Sağlamlıq
Azərbaycanda yayılan virus... - Baş infeksionistdən mühüm açıqlama
Son aylarda Azərbaycanda uşaqlar və böyüklər arasında qusma, ishal, hərarət və kəskin kürək ağrısı ilə müşayiət olunan virus infeksiyasının yayılıb.
Publika.az xəbər verir, xəstəliyin ilkin əlamətlərinin rotavirus infeksiyasına bənzədiyi, lakin sonradan yaranan kəskin kürək ağrılarının insanlarda COVID-19-u xatırlatdığı qeyd olunur. Bu isə virusun mənşəyi, mümkün ştamları və insan orqanizminə təsirləri ilə bağlı suallar yaradır.
Bəs bu virus hansı fəsadlara səbəb ola bilər və hansı hallarda təcili tibbi yardıma müraciət etmək lazımdır?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Musavat.com-un bu və digər suallarını cavablandırıb.
– Son aylarda Azərbaycanda yayılan qusma, ishal və hərarətlə müşayiət olunan infeksiya hansı virusdur? Bu, rotavirusdur, yoxsa başqa virus infeksiyası?
– Payız-qış mövsümündə eyni vaxtda bir neçə virus bu əlamətlərlə müşayiət olunur. Qusma, ishal və hərarət ən çox rotavirus və norovirus infeksiyasında olur. Böyüklərdə bu mövsümdə norovirus daha tez-tez rast gəlinir. Konkret xəstədə hansı virus olduğunu yalnız laborator müayinə göstərə bilər.
– Xəstələrin şikayət etdiyi kəskin kürək ağrısı rotavirus üçün nə dərəcədə xarakterikdir? Bu əlamət başqa virusun mövcudluğundan xəbər verə bilərmi?
– Kürək ağrısı rotavirus üçün xarakterik deyil. Çox vaxt bu, ümumi intoksikasiya nəticəsində yaranan əzələ ağrısıdır və qrip, norovirus, enterovirus və s. zamanı da olur. Ona görə ağrının özü başqa virusun varlığını sübut etmir.
– Bu infeksiya insanın daxili orqanlarına hansı təsirləri göstərə bilər? Böyrəklər və qaraciyər üçün təhlükə yaradırmı?
– Əsas təhlükə virusun özü deyil, susuzlaşmadır. Ağır susuzlaşma böyrəklərin kəskin çatışmazlığına, elektrolit pozğunluğuna, ürək ritminin pozulmasına səbəb ola bilər. Qaraciyər fermentləri müvəqqəti yüksələ bilər, amma ciddi zədələnmə nadirdir. Fəsadlar daha çox körpələrdə, yaşlılarda və xroniki xəstəliyi olanlarda (şəkərli diabet, böyrək, ürək xəstəlikləri) rast gəlinir.
– Azərbaycanda bu virusların dəqiq müəyyənləşdirilməsi üçün laborator müayinələr aparılırmı? Rotavirusu, norovirusu və digər oxşar infeksiyaları bir-birindən fərqləndirmək mümkündürmü?
– Rotavirus, norovirus və adenovirusu nəcisdə sürətli testlər və PZR (polimer zəncirvari reaksiya) üsulu ilə təyin etmək mümkündür. Qrip PZR ilə aşkarlanır, dövriyyədə olan ştamların molekulyar tədqiqatı isə dövlət səviyyəsində aparılır. Ancaq yüngül keçən hər halda müayinə şərt deyil. Həkim lazım bildikdə təyin edir.
– Virus daha çox hansı yaş qruplarında yayılır? Uşaqlar və böyüklər arasında yoluxma xüsusiyyətləri necə fərqlənir?
– Rotavirus əsasən 5 yaşa qədər uşaqlarda olur, norovirus isə bütün yaşlarda, xüsusən kollektivlərdə (məktəb, bağça, ailə) sürətlə yayılır.
– Yoluxma hallarının artması məktəblərin müvəqqəti bağlanmasını və distant təhsilə keçidi zəruri edə bilərmi?
– Mövsümi bağırsaq və tənəffüs infeksiyaları hər il olur və adətən məktəblərin bağlanmasını tələb etmir. Ən effektiv tədbir xəstə uşağın evdə saxlanmasıdır. Bu, simptomlar keçəndən sonra ən azı 48 saat davam etməlidir.
– Xəstəliyə yoluxan şəxslər ev şəraitində ilkin olaraq nələrə diqqət etməlidirlər? Qusma və ishal zamanı susuzlaşmanın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
– Tez-tez, kiçik qurtumlarla maye içmək lazımdır. Ən yaxşı vasitə aptekdə satılan oral rehidratasiya duzlarıdır. Bundan əlavə, su və şəkərsiz çay da olar. Şirəli və qazlı içkilərdən imtina etmək lazımdır, onlar ishalı gücləndirir. Qusma səngiyən kimi yüngül qidaya keçmək olar: düyü, kartof, banan, suxarı. Uzun aclıq lazım deyil, ana südü ilə əmizdirməyə davam etmək lazımdır.
Gigiyenaya ciddi riayət olunmalıdır: əllər sabunla yuyulmalı, xəstənin ayrıca qab-qacağı olmalı, tualet və səthlər xlorlu vasitə ilə dezinfeksiya edilməlidir.
– Xəstəliyin müalicəsində antibiotiklərə ehtiyac varmı? Özbaşına dərman qəbul etmək hansı fəsadlara səbəb ola bilər?
– Virus infeksiyasında antibiotik təsir etmir. Müalicə susuzlaşmanın qarşısını almağa və simptomları yüngülləşdirməyə yönəlir: maye, hərarət salan dərman (parasetamol), lazım gəldikdə həkimin təyini ilə probiotik və sink (uşaqlarda).
Özbaşına antibiotik qəbulu bağırsaq florasını pozur, ishalı uzadır, rezistentliyi artırır. Özbaşına ishal kəsən dərmanlar uşaqlarda təhlükəlidir. Qeyri-steroid ağrıkəsicilər isə susuzlaşma fonunda böyrəklərə zərər verə bilər.
– Hansı əlamətlər xəstəliyin ağırlaşmasından xəbər verir və hansı hallarda təcili tibbi yardıma müraciət etmək vacibdir? Xüsusilə uşaqlar və yaşlılar hansı təhlükəli simptomlara diqqət yetirməlidirlər?
– Hər içilən maye qusulursa, 6–8 saat sidik yoxdursa, ağız quruyubsa, göz yaşı yoxdursa, gözlər çuxura düşübsə, körpədə əmgək batıbsa, halsızlıq, yuxululuq, huşun pozulması, qıcolma varsa, nəcisdə və ya qusuntuda qan varsa, yüksək hərarət 3 gündən çox davam edirsə, qarında və ya beldə kəskin, artan ağrı varsa, nəfəs darlığı varsa, təcili yardıma müraciət etmək lazımdır.
Xüsusi risk qrupuna 1 yaşa qədər körpələr, 65 yaşdan yuxarı şəxslər, hamilələr və xroniki xəstəliyi olanlar daxildir. Yaşlılarda susuzlaşma zəif hiss olunur və tez ağırlaşır. Onlarda çaşqınlıq və təzyiqin düşməsi həyəcan siqnalıdır.
-
Hadisə20:36Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO







































