Xocalı soyqırımından 34 il ötür
Bizi izləyin

Nida Xəbər

Xocalı soyqırımından 34 il ötür

Bu gün Xocalı soyqırımından 34 il ötür.

Publika.az xatırladır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edib.

İşğal zamanı Xocalının yerli əhalisi olan azərbaycanlılara qarşı soyqırım cinayəti həyata keçirilib.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olundu. Heydər Əliyevin 25 fevral 1997-ci il verdiyi N 498 qərar nəticəsində, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur.

Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətində mühüm yer tutub. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-nin 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir.

2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu 44 gün ərzində torpaqları işğaldan azad etməklə, eləcə də 2023-cü ildə 24 saat ərzində anti-terror əməliyyatı keçirməklə Qarabağda, Xocalıda törədilən qətliamların qisasını almış oldu. Bu gün Xocalı azaddır və mütəmadi olaraq xocalılar öz evlərinə qayıdıraq şəhid olmuş əzizlərinin ruhunu şad edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm