Alimdən Qarabağla bağlı XƏBƏRDARLIQ: Vurulmuş texnikalar və yerdə qalan meyitlər...
Bizi izləyin

Qarabağ

Alimdən Qarabağla bağlı XƏBƏRDARLIQ: Vurulmuş texnikalar və yerdə qalan meyitlər...

“Azərbaycan Milli Elmlər Akademiyasında işğaldan azad olunan ərazilərimizdə görülməli işlərlə bağlı monitorinq qrupu yaradılıb. Biz də həmin qrupa öz təkliflərimizi vermişik. Orada bütün institutlardan təkliflər yığılıb. Biz suda, torpaqda və havada monitorinq aparacağıq. Əvvəla, orada başlanğıc vəziyyəti öyrənəcəyik. Ermənilərin 270 tankını məhv etmişik, onların içərisindən axan benzin, yanacaq məhsulları, bir sıra hallarda meyitlərin uzun müddət ərazidə - su və torpaq üzərində qalması müəyyən çirklənmələr, xəstəliklər, risklər yaradır. Bunların hamısı ölçülüb-biçilməlidir. Kompleks monitorinq aparacağıq”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü İslam Mustafayev işğaldan azad edilən ərazilərdə aparılacaq ekoloji monitorinqlərlə bağlı danışarkən deyib.

Ekoloqun sözlərinə görə, həmin ərazilərdə radioaktiv çirklənmələr də öyrəniləcək: “Döyüşlər zamanı ətraf mühitə dəymiş ziyan və fövqəladə hal riskləri araşdırılacaq. Geologiya və Geofizika İnstitutu radioekoloji monitorinq həyata keçirəcək. Botanika İnstitutu həmin ərazilərdə endemik və nadir bitki növlərinin hansılarının qalıb-qalmadığını öyrənəcək. Hələlik minalanmış ərazilərdə su ehtiyatlarının tədqiq olunması mümkün deyil. Ehtiyat olunur. Minalar təmizlənəndən sonra biz orada su ekspedisiyalarını tədqiq edəcəyik. Su və əkin resurslarını müəyyənləşdirəcəyik”.

İslam Mustafayev bildirib ki, AMEA əməkdaşları işğaldan azad edilmiş ərazilərə ekspedisiyaya hazırlaşır:

“Biz oraya gedəndən sonra biləcəyik ki, vəziyyət necədir. Su resurslarını və yeni əkin sahələrini mənimsəmək lazımdır. Onların su resurslarını formalaşdırmaq vacibdir. Relyef də düzənlik deyil. Hansı çaylardan su gətirmək mümkündürsə, bu, tədqiq edilməlidir. Şirin su ehtiyatları olan yerlərdə artezian quyuları qazmaq mümkündür. Hazırda müəyyən şirkətlər, təşkilatlar bu kimi tədqiqatlara başlayıblar”.

Ekoloqun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə kifayət qədər su resursları var, amma bərabər paylanmayıb:

“Həmin sular təbii axarları ilə gedir. Cəbrayıl və Zəngilan arasında, daha çox Cəbrayıl ərazisinə düşən, Xudafərin tərəfdə bir suvarma kanalı var. Vaxtilə bu kanalları biz özümüz yaratmışıq. İşğaldan əvvəl həmin ərazilərdə suvarma sistemləri formalaşdırılmışdı. Torpaqlarımız işğal altında olarkən ermənilər bu resurslardan istifadə ediblər. Hətta hazırda həmin ərazilərdə bar gətirən üzüm bağları da mövcuddur. Çox güman ki, onlar işğaldan əvvəlki dövrdən qalanlardır”.

Qeyd edək ki, 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə ölkə Prezidenti İlham Əliyev vurğulamışdı ki, bir müddət əvvəl su resurslarından səmərəli şəkildə istifadə etmək üçün xüsusi komissiya yaradılıb. Prezident onu da qeyd etmişdi ki, artıq bəzi nöqsanlar üzə çıxıb, qanunsuz birləşdirmələr, suyun uçotunun olmaması aşkarlanıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm