Boşanmayanlara pul veriləcək - Boşananların sayı azalacaq? - VİDEO
Bizi izləyin

Sosial

Boşanmayanlara pul veriləcək - Boşananların sayı azalacaq? - VİDEO

Rusiya Dövlət Duması 20 ildən çox nikahda olan ər-arvadlara hər beş ildən bir 20 min rubl ödəməyi təklif edib. Bu təklif dəstək tədbiri çərçivəsində həyata keçiriləcək. Rusiyalı parlamentarilər hesab edirlər ki, bu addım boşanmaların qarşısını ala, ailə institutunu möhkəmləndirə bilər.

Azərbaycanda boşanma hallarının artdığı bir dönəmdə bənzər təşəbbüsün həyata keçirilməsi işə yarayarmı? Nəzərə alaq ki, ailələr müxtəlif səbəblərdən dolayı öz tamlığını pozmaq məcburiyyətində qalırlar. Lakin bu danılmaz bir reallıqdır ki, bu gün insanların rifahlarını istədiyi kimi təmin edə bilməməsi, maddi resursların çatışmazlığı boşanma səbəblərindəndir. Ölkəmizdə də cütlüklərə stimul və dəstək baxımından maddi vəsait ayrılması boşanma hallarının nisbətən azalmasına gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı Publika.az-a danışan sosioloq Sahib Altayın sözlərinə görə, ailədəki maddi çətinliklər cütlüklərin taleyinə təsir edir.

“Əvvəla boşanma müxtəlif səbəblərdən baş verir. Proseslərin ümumi və xüsusi səbəbləri olur. Boşanma da elə bir prosesdir ki, bunu sadəcə maddiyyata bağlamaq doğru deyil. Danılmazdır ki, boşanmalarda maddiyatın da rolu var. Azərbaycanda iş potensialının zəif olması, insanların normal gəlir əldə edə bilməməsi onların birmənalı olaraq birbaşa həyatlarına, ailələrin taleyinə təsir edir.

Çünki insanlar sevgililik dönəminə fərqli, evlilik dönəminə isə tam fərqli yanaşırlar. Valideynlik, analıq, atalıq hissi yaşanandan sonra cütlüklərin bir-birinə qarşı münasibəti dəyişir. Maddi çətinliklər birmənalı olaraq ailənin taleyinə təsir edir. Buna söz yox, ancaq birmənalı olaraq boşanmanı maddi səbəblərə bağlamaq olmaz. Təşəbbüs olunan fikrə gəldikdə, əgər ailə maddi sıxıntı içərisindədirsə, oturub gözləməyəcəklər ki, 20 il bitsin, 20 ildən sonra bizə 5 ildən bir nəsə veriləcək. Bəs bu addım stimul verə bilərmi? Cüzi də olsa, bəli.

Çünki belə deyək, bu illər ərzində biz o ailə institutunun yaşamasında mühüm rol oynayırıq. Bunun göstəricisi olaraq dövlət də qarşılığında bizə hədiyyə verir, 20 ildən çox ailəli olan insanlara hər 5 ildən bir müavinət ödəyir və yaxud da sosial yardım, hədiyyə şəklində nəsə verir. Amma bununla ailənin maddi problemləri həll olunmayacaq. Bəs o məbləğ hansı problemləri qarşılaya bilər? Deyək ki, məsələn, beş ildən bir olaraq heç vaxt gəzinti, səyahət imkanı olmayan ailə üçün, səyahət üçün büdcə yarada bilər. Bu da mənəvi baxımdan dəstək ola bilər. Bu baxımdan Azərbaycanda belə təşəbbüslərin həyata keçirilməsinə ehtiyac var”.

Sosioloqun sözlərinə görə, bu ideya ölkəmizdə tətbiq olunsa belə boşanmaların sayının azalmasına gətirib çıxarmayacaq:

“Çünki boşanma həm də sırf cəmiyyətə bağlı bir problem deyil. Artıq əvvələr sahib olduğumuz ailə münasibətləri, ailə institutu zəifləyib. Bunun səbəbi nədir? İqtisadi quruluşla sosial quruluş düz mütənasibdir. Hər şey iqtisadi quruluşa görə tənzimlənir. Mövcud ailə də, bugünkü tələblərə cavab vermir. Ona görə də belə ideyanın reallaşmasının mühüm bir rol oynayacağına inanmıram. Bu, cəmiyyətdə ailə münasibətlərinin yenidən möhkəmlənməsinə gətirib çıxarmayacaq. Düşünmürəm ki, ölkəmizdə belə təklifin irəli sürülməsi ailə dəyərlərini möhkəmləndirəcək".

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm