Qırmızı.az
Unutqanlıq faydalı deyil: Fuad Əbdürəhmanov haqqında düşüncələr
Bakını gəzərkən insanları ayaq saxlamağa, düşünməyə və tariximizi xatırlamağa vadar edən möhtəşəm abidələrlə rastlaşırıq. Dahi Nizami, bütün zamanların böyük söz ustadı Füzuli, qəhrəmanlıq simvolu Mehdi Hüseynzadə, çağdaş Azərbaycan qadınının obrazı. Bütün bu personajları milli təfəkkür prizmasından qavradıqda tariximizlə, insanlığa böyük töhfələr vermiş tarixi şəxsiyyətlərimizlə fəxr edirik. O anlarda bəlkə çox az adam bu heykəllərin nə zaman və kim tərəfindən yaradıldığı barəsində düşünür.
Bu əsərlərin özü, onların möhtəşəmliyi və monumentallığı insanları o qədər cəlb edir ki, onun yaradıcısı haqqında düşüncələr arxa plana keçir. Bu hər şeydən əvvəl bir sənətkarın yaradıcılıq uğuru, onun peşəkarlıq məharətinin ən yüksək göstəricisidir. Əsl sənətkar diqqəti özünə yox, yaratdığı əsərə cəlb edə bilir, öz kimliyini yaratdığı sənət əsərinin əzəməti və orijinallığı arxasında görünməz edir.
Bu, Fuad Əbdürəhmanov üslubudur, bu, onun böyük istedadının və yaradıcılıq qabiliyyətinin təzahürüdür və dünya miqyasında belə sənətkarların sayı çox deyil. Fuad Əbdürəhmanovun yaradıcılığını bütövlükdə göz önünə gətirdikdə milli tariximizin ən parlaq zamanlarını, milli düşüncəmizin təkamül prosesinin ən görkəmli şəxsiyyətlərini birlikdə, bir arada sıralanmış halda görürük. Nizami, Füzuli, Azad Qadın, Səməd Vurğun, Mehdi Hüseynzadə - bu sıralamada biz Azərbaycan tarixinin zirvələrini görürük. Bəs sənətkarın diqqətini bu zirvələrə cəlb edən nə olmuşdu? Sözsüz ki, onun öz xalqına, onun tarixinə və mədəniyyətinə olan böyük sevgisi, tariximizlə və mədəniyyətimizlə yaşadığı qürur hissləri.
Ürəyində öz xalqına belə böyük bir sevgini yaşadan və onu monumental heykəllərə çevirən Fuad Əbdürəhmanov milli heykəltaraşlığımızın əsasını qoyub, onun ilk milli məktəbini yaradıb. Onun yaratdığı sənət əsərləri təkcə Azərbaycanda yox, bir sıra xarici ölkələrdə də həyata vəsiqə qazanıb və bu gün də yaşayır. Bu da Azərbaycan sənətkarlıq incilərinin bəşəri dəyərlərə çevrilməsinin gözəl bir nümunəsidir.
Fuad Əbdürəhmanov şəxsiyyəti, onun yaradıcılığı və bütün yaradıcılığı boyu izlənə bilən zəngin daxili aləmi böyük bir mədəni irsdir, böyük bir akademiyadır. Əminəm ki, bu gün də, gələcəkdə də hər bir sənət adamının bu akademiyadan öyrənməyə ehtiyacı var və həmişə də olacaq.
Fuad Əbdürəhmanov Azərbaycan xalqı üçün, dünya mədəniyyəti üçün dəyərli bir miras qoyub. Bu gün bütün dünya Nizaminin, Füzulinin, Rudəkinin, İbn-Sinanın simalarını Fuad Əbdürəhmanovun gözləri ilə görür və tanıyır. Mübaliğəsiz deyə bilərik ki, vaxtilə Üzeyir Bəy Azərbaycan milli musiqi mədəniyyətimizin inkişafı üçün nələr edibsə, Fuad Əbdürəhmanov da milli heykəltaraşlıq sənətimizin formalaşmasına və inkişafına o qədər böyük töhfələr verib. Təəssüf ki, milli heykəltaraşlıq məktəbimizin banisinin özünə nə doğulub böyüdüyü Şəkidə, nə də paytaxtımız Bakıda bu günədək heç bir abidə qoyulmayıb.
Dünyanın ən böyük şəxsiyyətlərinə abidələr ucaltmış dahi bir sənətkarın özünün heç bir büstü də yoxdur. Fuad Əbdürəhmanov məktəbinin davamçılarının, onun sənətindən və sənətkarlığından bəhrələnən heykəltaraşların bu yoxluğu doldurmaq imkanları böyükdür. Həm də belə böyük bir sənətkarın tanınması və tanıdılması ilk növbədə bu sənəti sevən və onu davam etdirən bu günkü heykəltaraşlarımızın mənəvi borcudur.
Düşünürəm ki, əbədiyaşar əsərlərin müəllifinə yeni həyat vermək onun əsasını qoyduğu milli heykəltaraşlıq sənətimizə sədaqətin və ehtiramın ifadəsi olardı. Unutmaq olmaz ki, unutqanlıq heç vaxt heç bir xalq üçün faydalı olmayıb.
Cavanşir Feyziyev
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Magazin105:15
Aynişan Maldivdə belə dincəlir - FOTO
-
ABŞ03:43
Tramp gitara satışına başladı
-
Səhiyyə01:41
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - FOTO
-
MDB00:45
Zaxarovaya brifinq zamanı SİRLİ ZƏNG - Xəbərdarlıq aldı / VİDEO
-
Sosial00:30
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR