Qarabağ
Şuşa bizim ən müqəddəs şəhərlərimizdəndir - Deputat
“Bu gün Şuşa şəhərinin düşmən işğalına məruz qaldığı gündür. 1992-ci ilin mayından bu günə qədər Şuşa Azərbaycanın şərəf, qeyrət, namus tarixi üçün acı bir hadisə idi. Hər il 8 may tarixi yaxınlaşanda hər bir azərbaycanlı fikirləşirdi ki, görəsən, sabah düşmən Şuşada bizə qıcıq verən, bizi nüfuzdan salan, şəxsiyyətimizə zərbə vuran hansı hadisəni törədəcək?! Xoşbəxtlikdən düşmən bunu daha edə bilməyəcək”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərov deyib. Millət vəkili bildirib ki, 2020-ci il noyabrın 8-də Şuşa qəhrəman Azərbaycan Ordusu tərəfindən azad olunub: “Dünən dövlət başçısı Şuşa haqqında növbəti sərəncamını verdi. Bu, təqdirəlayiq hadisədir. Bu gün Şuşa ilə bağlı nə xoş sözlər varsa, deyə bilərik. Şuşa təkcə Azərbaycanın mədəniyyət beşiyi, mədəniyyət paytaxtı deyil. Şuşa bizim şərəf və namus tariximizdir. İllər boyu Dağlıq Qarabağ deyilən ərazidə azərbaycanlıların böyük çoxluğa malik olduğu yer Şuşa şəhəridir. Bütün 70 illik sovet dövründə Şuşa yeganə Azərbaycan şəhəri idi ki, şəhərin bütün əhalisi ilə yanaşı, dövlət vəzifələrini daşıyanlar da azərbaycanlılar idi. Ermənilər burada kiçik azlıq təşkil edirdilər”.
Deputatın sözlərinə görə, Şuşa yeganə Azərbaycan şəhəri idi ki, buradakı mühit azərbaycanlı mühiti idi:
“Amma düşmən nəyin bahasına olursa-olsun, Şuşada azərbaycanlıların üstünlüyünü aradan qaldırmaq üçün dəridən-qabıqdan çıxırdı. Buna baxmayaraq, xalq onların qarşısını bütün gücü ilə alırdı. Hələ 1970-ci illərdə Azərbaycanın dövlət başçısı Heydər Əliyev Şuşadakı tarixi və mədəniyyət abidələrinin bərpası ilə bağlı sərəncam imzalamışdı. Əlbəttə, bu gün də Şuşa 1977-ci ildən bünövrəsi qoyulan bir tarixin üzərindən inkişafdadır. Bu gün Şuşa gecə-gündüz quruculuq işləri ilə məşğul olan bir şəhərdir. Yəni, dövlət və xalq olaraq bu şəhəri bərpa etməklə, Şuşanın 1992-ci ildən sonra ermənilər tərəfindən dağıdılan, təhrifə məruz qalan tarixini aradan qaldırmaqla yenidən Azərbaycan xalqının həyat tərzini özünə qaytarmaq istəyirik. Biz Şuşa şəhərini bərpa edirik”.
Anar İsgəndərov əlavə edib ki, dünyaya bəyan edirik ki, Şuşa bizim ən müqəddəs şəhərlərimizdəndir: “O qədər müqəddəsdir ki, biz 44 günlük müharibə dövründə bu şəhərə top atmadıq. Bu şəhərin işğaldan azad edilməsi üçün ağır artilleriya silahlarından istifadə etmədik. Çünki bu şəhər bizim ən doğma şəhərimizdir. Onun hər bir mədəniyyət abidəsi bizə doğmadır. Ona görə də biz bu şəhəri əlimizlə, əliyalın - yəni dərələri, təpələri, hündür qayaları fəth edərək işğaldan azad etdik. Görün bu şəhər düşmənə nə qədər yad idi ki, onlar Dağlıq Qarabağ deyilən əraziyə iki ədəd “İsgəndər-M” raketi atmışdılar. Bu raketlərin ikisi də Şuşanı hədəfə almışdı. Əgər bu raketlər sözün həqiqi mənasında tam gücü ilə partlasaydı, Şuşadan əsər-əlamət qalmazdı. Amma bu, düşmənin nəyinə lazım idi?! Onsuz da Şuşa onun deyildi. Bu mənada da biz tarix boyu Şuşa, onun qəhrəmanlığı ilə öyünmüşük. Şuşanın təkcə təbiət abidələri yox, onun bütün tarixi, mədəni, dini abidələri Azərbaycan xalqının tarixi və taleyi ilə bağlıdır. Ona görə də Azərbaycanın tarixində Şuşanın öz yeri olub. Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!”
Tural Turan
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO