Gülçöhrə Məmmədova: “Rektor olmağım bir şansdır”
Bizi izləyin

Tabloid.az

Gülçöhrə Məmmədova: “Rektor olmağım bir şansdır”

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın Publika.az-a müsahibəsini təqdim edirik. Rektor söhbət əsnasında şəxsi həyatı ilə bağlı suallarımızı da cavablandırdı.

Arxamda daima məni başa düşən biri var...

- Bu günlər universitet həyatında məhsuldar və əlamətdar günlərdir. İlboyu çəkdiyimiz zəhmətin bəhrəsini görürük. Məzunlarımızla sağollaşırıq.

- Bu il tədris ocağınız hansı yenilikləri ilə yadda qaldı?

- Ümumiyyətlə, son illər ölkəmizin ali məktəblərində böyük işlər görülür, islahatlar gedir. Xüsüsən də, son bir ildə yeni təhsil naziri işə başlayandan sonra bu sahədə daha böyük canlanma var. Bütün bu işlərin ümumi istiqaməti bundan ibarətdir ki, təhsil müasirləşsin, keyfiyyəti yüksəlsin, məzunlarımız dünya standartlarına uyğun mütəxəssislərə çevrilsinlər. İnkişaf edən Azərbaycanın səviyyəsinə uyğun məzunlar yetişdirməliyik. Bu gün bizim hazırladığımız məzunlar sabah müasirləşmiş, inkişaf etmiş Azərbaycanın bütün sahələrində işləyib, özlərini göstərməyi bacarmalıdırlar. Eyni zamanda, məzunlarımız Avropa səviyyəsinə də uyğun hazırlanmalıdır. Ümumi istiqamət budur və biz ilboyu bu istiqamətdə fəaliyyət göstəririk. Əlbəttə, hər il qarşımıza konkret vəzifələr qoyuruq. Birdən-birə bütün məsələlərlə eyni dərəcədə uğurla məşğul olmaq çətindir. Və hər il müəyyən bir məsələni qarşımıza qoyuruq və bunun həlli istiqamətində iş görürük. Bu il də məqsədimiz, əvvəlki illərdə olduğu kimi, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşması oldu. Təhsilin yaxşılaşması nədir? Mühazirələrin məzmunu, dərslərin keyfiyyəti, laboratoriya işlərinin müasir şəkildə, yeni texnologiya ilə yerinə yetirilməsi və s. Hər il bunun üzərində mütəmadi olaraq iş gedir. Bununla yanaşı, biz imtahan sessiyalarına xüsusilə önəm veririk. Sessiyalarda gördüymüz işin nəticəsini qiymətlər formasında alırıq. Xüsusi diqqət yetiririk ki, qiymətləndirmə obyektiv olsun. Qiymətləndirmə obyektivdirsə, tələbə yalnız biliyinə görə qiymət alırsa, bu, ona gələcəkdə daha yaxşı oxumaq üçün bir stimuldur. Tələbə bilməlidir ki, onun yaxşı qiymət almasına başqa heç bir faktor təsir göstərmir. Bu da onu yaxşı oxumağa məcbur edir.

- Yəqin, mənimlə razılaşarsınız ki, imtahanlar zamanı neqativ hallar da istisna olmur?

- Təəssüf ki, təhsil sahəsi ilə bağlı belə məlumatları alırıq. Təhsil ölkənin bir hissəsidir və demək olmaz ki, təhsildə heç bir neqativ hal yoxdur. Mən bunu desəm ki, universitetimizdə tamamilə neqativ heç nə yoxdur, bəlkə, elə siz də inanmazsınız. Amma biz bununla mübarizə aparırıq.

- Necə, hansı formada?

- Biz sessiyalarımızı elə keçiririk, tələbə bilir ki, qiyməti biliyi ilə almalıdır.

- Konkret bir metodunuzu deyərdiniz…

- Deyim də, bax bizim imtahanlarımızın 99 faizi mərkəzləşdirilmiş şəkildə keçir. Əvvəllər olduğu kimi, müəllim-tələbənin üz-üzə oturub imtahan keçmə metodundan imtina etmişik. İki cür imtahan keçiririk; bir hissəsi kompüter, testlə, digər hissəsi ilə yazılı şəkildə. Tələbə gəlib öz kodunu kompüterə yerləşdirir, kompüter ona testini verir, tələbə cavablarını yazır. Kompüterdə bu təsdiqlənir və topladığı ballar bəlli olur. Artıq bu ballara heç kim müdaxilə edə bilmir. Bundan yüksək obyektivlik, yəqin ki, mümkün deyil.

- Bəs yazılı imtahanlarda obyektivliyin qorunması necə tənzimlənir?

- Tələbələr gəlib zalda hərəsi bir partada oturur. Biletlərini alıb, cavab yazırlar. Bu cavablar da kodlaşdırılır, vərəqlər ayrılıb qoyulur bir yerə. Müəllimə yalnız nömrəli cavablar verilir. Burada tələbənin kimliyi qeyd olunmur. Müəllim cavabı obyektiv olaraq qiymətləndirilir. Şifrə açılandan sonra hansı tələbənin neçə qiymət aldığı məlum olur. Bizim istifadə etdiyimiz üsullar bunlardır və kifayət qədər də yaxşı nəticələr verir.

- Bəzi ali məktəblərdə şikayət ərizələri üçün qutular qoyulur, sizdə necə?

- O qutudan biz də qoyuruq ki, kim istəyir ərizəsini yazıb atsın. Amma tələbələr belə qutuya az müraciət edirlər. Daha çox internet vasitəsi ilə - universitetin saytına, rektorun e-mailinə müraciət edirlər. Eləcə də tələbələrin öz fikirlərini bildirdikləri bəzi saytlar var ki, orda bu barədə yazırlar. Qutu artıq köhnəlmiş bir şeydir, tələbələr nadir hallarda o qutulardan istifadə edir.

- Belə demək mümkünsə, tələbələr daha cəsarətli addımlar atırlar…

- Bəli. O qutuda bir-iki kağız tapmaq olar, amma e-mail ünvanına daha çox müraciətlər gəlir. Məsələn, mənim e-mail ünvanıma gün ərzində, azı, 5-10 tələbə ərizəsi gəlir.

- Gülçöhrə xanım, o ərizələrin mahiyyəti nədən ibarət olur?

- Biri deyir, qiymətimdən narazıyam, biri yazır ki, imtahan vaxtı özümü pis hiss edirdim, buna görə balım çatmayıb, yaxud müəllim semestr balını aşağı yazıb, bunu aydınlaşdırın. Apelyasiya komissiyası var, tələbənin ərizəsini ora göndərirəm, orada araşdırılır. Tələbə haqlıdırsa, qiymətini düzəldirik. Belə praktika var ki, kompüterdə hansısa texniki səbəb üzündən tələbənin qiyməti aşağı düşübsə, ona ikinci dəfə imtahan verməyə imkan yaradırıq. Apelyasiya komissiyası hamıya "yox" demək üçün deyil, "hə" dediyimiz hallar da var, özü də kifayət qədər çoxdur.

- Şəxsən kabinetinizə gəlib, etirazını bildirən tələbələr olur? Ümumiyyətlə, tələbələrlə ünsiyyətiniz hansı səviyyədədir?

- Çox olur belə hallar. Mən tələbələrlə ünsiyyəti çox sevirəm. Çalışıram, onlarla tez-tez görüşüm. Hər il payız aylarında universitetə qəbul olunan birinci kurs tələbələrini yığıb görüş təşkil edirəm. Yeddi fakültəmiz var, yeddi dəfə akt zalında hər fakultə üçün ayrıca görüşlər təşkil edirəm. Tələbimizi deyirik, istəkləri, çətinlikləri ilə maraqlanırıq. Sonra da ilboyu tələbə fəalları ilə, əsasən də, sessiya qabağı görüşürəm. Çünki tələbə də bizimlə neqativ hallara qarşı mübarizə aparmasa, bizim mübarizəmiz uğursuz olacaq. Tələbə özü çalışmalıdır ki, yalançı qiymət almasın, müəyyən biliklərə yiyələnsin. Biz də ona başa salırıq ki, biz sənin arxandayıq və öz haqqını tələb et. Biz səni müdafiə etməyə hazırıq.

- Digər ali məktəblərlə müqayisədə universitetiniz daha çox nəylə fərqlənir?

- Əvvəla, bizim üniversitet texniki universitetdir. Texniki sahədə çalışanlar daha dəqiq, praqmatik, konkret olur, düşüncə tərzi fərqlənir. Bizim universitetin digər universitetlərdən müsbət fərqi bundan ibarətdir ki, əvvəla, biz sağlam mühitin formalaşmasına daha çox diqqət yetiririk. Tələbələrin saytlara verdikləri yazıları analiz edərək deyə bilərik ki, görünür, bu yolda müəyyən nailiyyətlər qazanmışıq. Daha sonra, çalışırıq ki, təhsilimizi müəyyən qədər müasirləşdirək. Bura elektron kitabxananın yaradılması, elektron mühazirələrin keçilməsi, universitetin idarəetməsinin elektron sistemə keçirilməsi daxildir. Son illər bu sahəyə böyük önəm verib, böyük qüvvə sərf etmişik. Bu gün ölkəmizdə, bəlkə də, birincilər sırasında elektron kataloq və elektron kitabxana yaratmışıq.

- Müasirləşmədən danışdıq, maraqlıdır, beynəlxalq təhsil ocaqları ilə əlaqələriniz hansı səviyyədədir?

- Bizim universitetin bu gün çox böyük beynəlxalq əlaqələri var. Biz bir sıra beynəlxalq birliklərin üzvüyük. Bundan əlavə, universitetin üç Tempus, iki Erasmus mundus layihəsi var. Bu, bizə imkan verir ki, xarici tərəfdaşların köməkliyi ilə təhsilimizin keyfiyyətini yaxşılaşdıraq. Bu Tempus layihələrində italyan, ispan, Baltikyanı, eyni zamanda, Azərbaycan universitetləri bizimlə iştirak edir. Tələbə-müəllim mübadiləsini də həyata keçiririk. Tələbələrimiz gedib xarici ölkələrdə dərs öyrənir, müəllimlərimiz dərs keçir, yaxud da əcnəbi müəllimlər və tələbələr universitetimizə gəlirlər. Bu əlaqələrin nəticəsidir ki, artıq tələbələrimiz xarici ölkələrə praktikaya da gedirlər.

- Söz yox ki, problemlər də olmamış deyil…

- Texniki profilli universitetə qəbul olunmaq asandır, amma oxumaq çox çətin. Təəssüf ki, universitetə yüksək balla qəbula nail ola bilmirik. Buna görə də bu, sonradan təhsildə problem yaradır...

- Masanın üzərində nəfis tərtibatlı kitablar görürəm…

- Memarlıq fakültəsinin müəllimləri tərəfindən yazılan "Azərbaycan memarlığının tarixi" adlı beşcildlik kitabdır. Hörmətli prezidentimizin maliyyə dəstəyi ilə çap olunub. Beş cildin hər biri Azərbaycan, rus və ingilis dilində çap olunub. Bu kitablar son bir ildə universitetimizin kollektivinin elmi fəaliyyətinin bir göstəricisidir.

- Uzun illərdir bu qocaman təhsil ocağına rəhbərlik edirsniz. Özünüzü bu təhsil ocağından ayrı təsəvvür edirsinizmi?

- Qətiyyən. 18 yaşımdan bu universitetə qəbul olunmuşam, bu günə qədər də bu təhsil ocağından çıxmamışam. Yəqin ki, ömrümün sonuna qədər də çıxmayacağam. Bura mənim həyatım, ailəm, dostlarım, tanışlarım, bir sözlə, həyatımın mənasıdır.

- Vaxtilə tələbə yoldaşı olduğunuz insanlar varmı, hansı ki indi onunla bu təhsil ocağında çiyin-çiyinə çalışırsınız?

- Bəli, elə üç prorektorumuz vaxtilə mənimlə eyni dövrdə təhsil alan insanlardır.

- Çox sərt görünürsünüz, iş prosesində belə olursunuz, yoxsa elə təbiətən beləsiniz? Bəlkə, bu sərtliyin arxasında bir mülayimlik dayanır?

- Yox, mən özümü mülayim adlandıra bilmərəm, doğrudan da, mənim xasiyyətim ciddidir. Evdə də ciddiyəm, işdə də. Əvvəla, görünür, təbiətim belədir, həm də rəhbər işdə işləməklə mülayim olmaq mümkün deyil. Rəhbər işdə işləyən adam gərək ciddi, tələbkar ola - həm özünə, həm ətrafdakılara qarşı. Amma ilk növbədə özünə qarşı ciddi, tələbkar olmalıdır ki, ətrafdakılardan nəyisə tələb etməyə haqqı çatsın. Əgər insan özü ailə həyatında bir, işdə başqa cürdürsə - bu, yaxşı nəticə vermir. Adam gərək xaraktercə bütöv olsun.

- Geyimləriniz də, deyəsən, xarakterinizi tamamlayır, həmişə klassik geyimlərdə olursunuz.

- Mütləq. Burada çalışan müəllimələrin hamısı elə bu üslubda geyinir. Burda çalışan insan geyiminə fikir verməlidir. Universitetdə məhz belə geyimdə olmaq lazımdır: təmiz, sadə, klassik.

- Qarderobunuzda idman üslubunda, yaxud bir dekolte varmı?

- İdman üslubda geyimlər var, bunlar bağ və istirahət üçündür. Gecə geyimlərinə gəlincə, orada da imicimi saxlamağa çalışıram. Çalışmıram, sadəcə, mənim təbiətim başqa geyimlər qəbul etmir. Buna görə axşam geyimlərim də kifayət qədər ciddidir. Çalışıram onlar eleqant olsun, amma ciddilikdən kənara çıxmasın.

- Həm də brend olsun?

- Olsa, yaxşı olar… (gülür)

- Geyimə çox pul xərcləyirsiniz?

- Vallah, nə deyim, nə deyim…

- Yaxşı, onda sualı belə qoyum, daha çox nəyə pul xərcləməyi xoşlayırsınız?

- Harasa getmək, gəzmək, səyahət etməyi xoşlayıram. Memar gərək dünyanı görə. Hesab edirəm ki, insan daha çox buna pul xərcləməlidir.

- Uğur düsturunuzu bilmək maraqlı olardı...

- Zəhmət, zəhmət və məqsədyönlü fəaliyyət.

- Depressiyaya düşürsünüzmü?

- Çox tez-tez.

- Necə çıxırsınız?

- Orqanizm özü-özünü müalicə edir. Depressiyadan sonra yeni bir ruh və enerji yaranır, başlayırsan işləməyə. Təəssüf ki, həyatımız depressiv halları tez-tez yaradır, amma mən çalışıram bu haldan tez çıxım.

- Ürəyiniz dolanda, hara çəkilmək istəyirsiniz? Məsələn, dəniz kənarına?

- Yox, dənizi sevmirəm. Mənim doğulduğum yer yaşıllıq, dağlar, dərələr olan bir yerdir, mən o yerləri sevirəm. Özümü dağlarda, yaşıllıqlar olan yerdə gözəl hiss edirəm. Təbiətdə olanda bütün mənəvi yaralarını, yox, yaralar çox sərt səsləndi, yüngül ifadə etsəm, mənəvi narahatlıqlarını sağaldır.

- Mən yüzdə yüz əminəm ki, heç vaxt göz yaşlarınızı kiməsə göstərməmisiniz…

- Yox, niyə ki, olur…

- Sonuncu dəfə nə vaxt ağlamısınız?

- Siz, yəqin, demək istəyirsiniz ki, həyatda mənə qarşı hansısa hərəkətlərə qarşı göz yaşı göstərmərəm, bu, doğrudur. Amma doğmaları itirmək kimi ağır bir şey var. O doğmalarla bağlı düşüncələrə dalmaq var. Belə məqamlarda göz yaşı tökmək olur.

- Gücünüz nədədir?

- Bir şəxsiyyət kimi gücüm iradə və biliklərimdədir. Amma gücüm ondadır ki, ətrafımdakılar - ailəm, dostlarım, həmkarlarım məni başa düşür, bu, mənə güc verir. Çünki insan tək heç nə edə bilməz. Nə qədər də güclü olsa.

- Hər kişinin arxasında güclü bir xanım dayanır deyirlər. Bəs sizin kimi güclü xanımın arxasında varmı güclü birisi?

- Mənim arxamda məni başa düşən, məni olduğum kimi qəbul edən, mənə heç zaman mane olmayan insan dayanır. Lazım olanda öz sakitliyi, təmkiniyi, sabitliyi ilə mənə kömək olan bir insan.

- Evdə də belə sərtsiniz?

- Bəzən olur.

- Güzəştə gedirsiniz?

- Əlbəttə, həyat güzəştlərdən ibarətdir.

- Hər zaman səmimi olmaq mümkün deyil. Bəzən qeyri-səmimi olmaq məcburiyyətində qalırıq. Sizdə olur belə hallar?

- Əlbəttə, olur. Rəsmi davranış, rəsmi söhbət zamanı rəsmiyyəti qorumaq lazımdır. Düşünmürəm ki, insan bütün situasiyalarda qəlbini açıb ortalıqda qoymalıdır. Bu, ən azı, başqa insanları yükləmək deməkdir.

- Baryer saxlayırsınız insanlarla?

- Bəli.

- Kinli insansız?

- Yox, yadımdan çıxır. Yaddan çıxarmağa da çalışıram, çünki belə şeylər insanın özünə daha çox əziyyət verir, nəinki başqalarına.

- Bir xanım kimi hansı özəllikləriniz var ki, öyünə bilərsniz?

- Mən zəhmətkeş qadınam. Qadın kimi hər şeyi bacarıram; yemək bişirməyi, paltar tikməyi, toxumağı da. Evdarlığı bacarıram.

- Harda daha xoşbəxtsiniz: evdə, yoxsa işdə?

- Hər ikisində. İnsanın xoşbəxtliyi ondadır ki, həm evdə, həm də işdə özünü xoşbəxt hiss eləsin.

- Adam var bəxti üzdədir, uğura şanslı olduğu üçün çatır. Adam da var min bir əziyyətlə nəyəsə nail olur?

- Mən ailədə də belə tərbiyə almışam ki, insan hər şeyi zəhmətlə qazanmalıdır. Oxumağımda, elmi işləri yazmağımda, professor-doktor adı almağımda zəhmətimə arxalanmışam. Lakin insanın şansı da olmalıdır. Mənim ulu öndər Heydər Əliyev tərəfindən rektor təyin olunmağım bir şansdır. Bunu inkar etmək olmaz...

- Hansı musiqi janrlarını sevirsiniz: caz, rok, pop?

- Azərbaycan musiqini sevirəm. Tofiq Quliyevin musiqilərini çox sevirəm və yaşlandıqca daha çox klassik musiqiləri dinləyirəm.

- Bəs müasir estradadan kimin ifasını dinləyirsiniz?

- Deyim ki, məxsusi hansısa müğənnini dinləyirəm, yoxdur. Yaxşı mahnılarımız, ifaçılarımız var, dinləyirəm. Ümumiyyətlə, musiqini çox sevirəm.

- Seriallara baxırsınız?

- Yox.

- Səviyyəsi sizi qane etmir, yoxsa?

- Buna vaxt çatmır, həm də bağlılıq mənə xoş gəlmir. Bəzən baxırsan ki, bir insanın bütün işi serialın vaxtına bağlıdır. Hər şeydən arılıb, yalnız seriala köklənir. Buna görə də heç vaxt seriala baxmamışam, baxmıram da. Buna heç vaxtım da yoxdur.

- Hansı xasiyyətinizi silib atardınız?

- Siz dediniz e, sərtlik. Bəzən fikirlərimi çox kəskin şəkildə bildirirəm, bunu özüm üçün pis xüsusiyyət hesab edirəm. Həmişə çalışıram davranışımda olan bu kəskinliklə mübarizə aparım.

- Bu, sizə mane olur?

- Mane olmur, sadəcə, düşünürəm ki, bu olmamalıdır. Mədəni, ziyalı insan sivil qayda öz fikirlərini ortaya qoymalıdır və ümumiyyətlə, emosiyalara qapılmaq olmaz.

Cəvahir Səlimqızı

Foto:Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm