Ermənilər dağıtdıqları abidələrimizə görə təzminat ödəyəcək – Deputat
Bizi izləyin

Qarabağ

Ermənilər dağıtdıqları abidələrimizə görə təzminat ödəyəcək – Deputat

200 ilə yaxındır ki, mənfur qonşularımızın “soyqırımı qılıncı” başımızın üzərindədir. İki əsrdir ki, bu “qara qılınc” bizi qarabaqara izləyir. Təkcə insanlarımızı deyil, tarixi və mənəvi abidələrimizi də məhv edir. Ən yaxşı halda ermənilərin riyakarlıq maşını işə düşür və bizim olanı mənimsəyirlər.

Ermənilər son 200 il ərzində qaçqın kimi gəldikləri Qarabağda, Zəngəzurda tarixi məzarlıqlarımızı, abidələrimizi, dini ibadətgahlarımızı yox etməyə çalışıblar.

Bu gün isə Azərbaycan erməniləri fakt qarşısında qoyur. Onların cəzasızlığından təngə gələn dövlətimiz ermənilərin Azərbaycan xalqına qarşı törətdiklərini beynəlxalq aləmə çıxarmağı və təzminat tələb etməyi düşünür.

Bu barədə Publika.az-a danışan millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov ermənilərin dağıtdığı tarixi-dini abidələrə, qəbiristanlıqlara görə Azərbaycanın yaxın gələcəkdə Ermənistandan təzminat tələb edə biləcəyini söyləyib: “Bütün işlər ona doğru gedir. Bu qədər ərazi yerlə-yeksan edilibsə, bunun bir haqq-hesabı olmalıdır. İş təkcə torpaqlarımızın azad edilməsi ilə bitmir. Biz sənədləri ortaya qoyacağıq. Həmin tarixi sənədləri ortaya qoymaqla öz istədiyimizə çatacağıq. Buna şübhəm yoxdur”.

Deputat deyib ki, bu gün Azərbaycan güclü dövlətdir. Onun sözlərinə görə, Azərbaycan Ermənistanın işğalçı siyasətini bütün dünyaya bəyan edib:

“Ermənistanı işğalçı dövlət kimi tanıyanlar tanıdı, tanımayanlar da özü bilsin. Ölkəmiz dünyaya bəyan etdi ki, tarixən Azərbaycan torpaqlarında məskunlaşan ermənilər sonralar türk-müsəlman, yəni azərbaycanlı əhalini soyqırıma məruz qoyublar. Özlərini bu bölgədə “hakim”, “aborigen” xalq kimi göstərmək istəyiblər. Amma bu, mümkün deyil. Ölkə başçısının da dediyi kimi, inkar edilə bilməyən tarix var. Ermənilərin bu ərazilərə köçürülməsi ilə bağlı bütün sənədlər durur”.

Tarix elmləri doktoru onu da vurğulayıb ki, bu torpağın əzəli sahibləri olan azərbaycanlıların burada minillər boyu məskunlaşması tarixi də var:

“Ermənilərin azərbaycanlıları soyqırıma uğratması ilə bağlı sənədlər də durur. Bu barədə ilk dürüst sənəd 1918-ci ilin 15 iyuluna aiddir. Həmin vaxt ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımıları araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Həmin komissiya bizim üçün 5500 səhifəlik sənəd qoyub. Sonradan – sovet dönəmində Azərbaycanın arxivlərinə ermənilərin rəhbərlik etmələrinə baxmayaraq, xoşbəxtlikdən o sənədlər məhv edilmədi. Həmin sənədlərin bir hissəsi ermənilərin Qarabağ və Zəngəzur ərazilərində azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımılara həsr olunub”.

Professorun fikrincə, bu sənədlər tarixi faktların ortaya çıxarılması baxımından olduqca möhtəşəmdir: “O dərəcədə dəqiq sənədlərdir ki, onları heç kim inkar edə bilməz. 1918-ci ilin sentyabrında komissiya Bakıya köçdü və 1920-ci ilin aprelinə qədər təhqiqat işləri apardı. Komissiyanın tərtib etdiyi sənədlərdə ermənilərin azərbaycanlılara qarşı Bakı, Şamaxı, Quba, Qərbi Azərbaycan və Qarabağda törətdikləri soyqırımıları haqqında ev-ev, kənd-kənd məlumatlar verilib. Həmin sənədlər bu gün də durur. Hətta o dövrdə ermənilərin törətdiyi soyqırımıların fotoları çəkilib. Azərbaycan həmin sənədləri, fotoları o dövrdə Paris Sülh Konfransına da göndərdi. Avropa ölkələri erməni vəhşiliklərini dünən də görüb, bu gün də... Hətta Xocalıda da ermənilərin törətdiyi soyqırımı Qərb ölkələri gördü. Ona reaksiya verməmək başqa şeydir. Ancaq bu gün reaksiya verməmək mümkün deyil. Hətta 44 günlük müharibədə ermənilərin törətdiyi hərbi cinayətlərin hamısını bizim Baş Prokurorluq qələmə aldı, aktlaşdırdı”.

Anar İsgəndərov bildirib ki, son 200 ildə ermənilərin bizə qarşı törətdiyi soyqırımıların hamısını ortalığa qoyacağıq: “Buna gücümüz çatır. Bunun üçün kifayət qədər sanballı, tutarlı tarixi mənbələrimiz var. İşğaldan azad edilən ərazilərimizdə bir dənə də tarixi və dini abidələrimiz qalmayıb. Hamısı erməni barbarları, vəhşiləri tərəfindən dağıdılıb, məhv edilib. Bundan sonra bizim əsas işimiz tarixi ədalətin və haqq işinin müdafiəsi, onun dünyaya çatdırılması ilə bağlı olacaq. Bir daha başımıza bu cür hadisələrin gəlməməsi üçün ordumuz daha da güclü olmalıdır. Biz xalq olaraq heç zaman erməni məkrini yaddan çıxarmamalıyıq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm