40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
Bizi izləyin

Sosial

40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev

40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb -  Hikmət Hacıyev

40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzində çıxışı zamanı bildirib.

H.Hacıyev qeyd edib ki, yenidənqurma və bərpa işləri çərçivəsində diplomatik korpus nümayəndələri Azərbaycana cənub qapısından - Füzulidən daxil olub və yeni tunellər vasitəsilə Qarabağın mərkəzinə doğru hərəkət ediblər. Onun sözlərinə görə, səfərin növbəti mərhələsində nümayəndə heyəti Qarabağı qərb qapısından tərk edərək Azərbaycanın digər şəhərlərindən birinə səfər edəcək.

"Bütün bu dəyişikliklər cəmi altı il ərzində baş verib. Bu, Azərbaycan hökumətinin və Azərbaycan xalqının böyük səylərini tələb edib. Siz bizim bu işə tam sadiqliyimizin şahidi ola bilərsiniz", - deyə H.Hacıyev bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki,, Qarabağa gedən yol boyunca şəhər və yaşayış məntəqələrində genişmiqyaslı tikinti və bərpa işləri aparılır.

"2020-ci ildən bəri 45-dən çox müxtəlif yaşayış məntəqəsi yenidən qurulub və bərpa edilərək keçmiş məcburi köçkünlərin istifadəsinə verilib. Onlar Azərbaycanın bu hissəsində öz həyatlarını yenidən qururlar. Ümumilikdə isə Qarabağda təxminən 100 min mülki şəxs işləyir, yaşayır və təhsil alır. Bu, Azərbaycanın münaqişədən sonrakı yenidənqurma və bərpa sahəsində topladığı unikal təcrübədir", - H.Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycanın bu təcrübəsi münaqişə və müharibələrdən zərər çəkmiş dünyanın digər bölgələrində də tətbiq oluna bilər.

H.Hacıyev Qarabağdan danışarkən mədəni irs məsələsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Qarabağ Azərbaycan və Azərbaycan xalqı üçün mədəniyyətin ürəyi olub, bu gün də belədir və gələcəkdə də belə olacaq.

"Təəssüf ki, işğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb. Lakin biz Azərbaycan xalqının mədəni irsini, eləcə də Qarabağda və Azərbaycanın digər bölgələrində mövcud olan bütün mədəni irsi bərpa edirik. Biz mədəni irsin bərpası, yenidən qurulması və qorunması üçün əlavə səylər göstərməyə davam edəcəyik", - deyə o bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, səfər çərçivəsində Qarabağın şimal hissəsində yerləşən iki kilsə kompleksinə də ziyarət nəzərdə tutulub.

"Bunlar qədim xristian kilsələridir. Biz onları yüksək qiymətləndirir, əziz tutur və gələcək nəsillər üçün qoruyuruq. Əminəm ki, səfərimiz zamanı hazırda tətbiq olunan yenidənqurma və bərpa konsepsiyası ilə bağlı birbaşa təəssürat əldə etmək imkanımız olacaq", - H.Hacıyev bildirib.

H.Hacıyev vurğulayıb ki, mina təhlükəsi Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma və bərpa işlərinə ciddi maneə yaradır.

O qeyd edib ki, azad edilmiş ərazilərdə yenidənqurma və bərpa prosesinin həyata keçirilməsi asan vəzifə deyil.

"Biz mənfi vəziyyətdən sıfıra gəlməmişik, sıfırdan da başlamamışıq - biz mənfi beşdən başlamışıq. Bu ərazilər hələ də mina çirklənməsindən əziyyət çəkir. Bu da qarşımızda duran nəhəng çağırışdır", - deyə H.Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, ötən gün növbəti mina hadisəsi baş verib. Bu gün isə Xankəndiyə gedərkən daha bir mina hadisəsinin baş verdiyi və nəticədə bir mülki şəxsin xəsarət aldığı barədə məlumat daxil olub.

"Bu, bizim yenidənqurma və bərpa səylərimizə mane olur. Lakin bu, yenidənqurma və bərpa işlərini mümkün qədər tez başa çatdırmaq, məcburi köçkünlərimizin və keçmiş məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz qayıdışını təmin etmək əzmimizi və qətiyyətimizi sarsıda bilməz", - deyə H.Hacıyev vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm