludur. Çünki Ermənistanın siyasi rəhbərliyi müxtəlif vektorlar arasında olan ziddiyyətlərdən özü üçün qazanc güdmək məqsədi daşıyır və bu da onu məhvə sürükləyir. Rusiya artıq açıq şəkildə bildirir ki, Aİ tərəfindən mülki missiyanın gəlməsi Moskva üçün qəbuledilməzdir, onun üçün təhlükə mənbəyidir. Rusiya mümkün olan qədər Aİ-ni və NATO-nu regiona buraxmaq istəmir. Baxmayaraq ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının və KTMT-nin üzvüdür, ancaq açıq şəkildə Rusiyaya qarşı demarş edir. Ermənistan rəsmiləri çox tez-tez Brüsselə, Vaşinqtona səfərlər edirlər. Paşinyan bu yaxınlarda – sentyabrın 26-da Parisdə Makronla görüşdü. BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberqin Ermənistan rəsmiləri ilə görüşü oldu. Yəni, bütün bunlar Rusiyada qıcıq doğurur. Rusiya Ukraynada müharibə aparmasına baxmayarq Ermənistanın atdığı addımları da dərindən təhlil edir. Rusiyaya münasibətdə yol verilən səhvlər o qədərdir ki, bu, Ermənistan üçün yaxşı nəticələr vəd etmir. Eyni zamanda Ermənistan ərazisində 102 saylı hərbi hissənin olması həm də İrəvanın əl-qolonu bağlayır. Lakin daxildə Qərbə meyillənmə, Paşinyanın komandasının sorosçular və qeyri-hökumət təşkilatlarından çıxma şəxslər olması Rusiya tərəfdən böyük qəzəblə qarşılanır.
Sadəcə, bu gün daxildə baş verən təlatümlər, təbəddülatlar Ermənistan üçün siyasi gələcəyin olmamasının xəbərvericisidir. Lakin Paşinyan bu yolu tutub, artıq bu oyunun içindədir. Gah Qərb, gah da Rusiyaya tərəf meyillənir. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri zamanı da KTMT-dən çıxmaqla bağlı yürüşlər, şüarlar, plakatlar var idi. KTMT-dən çıxmaq təbii ki, Ermənistan üçün ağır nəticələrə gətirib çıxara bilər. Çünki Rusiya ordusu Ermənistandadır, Gümrü şəhərindədir. Ermənistan hər zaman bu ordunu da Azərbaycana qarşı qaldırmağa cəhdlər göstərsə də rəsmi Bakı elə Rusiya ilə münasibətləri bu cür tarazlı, balanslı quraraq, Kremllə əlaqələri intensivləşdirərək bu cür təhdidlərdən ölkəmizi qoruyur. Lakin Ermənistan daxildə öz ərazisini get-gedə Qərb-Rusiya mübarizəsinin platsdarmına çevirir və buranı gələcəkdə elə Rusiya-Qərb müharibəsinin poliqonu kimi görə bilərik. Ona görə də Ermənistan rəhbərliyi bu addımları atanda gələcəyi düşünməli, gələcəyə hesablanmış addımlar atmalıdır. Artıq Ermənistanda “KTMT-dən çıxmaq bizə nə verə bilər” sualı üzərində düşünürlər və dilə gətirirlər. Ermənistan istəyir ki, KTMT-dən çıxaraq Qərb istehsalı olan silahlara yiyələnsin. Hazırkı durumda Ermənistana bu silahlar verilmir. Hətta vermək istəyi də vardır. Lakin onlar da ehtiyat edirlər ki, bu silahlar bir gün Ukraynada tapıla bilər. Eyni zamanda Rusiya ilə Ermənistan arasında olan iqtisadi bağlılıq son dərəcə dərindir. Bütün şirkətlər və həyati vacib infrastruktur Rusiyanın inhisarındadır. Qarşıdan da qışın gəldiyini nəzərə alaraq Rusiya qazın qiymətləri ilə bağlı da təbii ki, Ermənistanı təhdid edəcək. Ziddiyyətlərin ən çox üzə çıxdığı dövr məhz elə qış ayları olacaq.
– Oktyabrın 12-də Moskvada keçirilən Rusiya Enerji Həftəsində çıxış edən “Qazprom”un baş direktoru Aleksey Miller qışın soyuq pik dövründə Avropanın bütöv şəhərlərinin, bütöv torpaqların dona biləcəyini deyib...
– Təbii ki, Rusiya qışı çox gözləyir. Hətta istəyir ki, elə bu gündən soyuq havalar başlasın. Təbii ki, Rusiya bununla həm də Avropa içərisində olan daxili auditoriyanın gərginləşməsinə hesablanan addımlar atır. Artlq bu cücərtilər də vardır. Məsələn, Almaniyada, Niderlandda müxtəlif növ məhsulların, o cümlədən enerji daşıyıcılarının bahalaşması və ərzaq tədarükündə olan problemlərlə bağlı yürüşlər keçirilir. Millerin də qeyd etdiyi kimi gözlənilir ki, böyük şəhərlərin donması fonunda insanlar küçələrə axışacaq. Təbii ki, odun və kömürlə evləri qızdırmaq dövrü arxada qalıb. Ya bunun yolu elə keçmişə qayıtmaq, ya da Rusiya ilə hansısa formada razılıqların əldə olunmasıdır. Burada Türkiyənin rolu çox önəmlidir. Taxıl dəhlizinin yaradılmasında Türkiyənin danışıqlar prosesində uğur əldə etməsi fonunda gözlənilir ki, enerji məsələsinə də təsir edəcək və Avropa artıq Türkiyədən asılı olacaq. Bu, qardaş Türkiyə üçün də mühüm prioritetlər formalaşdırır. Türkiyə bu çərçivədə Yunanıstan məsələsini həll edə bilər. Gözlənilir ki, Türkiyə-Yunanıstan gərginliyi elə qış aylarında da üzə çıxar. Çünki adaların silahlanması, adalara Qərb istehsalı olan müasir texnologiyaların yerləşdirilməsi Türkiyəni ciddi narahat edir. Türkiyənin ekspert cameəsində bu gün belə fikirlər də var ki, gün gələcək Türkiyəyə möhtac qalacaqlar. Çünki Rusiya ilə dil tapan, Rusiya ilə münasibətləri pozmayan, Rusiya ilə bağlı vasitəçiliyi öz üzərinə götürən elə Ankaradır. Ona görə Türkiyə üçün də bu çətin qış aylarında yaxşı imkanlar formalaşa bilər. Və bu imkanlar qardaş Türkiyə ilə Azərbaycanın yaxınlığını nəzərə alaraq Azərbaycan üçün də çox yaxşı imkanlar formalaşdıra bilər.
Təbii ki, bu, müharibənin davam etməsindən, Rusiya qazının Avropa üçün kəsilməsindən, “Şimal axını” layihəsində olan problemlərin aradan qaldırılmamasından və Rusiyanın siyasi iradə nümayiş etdirməsindən asılı olacaq. Biz görürük ki, məhz referendumun keçirilməsindən sonra artıq Rusiyanın müəyyən addımlarında və mövqelərində bir qədər yumşalma var. Rusiya Zelenskini masa arxasına oturtmağa çalışır ki, bu günkü status-kvonu möhkəmləndirsin, Kiyev də buna razılaşsın. Lakin ərazi bütövlüyü məsələsində də Ukrayna prinsipialdır. Biz G-7-nin samitində də gördük ki, Ukraynaya yardım karvanları hələ gələcək. Kiyevin, eləcə də digər şəhərlərin raket atəşinə tutulması da Ukraynanı öz yolundan çəkindirəcək kimi görünmür. Ona görə də beynəlxalq münasibətlərdə çox önəmli dövrə qədəm qoyuruq. Hətta proqnozlar da bundan ibarətdir ki, qış çox sərt keçəcək. Bu fonda Avropanın daxilində hansı çaxnaşmaların olacağı, Avropa İttifaqı-Rusiya münasibətlərinin hansı dövrə qədəm qoyacağı çox önəmlidir. Çünki artıq Avropada siyasətçilər, deputatlar bildirirlər ki, bu müharibəyə, bu çətinliklərə bizi Amerika sövq edib. Amerika-Rusiya ziddiyyətləri olmasaydı Avropa bu gün çətinliklərlə üzləşməzdi. Burada nəqliyyatda, logistikada, enerji daşıyıcılarında olan çətinliklərdən, qiymətlərin artımından söhbət gedir. Bilirsiniz ki, ABŞ-da inflyasiya 12 faizdir. Adi halda 1,5-2 faiz inflyasiya olanda bu daxili müzakirələrə səbəb olurdu. Bildirilirdi ki, ABŞ düz siyasət yürütmədiyi üçün inflyasiya bu həddədir. 12 faiz inflyasiya ilə barışıblar. Bundan sonra da ola bilsin ki, enerjidaşıyıcıları ilə bağlı bütün dünyada böyük problemlər yaşansın. Biz artıq bu ziddiyyətlərin üzə çıxdığını görə bilərik. Aİ-yə daxil olan bəzi dövlətlər ABŞ-a qarşı açıq demarş edə, NATO daxilində problemlər yarana bilər. Yəni, qaz amilini ciddiyə almalıyıq.
Səxavət Həmid
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...