Məcidi: “ABŞ Talibanla bağlı filmimi nümayiş etdirmək istəmədi”
Bizi izləyin

Bu kino ki, var...

Məcidi: “ABŞ Talibanla bağlı filmimi nümayiş etdirmək istəmədi”

Publika.az "Bu kino ki var" layihəsində bu dəfə sizə İran rejissoru Məcid Məcidinin müsahibəsini təqdim edir. Beynəlxalq səviyyəli rejissor Məcid Məcidi "Səmanın uşaqları", "Allahın rəngi" kimi dünya kinosunun şedevri sayılan filmləri çəkib.

- Siz 1979-cu ildə İslam İnqilabından sonra peşəkar aktyor kimi fəaliyyətə başlamısınız. Ümumiyyətlə, nə zamansa kinoda işləyəcəyiniz haqda düşünmüşdünüzmü?

- Mən teatr institutunda oxumuşam və dostlarımla kino haqda çox düşünmüşük. İnqilabdan sonra isə özümü kinoda sınamaq üçün əsl məqam yetişdiyini hiss etdim. Əvvəllər isə İranda kino industriyası mafioz struktura oxşayırdı. Lakin inqilabdan sonra gənclər bu peşəyə üz tutmağa başladılar. Bir neçə məsləkdaşımla yaradıcılıqla məşğul olan qrup yaratmışdıq.

Məsələn, aramızda xaricdə də tanınan rejissor Mohsen Mahmalbaf da var idi. Hər şey sadəcə kinoya olan maraqdan başladı: biz kino istehsalı haqda heç nə bilmirdik, sadəcə, birlikdə filmləri izləyərdik, kitablarımızı bölüşərdik, qısametrajlı filmlər çəkməyə başlayardıq. Biz öz aramızda rolları bölüşdürmüşdük. Teatr təhsilimə görə aktyorluq etməyim qərara alındı. Lakin mən aktyor qismində çıxış etmək istəmirdim. Başqalarının əmrlərinə tabe olub onların dediyini etməkdənsə, daha çox ekranlarda öz daxili aləmimi nümayiş etdirmək istəyirdim. Ona görə də aktyorluğu rejissorluğa gedən yol kimi qəbul edirdim.

- İlk filminizi çəkməkdə sizə nə təkan verdi?

- İnqilaba qədər İran filmi xəstə idi: səthi mövzular, mənasız filmlər... İran kinosu daha çox Hindistanın əyləncə filmlərinə bənzəyirdi. Dostlarımla birgə tezliklə İran filmlərini "müalicə etməyin" vacibliyini anlayırdım. Və öz tammetrajlı filmimi çəkməyə qərar verdim.

- Sizin və digər İran rejissorlarının filmlərində tez-tez qeyri-peşəkar aktyorlar çəkilir. Bu nə ilə bağlıdır?

- Mən bu ardıcıllığı xoşlayıram: aktyorları hazırlamaq, çəkmək, montaj etmək və ekranlara buraxmaq. Qeyri-peşəkarlar çəkilişi yenidən həyata keçirtmək üçün oynanılmış səhnələrə qayıda bilmir, bu isə mənim xoşuma gəlir. Mənim qeyri-peşəkarlarla bağlı öz iş üsulum var. Məsələn, "Yağış" filminə görə tikinti işçiləri obrazına girmək üçün aktyor yarım ay tikintidə işləməli idi.

Bəzən mən ssenarini son anadək aktyorlara göstərmirəm. Bunu ona görə edirəm ki, improvizə üçün daha çox imkanları olsun və filmin obyektiv reallığı aktyorun şəxsiyyəti ilə uzlaşsın. Ancaq filmdə qeyri-peşəkarın oynaması məni onu izləməkdən məhrum edə bilməz. Peşəkarlıq əsasən kadrarxası səhnələrdə olmalıdır və mən kadr arxasında əsl ustalarla çalışıram. Məsələn, mənim "Yağış" və "Allahın rəngi" filmləri xaricdə təkcə rejissor işinə görə yox, həmçinin də, operator işinə görə də mükafatlara layiq görüldü.

- Sizin filmləriniz uşaqlıq mövzularını əhatə edir. Bu, hansısa şəxsi hisslərlə bağlıdır?

- Uşaqlıq insanın şəxsiyyətini müəyyən edən dövrdür. Mən özüm kasıb ailədənəm və mənim o dövr üçün nostalji xatirələrim var. Filmdəki qəhrəmanlarımın yaşında eynilə problemləri yaşamışam. Məsələn, "Səmanın uşaqları" filmi tamamilə mənim xatirələrim əsasında çəkilib. Film uşaqlıqda qaçdığım küçələrdə çəkilib. Bundan əlavə, teatr institutunda mən uşaq teatrı sahəsində ixtisaslaşmışam. Ona görə də uşaq psixologiyasına yaxşı yiyələnmişəm. Hesab edirəm ki, uşaqların dünyası böyüklərlə müqayisədə daha təmizdir. Uşaqlardan istifadə etməklə mən böyüklərə hər hansı bir vacib məqamları çatdırmağa çalışıram.

- Sovet dövründə ən yaxşı uşaq filmləri 1960-70-ci illərdə çəkilməyə başlandı. Bir çox məşhur sovet rejissorları senzuradan boyun qaçırmaq üçün uşaq filmlərindən istifadə edirdi. Bu situasiyanı İranla müqayisə etmək olarmı?

- İndi İranda ildə 70-dən 90-a kimi tammetrajlı film çəkilir. Çəkilən filmlərdən 10 faizi uşaqlar haqdadır. Elə bu filmlər də çox vaxt müxtəlif festivallarda nümayiş olunmaq üçün xaricə göndərilir. Əlbəttə, İranda senzura var, lakin bu, əsas faktor sayılmır. İranda Uşaq və Gənclərin Kino Mərkəzi Cəmiyyəti fəaliyyət göstərir. Orada yüksək səviyyəli peşəkarlar çalışır. Onlardan biri də Abbas Kiarostamidir.

- Qərb festivallarına daha çox dram janrlı İran filmləri düşür. Bəs İranda əyləncəli, məsələn, komediya, detektiv, triller kimi janrlara münasibət necədir?

- Mən deyərdim ki, İranda filmlər 3 kateqoriyaya bölünür. Birincisi – pul üçün çəkilən əyləncəli filmlər. Bu filmlərdə Qərb kinosunda yer alan janrlardan istifadə olunur. İkinci dövlət tərəfindən maliyyələşdirilən sifarişli filmlər. Və üçüncüsü "sərbəst kino" dediyim müəllif filmləri. Onu ssenarini özü yazan, rejissorluğu özü edən və pulu da özü tapan insanlar çəkir.

Mən dəfələrlə mədəniyyət xadimlərinə bildirmişəm ki, xaricdə beynəlxalq filmlərdə digər janrlı filmlər də nümayiş olunsun. Lakin onlar hər il festivallara oxşar filmlər göndərirlər. Buna görə də Qərb tamaşaçısının təhtəlşüurunda bu dəfə də İran filminin nədən ibarət olacağı haqda təəssürat yaranır.

Son zamanlar düşünürəm ki, festivallar İran kinosuna ziyan verir. Elə filmlər çəkilir ki, hadisələrin hansı ölkədə baş verdiyi məlum olmur, orada İran məişəti göstərilmir. Elə də olur ki, rejissor filmi çəkir, xaricdə göstərdikdən sonra bir daha film çəkməyəcəyini bəyan edir: onun daha deməyə sözü qalmır.

- İran ictimaiyyətini kinoteatra cəlb etmək üçün nə etmək lazımdır? Afişada nə yazılmalıdır ki, tamaşaçı kinoya getsin?

- Bilmirəm. Mənim prinsipim belədir: rejissor çəkdiyinə inanmalıdır. Rejissor səmimidirsə, o, tamaşaçı tapacaq.

- Son zamanlar İran rejissorları Əfqanıstan və ya İranda yaşayan əfqan qaçqınları haqda filmlər çəkir. Belə bir fikir var ki, onlar Əfqanıstanda İran sabitliyində olmayan çətinlikləri nümayiş etdirmək istəyirlər. Bu fikirlə razısınız?

- Əfqanlar İranda, artıq 30 ildir ki, yaşayır. Qeyri-rəsmi məlumatlara görə, onların sayı 3 milyondur. Onlar bizim qonşularımız filmlərimizdə və qəhrəmanlarımız olub. 11 sentyabr hadisəsindən sonra Əfqanıstan rejissorların diqqətini daha çox çəkdi. Başqa sözlə desək, əfqanlar haqda film çəkmək bizim borcumuzdur: nə qədər ki, əfqanların güzəranını nümayiş etdirən öz filmləri mövcud deyil, biz onların problemlərini çəkib dünyaya göstərməliyik.

Mən özüm Taliban rejiminin süqutu haqda sənədli film çəkmişəm. Biz çəkiliş zamanı Herat şəhərində amerikalıların bombardmanına düşdük. Bu, mənim həyatımın ən təsirli anı idi: nə qədər günahsız insan ölümə düçar oldu! Yeri gəlmişkən, qeyd edim ki, filmlərimin ABŞ-da nümayiş olunması üçün Amerikanın "Miramax" şirkəti ilə müqavilə imzalanıb. Lakin şirkət mənim bu sənədli filmimi nümayiş etdirməkdən imtina edib.

Əfqanıstan mövzusuna qayıdaraq onu da qeyd edim ki, İranda Əfqanıstan haqda film çəkmək artıq dəb halını alıb. İndi isə bu hadisə İraqla baş verir. Bir çox İran rejissorları film çəkmək üçün İraqa üz tutur. Məsələn, Bəhmən Qubadi artıq üçüncü dəfədir ki, İraq haqda film çəkir. Ona görə mən istəmirəm desinlər ki, mən şöhrət qazanmaq üçün İraq və ya Əfqanıstan haqda film çəkirəm. Mən Əfqanıstanda həyat səviyyəsi normaya düşdükdə və ora haqda filmlər dəbdən düşəndə bu barədə çəkəcəyəm.

- Sizin iki filminiz adında "Allah" kəlməsi işlədilib. Bu nə ilə əlaqədardır?

- Bəli, mənim "Allah gələcək" və "Allahın rəngi" adlı iki filmim var. Filmdəki personajların taleyini nümayiş etdirməklə Allah haqda danışıram. Filmin adı isə oradakı olan təsvirlərə açardır, sanki, pasportdur. Bundan əlavə, kinonun adı tamaşaçıda maraq yaradır.

- Nəyə görə sizin personajlarınız daha çox sosial rifahı aşağı olan kasıb insanlardır? Bu seçim nə ilə əlaqədardır?

- Çünki o kasıblardan biri də mən olmuşam. Kasıb ailədə böyümüşəm. Kasıbın gün-güzaranı mənə çox aydındır. Cəmiyyətin ən aşağı təbəqəsinin dramatik tarixçəsi çoxuna maraqlı gəlir. Bilirəm ki, kasıbçılıq cəlbedici deyil, çoxlarını qorxudur. Lakin insan ən çətin vaxtlarında belə öz ləyaqətini qoruyub saxlaya bilir. Məhz bunu da mən kino vasitəsilə tamaşaçılara göstərmək istəyirəm. Pul axı həyatda əsas amil deyil. Mənim filmlərimdə olan kasıblar əliaçıq və mehribandırlar. Məsələn, "Səmanın uşaqları" filmindəki uşaqlar öz kasıblığından utanmırlar. Mən onları alçaltmıram. Əksinə, mənim qəhrəmanlarım kasıb olmaqla yanaşı, qürurludurlar.

- Kiminlə işləmək daha çətindir? Sadəqəlbli uşaqla, ya peşəkar aktyorla?

- Diplom alan aktyorla. Peşəkarlardan istənilən nəticəni çox zaman almaq olmur. Onların diplomuna vurulan möhür onları yaxşı oynamağa qoymur.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm