Sosial
Təhlükə saçan enerji içkiləri - Onlar müştəriləri bu cür tora salırlar
Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. Sözügedən qurum tərəfindən istehsal olunan “BİZON energy” alkoqolsuz içkilərinin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərinin istifadə olunması istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib.
Bəs enerji içkiləri bazarında haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Publika.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, dünyadakı bütün istehlakçı hüquqlarını qoruyan təşkilatlar enerji içkilərini zərərli mallar siyahısında tövsiyə edir:
“Biz də qurum olaraq istehlakçıların energetik içkilərdən istifadə etməsinin azaldılmasını və ya qarşısının alınmasını istəyirik. Energetik içkinin özünün etiketində istehsalçı tərəfindən hamilə qadınlara, xəstələrə, yaşı 18-dən aşağı olanlara məsləhət görülmədiyi qeyd edilib. Bu kateqoriyadan olanlara bu içkilər zərərlidirsə, güclü insanlara necə faydalı ola bilər ki? Bunun məntiqi yoxdur, istehsalçının özü bunun zərərli olduğunu etiraf edir. Lakin azad bazar istehsalıdır və müəyyən reklamlarla buna tələb yaradıblar. İnsanların beynini yuyublar, bütün dünya istehlakçıları aldadılır və bunun kimi təhlükəli içkiləri içirlər. Azərbaycan hökuməti bununla bağlı ciddi iş gördü, energetik içkilərə tətbiq olunan aksiz vergisi qaldırıldı. AİB də bir çox dövlət orqanları ilə müəyyən iş apardı. Biz 1,5 il müddətində buna nail olduq. AQTA da 1 il öncə energetik içkilərin tərkibindəki zərərli maddələrin minimuma endirilməsi ilə bağlı iş apardı, standartlar hazırladı və tətbiq olundu. Hazırda Azərbaycana gətirilən energetik içkilər nisbətən zəifdir”.
E.Hüseynov qeyd edib ki, tətbiq olunan bütün bu tədbirlərə baxmayaraq, energetik içkilərin böyük kampaniyası aparılır: “İdmançılar və başqa ictimai şəxslər bunu təbliğ edirlər. İdman yarışlarının sponsoru energetik içki olmamalıdır. Mən xüsusilə bunu velosiped yarışlarında görmüşəm. Bu, yolverilməzdir. Elə iş aparmaq lazımdır ki, insanlar bu növ içkilərdən uzaq dursunlar. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də çox yaxşı iş görüb ki, onun etiketini araşdırıb və qanunu pozan energetik içki məhsulu ilə bağlı qadağalar tətbiq olunub”.
AİB sədri əlavə edib ki, istehlak bazarında haqsız rəqabət hallarının və istehlakçıların mənafeyinə mənfi təsir göstərə biləcək hərəkətlərin qarşısının alınması ilə bağlı ciddi işlər görülməlidir. E.Hüseynov qeyd edib ki, ümumiyyətlə energetik içkilər reklam olunmamalıdır: “Biz qurum olaraq energetik içkilərin reklamının tam qadağan olunmasının tərəfdarıyıq. Bu içkilərin idman yarışlarında və ya başqa şəkildə sponsor olması tam məhdudlaşdırılmalıdır. Reklamlarla insanların beyninə yeridilir və onların bu məhsulu almalarına sövq edirlər. Energetik içki biznesdir, pul qazandırır, ancaq insanlar öz sağlamlıqlarının keşiyində durmalıdır.
Bu içkidə istehlakçıları cəlb edən heç bir şey olmamalıdır, reklamı isə ümumiyyətlə olmamalıdır. Düşünürəm ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda bununla bağlı düzəliş etmək lazımdır. Ümumiyyətlə, gənclərə satılmamalıdır. Məhsulun üzərindəki etiket də bir qədər sadələşdirilməli və müştərini cəlb etməməlidir.
Hər həftə energetik içkilərlə bağlı bizə 2-3 telefon zəngi daxil olur. Çünki insanlar qəfildən bu məhsulun zərərini görmürlər, proses tədricən olur”.
Akqabay Mıradov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...