Azərbaycana keyfiyyətsiz peyvəndlər gətirilir? - AÇIQLAMA
Bizi izləyin

Səhiyyə

Azərbaycana keyfiyyətsiz peyvəndlər gətirilir? - AÇIQLAMA

“Bəzən dövlət qeydiyyatından keçməmiş dərman vasitələri ilə biz də qarşılaşırıq. Bu barədə lazımı orqanlara məlumat verilir”.

Publika.az bildirir ki, bu sözləri Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

O, dərmanın dövlət qeydiyyatının olmamasının keyfiyyətsizlik kimi başa düşülməməli olduğunu bildirib: “Nadir hallarda rast gəlinən dərman vasitələri dövlət qeydiyyatı olmadan belə ölkəyə idxal edilə bilər. Bu barədə vətəndaşlar tərəfindən şikayətlər ola bilir. Lakin bir məqamı vurğulamaq istəyirəm ki, dərmanın dövlət qeydiyyatının olmaması saxta olması demək deyil. Əgər hər hansı dərman vasitəsinin keyfiyyəti və ya saxta olması ilə bağlı məlumat daxil olarsa, araşdırıb lazımı tədbirlər görürük. Son illər ərzində saxta dərman vasitəsilə bağlı bizə müraciət daxil olmayıb. Dərman vasitələrinin keyfiyyətinə nəzarət daşınma, idxal nəqliyyat məsələsi böyük rol oynayır. Artıq dərman vasitələrinin daşınması, idxalı ilə bağlı yeni qaydalar hazırlanıb. Hesab edirəm ki, dərman vasitələrinin idxalına nəzarət gücləndirilməlidir. Dərman vasitəsinin ev şəraitində saxlanması da, keyfiyyətə təsir edən amillərdəndir. Ölkəyə rəsmi yolla idxal edilən, keyfiyyəti təsdiq edilən dərman vasitələrinin üzərinə nəzarət markası vurulur. Nəzarət markasız satılmaya görə İnzibati Xətalar məcəlləsində maddələr nəzərdə tutulub”.

P.Əzizbəyov ölkəyə peyvəndlərin üçüncü ölkələrdən idxal edilməsi və keyfiyyətin aşağı olması ilə bağlı fikirlərə də münasibət bildirib: “Dövlət tərəfindən təmin olunan peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən ölkələrdən alınır. Onların tövsiyə etmədiyi ölkələrdən peyvənd idxal edilmir. Saxta peyvəndlərlə bağlı Hindistanın adı çəkilsə də, bu fikirlə birmənalı razılaşa bilmərik. Çünki bu ölkənin yaxşı dərman istehsalçıları da var. Peyvəndlərin uşaqlara əlavə təsirlərinə gəldikdə, peyvənd bioloji maddədir, onun əks təsirlərinin olmasında genetik faktorlar, uşağın xəstə olması səbəb ola bilər. Peyvənddən sonra temperaturun yüksəlməsinə normal yanaşmaq lazımdır. Çünki peyvəndlər uşaqların bədənində xəstəliklər mübarizə üçün antitellər yaradır. Nəticədə uşaq xəstəliyi yüngül formada keçirir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm