Şəffaflıq tələbi, yoxsa cığallıq? - Agentliyi qınamağa əsas olsa, birinci mən qınayardım
Bizi izləyin

Sosial

Şəffaflıq tələbi, yoxsa cığallıq? - Agentliyi qınamağa əsas olsa, birinci mən qınayardım

Ötən gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Heydər Əliyev İli” və “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair elan etdiyi qrant müsabiqələrinin nəticələrini açıqlayıb.

Qaliblərin siyahısında adları yer almayan bir sıra QHT rəhbərləri Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçiriblər. Səsləndirdikləri fikirlər daha çox seçimlərin qeyri-şəffaf keçirildiyi, ədalət meyarlarının nəzərə alınmadığı və ayrılan vəsaitin azlığı ilə bağlı olub.

Agentliyə qarşı irəli sürülən iradlar nə dərəcədə həqiqətə uyğun və əsaslıdır?

Mövzu ilə bağlı Publika.az-a danışan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçmiş üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri Sahib Məmmədov bildirib ki, qrantların ayrılması prossesində maksimum ədalətli yanaşma sərgilənib.

QHT-lərin cığallığı: Agentliyi qınamağa əsas olsa, birinci mən qınayardım

“13 il Şura üzvü və Apellyasiya Komissiyasının rəhbəri olmuş şəxs kimi deyirəm ki, qaliblər tam şəffaflıqla müəyyən edilib.

Azərbaycanin ictimai həyatında rolu olan bütün QHT-lər nəzərə alınıb. Sadəcə dövlət büdcəsindən ayrılan vəsaitin kifayət qədər olmaması müəyyən məhdudiyyətlər yaradır. Kiçik narazılıqlar hər zaman olub, lakin o vaxt Apellyasiya institutu var idi müraciət edilirdi və agentlik olaraq araşdırırdıq. İndi də bildiyim qədərilə agentlikdə inzibati qaydada şikayətlərə baxılır. Sözsüz ki, agentlikdə maliyyə vəsaiti daha çox - 15 milyon olsaydı, belə söz-söhbətlər yaşanmazdı. Amma narazılığını bildirməyin də yolları var. Mən ilk dəfədir ki, belə üsula əl atıldığını görürəm. Açığı, mənə sanki əvvəlcədən planlaşdırılmış, qurulmuş bir işin təəssüratını bağışladı”.

S.Məmmədov bu il layihələrə ayrılan maddi resursların azaldılmasının səbəblərinə aydınlıq gətirib:

“Problem daha çox bu istiqamətdə olub ki, QHT-nin təqdim etdiyi büdcə ilə Şuranın verə biləcəyi büdcə məbləği arasında fərqlilik olub. Tutalım ki, 500 təşkilat layihə verir. Bunların içərisində qadın hüquqlarını müdafiə edən təşkilatlar, veteran təşkilatları, jurnalist təşkilatları, Qarabağla bağlı yaradılmış təşkilatlar, gənclər təşkilatları və s. təşkilatların çoxluğuna görə agentliyin başqa yolu qalmır. Qrant vəsaitləri kifayət etmir. Mən elan edilmiş adların siyahısına baxdıqda, orada büdcəsi azaldılmayan heç bir QHT görmədim. Eyni zamanda bizim təşkilatın da büdcəsi əhəmiyyətli şəkildə azaldılıb. Agentliyi qınamağa əsas olsa, birinci mən qınayardım. İki variant var: ya ən azı 50 % QHT-lərə qrant verilməməli, imtina edilməli, ya da elə bölünməlidir ki, hər təşkilat qrant ala bilsin. Mən seçimlərlə bağlı agentliyin hər hansı səhv etdiyini deyə bilmirəm. Çünki vəziyyəti yaxşı bilirəm. Qrant büdcəsi azdır və daha çox təşkilat vəsait alsın deyə, büdcədə azaldılma müşahidə edilir. Özü də büdcə azaldıldıqda təşkilata bildirilir ki, verdiyin layihəni büdcəyə uyğunlaşdır, ya da hansısa bir komponenti götür. Misal üçün, biz beynəlxalq bir təşkilat üçün kitabça hazırlayacağıq. Büdcəyə baxırıq və resurs çatışmazlığından dolayı bunu elektron şəkildə dərc etməyi düşünürük. Beynəlxalq təşkilatların qrantların qiymətləndirilməsi prosesində də iştirak etmişəm. İnanın ki, layihələrin 90%-dən çoxu olduqca keyfiyyətsiz yazılır. Məqsəd, fəaliyyət, vəzifələr bilinmir. Əksəriyyəti yazır ki, “braşura” buraxacam, dəyirmi masa keçirəcəm. Çoxu da rayonlara gedib icra hakimiyyətlərindən xahiş edirlər ki, dəyirmi masa təşkil edilsin. Hər dəfə eyni adamları yığırlar. Əhəmiyyətli bir mövzu haqqında danışmırlar. 1-2 şəkil çəkib gətirirlər ki, bununla da bunların fəaliyyətləri tamamlanır, işləri görülmüş olur”,- deyə Məmmədov yekunlaşdırıb.

Diqqətçəkən məqamlardan biri də bu idi ki, etirazçılar iddia edirlər ki, “Biz neçə ilin QHT-ləriyik, amma bizdən sonra qeydiyyatdan keçənlərə daha çox maliyyə ayırıblar”. Maraqlıdır, müsabiqədə qrantın əsas meyarı nə ilə ölçülür və hansı amillər nəzərə alınır?

Agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev amilləri sadalayıb: “Layihənin ictimai aktuallığı və müsabiqənin hədəflərinə uyğunluğu ; Layihəni təqdim edən QHT-nin təcrübəsi ; QHT-nin təqdim etdiyi layihə mövzusu üzrə ixtisaslaşması ; Layihə üzrə təklif olunan fəaliyyətin beynəlxalq arenada və ya xarici ölkələrdə təşkili. Sonuncu 3 müsabiqə üzrə qiymətləndirmə zamanı müəyyən edilib ki, QHT- lər tərəfindən təqdim olunan layihələrin bir çoxu qeyd olunan meyarlara cavab vermir. Son illər müşahidə olunur ki, QHT-lər tərəfindən müsabiqələrə təqdim olunan layihələrin bir çoxu uğurlu layihə ideyasının seçilməsi və layihələrin yazılışı nöqteyi-nəzərindən elementar tələblərdən və peşəkarlıqdan uzaqdır. Təəssüf ki, bu tendensiya davam edir. Vəziyyətin düzəlməsi üçün Agentlik tərəfindən müvafiq təlimlərin keçirilməsi planlaşdırılır”.

N.Mehdiyev əlavə edib ki, Müşahidə Şurasının üzvləri Agentliyin Nizamnaməsinin 4.7.10-cu yarımbəndinə uyğun olaraq qrant müsabiqələrinin nəticələrinə dair qərarlar qəbul edərkən subyektivliyə və qərəzçiliyə yol verməyiblər:

“Əksinə belə qərarlar verilərkən QHT sektorunun maraqları hər zaman üstün tutulub. Məlum məsələdir ki, layihəsi müsabiqədə qalib olmuş QHT-lər razı, müsabiqədə qalib olmamış və ya layihəsi qismən maliyyələşmiş QHT-lər narazı qalacaqlar. Bu, bu günün məsələsi deyil. Hər zaman belə olub”.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm