OPEC qərar verdi, FED gün sayır, dünya isə... - "HESABAT"
Bizi izləyin

Hesabat

OPEC qərar verdi, FED gün sayır, dünya isə... - "HESABAT"

Yola saldığımız həftənin gündəmini Əlcəzairdə Beynəlxalq Energetika Forumu çərçivəsində OPEC üzvü olan ölkələrin qeyri-rəsmi müzakirələri zəbt etdi.

Yola saldığımız həftənin gündəmini Əlcəzairdə Beynəlxalq Energetika Forumu çərçivəsində OPEC üzvü olan ölkələrin qeyri-rəsmi müzakirələri zəbt etdi.

OPEC üzvləri gözləntilərin əksinə hasilatın bu ilin noyabr ayından etibarən gündəlik 32,5 azaldılmasına qərar verdilər. Təşkilat üzvlərinin gəldiyi razılığa əsasən, hasilatı hər bir ölkə azaldacaq. OPEC-in Əlcəzair sammitinin rəhbəri Məhəmməd ben Saleh Əs-Sədanın sözlərinə görə, OPEC üzvlərinin hər birinin fərdi qaydada hasilat kvotasını təşkilatın daxilində yaradılacaq xüsusi komissiya müəyyənləşdirəcək. Bununla belə, artıq məlumdur ki, hasilatda ən çox azalma Səudiyyə Ərəbistanın payına düşür. Bu ölkə gündəlik hasilatı 442 min barel azaldacaq. İraq 135 min, Birləşmiş Ərəb Əmirlikləri 155 min barel azalmaya gedəcək. Liviya və Nigeriyanın isə neft hasilatının məhdudlaşdırılması gözlənilmir.

Bildirək ki, müzakirələrdən əvvəl Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloxio del Pino hasilatın azaldılması və yaxud dondurulması istiqamətində hər hansı razılığa gəlinməyəcəyi şəraitində dünya bazarında neftin 20 dollardan da aşağı düşəcəyini açıqlamışdı.

Bu arada, İran neft hasilatını dondurmayacaq. OPEC-ə üzv dövlətlərin qeyri-rəsmi görüşünün yekunlarını şərh edən İranın neft naziri Bican Namdar Zənqane deyib ki, yekun təklifin təşkilatın noyabrda keçiriləcək toplantısında səsləndirəcək. Analitiklər OPEC-in vədinə sahib çıxmayacağını ürəli sürür. “Credit Suisse” gündəlik neft hasilatının 700-800 min barel azaltmaq yönündə razılaşmanın reallaşacağına şübhə etdiyini açıqlayıb. Analitiklərin fikrincə, hasilat razılaşmasının həyata keçəcəyinə zəmanət yoxdur. “Commerzbank” analitikləri də bildiriblər ki, OPEC üçün hədəfə sadiq qalmamaq çox asandır.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) ilin sonuna doğru faizləri artırıb-artırmayacağı da mübahisəli məsələ olaraq qaldı. Faiz mövzusunda ikiyə ayrılan FED üzvülərinə Jannet Yellenin cavabı gecikmədi. Yellen sentyabrın 28-də ABŞ-ın Təmsilçilər Palatası Maliyyə xidmətləri Komitəsinin iclasındakı çıxışında ilin sonunda uçot dərəcəsini artırmaq üçün ölkə iqtisadiyyatının hazır olduğunu bildirdi: “Əmək bazarı 2016-cı ildə orta hesabla aylıq 180 min yeni iş yeri yaradıb. Bu sürət uzun müddət davam edə bilməyəcək”. İqtisadiyyatın lazım olandan çox inkişaf etdiyini vurğulayan FED sədri deyib ki, bunun qarşısını almaq üçün ilin sonunda uçot dərəcəsinin artırılması zərurəti var. O, digər FED üzvlərinin də faizləri artırmaq fikrini müdafiə etdiyini xatırladıb. FED sədrinin sözlərindən bəlli olub ki, ölkə iqtisadiyyatı ilin sonunda faizlərin artırılmasına hazırdır.

Rusiyada 2018-ci ildən ərzaq yardımı ilə bağlı müvafiq kart sistemi tətbiq oluna bilər. Sənaye və ticarət nazirinin müavini Viktor Yevtuxov deyib ki, sistemin tətbiqinin real başlama tarixi bəlli deyil: “Lakin bu, 2017-ci ildə olmayacaq. Çünki, bununla bağlı büdcədən vəsait ayrılmayıb. Əgər alınsa, yəni pilot layihə dəstəklənsə və ona tələbat olarsa, 2018-ci ildə sistemi tətbiq etmək olar. Ancaq bu da dəqiq tarix deyil”.

Xatırladaq ki, ərzaq kartları ilə bağlı sistemin işə başlaması istiqamətində qərar Sənaye və Ticarət Nazirliyi tərəfindən 2015-ci ilin fevralında verilib. Bu layihə qida keyfiyyəti artırılması nəzərdə tutulan şəxslərə kömək məqsədi ilə reallaşdırılacaq. Analoji proqram ABŞ-da 50 ildir həyata keçirilir. Orada hər bir ehtiyacı olan insana xüsusi talonlar (Food Stamp) vasitəsilə aylıq 130 dollar məbləğində yardım edilir.

Neft nəhəngi Səudiyyə Ərəbistanı "üzən məzənnə"yə keçir. Treyderlərin Səudiyyə Ərəbistanının milli valyutasını - rialı devalvasiya edəcəyi ilə bağlı gözləntiləri rekord həddə çatıb. Rialın uzunmüddətli məzənnəsi ilə bağlı kontraktlar onun "üzən məzənnə"yə keçəcəyini göstərir. Əslində ölkənin maliyyə göstəriciləri də bunu deməyə əsas verir. Qeyd edək ki, 2016-cı ildə S.Ərəbistanının büdcə kəsiri ÜDM-in 14%-nə və ya 90 mlrd. dollara çatıb. Treyderlər çoxdan hökumətin "üzən məzənnə"yə keçməsini gözləsələr də, hökumət külli miqdarda vəsait xərcləyərək rialın məzənnəsini qoruyub saxlayır. Belə ki, son 24 ayda ölkənin valyuta ehtiyatları 185 mlrd. dollar və ya 25% azalaraq 555 mlrd. dollara kimi geriləyib. Fond birjası indeksi isə son iki gündə 10% dəyərini itirib.

Nəzərə çatdıraq ki, son günlərdə Səudiyyə Ərəbistanı ilə ABŞ arasında münasibətlər gərginləşib. ABŞ Konqresi prezidentin vetosuna baxmayaraq 11 sentyabr teraktlarında həlak olanların ailələrinin S.Ərəbistanına qarşı iddia qaldırmasına icazə verib. Səudiyyə isə öz növbəsində əllərində olan ABŞ qiymətli kağızlarını satacaqlarını bildirib. Əgər kompensasiya iddiası qaldırılarsa, bu, ölkənin aktivləri və valyuta ehtiyatlarının dondurulması ilə nəticələnə bilər. İddialar səbəbindən həmçinin S.Ərəbistanı büdcə kəsirini örtmək üçün avrobond yerləşdirə bilməz. Bu da S.Ərəbistanının onsuz da çətin olan maliyyə vəziyyətini bir qədər də çətinləşməsi, devalvasiya ehtimallarının güclənməsi deməkdir.

“Moody's" beynəlxalq reytinq agentliyi Türkiyənin uzun müddətli kredit reytinqini "Baa3" səviyyəsindən "Ba" spekulyativ səviyyəsinə endirməsi də həftənin önəmli hadisələrindən biri oldu. Agentlik Türkiyənin kredit reytinqi proqnozunu isə "sabit" olaraq açıqladı. Qeyd edək ki, "Ba1"c səviyyəsi maliyyə bazarlarında ən aşağı səviyyə kimi qəbul olunur və spekulyativ elementlərlə birlikdə əhəmiyyətli dərəcədə riskli sayılır.

Agentlik reytinqin azaldılmasında iki əsas amilin rol oynadığını bildirib. Birinci amili, xarici borclanmanın artırılması zərurəti ilə bağlı risklər, ikinci amil isə iqtisadi artım və maliyyə institutlarının dayanıqlılığı göstəricilərinin getdikcə pisləşməsidir. "Moody's" Türkiyənin kredit reytinqinə 2016-cı ilin iyul ayında ölkədə baş verən çevriliş cəhdləri zamanı yenidən baxacağını bildirmişdi. O zaman agentlik baş tutmayan çevrilişin orta müddətli perspektivdə təsirini qiymətləndirməyə ehtiyac olduğunu açıqlamışdı. Türkiyənin sənaye və ticarət naziri Bülənd Tüfənkçi çevriliş cəhdinin ölkəyə 100 mlrd. ABŞ dollarından çox ziyan vurduğunu və bu rəqəmin daha da arta biləcəyini söyləyib.

Yeri gəlmişkən,"Moody's"in bu qərarı Türkiyədə lirənin dollar qarşı ucuzlaşmasına gətirib çıxardı.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) dünya ticarətinin 2016 və 2017-ci illərdə artım tempi üzrə proqnozlarını aşağı saldı. Hesabata əsasən, bu il dünya ticarətinin həcminin 1,7% artacağı gözlənilir. Halbuki, ÜTT-nin aprel ayında proqnozu 2,8% olub. Təşkilat 2017-ci il üçün isə dünya ticarətinin 1,8-3,1% artacağını proqnozlaşdırıb ki, bu da aprel proqnozundan 3,6% azdır. ÜTT ekspertlərinin fikrincə, 2016-cı ildə dünya ticarətinin artım tempi 2009-cu ildən etibarən, yəni son 7 il üzrə ən aşağı ola bilər. Qurumun baş direktoru Robertu Azevedu, dünya ticarətində artım tempinin yavaşlamasını ciddi fəsadlar törədəcəyini bildirib. O, hesab edir ki, bu, artan anti-qloballaşma meyllərinin güclənməsinə səbəb ola bilər: “Biz açıq ticarət sistemi ilə sıx bağlı olan iqtisadi artım və inkişaf, iş yerləri və ticarət perspektivlərinin yaxşılaşmasına nail olmalıyıq”.

İş dünyası

Ən ağır günlərini yaşayan Almaniyanın ən böyük bankı “Deutsche Bank”ın bazar dəyəri ilin əvvəlindən bu yana 15 milyard avro düşüb. 2015-ci ildə bank 6,8 milyard avro ziyana düşüb. Minlərlə işçisini ixtisar edib. Avropa İttifaqı (Aİ), Avropa Mərkəzi Bankı (AMB) və Almaniya hökuməti "Deutsche Bank"ı xılas etmək üçün plan hazırlayır. Məlumat üçün bildirək ki, bankın vəziyyətinin pisləşməsinə səbəb ABŞ-ın Ədliyyə Komissiyasının cəriməsidir. Belə ki, komissiya "Deutsche Bank"a qarşı qiymətli kağızlarla ticarətdə yol verdiyi qanun pozuntularına görə 14 mlrd. ABŞ dolları məbləğində kompensasiya tələbi irəli sürüb. Buna səbəb bankın 2008-ci ildəki qlobal maliyyə böhranı zamanı qiymətli kağızlarla bağlı riskləri düzgün qiymətləndirməməsi, son nəticədə isə ABŞ-ın "Fannie Mae" və Freddie Mac" ipoteka şirkətlərinin ziyana düşməsidir. Məsələ ilə əlaqədar "Bank of America" 17 mlrd. dollar, "JP Morgan Chase" isə 13 mlrd. dollar kompensasiya ödəyib. "Deutsche Bank"ın kompensasiya ödənilməsi ilə bağlı tələbi yerinə yetiriləcəyi təqdirdə bankın onsuz da ağır olan maliyyə vəziyyətinin daha da pisləşəcəyi nəzərə alınaraq xalisetmə planının hazırlanmasına qərar verilib.

Gələn ilin sonunadək Londonun mərkəzi hissəsində yerləşən ofislərin qiyməti 30% azala bilər. Daşınmaz əmlakın ucuzlaşmasına Böyük Britaniyanın Avropa İttifaqından çıxması göstərilir. Hesabatlara görə, qiymətlər hazırda da azalmaqdadır, lakin gələn il bu proses daha da sürətlənəcək: “Biz Londonun daşınmaz əmlak bazarına investisiya yatırmaq istəyən investorlara gələn ilin sonunadək gözləməyi tövsiyə edirik”.

Nəzərə çatdıraq ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Londonda daşınmaz əmlaka sahibdir. Əmlak Seynt Ceyms küçəsi 78 (mərkəzi küçələrdən biri) ünvanında yerləşir. 2015-ci ildə həmin əmlakın icarəsindən Fond 9 mln. 648,048 min funt sterlinq gəlir əldə edib. "Knight Frank LLP" həmin əmlakı 217 mln. funt sterlinqi dəyərində qiymətləndirib. Belə çıxır ki, gələn ilin sonuna əmlakın dəyəri təxminən 151,9 mln. funt sterlinqi ətrafında dəyişəcək.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə…

Yola saldığımız həftə 2017-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı. Məlum oldu ki, gələn il büdcənin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 min manat, yerli gəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.

Beləliklə, gələn ilin dövlət büdcəsinin 645 mln. manatlıq kəsirlə icra olunması nəzərdə tutulub. 2017-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 1% təşkil edəcək. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxil olmalar, xarici qrantlardan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Həftənin daha bir mühüm hadisəsi Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə "Bank Standard" kommersiya bankının lisenziyasının ləğv edilməsi oldu. Palata bu qərarını 4 iyul 2016-cı il tarixindən banka sağlamlaşdırıcı (sanator) təyin edilmiş “Azər-Türk Bank” ASC-nin və “Bank Standard”ın yeni menecementinin müraciəti əsasında dövlət maliyyə qurumları (Maliyyə Nazirliyi və Mərkəzi Bank) ilə məsləhətləşməklə qəbul edib. “Bank Standard”da qorunan əmanətlərinin məbləği 460 mln. manat təşkil edir ki, bunun da 30 milyonu manatda, təxminən 265 milyonu dollardadır.

Məndən bu qədər…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm