Azərbaycanın multikulturalizm dəyəri: Bütün zamanların tolerantlıq simvolu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın multikulturalizm dəyəri: Bütün zamanların tolerantlıq simvolu

6.3.15 Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Azərbaycan bu gün multikulturalizm dəyərləri ilə özünü bəşəriyyətin aparıcı ölkələrinə nümunə kimi formalaşdırıb. Xalqımız əsrlər boyu özünün multikultural dəyərlərini yüzilliklərin süzgəcindən keçirərək bir dünya brendinə çevirə bilib. Hətta ölkəmiz multikulturalizmin, tolerantlığın, millətlərarası münasibətlərin yeni və orijinal inkişaf modelini bütün dünyaya fəxarətlə təqdim etməkdədir. Təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri bizi nümunə göstərməklə yanaşı, bu sahədə Azərbaycanın təcrübəsini də öyrənməyə həvəsli görünürlər.

Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman dözümlü münasibət göstərib. Ölkəmizdə min illərdir Azərbaycan türkləri ilə çiyin-çiyinə verərək bu günlərə gələn fərqli mədəniyyətlər, dillər, dinlər, onların daşıyıcıları da bu modelin əsas tərkib hissələrindədir. Onlar aparıcı etnosla ölkəmizin multikultural dəyərlərini sevə-sevə paylaşırlar.

Tarix boyu Azərbaycan qonaqpərvər ev sahibi simasını nümayiş etdirib. Buraya gələn bütün digər xalqların nümayəndələrinə qucaq açıb. Bununla bağlı Azərbaycanda yaşayan dini icmaların liderlərinin fikirləri də əhəmiyyət kəsb edir. Onlar Azərbaycan xalqının öz təbii dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər. Ölkəmizdə aparıcı etnos olan Azərbaycan türkləri ilə yanaşı, laklar, rutullar, talışlar, ləzgilər, udinlər, tatlar, kürdlər, buduqlar, ceklər, gürcülər və digər kiçik etnik qruplar bu dövlətin onlar üçün yaratdığı konstitusion hüquqlardan, imkanlardan ayrı-seçkilik olmadan istifadə edirlər. Öz dillərini, mədəniyyətlərini, gələnəklərini, adət-ənənələrini qoruyub inkişaf etdirirlər, gələcək nəsillərə ötürürlər.

Bu yerdə qeyd etmək lap yerinə düşür; ölkəmizdə milli, dini tolerantlığın yüksək səviyyədə olmasının nəticəsidir ki, 2016-cı il Azərbaycanda "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" kimi qeyd edilib. Azərbaycan artıq 5 dəfə Beynəlxalq Humanitar Foruma, Dünya Dini Liderlərinin Zirvə Görüşünə, Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, 4-cü dəfə mədəniyyətlərarası dialoqun müzakirəsinə uğurla ev sahibliyi edib.

Azərbaycan xalqı hər zaman digər dinlərə, qruplara məxsus abidələri, ibadətgahları qoruyub. Onların mühafizəsinə xüsusi həssaslıqla yanaşıb. Bu unikal dəyərlər sistemi əsrlərin sınağından alnıaçıq çıxıb. Azərbaycan xalqını bir yumruq kimi birləşdirib. Bunun əyani sübutunu biz 44 günlük Vətən müharibəsində gördük. Yəhudisi, tatı, ləzgisi, kürdü, ceki, rutulu, avarı, udini, talışı ilə hər kəs işğalçı və vandal erməni hərbi-terrorçu birləşmələrinə qarşı dəmir yumruğa dönərək müqəddəs Vətənin müdafiəsinə qalxdılar. Üçrəngli şanlı bayrağımızı Cəbrayılda, Zəngilanda, Qubadlıda, Şuşada, Hadrutda və işğaldan azad olunan digər ərazilərimizdə dalğalandırdılar.

src="/storage/files/upload/755dd864fc8b40cb7d7873569fa94d9202ea2824.jpg" style="width: 334px; height: 250.5px;" class="fr-fic fr-dib">

Sosioloq Əhməd Qəşəmoğlu düşünür ki, Azərbaycanda milli-dini tolerantlıq göstəricisi dünyada ən yüksək səviyyədədir: "Tolerantlığın hərfi mənası insanların bir-birinə dözməsi, bir-birilə xoş rəftarda olması deməkdir. Azərbaycan xalqı elədir ki, onlar bir-birinə dözməklə yanaşı, bir-birinə münasibətdə məhəbbət, ehtiram, sevgi də var. Ölkəmizdə milli, istərsə də dini tolerantlıq normal vəziyyətdədir. Bunun əsas səbəbi də ölkədə mühüm dövlətçilik siyasətinin həyata keçirilməsindən qaynaqlanır. Bu, azərbaycançılıq siyasətidir. Azərbaycanda hər zaman bu məsələyə ciddi diqqət verilib. Azərbaycanda milli və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlarda ölkə, dövlət üçün çalışmaq məqsədi daha yüksəkdir. Milli və dini münasibətlər məhz bu yüksək məqsədə xidmət edir".

Ekspertlər hesab edirlər ki, əgər Azərbaycan müstəqilliyinin ilk dövrlərində dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib. Ölkənin aparıcı ictimai rəy liderləri, fikir adamları düşünürlər ki, Azərbaycan beynəlxalq miqyasda dinlərarası dialoq mərkəzinə çevrilməkdədir. Bunun təsdiqi olaraq son illərdə Dünya dini liderlərinin sammitinin, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının Bakıda keçirilməsini qeyd etmək olar.

Bundan başqa, Bakı 2009-cu ildə İslam mədəniyyəti paytaxtı elan edilmişdi. ICESCO tərəfindən 2018-ci il üçün Naxçıvan "İslam mədəniyyətinin paytaxtı" elan edilib. Gəncə və Şəki də "İslam mədəniyyətinin paytaxtları" layihəsində iştirak edəcək. Bütün bunlar dünyanın ölkəmizə tolerantlığın yüksək səviyyədə inkişaf etdiyi məkan kimi etimad göstərməsinin nəticəsidir.

Dünyanın müxtəlif nöqtələrindən Azərbaycandakı multikulturalizm dəyərlərinə baxış sərgiləyən beynəlxalq ictimaiyyətin aparıcı şəxsləri də ölkəmizdəki bu dəyərlər sisteminin orijinallığına zaman-zaman çox yüksək qiymət veriblər.

Yəqin ki, çoxlarınız Roma papası İoann Pavelin bu istiqamətdəki fikirlərini yaxşı xatırlayır. Papa bildirirdi ki, "Azərbaycan 3 müxtəlif dinin dinc, yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir".

Bu baxımdan Rum Patriarxı I Varfolomeyin ölkəmizə səfəri zamanı buradakı tolerantlığa verdiyi qiymət də maraqlıdır. Patriarx söyləyib ki, Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir: "Azərbaycanı çox sevdim. Bu ölkənin rifahı və xoşbəxtliyi üçün hər zaman dua edəcəyəm".

Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir.

Ümid edirik ki, tarixin gələcək zaman pəncərələrindən də Azərbaycanın multikultural dəyərləri əl sallayacaq.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.

src="/storage/files/upload/c8665bf48142da12626fe6eb2a0b1dbaf1af1711.jpg" style="width: 430px; height: 272.333px;" class="fr-fic fr-dib">

Oxumağa davam et
Reklam
Reklam

Gündəm