Şarl de Qollun 6 aylıq gizli Bakı həyatı: General Üzeyir bəydən nə xahiş etdi? FOTOLAR
Bizi izləyin

Sovet sirləri

Şarl de Qollun 6 aylıq gizli Bakı həyatı: General Üzeyir bəydən nə xahiş etdi? FOTOLAR

II Dünya müharibəsi illərində Fransanın qəhrəmanı de Qollun Bakıya ardıcıl səfərləri barədə uzun illər ətraflı məlumat gizli saxlanılıb. Gah deyiblər, Ali Baş Komandanın nümayəndələrilə görüş planlaşdırılıbmış, gah deyirlər, maki dəstələrinə (partizanlara) silah-sursat tədarükünə dair müqavilə imzalanmalı imiş...

Biz isə yazımızda bu müəmmalı səfərlərə aydınlıq gətirməyə cəhd edəcəyik.

Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında adı olan Şarl de Qollun barəsində bilməyən insan az olar. Zadəgan nəslindən olan Şarl de Qollun soyadında olan “de” əlavəsi onun fransız elitasına aid olmasını göstərir. O, Fransanın yüksək ruhunun daşıyıcısı olmaqla yanaşı, qədim bir nəslin davamçısıdır.

Şarl de Qoll 1890-cı il noyabrın 22-də Lill şəhərində mütərəqqi intellektual ailədə anadan olub. Peşəkar hərbçi olan de Qoll İkinci Dünya müharibəsi ərəfəsində artıq polkovnik rütbəsinə malik idi. 14 may 1940-cı ildə ona yeni alaya komdanlıq etməyi həvalə edirlər. Həmin ilin iyunun 1-dən isə o, briqada generalı vəzifəsini icra edir.

"Döyüşən Fransa" hökumətinin rəhbəri olan de Qolla Sovetlər Birliyi də dəstək göstərirdi. O, sovetlərin həmin illərin güclü dövləti olduğunu görərək onlarla yaxınlıq etməkdə maraqlı tərəf kimi çıxış edirdi. Onu sovetlərə bağlayan iki maraq var idi. Birincisi, Stalinin rəhbərliyi ilə güclü Sovet ordusu, ikincisi Bakı.

De Qoll Bakı haqqında və Azərbaycan barədə ətraflı bilgiyə malik idi. Onun Fransa üçün döyüşən partizanlar arasında azərbaycanlı dostları var idi və onlardan biri Armed Mişel ləqəbli Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov idi. Əhmədiyyə Fransa xalqının qəhrəmanı olmaqla yanaşı, Fransa müvəqqəti hökumətinin prezidenti de Qollun dəftərxanasında işləyirdi və onlar möhkəm dostluq edirdilər. Azərbaycanlı partizan ailə qurduğu fransız qadın və iki oğlu ilə Parisdə gözəl bir mənzildə yaşayır, Müqavimət Veteranlar Birliyinin ən hörmətli üzvlərindən biri idi ki, həmin xüsusi qvardiya prezidentin dayağı idi. Armed kimi onun döyüşçü yoldaşları da Fransa iqtidarında yüksək nüfuz sahibi idilər. Şarl de Qoll çalışırdı ki, 27 yaşlı dostu Armed Mişel yaxşı yaşasın və ona bütün diqqətini verirdi. Onunla Azərbaycan barədə tez-tez söhbətlər edirdi.

De Qollun stolüstü iki sevimli kitabı var idi. Onlardan biri “Fransa tarixi”, ikincisi isə Fransada nəşr olunan “Vətən xatiratı” idi ki, orda Azərbaycan xalqının tarixi dastanı "Koroğlu" haqqında məlumatlar var idi (bu gün Parisdə “Koroğlu” dastanının orjinalının olması da bu marağın nəticəsidir).

Fransa elitasına aid olan Armed Mişel Dijonda onun adını daşıyan dövlət avtomobil zavodu və gözəl həyatı olmasına baxmayaraq, yenidən Əhmədiyyə Cəbrayılov olmaq və Şəkidən beş kilometr uzaqda yerləşən doğma Oxud kəndinə dönmək qərarına gəlir. De Qoll onu fikrindən döndərmək üçün bir sıra mükafatlar, o cümlədən ev, fabrik, dəniz kənarında villa, avtomaşın və s. təklif etmişdi. Lakin dostunun geri dönmək istəyini görəndə vida mərasimi təşkil etmişdir.

Onu vətənə yola salan Şarl de Qoll vida mərasimində deyib: “Müqavimət hərəkatında iştirak edən qafqazlılar faşizmə qarşı döyüşlərdə həqiqi qəhrəmanlıq göstərmişlər”.

Fransadan vətənə dönən Əhmədiyyəni KQB rahat buraxmır və ona vətən xaini kimi baxırlar. Moskvada yoxlama vaxtı onun mükafatlarının bir hissəsi əlindən alınır, hətta onu "Vətən xaini" adlandırırlar. 1966-cı ildə artıq Fransa prezidenti olan Şarl de Qollun SSRİ-yə səfəri Əhmədiyyənin həyatının dönüş nöqtəsi olur. Keçmiş dostu Şarl de Qolla Moskvada görüşən Əhmədiyyə bu tarixdən sonra Sovetlər İttifaqında da Fransanın Milli Qəhrəmanı kimi tanınmağa başlayır. Əhmədiyyə Cəbrayılov Fransanın 5 ali dövlət mükafatına layiq görülüb: "Müharibə xaçı", "Hərbi şücaət xaçı", "Fransa Müqavimət hərəkatı medalı", "İgidliyə görə medal", "Yaralanmağa görə medal".

Fransa müvəqqəti hökumətinin başçısı general de Qoll və onu müşayiət edən nümayəndə heyəti 1944-cü ilin 27 noyabrında Bakıya gəlib. Hava limanında generalı Azərbaycanın o zamankı rəhbəri Mircəfər Bağırov və SSRİ-nin Xarici İşlər üzrə Xalq Komisarlığının və Xalq Komissarlığı Təşkilatının əməkdaşları qarşılayırlar. Generalı "Hacinski evi”ndə yerləşdirirlər.

Qız Qalası və İçərişəhəri gəzən general bura valeh olur və Bağırovdan iki tarixi məkanın sxemini xahiş edir. Daha sonra o, Xəzər dənizi barədə ətraflı məlumat istəyir. Həmin günü onu öz xahişi ilə “Koroğlu” operasına tamaşa etməyə aparırlar.

Qeyd edim ki, Şarl de Qoll Mircəfər Bağırovdan bu opera ilə bağlı xahiş edəndə, təcili Üzeyir Hacıbəyovu yanına çağırır. Bağırov Üzeyir bəyə qonağın istəyini söyləyir. Bu zaman Üzeyir bəy operanın hansı dildə səsləndiriləcəyini soruşur. Bağırov isə “bura Azərbaycandır və təbii ki, opera da Azərbaycan dilində səsləndiriləcək” deyir. Və məhşur "Koroğlu" operasını de Qoll Stalindən fərqli olaraq Azərbaycan dilində dinləyir.

De Qoll “Koroğlu” operasına baxış zamanı operanın müəllifi, görkəmli bəstəkar Üzeyir Hacıbəyovla tanış olur. Səmimi keçən görüşdə qonaq tamaşadan məmnun olduğunu söyləyir. Həmçinin de Qoll ötən əsrin əvvəllərində Fransa mətbuatında tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği ilə bağlı danılmaz fəaliyyət göstərən Ceyhun bəy Hacıbəyli barədə Üzeyir bəylə danışır. Onun sayəsində 1925-ci ildə bəstəkarın "Arşın mal alan" operettasının fransız dilinə çevrilərək Parisdə tamaşaya qoyulması barədə də bilgili olduğunu qeyd edir. Daha sonra onlar birgə foto çəkdirirlər.

Dahi bəstəkar operasının məzmununu de Qolla izah etmək istərkən, o, “Koroğlu” dastanı ilə tanış olduğunu bildirərək Üzeyir bəydən xahiş edir ki, operanın orijinal əlyazmasını ona hədiyyə etsin. Bunu Fransa generalı əsəri bəyəndiyini, ondan zövq aldığını və dahi bəstəkarla tanışlığından məmnun olduğunu səbəb göstərərək istədiyini dilə gətirir. Lakin bəstəkar nəzakətlə imtina edir, pərt olan general onu müşayiət edən şəxslərlə birlikdə xüsusi qatarla Bakıdan Moskvaya yola düşür...

Bakı barədə onun maraqları o qədər çox olur ki, yenidən bura gəlmək barədə Stalinə müraciət edir və yenidən “Hacınskinin evi”ndə qalır. Lakin burda qısa qalandan sonra Türkiyəyə gedir.

Bu səfərlər rəsmi səviyyədə olub. Lakin çox az şəxsə məlumdur ki, Fransa prezidentinin o dövrdə Bakıya gizli bir səfəri də olub. O, Bakıda 6 ay müddətində gizli yaşamaq barədə Mircəfər Bağırovdan xahiş edir və onu KQB-nin xüsusi nəzarəti altında qoruyurlar.

Sadə geyimli general hər gün səhər Xəzər dənizi sahilində dolaşır, sonra əlində qeyd dəftəri İçərişəhəri gəzir və Qız Qalası barədə məlumatlar toplayırdı. Onun xüsusi marağı Azərbaycan dastanları və əsasən də “Koroğlu” ilə bağlı nəşr olunan bütün məqalələr, kitablarla yanaşı, əlyazmalar idi. O, dəfələrlə “Koroğlu” operasının orijinal nüsxəsini əldə etmək istəsə də, Üzeyir bəyin əlyazmalarına əli çatmır. Lakin Qız Qalası, İçərişəhər, Xəzərin sahilboyu ərazilərinin sxemini əldə edə bilir.

Tehranda olanda ona təqdim edilən XVIII-XIX yüzillərdə yaşamış Tilimxanın şeirləri və orda olan “Koroğlu” dastanının əlyazmalarını qovluqda gəzdirən de Qoll bu barədə əlavə məlumat üçün KQB-nin arxivlərindən də yararlanırdı. 6 ay müddətində Bakıda araşdırma aparandan sonra Parisə geri dönən Şarl de Qoll sonuncu dəfə 1958-ci il iyunun 10-da Fransa neftçilərinin nümayəndə heyəti ilə Azərbaycana səfər edib.

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Xüsusi olaraq Publika.az üçün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm