Ukrayna üçün məxfi plan və “ərazilərin güzəşti” ssenarisi - Kiyev nə edəcək?
Bizi izləyin

Region

Ukrayna üçün məxfi plan və “ərazilərin güzəşti” ssenarisi - Kiyev nə edəcək?

Zelenskinin “qələbə planı” Qərbdə şübhələr yaradır və Ukraynanın ərazi güzəştlərindən daha çox bəhs edilir.

Publika.az
xəbər verir ki, “Vaşinqton post” nəşri Ukraynanın çətin vəziyyətə düşməsindən yazıb.

Nəşr qeyd edir ki, Ukrayna prezidentinin “qələbə planı”nı ABŞ-a təqdim etməsindən bir həftə keçsə də, strateji detalları və Vaşinqtonun reaksiyası məlum deyil: “ABŞ seçkilərinə cəmi bir ay qalıb və Kiyev əlavə beynəlxalq dəstəyi təmin etməyə çalışır. Zelenskinin ofisi də Bayden və digər yüksək səviyyəli amerikalı rəsmilərlə paylaşdığı “planın” məzmununu gizli saxlayır. Güman ki, bura Ukraynanın NATO-ya sürətlə daxil olması zərurəti və ya Qərb tərəfdaşları tərəfindən qanuni qüvvəyə malik olan təhlükəsizlik zəmanətlərinin verilməsi daxildir”.

Nəşr yazır ki, Baydenin Rusiyaya zərbə endirmək üçün ABŞ-ın verdiyi uzaqmənzilli raketlərdən istifadənin qadağan edilməsi ilə bağlı mövqeyi dəyişməyib.

“Zelenski çıxılmaz vəziyyətə düşüb. Onun ABŞ turu Ukraynanın düşdüyü narahatedici vəziyyəti daha da dərinləşdirdi. Rusiyaya qarşı silahlanmada ABŞ-a güvənirlər, lakin bu dəstəyin nə qədər davam edəcəyinə əmin deyillər. Müharibənin üçüncü ilində diqqət azalıb, o cümlədən, Yaxın Şərqdəki gərginlik Ukraynanı arxa plana keçirir”, - nəşr qeyd edir.

Ukraynalı siyasi ekspert Nikolay Davudyuk hesab edir ki, Qərb dəstəyini kəsmək niyyətində olmasa da, Ukrayna artıq ABŞ-ın üç əsas prioritetlərdən biri deyil: “Bəlkə də bu, Birləşmiş Ştatlarda mövcud vəziyyətin ümumi şəkildə dərk edilməməsi ilə bağlıdır, lakin görünür, Zelenski əvvəlki səfərlərlə müqayisədə daha soyuq qarşılanıb”.

Gələn həftə Almaniyanın Ramşteyn şəhərində Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupunun iclası keçiriləcək. İclasda Baydenin də iştirakı gözlənilir və bu, Zelenskiyə imkan verir ki, “qələbə planı”nı bir daha təqdim etsin.

Adının açıqlanmasını istəməyən diplomatlardan biri bildirib ki, Kiyevin əlavə yardım almaq şansı var. Eyni zamanda, NATO ölkələri gələcəkdə Ukraynanın alyansa üzv olması ilə bağlı konkret addımlar təqdim etməyi düşünürlər, lakin Kiyevin tələb etdiyi təcili yardımlarln verilməsi hələ çox uzaqdadır.

Ukrayna rəsmiləri düşünürlər ki, ABŞ-da prezident seçkiləri və hansı partiyanın qalib gəlməsindən asılı olmayaraq, qurulacaq yeni administrasiya Kiyevə müdafiə yardımının davam etdirilməsini şübhə altına alacaq. Zelenskinin komandası Baydenin səlahiyyət müddəti bitməmiş onu “qələbə planı”nı dəstəkləməyə inandırmağa və seçkidən sonra bundan “miras” kimi istifadə etməyə çalışır. Lakin Ağ Evin Kamala Harrisin seçki kampaniyasına xələl gətirməmək üçün indi hansısa addım atmaq ehtimalı azdır.

Baş verənlər fonunda Ukrayna ictimai rəyi getdikcə “ərazi güzəştləri” ssenarisini daha çox dəstəkləməyə başlayıb. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun direktoru Anton Qruşetski deyir ki, NATO-ya üzvlük və ya təhlükəsizlik zəmanəti müttəfiqlərin yekun razılaşmasının bir hissəsidir.

“Əhalinin mütləq əksəriyyətinin “ərazi güzəştləri” ilə barışacağı ehtimalı azdır, lakin ukraynalılar müəyyən ərazilərin tam qaytarılması məsələsinin müzakirəsini təxirə salacaq formata hazırdırlar, o şərtlə ki, təhlükəsizlik zəmanətləri olsun”, - o deyib.

Nəşr yazır ki, cəbhə xəttindəki çətinliklər, eləcə də Rusiyanın bombardmanları nəticəsində elektrik enerjisinin kəsilməsi fonunda ictimai əhval-ruhiyyə dəyişir. Moskva cəbhədə təşəbbüsü ələ alıb, Kiyev isə səfərbərlik kampaniyası ilə seyrəlmiş sıralarını artırmağa tələsir. Kurks əməliyyatı ruh yüksəkliyi yaratsa da, istənilən effekti vermədi. Çünki Kurskda irəliləyiş dayanıb, əvəzində Rusiya şərq istiqamətində irəliləməyə davam edir. Bu vəziyyət Qərbin dəstəyinə də risklər yaradır.

Avropa Həmrəyliyi Partiyasından olan deputat Aleksey Qonçarenko bildirib ki, 2023-cü ildə böyük gözləntilər vardı, 2024-cü ildə isə çoxlu məyusluqlar baş verdi və bundan sonra nə olacağı bəlli deyil.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm