Xüsusi
Çox dil öyrənməyin ən asan yolu - 50 dil bilən Riçard Simkotdan tövsiyələr - MÜSAHİBƏ - ÖZƏL
Yeni bir dil öyrənmək asan iş deyil. Bir neçə dildə danışmağı bacarmaq isə xüsusi bacarıq tələb edir. Planetimizdə elə insanlar da var ki, 2 deyil, 5 deyil, onlarla dil bilirlər. Çoxumuz üçün mümkünsüz olsa da, “hiperqlot” adlanan bu şəxslər bütün dünyanı öz qabiliyyətlərilə heyrətləndirməyi bacarırlar.
Bəs öyrəndiyimiz hər yeni dil bizə nə qazandırır?
Çoxsaylı araşdırmalar göstərib ki, yeni dil öyrənmək insan şüurunun fəaliyyətini gücləndirir. Çünki bu zaman eyni anda beyinin bir çox funksiyası aktivləşir. Bu isə yaddaşı zəifləməyə qoymur. Həmçinin yiyələndiyimiz yeni dilin sayəsində daxilimizdə yeni şəxsiyyət doğulur. Doğrudur, fransız dilini bilmək sizi daha romantik, italyancanı öyrənmək isə daha ehtiraslı etmir, lakin ən azı həmin xalqın nümayəndələrilə rahat ünsiyyət qurub, mədəniyyətləri, incəsənətləri haqda yeni məlumatlar əldə edirsiniz. Bu siyahıya elmə məlum olan və hələ araşdırılmayan onlarla faktı da əlavə edə bilərik. Odur ki, bir çox məsələlərə işin peşəkarı ilə aydınlıq gətirməyə çalışacağıq.
Publika.az-ın özəl qonağı dünyanı özünə heyran qoyan hiperqlot Riçard Simkotdur.
- Əziz Riçard, bu günlərdə sizin haqqınızda maraqlı məqalə oxudum. “Göte İstitutu” tərəfindən “Çoxdillilik səfiri” adına layiq görülmüsünüz, çünki 50-yə yaxın dil bilirsiniz. Bu inanılmazdır. Sizi təbrik edirəm!
Xahiş edirəm, özünüz haqda bizə məlumat verin. Əslən haralısınız?
- Əslən Böyük Britaniyalıyam. İlk xarici dil öyrənməyə başlayanda cəmi 5 yaşım vardı, özü də nəzərinizə çatdırım ki, təkdilli ailədə böyümüşəm.
- Siz mükəmməlsiniz, bu danılmazdır. Lakin düşünürəm ki, bu qədər dil bilməyin bir elmi məntiqi olmalıdır. Yəni, sirrləriniz, gizli üsullarınız var. Onların bir neçəsini mənimlə bölüşə bilərsiniz?
- Minnətdaram, amma mən özümü mükəmməl hesab etmirəm. Sadəcə, dilləri həqiqətən çox sevirəm. Əsas ilham qaynağım da budur. Mən digərlərindən fərqli olaraq dil öyrənmək üçün dərs saatını gözləmirəm. Dərslər xaricində də fikrimdə daim bu dildə danışıram. Hətta tək fikirimdə deyil, gündəlik həyatımda da istifadə edirəm.
- Sizin yanınızda bu bacarığımdan danışmağa haqqım yoxdur, amma mən zəif bildiyim dildə danışmağa utanıram. Bu isə təbii ki, öyrənmə prosesini ləngidir.
- Əksinə, çox danışmalısınız. Özünüzə çoxlu səhv etmək şansı verməlisiniz. Ancaq bu yolla arzuladığınız nəticəyə çata bilərsiniz. Dil daşıyıcıları ilə daha çox ünsiyyətdə olmalısınız ki, onlar sizi dinləyib, yanlış ifadə etdiyiniz kəlmələri düzəltsinlər. Əslində bu şeyləri yeni dil açan uşaqlarla etmirikmi? Eyni üsuldur. Mən həmçinin, çəkinmədən öyrəndiyim dilin daşıyıcılarına çoxlu sual verirəm.
- Bugünədək öyrəndiyiniz dillər arasında ən çətini hansı olub və niyə?
- Səmimi deyim, gürcü dili... Çünki bu dildə ünsiyyət quracağım əhatə yox idi. Yəqin razılaşarsınız ki, bir dili nə qədər yaxşı bilirsən bil, danışmadıqca unudulur. Odur ki, gürcücəm hələ axsayır.
- Gürcü dilindən söz düşmüşkən, Gürcüstanın yanında Azərbaycan adlı ölkə yerləşir. Bu haqda məlumatınız varmı?
- Azərbaycan haqda məlumatım var. Bildiyim qədərilə çox gözəl ölkədir. Bu ölkədən tanıdığım maraqlı insanlar çoxdur.
- Bizim dilimizi öyrənmək istərdinizmi?
- Bir neçə il öncə Azərbaycan dililə maraqlandım. Hətta ölkənizə getməyə ümid edirdim, lakin alınmadı. Ümid edirəm, yaxın zamanda Azərbaycan dilini öyrənməyə müvəffəq olacam. O zaman nəinki Bakını, digər şəhərlərinizi də gəzib, görmək imkanı qazanaram.
- Belə çıxır ki, dil biliklərinizi mükəmmələşdirmək üçün çoxlu səyahət edirsiniz?
- Əlbəttə, adətən çox səyahət edirəm. Bu müddət ərzində həmin xalqın dilində çox danışmağa çalışıram. Lakin bunu sırf öyrəndiyim dillər xatirinə etmirəm. Olduğum hər bir ölkənin mədəniyyəti, tarixi barədə məlumatım artır. Hər yeni səyahət növbəti dil öyrənməyim üçün bir bəhanə olur.
- Bəs səyahət etmədən, müəllimlərə pul xərcləmədən, təkbaşına yeni dil öyrənmək mümkündür?
- İndi internet elə inkişaf edib ki, düzgün metodikanı bilsəniz, başqa heç nəyə ehtiyacınız qalmayacaq. Italki və digər saytlarda istədiyiniz qədər onlayn materiallar var. Bu saytlarda hətta peşəkar mütəxəssis seçimi də edib, yeni dilə yiyələnə bilərsiniz. Ən əsası isə yavaş addımlarla irəliləməkdir. Hər gün bir az oxuyun, amma əmin olun ki, öyrəndikləriniz yaddaşınıza həkk olundu. Bir də, unutmayın ki, siz kompüter deyilsiniz. Bir çox şeyi yaddan çıxartmaq, yenidən öyrənib xatırlamaq imkanınız və haqqınız var.
- Bəs, sizin özünüzün yutub kanalınız və ya dərslikləriniz varmı?
- “Fransız hekayələri” adlı kitabım var. Lakin gələcəkdə yeni kitablar yazmağı da planlaşdırıram. Bundan əlavə videolarımı yutub kanallarımdan (https://www.youtube.com/user/Torbyrne) (https://www.youtube.com/user/PolyglotConf) izləyə bilərsiniz.
- Bildiyimə görə, ailənizlə birgə Makedoniyada yaşayırsınız. 1 qızınız da var. Bəs o necə, yeni dillərə maraq göstərir?
- Doğrudur. Biz evdə 5 dildə - ingilis, fransız, ispan, alman və makedonca ünsiyyət qururuq. Qızım da bu dillərdə danışaraq böyüyür. Xanımım onunla makedonca danışır. Məktəbdə ingilis dilində təhsil alır. Mən onunla fransız və ispanca ünsiyyət qururam. Həmçinin məktəbdə ikinci dil kimi almanca öyrənir. Lakin dilləri mənim qədər sevdiyinə əmin deyiləm. Çünki o hələ uşaqdır, istər məktəbdə, istərsə də gündəlik həyatda öyrənəcəyi şeylər çoxdur. Odur ki, qızımı buna məcbur etmirəm. Sadəcə izah edirəm ki, təhsilində irəliləyib, yaxşı işdə çalışması üçün bu bir səbəbdir.
- Sirr deyilsə özünüz harda işləyirsiniz?
- Sirr deyil, “The Social Element” agentliyində sosial media menecmentinin Dillər üzrə direktoruyam.
- Əziz Riçard, sizə sualım olduqca çoxdur, lakin zamanınızı da almaq istəmirəm. Bu müsahibə mənim üçün çox dəyərlidir. Təşəkkür edirəm!
- Sizinlə ünsiyyətdən çox məmnun oldum. Məni axtarıb, tapdığınız üçün minnətdaram.
Leyla Sarabi
-
Sosial22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...