Sosial
Havada gizli təhlükə: Təyyarədə özümüz özümüzü oda necə atırıq?
Təyyarə ilə səyahət zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən də hər uçuşdan əvvəl stüardessa və stüardlar sərnişinlərə mobil telefonların söndürülməsini və ya “uçuş rejiminə” keçirilməsini xatırladırlar.
Lakin müşahidələr göstərir ki, sərnişinlərin bir qismi bu qaydaya əməl etmir. Onlar telefonlarını söndürmək əvəzinə sosial şəbəkələrdən istifadə edir, hətta “TikTok” və digər platformalarda canlı yayım açaraq bütün səyahəti izləyiciləri ilə bölüşürlər.
Belə hallar isə sual doğurur. Uçuş zamanı mobil telefonlardan istifadə həqiqətən təhlükəlidirmi? Mobil siqnallar təyyarənin naviqasiya və rabitə sistemlərinə necə təsir göstərə bilər? Müasir təyyarələrdə bu təsirlərin qarşısını almaq üçün hansı texniki qoruyucu mexanizmlər mövcuddur?
Məsələ ilə bağlı Publika.az-a danışan "Boeing 787" hava gəmisinin kapitanı Sərxan Məhərrəmov bildirdi ki, mobil telefonlar bu gün üçün hələ də potensial risk mənbəyi hesab olunur:
“Mobil telefonlar elektromaqnit dalğalar buraxır. Bu aktiv radio siqnallar xüsusilə qalxış və eniş zamanı təyyarənin kritik hesab olunan avionika sistemlərinə təsir göstərə bilər. Hazırda 5G şəbəkəsinin işləmə tezlikləri əvvəlki texnologiyalarla müqayisədə daha az təsir edir və ciddi problem yaratmır”.

Pilotun sözlərinə görə, əsas təhlükə mobil telefonların istifadə etdiyi radio tezliklərin təyyarənin avionika sistemlərinin tezlikləri ilə üst-üstə düşməsi nəticəsində yaranır:
“Ən kritik uçuş mərhələləri qalxış və enişdir. Bu zaman təyyarə yerə daha yaxın olur və radio dalğalar yerüstü naviqasiya, rabitə avadanlıqlarına mane ola bilər. Təhlükəsizlik qaydalarına əsasən, bu risklərin qarşısını almaq üçün mobil telefonlar mütləq "Airplane mode"a keçirilməlidir”.
Sərxan Məhərrəmov onu da əlavə etdi ki, tənzimləyici orqanlar hazırda aviasiya sənayesi ilə birlikdə uçuş zamanı mobil telefon zənglərinə icazə verilməsi üzərində çalışırlar:
“Bu istiqamətdə müəyyən addımlar atıldıqdan sonra gələcəkdə uçuş zamanı telefon zənglərinə də icazə verilə bilər”.
Kapitan Sərxan Məhərrəmovun da qeyd etdiyi kimi, mobil telefonlardan istifadə bu gün üçün hələ də potensial risk mənbəyi hesab olunur.
Bəs, Azərbaycanda uçuş zamanı çəkiliş və canlı yayım aparmaqla bağlı xüsusi məhdudiyyətlər mövcuddur? Bu qaydanı pozan sərnişini hansısa inzibati və ya hüquqi məsuliyyət gözləyir?
Mövzu ilə bağlı Publika.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirdi ki, sərnişinlər hava gəmisinin bortuna daxil olduğu andan etibarən təhlükəsizlik qaydaları barədə məlumatlandırılır:
“Sərnişinlər uçuşdan əvvəl və uçuş zamanı təyyarədəki davranış qaydaları barədə xəbərdar edilir. Bu tələblərə əməl olunmaması təyyarədə özbaşınalıq hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 298.1 və 298.2-ci maddələrinə əsasən, gəmi kapitanının qanuni sərəncamına tabe olunmayan, həmçinin hava gəmisində foto və video çəkiliş aparmaqla rabitə vasitələrindən istifadə qaydalarını pozan şəxslər 500 manat məbləğində cərimə olunur”.

Hüquqşünasın sözlərinə görə, təyyarədə təhlükəsizliklə bağlı cihazların sıradan çıxarılması və ya fəaliyyətinin dayandırılması hallarında da eyni məbləğdə cərimə nəzərdə tutulur:
“Hətta hava gəmisində açıq şəkildə tütün və elektron siqaretdən istifadə edən sərnişinlər də İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsinə əsasən 500 manat məbləğində cərimə edilir. Belə hallar təkrarlandıqda isə aviaşirkət həmin şəxsi növbəti uçuşlara qəbul etməmək hüququna malikdir”.
Gülnar Süleymanova
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)


























