Bu yolla sülh müqaviləsi tezliklə bağlana bilər: Real şans mövcuddur
Bizi izləyin

Nida Xəbər

Bu yolla sülh müqaviləsi tezliklə bağlana bilər: Real şans mövcuddur

Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəlib. Bu barədə İrəvanda Lüksemburqlu həmkarı ilə birgə keçirdiyi brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. O qeyd edib ki, 16 maddə var, onlardan 13-ü tam, 3-ü qismən razılaşdırılıb. Mirzoyanın sözlərinə görə, sülh sazişinin tezliklə imzalanması üçün real şans mövcuddur.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında sənədin 17 maddəsindən 13-nün razılaşdırıldığını bildirmişdi.

Mövzu ilə bağlı Publika.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Ermənistan rəhbərliyi bunu dəfələrlə təkrarlayıb:

“Paşinyan hətta bir dəfə 17 bənd, daha sonra isə 16 bənd deyib. Daha sonra üç bəndin əsas hissəsində razılaşmadıqlarını, digər 13 bənddə razılaşdığını bildiriblər. Elə burada əsas məsələ 3 bənddədir. Bu bəndlər böyük ehtimalla Ermənistan konstitusiyasında dəyişiklikləri əhatə edir. Digər tərəfdən, yəqin ki, anklavlar məsələsidir. Habelə delimitasiya və demarkasiya məsələsini də əlavə etmək olar. Ancaq bu məsələ ilə bağlı artıq komissiya formalaşır və iş gedir. Üçüncü məsələ isə Naxçıvanla Azərbaycan arasında maneəsiz əlaqə məsələsi, yəni alternativ yol və ya Zəngəzur dəhlizidir. Bu məsələlərdə əsas fikir ayrılıqları var. Qalan məsələlərdə onsuz da Ermənistanla xüsusi fikir ayrığılımız yoxdur”.

Politoloq əlavə edib ki, hər iki tərəf müəyyən güzəştlər etməlidir:

“İndiki məqamda Ermənistan bu tələbləri qəbul etmək üçün tələsmir. Zəngəzurla bağlı tamamilə fərqli alternativ fikir var. Azərbaycan tərəfi də dəfələrlə bildirib ki, bu mövqedən geri çəkilmək niyyətində deyilik. Ortaq yol tapılarsa, sülh müqaviləsi tezliklə bağlana bilər. Əks halda 3 bənd üzrə müzakirələr davam edəcək və sülh müqaviləsinin uzanması ehtimal olunur”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm