Telefonla oynayıb insanların həyatını riskə atan “BakuBus” sürücüsü cəzalandımı?
Bizi izləyin

Sosial

Telefonla oynayıb insanların həyatını riskə atan “BakuBus” sürücüsü cəzalandımı?

“Azneft” dairəsi yaxınlığında “BakuBus”a məxsus 5 və 125 nömrəli sərnişin avtobuslarının toqquşması nəticəsində 7 sərnişin xəsarət alıb. Yayılan görüntülərdən avtobus sürücüsünün başının telefona qarışdığı, ani diqqətsizliyin qəzaya səbəb olduğu görünür. Bəs bu sürücüyə qanunla hansı cəza verilməlidir?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması ən vacib məqamlardan biridir: “Bununla bağlı “BakuBus" MMC də daxil, bütün daşıyıcılara mütəmadi olaraq tapşırıq və tövsiyələr verilir. Sərnişinlərin həyatı üçün ciddi təhdid yaradan hərəkətlərin yolverilməz olduğunu qeyd edərək bildiririk ki, bu məsələ ilə bağlı “BakuBus” MMC-yə xəbərdarlıq edilib. Analoji halların təkrarlanmaması üçün təcili surətdə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib".

Ağayev bildirib ki, sözügedən hadisə ilə bağlı “BakuBus”ın hansı tədbirlər görməsi ilə əlaqədar da ictimaiyyətə məlumat veriləcək.

“Yeni Müsavat”a danışan nəqliyyat eksperti Elməddin Muradlı söyləyib ki, bu, ictimai nəqliyyatın problemi deyil, sürücünün bədbəxtliyidir: “İnsan nə qədər məsuliyyətsiz və düşüncəsiz olmalıdır ki, başının üstündə kamera qoyulduğu halda telefondan əl çəkməyə. Özünü elə aparır ki, sanki haradasa oturub çay, kofe içir və telefonu da əlindədir. Sürücü konkret olaraq daşıdığı insanların həyatına qarşı biganədir. Belə olan halda sürücü elə şəkildə cəzalandırılmalıdır ki, bu, digərlərinə də dərs olsun. Bir sürücünün səhvini də bütün sürücülərə və şirkətlərə aid etmək olmaz. ”BakuBus" daşıyıcı şirkətlərin içərisində ən ciddi olanıdır. Orada səhvlər bağışlanmır. Ancaq bununla belə sürücü rahat işi, normal maaşı qoyub, bu cür məsuliyyətsiz əməllərə əl atır. Bununla o, digər sürücülərin də adına ləkə gətirib.

Heç şübhəsiz ki, xəsarət faktı olduğu üçün sürücü cinayət məsuliyyətinə cəlb olunacaq. Əmlaka dəyən zərər də ona ödədiləcək. Ailəsi də çətin duruma düşəcək. Sürücülərə bu cür məsələlərlə bağlı təbliğat işləri aparımalıdır. Deyilməlidir ki, telefondan əl çəkin. Sən ictimai nəqliyyat sürücüsüsən və təkcə özünə deyil, onlarla vətəndaşın həyatına cavabdehsən. Konkret olaraq bu sürücüyə elə bir qara dəftər hazırlanmalıdır ki, cəzasını çəkdikdən sonra da ictimai nəqliyyat sektorunda nəinki sürücü, hətta avtobusun təkərini açıb-bağlamaq işinə də yaxın buraxılmasın. Bu cür davranmaq lazımdır ki, insan onun acısını ömrü boyu çəksin. Yoxsa 2 il cəza çəkib sonra da başqa şirkətdə işə düzələcəksə, nizam-tərəzisi pozulacaq".

Psixoloqlar telefon aludəçiliyinin bir çox sahələrdə problemlər yaratdığını bildirirlər. Araşdırmalarda qeyd edilir ki, telefon aludəçiliyi insanlarda duyğu analizatorlarının sıradan çıxmasına səbəb olur. Kiçik ekrana saatlarla baxan şəxsin ilk növbədə gözləri yorulur. Eyni zamanda hazırda gənclərin əksəriyyəti qulaqlarında qulaqcıqla gəzirlər. Onların səs-küylü musiqilərə qulaq asmaları isə eşitmə orqanını sıradan çıxarır. Son nəticədə insanlarda yuxu pozulmaları, yorğunluq, əsəbilik, diqqətsizlik yaranır. Bu isə insanın hərəkətinə, reflekslərinə təsir edir.

Telefondan asılı olan insanın canlı ünsiyyəti azalır, tənhalığa məhkum olur. Depressiyadan əziyyət çəkirlər və depressiyadan çıxmaq üçün idman, gəzinti, insanlarla söhbət və s. kimi imkanlardan istifadə edə bilmədiklərinə görə uzunmüddətli və xroniki depressiyaya məruz qalırlar. Ekspertlərə görə, sürücülərin və digər bu kimi peşə sahiblərinin uzun müddət telefondan asılı qalmaları təhlükəlidir. (Musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm