• USD 1,7000 0,00% EUR 2,0214 -0,11%
    • GBP 2,3279 -0,29% RUB 0,0219 -0,91%

Xocalı hava limanının taleyi necə olacaq? - Azərbaycan şərtlərini irəli sürdü

Xocalı hava limanının taleyi necə olacaq? - Azərbaycan şərtlərini irəli sürdü

Azərbaycanın Qarabağda eyni vaxtda 3 şəhərdə - Füzuli, Laçın və Zəngilanda hava limanı planlaşdırması ermənilərin iştahını qabardıb. 44 günlük müharibədən "sürünərək" çıxan və hələ də eyni vəziyyətdə qalan qarşı tərəf Xocalı hava limanının istifadəyə veriləcəyinə ümid edir.

Publika.az xəbər verir ki, ənənələrinə sadiq qalaraq xəyal dünyasında yaşamağa davam edən ermənilər özləri də Azərbaycanın icazəsi olmadan hava limanının açılmayacağını bütün detalları ilə dərk edirlər.

Bölgədə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına çalışan Azərbaycan bunu, onsuz da, 3 hava limanı layihəsi ilə həyata keçirə biləcək.

"Sputnik Ermənistan" bildirir ki, ermənilər Dağlıq Qarabağa birbaşa uçuşların vaxtından danışarkən separatçı rejim dəfələrlə konkret tarixlərdən bəhs etmişdi. Başlanğıcda, təxminən 25 dekabr, sonra 10 yanvar təyin olunmuşdu. Ancaq nə dekabrda, nə yanvarda, nə də fevralda hava limanı işlədi. Çünki bu, içi boş vəddən başqa bir şey deyildi. Səbəb isə Xocalıya birbaşa beynəlxalq uçuşların yalnız hava limanının məxsus olduğu Azərbaycanın icazəsi ilə həyata keçirilə bilməsidir.

Hava limanı 1974-cü ildə Xankəndidən 9 kilometr aralıda - Xocalı qəsəbəsi ərazisində inşa edilib. Sovet dövründə əsasən İrəvan və Bakıya uçuşlarda istifadə olunurdu. 1991-ci ildə aktiv döyüş əməliyyatları başladıqdan sonra hava limanı hərəkətsiz qaldı. 2012-ci ildə bütün müasir tələblər nəzərə alınaraq yenidən qurulub. Beynəlxalq hava limanı kimi fəaliyyət göstərməsi üçün müvafiq aviasiya orqanlarına müraciətlər edilib. Beynəlxalq Mülki Aviasiya Təşkilatının mütəxəssisləri obyekti yerində araşdıraraq müsbət rəy veriblər.

Ancaq hava limanı yalnız helikopterlərə və kiçik təyyarələrə xidmət edib. İrəvan-Xocalı birbaşa uçuşu isə heç vaxt baş tutmadı. Baxmayaraq ki, Serj Sarkisyan prezident olaraq bunu şəxsən elan etmiş və ilk sərnişinin özü olacağını demişdi. Lakin rəsmi Bakının xəbərdarlıqlarına görə heç vaxt bu riskə getmədi. Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov və Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu İrəvandan gələn hər hansı təyyarənin Xocalıya uçmağa cəhd edəcəyi təqdirdə, raketlə vurulacağı barədə açıqlamalar vermişdi. Səslənən xəbərdarlıq olduqca real idi, çünki oxşar şey 90-cı illərin əvvəllərində baş vermişdi.

Mühəndis və texniki baxımdan hava limanı işlək vəziyyətdə olsa da, Azərbaycanın razılığı olmadan heç vaxt işləyə bilməz. Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına, habelə Çikaqo Konvensiyasının və Varşava Sazişinin tələblərinə uyğun olaraq beynəlxalq uçuşlar yalnız hava limanının yerləşdiyi ölkənin milli aviasiya orqanının icazəsi ilə həyata keçirilə bilər.

İndi ermənilər hava limanının açılmasını bölgədə xidmət edən Rusiya sülhməramlılarının "rahatlığı" üçün açmağa ümid edir. Kontingent, yüklər və avadanlıqlar hazırda Rusiyadan Azərbaycanın Bərdə şəhərinə çatdırılır, sonra 100 kilometr məsafə gedərək Xankəndiyə aparılır. Azərbaycan kimi gözəl təbiətli ölkədə bu 100 kilometr məsafəni qət etmək Suriya kimi dəhşətli münaqişə bölgəsində illərini xərcləyən hərbçilər üçün sadəcə səyahət xarakteri daşıya bilər, nəinki əziyyət.

Xocalı hava limanının işləmə şərtləri ilə bağlı Bakı ilə danışıqlar aparılsa da, Milli Məclisinin deputatı Rasim Musabəyovun müsahibələrindən birində izah etdiyi kimi, Bakı yalnız Xocalı hava limanının işləməsinə idarə olunması qaydalarını özü müəyyənləşdirdiyi təqdirdə icazə verməyə hazırdır. Millət vəkili bütün gömrük və sərhəd nəzarətinin azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirildiyini və heyətin Bakı aviasiya naviqasiyasına tabe olduğu təqdirdə icazə veriləcəyini bildirib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR