Ofeliya Sənani: “Televiziyaların hamısından küsmüşəm” – MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

Ofeliya Sənani: “Televiziyaların hamısından küsmüşəm” – MÜSAHİBƏ

Bu gün Bakı Televiziya Studiyasının ilk dəfə efirə çıxmasından 59 il ötür. 1956-cı ilin məhz bu günündə ekranda mərhum sənətkarımız, tanınmış aktrisa Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsilə başlayıb, ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

14 fevral Azərbaycanın televiziya işçilərinin, xüsusilə həyatını televiziyaya həsr etmiş şəxslə üçün xüsusi önəm kəsb edir. Belə bir gündə əfsanəvi diktorlarımızdan olan

Ofeliya Sənani Publika.az-ın suallarını cavablandırıb.

- Ofeliya xanım, televiziyaya gəlişiniz barədə dəfələrlə danışmışınız. Ancaq istərdim ki, o günləri bir daha xatırlayaq.

- 1959-cu ildə radioya gəlmişəm. Bundan 15 il sonra – 1974-cü ildə televiziyaya keçmişəm. Daha doğrusu, özləri keçiriblər. Etiraf edim ki, heç vaxt televiziya işini sevməmişəm. Çünki radioda adam elə bil ki alim olur – radio adama çox gözəl bilik verir. Radioda hansı mövzuda, hansı janrda desən, söhbət var idi. Diktor olanda adam həm redaktor, həm aparıcı, həm rejissor olur.. Amma indiki radiolar nə edir? Küçədən keçənə, ona-buna, sürücüyə suallar verir. Düzdür, indiki zamanda sürücülük də böyük işdir. Özüm maşın sürüb görmüşəm. Demək istədiyim odur ki, maarifləndirici heç nə yoxdur.

- Bəs televiziyalarda durum necədir?

- Televiziyada da xoşuma gələn heç nə yoxdur. Bir verilişə dörd-beş müğənni dəvət edirlər, hərəsinə də yarım saat vaxt verirlər. Elə bil “təki veriliş açım, məni də görsünlər” prinsipiylə işləyirlər. Məsələn, Elgiz Əkbər ağıllı oğlandır, ürəyiyumşaqdır, insan adamdır. Amma onun verilişi özünə yaraşmır. Küçədən keçən gedib haradasa qarnına uşaq qoyub gəlir, deyir ki, evim-eşiyim yoxdur, mənə kömək edin.

- Düşünürsünüz ki, belə məsələləri efirə çıxarmaq olmaz?

- Bəli, tamamilə yanlışdır. Bilirsiniz, bu millətimizə, namusumuza necə ləkədir?! Evdə uşaqlarımız böyüyür e. Bütün günün düşünürəm ki, ay Allah, bunların axırı necə olacaq? Hərdən AZTV-də, İTV-də intellektual verilişlərə baxıram. Tarixdən, ədəbiyyatdan suallar verirlər. Belə verilişlər çox olsa, nə var ki? Elə verilişlərə baxanda az-çox təskinlik tapıram.

- AZTV-yə gedib-gəlirsiniz?

- Yox, yox heç yerə getmirəm, hamısından da küsmüşəm.

- Niyə?

- Elə bu narahatlıqlara, özbaşınalıqlara görə heç yerə getmək istəmirəm. Vurğunu düzgün vura bilməyənlər xəbər oxuyur. “Solovyov” adi rus soyadıdır, bu sözün vurğusunu düzgün deyə bilmirlər. Məsələn, xəbər oxuyur ki, ermənilər atəşkəsi 47 dəfə pozublar, düşmən cavab atəşi ilə susdurulub. Bu iki cümlədə neçə dəfə səhvə yol verirlər, qışqıra-qışqıra xəbər oxuyurlar.

- Bəyəndiyiniz xəbər aparıcıları varmı?

- AZTV-də yaxşı xəbər aparıcıları var.

- Kimlərdir?

- Adlarını bilmirəm. Ümumiyyətlə, son zamanlar adlar yadımda qalmır. İctimai Televiziyada Saleh Bağırov xoşuma gəlir. Aktyor Sadıx Salehin nəvəsidir. Onun babası Akademik Milli Dram Teatrının aktyoru olub. Çox ağıllı, dərrakəli, mədəni, namuslu uşaqdır. Elgiz Əkbər də xoşuma gəlir. İnsanlara canı yanır, hiss olunur ki, qanunları da bilir. Bəzi məqamlarda vəkillər kimi sual verməyi də bacarır. Amma qarnında doqquz aylıq uşaq olan qadının gəlib cavan oğlanın qabağında durması doğru deyil. Bu millətə çox böyük təhqirdir. Bəlkə də, mən geridə qalmışam.

- Televiziyamız hara gedir?

- Uçuruma gedirik. Aparıcılar üçün bilirsiniz nə lazımdır? Kimsə müəllimlik etsin, söhbət etməyi bacarsınlar. Bunlar xəbər oxunuşunda, xüsusən mühüm xəbərlərdə qışqırırlar. Bunlar elə bilir ki, qışqırmaq lazımdır. Onsuz da fikrini pıçıltıyla da desən, mikrofon səni qəbul edir də. Söhbət elə də, qışqırma. Əsgərimiz şəhid olanda o xəbəri yana-yana oxumaq lazımdır, qışqıra-qışqıra yox.

- Keçmiş iş yoldaşlarınızla görüşürsünüz?

- Hərdənbir görüşük. Adətən, xoş günlərimizdə, yaxud da Allah eləməsin, ağır anlarımızda bir-birimizin yanında oluruq. Bu yaxınlarda Şərqiyyə Hüseynovanın qızı rəhmətə getdi. Biz bir gün də onu tək qoymadıq. Qırx gün onun yanında olduq. İndi də çalışırıq ki, həftədə bir dəfə birimiz evimizə aparaq, söhbətləşək, dərdləşək.

- Daha çox hansı həmkarlarınızla bir yerə yığışırsınız?

- Roza Tağıyeva, mən, Şərqiyyə Hüseynova... Yığışıb keçmişimizdən, nostalji hisslərdən danışırıq. Uzaqdan-uzağa da olsa, bir-birimizdən xəbər tutmağımız var. Roza xanım hazırda ziyarətdədir, ancaq hansı ziyarət olduğunu dəqiq bilmirəm. İnşallah, qayıdandan sonra hamımız bir yerdə Məşhədə gedəcəyik.

- Nə vaxt?

- Yəqin ki, havalar bir az isinəndən sonra, vaxtını dəqiq bilmirəm. Səhhətimdə bir az problemlər var. Ürəyim mikroinfarkta yaxın formada zədələnib. Yoldaşımdan sonra böyük stress keçirdim, özümü pis hiss edirəm. Heç oğlumun, qızımın evinə getmirəm, onlar bizə gəlirlər. Evdən bayıra çıxmıram, özümə qapanmışam. Səhərdən axşama kimi televizora baxıram. Evdə üç televizor var. Hərəsi də bir kanalda olur. Qəzet-jurnal oxuyub başımı qatıram. Axşam 11-də isə Türkiyənin, ardınca Rusiyanın xəbərlərinə baxıram. Bu gün (dünən – red.) saat üçə qədər ORT-yə baxmışam. Donetsk, Luqansk məsələlərinə görə çox əsəbiləşmişəm. Görün dünyada nə qədər haqsızlıqlar var. Belə də haqsızlıq olar? Nəsə, siyasətdən danışmaq istəmirəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm