Azərbaycanlı avtoritet beynəlxalq axtarışa verildi
Bizi izləyin

Sosial

Azərbaycanlı avtoritet beynəlxalq axtarışa verildi

Azərbaycanlı avtoritet beynəlxalq axtarışa verildi

Rusiyada kriminal aləmdə “Dato Ağcabədinski” kimi tanınan Cavid Məmmədovun barəsində cinayət işi başlanıb, beynəlxalq axtarışa verilib.

Publika.az Müsavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları xəbər yayıb.

Məlumata əsasən, hüquq-mühafizə orqanları Cavid Məmmədovu cinayət iyerarxiyasında ən yüksək mövqedə olmaqda ittiham edir. İstintaqın versiyasına görə, o, 2013-cü ildən etibarən Moskva bölgəsindəki cəzaçəkmə müəssisələrində kriminal proseslərə nəzarət edib, məhkumlar arasında “obşak” adlandırılan ümumi cinayət fondunun idarə olunmasında iştirak edib.

İddialara görə, Dato Ağcabədinski (Fotoda solda) eyni zamanda, Rusiyanın ən məşhur və ciddi rejimli penitensiar müəssisələrindən biri hesab olunan Vladimir Mərkəzi Həbsxanasında (“Vladimirski Sentral”) kriminal aləmin nümayəndələri arasında “nəzarətçi” funksiyasını yerinə yetirib. Kriminal dairələrdə adı tez-tez hallanan Cavid Məmmədovun adı vaxtilə nüfuzlu avtoritet Nadir Səlifov ilə yaşanan qarşıdurmada da çəkilib.

Məlumata görə, 2016-cı ildə Dato Ağcabədinskinin tərəfdarları ilə lotu Qulinin ətrafı arasında ciddi münaqişə yaranıb. Qarşıdurma müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı kriminal qruplaşmalar arasında nüfuz savaşı kimi qiymətləndirilib. Mənbələr bildirir ki, Cavid İltizam oğlu Məmmədov 1985-ci ildə Ağcabədi rayonunun Yeniqaradolaq kəndində anadan olub. İlk dəfə hələ yeniyetmə yaşlarında ağır cinayət ittihamı ilə məhkum edilib.

Bildirilir ki, 2002-ci ildə törədilmiş qəsdən adam öldürməyə cəhd hadisəsinə görə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Həbsdən sonra onun kriminal çevrələrdə nüfuzu sürətlə artmağa başlayıb. 2013-cü ilin iyununda Yunanıstanda keçirilən toplantıda bir sıra tanınmış kriminal avtoritetlərin iştirakı ilə ona "qanuni oğru" statusu verildiyi bildirilir. Bu mərasimdən sonra “Dato Ağcabədinski” postsovet kriminal aləmində yeni nəslin nümayəndələrindən biri kimi tanınmağa başlayıb.

Kriminal aləmlə bağlı məlumat yayan mənbələrdə Dato Ağcabədinskinin "Yunanıstan qrupu" adlandırılan nüfuzlu kriminal şəbəkə ilə əlaqəli olduğu qeyd edilir. İddialara əsasən, onun arxasında Yunanıstanda fəaliyyət göstərən və keçmiş SSRİ ölkələrində geniş təsir imkanlarına malik kriminal dairələr dayanır. Məhz bu dəstək ona qısa müddətdə nüfuz qazanmağa imkan verib. Onun adı ən çox kriminal aləmin tanınmış simalarından biri olan Nadir Səlifov ilə qarşıdurma fonunda hallanıb.

2016-2017-ci illərdə Loto Qulinin ətrafında cəmləşən qüvvələrlə ona qarşı çıxan qruplaşmalar arasında ciddi mübarizə başlayıb. Mətbuatın yazdığına görə, həmin dövrdə lotu Quliyə qarşı formalaşan koalisiyanın əsas fiqurlarından biri məhz “Dato Ağcabədinski” olub. Münaqişə kriminal dünyada nüfuz, maliyyə axınları və müxtəlif ölkələrdə təsir zonalarına nəzarət uğrunda mübarizə kimi xarakterizə edilirdi. Bəzi mənbələr onu hətta lotu Quliyə qarşı yaradılmış düşərgənin qeyri-rəsmi lideri kimi təqdim edirdi.

2020-ci ildə lotu Qulinin Türkiyədə qətlə yetirilməsi postsovet kriminal aləmində qüvvələr balansını dəyişsə də, həmin qarşıdurmanın iştirakçılarının bir çoxu sonrakı illərdə də hüquq-mühafizə orqanlarının hədəfində qalıb. “Dato Ağcabədinski”nin fəaliyyəti təkcə Rusiya deyil, Ukrayna hüquq-mühafizə orqanlarının da diqqətində olub. 2018-ci ildə o, Ukraynada ardıcıl olaraq 3 dəfə saxlanılıb və hər dəfə ölkədən çıxarılıb. Ukrayna polisi onun ağır cinayətlərə görə əvvəllər məhkum olunduğunu və ölkə ərazisində qalmasının ictimai təhlükəsizlik baxımından arzuolunmaz hesab edildiyini açıqlamışdı.

Maraqlıdır ki, deportasiya qərarlarına baxmayaraq, o, müxtəlif yollarla yenidən Ukrayna ərazisinə daxil ola bilmişdi. Rusiya hüquq-mühafizə orqanlarının son açıqlamalarına görə, Cavid Məmmədov cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda, penitensiar müəssisələrdə kriminal proseslərə nəzarət etməkdə və "obşak" sisteminin fəaliyyətində iştirak etməkdə şübhəli bilinir. İstintaqın versiyasına görə, o, 2013-cü ildən Moskva regionundakı cəzaçəkmə müəssisələrində təsir imkanlarına malik olub, həmçinin məşhur Vladimir Mərkəzi Həbsxanasında kriminal aləmin nümayəndələri arasında "nəzarətçi" statusunda çıxış edib. Hazırda onun olduğu yer müəyyənləşdirilir.

Rusiya qanunvericiliyinə əsasən, ittiham sübuta yetirilərsə, Dato Ağcabədinskini 8 ildən 15 ilədək həbs cəzası gözləyə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm