Qarabağ
Post-konflikt dövründə Qarabağın inkişafı - Deputat detalları açıqladı
“Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin nəticələri qlobal proseslərə təsirsiz ötüşməyəcək. Eyni zamanda, işğaldan sonra yaşadığımız bölgədə geosiyasi vəziyyət xeyli dəyişəcək. Geosiyasi vəziyyətin dəyişməsi geoiqtisadi vəziyyətə, eləcə də həm regionun, həm də Azərbaycanın iqtisadiyyatının meyllərinə öz təsirini göstərməyə başlayacaq”.
Bunu Publika.az-a danışan millət vəkili Əli Məsimli deyib.
O bildirib ki, Ermənistanın şovinizm, terrorçuluq və faşizmin məcmusundan ibarət olan hərbi-siyasi dairələrinin Azərbaycana qarşı törətdiyi işğalçılıq əməlləri böyük insan itkiləri və iztirabları ilə müşayiət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaratmaqla yanaşı, həm də böyük həcmdə yüz milyard dollarla ölçülən səviyyədə maddi ziyan vurub: “Reallıq budur ki, işğal altında olmuş şəhərlərin, onlara aid olan kənd və qəsəbələrin çoxu tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Ona görə də işğaldan azad olunmuş torpaqların tam bərpası üzrə genişmiqyaslı proqram və onun alt proqramları həyata keçiriləcək. Ermənistanın işğalı nəticəsində Azərbaycan öz iqtisadi potensialının ən azından 15 faizini itirib. Deməli, bu ərazilərin optimal variantda bərpası və iqtisadi dövriyyəyə cəlb edilməsi Azərbaycanın iqtisadi potensialının ən azından 15 faiz artımına səbəb olacaq. Buna nail olmaqdan ötrü hər şeydən əvvəl, “Post-konflikt dövrünün yeniləşmiş Azərbaycanı Proqramı”nın mühüm tərkib hissəsi olan Post-konflikt Ərazilərin Bərpası üzrə “Böyük Qayıdış Proqramı” hazırlanmalı və həyata keçirilməlidir. Azərbaycan işğal altında olan torpaqları müasir texnika və texnologiyanın, modern üsulların tətbiqi və intellektual müharibə üsulu ilə azad etdiyi kimi, işğaldan azad edilən ərazilərin bərpasını da intellektual vasitələrdən, ən effektli idarəetmə, tənzimləmə, müasir texnika və texnologiyadan istifadə edilməklə strateji yanaşma üsulu ilə həyata keçirməlidir”.
Ə.Məsimlinin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə komendantlıqların yaradılması və başlanan bərpa işlərinin gedişi göstərir ki, Post-konflikt Ərazilərin Bərpası üçün “Böyük Qayıdış Proqramı”nın birinci hissəsi təxirəsalınmaz tədbirləri özündə əks etdirir: “2016-cı ildə düşmən təhlükəsindən qurtarılan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən sürətli bərpa işləri göstərdi ki, Azərbaycan hökuməti Ermənistan tərəfindən dağıdılan yaşayış məntəqələrinin bərpası istiqamətində ən qısa zamanda ilkin xarakterli zəruri işləri görməyə qadirdir. Bura ərazilərin minalardan və digər hərbi sursatlardan təmizlənməsi, rayondaxili, rayonlararası və digər vacib yolların bərpası və inkişafı, su təchizatı, elektrik enerjisi, qaz və istilik təminatı sisteminin bərpası və inkişafı, səhiyyə və digər sosial obyektlərin bərpası və tikintisi və s. bu kimi məsələlərin həlli daxildir. Böyük ehtimalla dağıdılmış şəhərlərin müasir üslubda yeni baş planları hazırlanacaq. Digər yaşayış məntəqələrinə gəldikdə isə tamamilə dağıdılmış kiçik kəndlərin hamısının bərpasındansa, müasir tipli iri qəsəbələrin salınması variantı daha perspektivlidir. Bu zaman beynəlxalq praktikada getdikcə geniş tətbiq olunan ağıllı şəhər layihələrinin həyata keçirilməsi məqsədəuğun olar. İrimiqyaslı infrastruktur xarakterli layihələr əsasən dövlət və mümkün dairədə beynəlxalq qurumlar hesabına, istehsal, xidmət və s. sahələrin qurulmasında isə özəl təşəbbüsə geniş meydan verilməlidir. İşğaldan azad edilmiş regionlarda bankların regional filial şəbəkəsinin yaradılması və genişləndirilməsi də vacibdir”.
Deputat vurğulayıb ki, işğal olunmuş ərazilər yeni həyata qaytarıldıqdan sonra həm Qarabağın dağlıq və aran hissələrinin sənaye istehsalı nöqteyi-nəzərindən inteqrasiyasına, həm də Dağlıq Qarabağla Azərbaycanın digər iqtisadi rayonları arasında iqtisadi əlaqələrinin bərpası və inkişaf etdirilməsindən də böyük fayda əldə ediləcək: “Azərbaycanın iqtisadi potensialı daha da artacaq, güclənəcək. Bu, həm də iqtisadiyyatımızın dayanıqlı, rəqabətqabiliyyətli, innovasiyalı, kreativ və səmərəli olmasına müsbət təsir edəcək. Yeni texnika və texnologiyanın tətbiq dairəsini genişləndirəcək. Tikinti-bərpa işlərinin vüsəti artdıqca bəlkə də yeni tikinti bumunun yaranmasına əsaslar da yaranacaq. Qeyri-neft sektorunun inkişafına yeni böyük təkan mərhələsi başlanacaq, ölkə əhalisinin yerli məhsullarla təchizatında nəzərəçarpan dəyişiklik olacaq, ərzaq təhükəsizliyimizə yeni töhfələr veriləcək, qeyri-neft ixracı artacaq.
Hazırda Azərbaycanda yerli idarəetmə sistemində şəhər, rayon yerli İcra Hakimiyyəti və bələdiyyələr variantından istifadə olunur. Hələlik sözügedən modeli ilkin mərhələdə hərbi komendantlıqlar əvəz edəcək. Prezidentin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq müvafiq olaraq həmin ərazilərdə polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər. Artıq müvafiq polis şöbələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsinə başlanılıb. O cümlədən noyabrın 8-də erməni işğalından azad edilən Şuşa şəhərində də xüsusi idarəetməni Polis Şöbəsi həyata keçirəcək və polis rəisi hərbi komendant vəzifəsini icra edəcək”.
Akqabay Mıradov
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?