Sosial
Şahbaz Xuduoğlu qadınlara SƏSLƏNDİ: “Dərsliklərimiz mətbəxdə yemək hazırlayan şəkillərdən təmizlənməlidir”
Tanınmış naşir, tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu oxuculara qadınlarımızın təhsil almasının əhəmiyyəti barədə məktub ünvanlayıb.
Publika.az xəbər verir ki, hər bir qadının oxumalı olduğu kitabların siyahısını tərtib edən naşir təhsilin müasir həyatda yeri və rolunu ətraflı izah edib. O, insanın dünyada sahib olduğu ən qiymətli xəzinənin elm olduğunu vurğulayıb.
Məktubu olduğu kimi təqdim edirik:
Bu məktub qızlarımızın təhsili ilə bağlıdır. Nobel mükafatı laureatı Aziz Sancar deyir ki, yarı gücümüz təhsilli qadınlardadır. Təhsilləri yoxsa, deməli yarıgüclə çalışırıq. Qızlarımızı təhsilli edək. Daim qızlarımızın təhsilli olmasını təşviq etməliyik. Hər zaman hər yerdə qızların təhsilinə xüsusi diqqət göstərməliyik.
Misal 1
Nəşriyyatımızda bir zəhmətkeş xanım çalışır. Bir gün kiçik bacısı yanına gəlmişdi. Məktəbliydi. Əlimə keçən bir kitabı hədiyyə etdim və dedim ki, mütləq təhsilini davam etdirsin. Bu yaxınlarda təkrar onu gördüm. Məktəbi bitirib, artıq sənədlərini ali məktəbə verib. Az bal toplasa da, ruhdan düşməyib, təhsilinə davam etməyi düşünür. Amma maneə başqadır; atası və qardaşı oxumasını istəmir. Xəbər göndərdim ki, qızlarının təhsilinə mane olmasınlar. Onlar da cavab verdilər ki, əgər əlindən bir iş gəlirsə, onda qızımıza bir aşpaz diplomu alsın, burda bağçada ona iş düzəldək.
Misal 2
Başqa bir qız e-maillə mənə məktub yazıb, təhsilinə davam etmək istəsə də, atası və qardaşları bunu istəmir.
“8-ci sinifdən sonra məni evə bağladılar. Nə məktəbə getməyə, nə də kimsəylə ünsiyyət qurmağa qoymadılar. Bəzən sizdən sifarişlə kitab alıram, onu da anam alır, qardaşlarım kitab oxumağımı görəndə əlimdən alırlar. Atam qardaşlarımın təhsil almasını daha çox istəyir. Onunla söhbət edə bilmirəm. Həmişə fikirli və qayğılı, həm də əsəbi olur. Sözümü anama deyirəm. O da belə...”.
“Bərabərlik olmasa ədalət olmaz. Dünyada və ölkəmizdə ədalət istəyiriksə, qızlarımız da oğlanlarla eyni haqlara sahib olmalıdır”. Bu da Aziz Sancarın fikridir.
Əziz valideynlər, qızlar da oğlanlar kimi eyni təhsil şansına sahib olmalıdır. Onlara güvənin, etibar edin. Bilik insanı cəsarətli edir. İnsan alverinin qurbanları, əsasən, savadsız və biliksiz insanlardır. Bu barədə Mark Avreli yaxşı deyir: “Şərdən qorunmağın yeganə yolu bilikli olmaqdır”.
Cəmiyyətimizin simasını dəyişmək istəyiriksə, qızlarımızın təhsili mütləqdir. Qadınlar elmli olmalıdırlar. Cəmiyyətin inkişafında aktiv iştirak etməlidirlər. Dərsliklərimiz evdar qadın; qucağında körpə, mətbəxdə yemək hazırlayan şəkillərdən, pambıqçı qızlardan təmizlənməlidir. Qadınlarımız inam və güc mənbəyi, mübariz və qorxmaz olmalıdır. Bir millətin inkişafı qadın faktoru ilə sıx bağlıdır. Kölə qadınla azad insan bir araya gəlmir.
Əziz qızlarımız, təhsil almaq sizin təməl haqqınızdır. Təhsilə mane olan valideyn sizin inkişafınızı durdurur. Bununla barışmayın. Daim özünüzü inkişaf etdirin. Və bu heç zaman gec deyil.
Qızlarımıza və qadınlarımıza niyə təhsil verməliyik? Müxtəlif beynəlxalq təşkilatların hesabatlarında yer alan 10 əsas səbəbi diqqətinizə çatdırıram:
1. Təhsilli qadın daha çox qazana bilir. Hər bir il əlavə təhsil 20% əlavə gəlir deməkdir. Qazanc həm sağlam həyat səviyyəsini, həm də ailə sağlamlığını təmin edir. (The Word Bank, 2011)
2. Erkən evlənmir. Təhsilli qız lokal mədəniyyətin diktəsinə tabe olub uşaq yaşda ərə verilmir. (UNESCO, 2013)
3. Təhsilli ana daha yaxşı uşaq böyüdür, keyfiyyətli uşaq böyütməklə insan kapitalının dəyərini artırır. (IZA WORLD of Labor, 2016)
4. Təhsilli analar doğuş zamanı daha az ölürlər. Çünki vaxtı-vaxtında sağlamlığının qayğısına qalır, həkim nəzarətində olur, özünə qulluq qaydalarını bilir, işlə sağlamlıq münasibətlərini düzgün tənzimləyir. (WHO, 2019)
5. Uşaqları daha sağlam olur. Beş yaşa qədər uşaqlar arasında ölüm hallarının azaldılmasının yeganə amili qadınların təhsilli olmasıdır (Scientific American, 2011-də deyildiyi kimi).
6. Təhsilli ananın övladlarının qidadan ölmə ehtimalı azdır. Dünyada beş yaşına çatmamış uşaqlar arasında ölüm hallarının 45%-i qidalanma ilə bağlıdır (Lancet Report, 2013). Təhsilli ana uşaqlarını sağlam qida ilə təmin edir, qidada olan problemdən şübhələnirsə, daha çevik və adekvat tədbir görməyi bacarır.
7. Gələcək nəsillər və cəmiyyəti üçün investisiya qoyur. Təhsilli bir qadın qazancının təxminən bütün hissəsini (90%) ailəsinə və cəmiyyətinə yatırır (Phil Borges, Güclü Qadınlar: İnkişaf etməkdə olan Dünyada ruhlandırıcı dəyişiklik, 2007). Övladlarını məktəbə göndərənlər arasında təhsilli analar ikiqat daha çoxdur (UNICEF, 2010), bu həm də sonrakı nəsillər üçün yaxşı nümunə yaradır.
8. Daha az ayrı-seçkilik yaşayır. Təhsilli qızlar və gənc qadınlar öz hüquqları haqqında daha çox məlumatlıdır (Təhsil Birincisi: Birləşmiş Millətlər Təşkilatının Baş katibinin təşəbbüsü, 2012). Kişi üstünlük təşkil edən mədəniyyətlərdə özləri və övladları üçün müdafiəyə qalxırlar.
9. Öz qərarlarını verir. Təhsilli qızlar və qadınlar həyatlarına təsir edən qərarlar qəbul etmək üçün daha böyük etimad və azadlığa sahibdirlər (Təhsil Birincisi: Birləşmiş Millətlər Təşkilatının Baş katibinin təşəbbüsü, 2012).
10. Daha etibarlıdır. Təhsil qadınları zorakılıqdan qoruyur (Atlantik Aylığı, 15 May 2014). Qızların təhsili məişət zorakılığına, təcavüzə və uşaq evliliyinə qarşı qoruyucu təsir göstərir. Təhsilsiz qadınlar 36% daha çox zorakılıqla üzləşirlər (Dünya Bankının hesabatı, 2014). Təhsilli qadınların işləməsi, təcrid olunmaması və gəlir əldə etməsi, məişət və fiziki zorakılığı azaldır.
Sonda sizə - qızlarımıza və qadınlarımıza, aşağıdakı kitabları oxumağı tövsiyə edirəm. Bu kitablarda qadınların bərabər hüquqlar uğrunda mübarizəsi, təhsilsizliyin bəlalarından bəhs edilir:
1. Anatoli Levandovski - Janna Dark
2. Annie M.G.Schmidt - Pişik qız Minus
3. Banin - Qafqaz günləri
4. Cek London - Böyük evin kiçik xanımı
5. Ceyn Ostin - Emma
6. Ceyn Ostin - Qürur və qərəz
7. Ceyn Ostin - Düşüncə və hissiyyat
8. Elinor Porter - Polliana
9. Emil Zolya - Tereza Raken
10. Emili Bronte - Tufanlı yoxuşlar
11. Fərəh Pəhləvi - Xatirələr
12. Frensis Börnet - Balaca prinses
13. Georq Ebers - Kleopatra
14. Gi De Mopassan - Gonbul
15. Jaklin Vilson - Cizgili anam
16. Jostein Gaarder - Sofinin dünyası
17. Kolin Makkalou - Tikanlıqda şərqi deyənlər
18. Larisa Vasilyeva - Kremlin arvadları
19. Lev Tolstoy - Anna Karenina
20. Lewis Carroll - Alisa möcüzələr ölkəsində
21. Maksim Qorki - Ana
22. Malala Yusəfzay - Əlində kitab olan qız
23. Mixail Bulqakov - Master və Marqaritta
24. Osho - Qadınların kitabı
25. Qustav Flober - Madam Bovari
26. Rauda Jamis - Frida Kahlo: eşq və qəm
27. Roald Dahl - Matilda
28. Şarlotte Bronte - Ceyn Eyr
29. Sheryl Sandberg - Fəallıqdan qorxma
30. Somerset Moem - Teatr
31. Somerset Moem - Qisas
32. Stefan Zweig - Mariya Antuanet
33. Stefan Zweig - Yad qadının məktubu
34. Stefan Zweig - Bir qadının həyatından 24 saat
35. Süleyman Sani Axundov - Qaraca qız
36. Svetlana Alexievich - Müharibənin qadın olmayan üzü
37. Teodor Drayzer - Kerri bacı
38. Toni Morrison - Solomon nəğməsi
39. Viktor Hüqo - Kozetta
40. Viktor Hüqo - Paris Notr-Dam kilsəsi
41. Hektor Malo - Ailəsiz
42. Varis Dirie - Səhra çiçəyi
43. Xalid Hüseyni - Min möhtəşəm günəş
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO