Azərbaycanı gözləyən demoqrafik krizis: Çıxış yolu varmı?
Bizi izləyin

Sosial

Azərbaycanı gözləyən demoqrafik krizis: Çıxış yolu varmı?

Dünya Bankı Azərbaycanda yaxın 20-30 ildə ciddi demoqrafik krizis yaşanacağını bildirir. Belə ki, cavan nəsil xeyli azalacaq, onların yerini yaşlı nəsil alacaq.

Bəs bunun səbəbi nədir, əhalinin artım tempinə mənfi təsir göstərən amillər hansılardır?

Mövzu ilə bağlı Publika.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu həqiqətən də Azərbaycan üçün demoqrafik təhlükənin gözlənildiyini, bunun hər il doğum sayının azalması ilə bağlı olduğunu bildirib:

“Bir qədər sonra mənfi indeksə keçə bilərik. Yəni uşaqların sayı orta hesabla ikidən az olduqda, mənfi indeks yaranır. Biz artıq bu təhlükəyə yaxınlaşırıq. Dünya təcrübəsi də göstərir ki, belə olan halda ölkədə xeyli problemlər yaranır. Bu problemlər bizim üçün heç arzuolunan deyil. Çünki gənclərin sayının azalması ölkədə bir sıra çətinliklər yaradır. Ən birincisi isə vergi ödəyiciləri azalır. Belə olan halda, yaşlılar üçün pensiya və müavinətlərin miqdarı çoxalır. Digər tərəfdən, ölkədən gedənlərin də sayı da artır. Onların arasında isə gənclər üstünlük təşkil edir”.

Sosioloq hesab edir ki, doğumun az olduğu bir vaxtda, gənclərin xeyli hissəsinin ölkədən getməsi demoqrafik krizis yaradır:

“Belə olan halda ölkəyə miqrantlar axın edir, etnik tərkib dəyişir. Bunun isə sonradan xoşagəlməz fəsadları üzə çıxır. Eyni zamanda, milli mədəniyyətin xarakteri dəyişir. Artıq ölkənin mədəniyyəti öz ənənəvi formasından uzaqlaşır. Avropada biz bunları artıq uzun illərdir ki, müşahidə edirik. Misal üçün, hazırkı Fransa 50-100 il əvvəlki kimi deyil, istər musiqi, istərsə də idmanda ərəblərin rolu çoxalıb. Almaniyada da türklər üstünlük təşkil edir”.

Ə.Qəşəmoğlu demoqrafik krizisin qarşısını almaq üçün təkliflərini söyləyib. O qeyd edib ki, bu halın qarşısını almaq üçün üçuşaqlı ailə modeli formalaşdırılmalıdır:

“Bunun üçün ciddi fəaliyyət proqramının hazırlanmasına ehtiyac var. Ailədə bir uşaq olanda, uşaq mühiti olmadığı üçün onda psixoloji problem yaranır. İki uşaq olanda isə onlar münaqişə ilə böyüyürlər, bir-birlərinə qarşı qəzəb və qısqanclıq yaranır. Üç uşaq olanda evdə həm uşaq mühiti yaranır, həm də əhali artımı normal səviyyədə gedir. Dörd, beş, altı uşağın olması isə normal deyil. Bu, həm ölkənin iqtisadiyyatına mənfi təsir göstərir, həm də beynəlxalq təşkilatlar buna qarşıdır.

Üçuşaqlı ailə modeli ilə bağlı dövlətin üzərinə düşən öhdəliklər yerinə yetirilməlidir. Çünki gənclər azalırsa, ölkənin müdafiə gücü də azalır. Bu, Azərbaycan üçün arzuolunan deyil. Gərgin coğrafiyada yerləşdiyimizi nəzərə alsaq, yaxın 20 ildə bölgədə nələrin olacağını proqnozlaşdırmaq çətindir. Ona görə də, ilk növbədə müdafiə qüdrətimizi artırmalıyıq. Bunun üçün isə demoqrafik krizisdən çıxış yolu tapmalıyıq”.

Nəzərə alaq ki, boşanmaların sayı sürətlə artır. Nikaha daxil olma yaşı da artacaq və bağlanan nikah sayı azalacaq. Bəs, demoqrafik krizisə boşanmaların nə qədər təsiri var?

Vəkil İradə Cavadova hesab edir ki, boşanmaların sayının artması təkcə Azərbaycanda deyil, bütün dünyada çoxalıb. Onun sözlərinə görə, demoqrafik krizis doğumun azalması ilə əlaqədardır:

“Artıq çoxuşaqlı ailə dəbdə deyil. Bundan başqa, iqtisadi vəziyyət də buna imkan vermir. Cütlüklər daha çox bir və ya iki uşağa üstünlük verirlər. Əvvəllər regionlarda çoxuşaqlı ailələrin sayı çox idi, həyat qaynayırdı. Amma indi iş yerlərinin azalması, rayonların şəhərə daşınması prosesi gedir ki, bu da yaxşı amil deyil. Bununla bağlı daha çox təbliğat aparılmalıdır. Uşağın saxlanılması üçün maddi durum yaxşıdırsa, ailə bir neçə uşağa baxmaq gücündədirsə, demoqrafik krizis də olmaz.

Bu, bilavasitə iqtisadi vəziyyətə bağlıdır. Regionlarda yeni iş yerləri yaradılmalıdır. Həmçinin, uşaq üçün zəruri olan hər şeyin qiyməti yüksəkdir. Bu amil də demoqrafik vəziyyətə ciddi təsir göstərir. Krizisi yaradan amillər çoxdur, onlar müəyyənləşdirilməli və həmin istiqamətdə iş aparılmalıdır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm