Səhiyyə Nazirliyinin sabiq idarə rəisinin işi: Tenderlərdən ayrılan pulları kimlər mənimsəyib? - MƏHKƏMƏ
Bizi izləyin

Sosial

Səhiyyə Nazirliyinin sabiq idarə rəisinin işi: Tenderlərdən ayrılan pulları kimlər mənimsəyib? - MƏHKƏMƏ

Səhiyyə Nazirliyinin sabiq idarə rəisinin işi: Tenderlərdən ayrılan pulları kimlər mənimsəyib? - MƏHKƏMƏ

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrlik etdiyi prosesdə şahid qismində Sahib Qarayev ifadə verib.

O bildirib ki, Mehdi Əmrahovu bir dəfə görüb və onları Arif Şıxəliyev tanış edib.

Məhkəmədə məlum olub ki, Sahib Qarayev Baş prokuror yanında korrupsiya idarəsində əvvəlcə təqsirləndirilən şəxs qismində cəlb edilib. Amma istintaq dövründə o, ziyanı ödəyib, əlavə olaraq vurduğu ziyanın 25 faizini ödədiyi üçün barəsində olan cinayət təqibinə xitam verilib, iş üzrə şahid qismində tanınıb.

Şahid deyib ki, səhiyyə sahəsindəki 16 müəssisə tenderdə iştirak edib. Onun sözlərinə görə, şirkətinin hesabına pul köçüb, şirkətin rəhbəri Yaşar Əmənov pulu nağdlaşdıraraq ona verib: "Mən də həmin vəsaiti Arif Şıxəliyevə vermişəm. Onun pulu kimə çatdırdığını bilməmişəm. Hər götürülən məbləğin 1-3 faizi mənə çatıb".

Daha sonra Sahib Qarayevin ibtidai istintaq zamanı verdiyi ifadəsindən bir hissə elan olunub. Həmin ifadədən məlum olub ki, dövlət büdcəsindən ayrılan vəsaitlərdən 2023-2025-ci illərdə 85 min 131 manat Yaşar Əmənova, 10 min 718 manat Arif Şıxəliyevə, 16 min 991 manat xidmət haqqı kimi özünə, qalan 514 min 476 manat Mehdi Əmrahova çatıb.

Şahid ifadəsinin həmin hissəni təsdiqləyib və özü ifadə verdiyini bildirib.

Daha sonra şahid qismində Arif Şıxəliyev ifadə verib. O bildirib ki, dostu Əlimusa Musayev vasitəsilə Mehdi Şıxəliyevi tanıyıb. Onun sözlərinə görə, onun tərəfindən dövlətə dəymiş ziyanı ödəyib: "Dostum Əlimusa mənə zəng etdi və bildirdi ki, müəssisəyə yeni baş mühasib təyin olunub, bu işi bilmir. Mən də kömək etmək üçün bir qadın göndərdim. Onunla razılaşmadı, sonra başqa bir nəfər də göndərdim. İki-üç ay sonra mənə Əlimusa zəng etdi və dedi ki, tenderin təşkilini həyata keçirək, pulu əvvəlcə köçürmək, sonra nağdlaşdıraq. Mən bu işi gördüm. Sahib adlı şəxsi göndərdim. Yaşar Şıxəliyev və Sahib Qarayev hesabdan çıxarılıblar. Mənə çatan pulları Əlimusa Musayevə çatdırmışam. O da pulu Mehdi Əmrahova çatdırıb. 2023-cü ildə olan tenderlərdə alınan pullardan söhbət gedir. 2024-ci ildə olan tenderlərdən gələn pulu Mehdi Əmrahova özüm çatdırmışam".

Bu zaman pulların şahid tərəfindən Mehdi Əmrahova çatdırıması ilə bağlı fikirlərlə bağlı Mehdi Əmrahova sual verilib. Mehdi Əmrahov bu məsələyə münasibət bildirmək istəmədiyini deyib.
Sorğu-sual zamanı məlum olub ki, Arif Şıxəliyev də dövlətə vurduğu ziyanı ödədiyi, həmçinin dəymiş ziyanın 50 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyi üçün onun barəsində bəraət verici əsaslar olmadan xitam verilib.

Şahid qismində dindirilən Yaşar Əmənov bildirib ki, iş üzrə təqsirləndirilən Mehdi Əmrahovu bir dəfə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində görüb: “Sahiblə tanışlığımız var idi, mənə dedi ki, müsabiqə olacaq, iştirak edərsən. Mən də iştirak etdim, qalib gəldik. Sonra mənə dedilər ki, iş ucuza olacaq, materialları biz alacağıq, ona görə də pul nağdlaşdırılsın. Mən pulu nağdlaşdırdım, özümə çatan hissəni götürdüm, qalanı Samirə verdim. Mehdi Əmrahovu bir dəfə idarədə görmüşəm. Mənə düşən hissəni, ziyanın 50%-i dövlət nəfinə olmaqla ümumi 128 min manat pul ödəyib”.

Yaşar Əmənov bildirib ki, ittihamda adı çəkilən 16 MMC onun iştirakı ilə açılıb, hər əməliyyata görə özünə düşən məbləğdən 500-600 manat MMC kimin adına olubsa, ona ödənilib”.

Onu da qeyd edək ki, Yaşar Əmənov da ibtidai istintaq zamanı onun tərəfindən dəymiş ziyan ödənildiyi üçün onun barəsində də cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilib.

Növbəti proses oktyabrın 19-da davam edəcək.

İttihama görə, Mehdi Əmrahov 2022-2025-ci illər ərzində rəhbərlik etdiyi idarədə faktiki işə gəlməyən, lakin adları işdə gedən şəxslərin adına əmək haqqı yazıb, özündə saxladığı əmək haqları kartlarına köçürülmüş pulları nağdlaşdıraraq götürüb. Ümumilikdə 12 işçinin maaşını mənimsəməklə 155 min manatdan çox pulun ələ keçirildiyi qeyd olunub.

Daha sonra ittihamda göstərilib ki, Səhiyyə Nazirliyi ilə şirkətlər arasında bağlanmış müqavilələrə əsasən özünə müəyyən qədər vəsaitlər götürüb. O, bir qrup şəxsin vasitəsi ilə 627 min manatdan çox dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyib.

İttihama görə, ümumi ziyan 783 min manatdır.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Mehdi Əmrahovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, məhkəmənin hazırlıq iclasında onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu qərar dövlətə dəymiş 783 min manat ziyanın ödənilməsi üçün təşəbbüs göstərilməməsi ilə əlaqələndirilib.

Əmrahov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Dəymiş ziyan ödənilmədiyi halda bu cinayətə görə 10 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm