Cəmi 30 ilə bədənimizi istədiyimiz şəklə sala biləcək, ölümsüz olacağıq - Postinsan kimdir?
Bizi izləyin

Xüsusi

Cəmi 30 ilə bədənimizi istədiyimiz şəklə sala biləcək, ölümsüz olacağıq - Postinsan kimdir?

Postinsanın taleyi. Transhumanizm nədir?

Əbədi həyat haqda fərziyyələr fantasik görünsə də, dünyanın ən varlı iş adamları bu sahəyə yatırım etməkdən usanmırlar.

Bir həftə öncə “Y Combinator” adlı Kaliforniya biznes inkubatorunun prezidenti Sem Altman rəsmi bəyanatla çıxış edərək, qocalığı ləngidib, insan ömrünü uzatmaq yolunda həyata keçiriləcək bütün layihələrə 1 milyon dollaradək investisiya yatıra biləcəyini vurğuladı. “Biz insanların daha uzunömürlü olub, sağlam yaşamalarına yardımçı olmaq istəyirik” - deyə Altman planet sakinlərinə müraciət etdi.

Ötən il “Tesla və Space X” şirkətinin rəhbəri İlon Mask da səs-səda doğuran çıxışı ilə diqqətləri üzərinə çəkmişdi. Tanınmış iş adamı düşünür ki, gələcəkdə insanlar kompüterlərlə əlaqələndirilməlidirlər. Maska görə, bu nəinki cəmiyyətlərin inkişafı, həmçinin bütövlükdə insanlığın taleyi baxımından vacibdir. Çünki etiraf etməliyik ki, kompütersiz yararsız və maraqsızıq.

Altanla Maskın bəyanatları günbəgün aktuallaşan trendin bir hissəsi kimi dəyərləndirilir. Uzun, sağlam ömür, eləcə də insanın avtomatlaşdırılması transhumanizmin qayəsidir. Bu nəzəriyyədə fantastik kitablardakı ağılasığmaz mövzular sanki gerçəkləşmək üçün sıraya düzülürlər.

İdeyanın qayəsi

Dövrümüzün transhumanizmlə məşğul olan ən məşhur təşkilatı “Humanity+” adlanır. Bu qurum müasir insanın postinsana çevrilmə fazalarını müəyyənləşdirir. Aradakı nəhəng fərq, eləcə də postinsanın bacarıq, qabiliyyətləri o qədər mükəmməldir ki, bu haqda danışmağa insanın dili də dönmür. Sadə tərif versək, transhumanizm insanın texnologiyanın köməyi ilə dəyişməsini öncədən görən hərəkatdır. Onun əsas ideyası isə insanın fiziki, intellektual və psixoloji bacarıqları qüsursuz olanadək sürətlə inkişaf etdirməkdir. Mövcud və yaradılacaq texnologiyaların sayəsində biz daha ağıllı, sağlam, uzunömürlü və hətta ölümsüz olacağıq.

Əbədi həyat

Ölümə qalib gəlib, xəstəlikləri dəf edərkən şəxsiyyətin virtual reallığa keçidi təmin edilir. Transhumanizm termini əvvəllər istifadə olunsa da, bu anlayışı məşhurlaşdıran YUNESKO-nun ilk direktoru, inqilabçı-bioloq Culian Haksli olub. Hələ ötən əsrin 60-ci illərində alim bu anlayışı öz mühazirə və əsərlərində gələcəyin özəyi kimi təqdim edirdi. Transhumanizm hərəkatı 1980-ci illərdən etibarən əhatə dairəsini genişləndirdi. O mövcud fiziki sərhədləri aşaraq, insan bədəninin modifikasiyasıyasını da ehtiva etməyə başladı.

İlon Maskın ixtirası

Maskın fikrini anlayıb, dəyərləndirmək üçün Tima Urbanın bloqundakı qeydlərini oxumaq lazımdır. Lakin bu məqalə o qədər mürəkkəb və elmi dillə yazılıb ki, onu anlamaq asan olmaya bilər. Odur ki, gəlin, qısa xülasə ilə kifayətlənək. İş orasındadır ki, Mask yaxın gələcəkdə süni intellektin inkişaf edib, insan dərrakəsini geridə qoyacağını və müəyyən bir kütlənin insanın tabeçiliyindən çıxıb, İKT-nin köləsinə çevriləcəyini düşünür. Kompüterin insanı sıradan çıxarmamasının yeganə çıxış yolu odur ki, süni şüurla isti münasibətdə olub, onu düşməni deyil, dostu olduğumuza inandırmaqdır. "Tesla və SpaceX" təşkilatının rəhbəri hesab edir ki, gələcəyimizi caynağına alacaq süni intellekt dünyasında sağ qalmağın yeganə yolu bioloji şüuru kompüterlə birləşdirməkdir. İnsanlar bu məqsədə mükəmməldirilmiş neyrokompüter interfeysi sayəsində nail ola bilərlər. Yəni, kompüterin klaviaturasına, monitoruna toxunmadan, onunla təmas etmədən ünsiyyət qurub, informasiya mübadiləsi aparmaq gərəkdir. Bu interfeysin yaradılması ilə Maskın yeni “Neuralink” şirkəti məşğul olacaq.

Maskın sözlərinə görə, təkmilləşdirilimiş neyrokompüter interfeysinin ilk və əsas istifadəçiləri fiziki məhdudiyyətli, eşitmə, görmə, danışıq qabiliyyətini itirmiş insanlar olacaq. Beyinə qoyulmuş implant vasitəsilə bu şəxslər məhrum olduqları fiziki imkanlarından yararlana biləcəklər. Daha sonra neyrokompüter interfeysini yeni texnologiya pərəstişkarları mənimsəyəcəklər. Bura ağıllı ev layihəsinin yaradıcıları aiddir. Məsələn, bu texnologiya televizoru pultla deyil, düşüncə seli ilə yandırıb, söndürməyə, kanaldan kanala çevirməyə imkan yaradacaq. Bir qədər də uzaq gələcəyə baxmaq cəsarəti toplasaq, daha da tükürpədən faktlar görə bilərik. Məsələn, bu interfeys insanların bir-biri ilə sözsüz ünsiyyət qurmasına təkan verəcək. İnsanların fikrindəki kompüter vasitəsilə avtomatik şəkildə yazılıb, qarşı tərəfin elektron ünvanına göndəriləcək. İstənilən sahənin mütəxəssisləri dünyanın hansı nöqtəsində yaşamaqlarından asılı olmayaraq, layihələr üzərinə birgə çalışmağa, fikirlərini bir-birinə asanca ötürməyə nail olacaqlar. Nəhayət, insan intellekti o qədər yüksək həddə çatıb, kompüterlə qohumlaşacaq ki, fikrimizin harada bitib, virtual dünyanın harada başladığını hiss etməyəcəyik. Bir sözlə, kompüterlə bütövləşib, süni intellektlə tam olacağıq. Məsələn, artıq şüurlu sürətdə internetdə məlumat axtarmayacağıq. Baxıb, dinləmək istədiyimiz materiallar özü beynimizə yüklənəcək. Tək insanın dərrakəsi bütövlükdə insanlığın şüurundan fərqlənməyəcək. Bu heyrət dolu, eyni zamanda, dəhşətli faktdır. İnsanlar öz düşüncələrinin axışına birbaşa təsir etmək gücünə sahib olacaqlar. Bəs yad kompüterlərin kodunu sındırıb, istədiyimiz əməliyyatı həyata keçirə bildiyimiz kimi, digər insanların da düşüncəsinə təsir edə biləcəyikmi? Bəs onda fikirlərimizin özümüzə, yaxud başqasına aid olduğuna necə qərar verəcəyik?

Hələ ki, neyrokompüter interfeysi sadə əməliyyatları həyata keçirə bilir. Buraya fiziki məhdudiyyətli şəxslərin pratez bədən üzvlərini çalışdırması aid edilə bilər. Maskın nəzərdə tutduğu mürəkkəb əməliyyatlar isə mütəxəssislər texnologiya sahəsində səylə çalışarsa, yalnız 8-10 ildən sonra mümkün olacaq. Hələ ki, "Neuralink" şirkəti öz nailiyyətlərini ictimaiyyətdən gizli saxlayır. Odur ki, yeniliklər haqda danışmaq çox tezdir. Lakin şirkətin startapına 27 milyon dollardan çox sərmayə xərcləndiyi dəqiq məlumatdır.

Transhumanizm mövzusuna həsr olunan məqalələr və konfranslar hələ ki bir səmtdə çalışır - insan orqanizmini kifayət qədər möhkəmləndirib, daha zəki, sağlam və dözümlü etmək. Bunun üçün müxtəlif cihazlar hazırlanacaq. Məsələn, balaca bir devays bizim üçün fitness trekerləri əvəz edəcək. Bu ağıllı cihaz idman edib, yatmaq üçün düzgün zamanımızı müəyyən edib, bizə xəbər verəcək. Foto və video çəkmək bacarığı olan linzalar hazırlanacaq. Qarşımızdakının nitqini avtomatik tərcümə edən qulaqcıqlar yaradılacaq. Gücü artırıb, insana gümrahlıq bəxş edən idman kostyumları tikiləcək. Bundan əlavə beyin implantı, mikroçiplər ixtira olunacaq. Yeni robotlar diaqnoz növləri aşkarlanan xəstəliyi yerindəcə effektiv surətdə sağaldacaq. Orqanizmin fəaliyyətini tənzimləyən ən faydalı üsullarsa daha da təkmilləşdirilib, genetik xəstəliklərə səbəb olan embrionlar məhv ediləcək.

Düşüncələrin daha tez ötürülməsi, ünsiyyətin sürətləndirilməsi layihəsi artıq DARPA, Feysbuk və Maskın "Neuralink" şirkəti tərəfindən gerçəkləşdirilir. Bu üçlük tərəfindən hazırlanan texnologiya kommunikasiya sistemi vaxtilə telefon və kompüterin etdiyi inqilabı təkrarlayacaq. Əgər bu gün sosial şəbəkələrdə getdiyimiz, gəzdiyimiz maraqlı məkanların sadəcə fotoşəkillərini və videolarını paylaşa biliriksə, yaxın gələcəkdə, keçirdiyimiz hissləri, təəssüratları bütün təfərrüatı ilə bölüşə biləcəyik. Məhsuldarlığımızın səviyyəsi də qat-qat artacaq. Bunun ən sadə misalını “Uber” taksi sifarişi şirkəti edir. Məsələn, sürücü müştərini mənzil başına çatdırmamış şirkət növbəti sifarişçinin ümvanını göndərir. Bu yolla onu daha çox işləyib, pul qazanmağa ilhamlandırır. Gələcəkdə bu biznes nəzəriyyəsi bütün sahələrdə geniş şəkildə istifadə olunacaq. Daha faydalı və ünsiyyətcil insanlar yetişdiriləcək. Həmçinin, yaddaşı gücləndirib, enerji verən həblər satışa çıxarılacaq ki, onu qəbul etmək hər kəs üçün zərurətə çevriləcək.

Mütəxəssislər düşünür ki, transhumanizmin trendləri artıq 2030-cu ildə gerçəkləşə bilər. Onların təsvir etdikləri mükəmməl dünya insanı yaşamağa ilhamlandırır. Ən azı fiziki məhdudiyyətli insanların bizdən fərqi qalmayacaq. İnsanların genləri dəyişdirilib, daha qüsursuz vəziyyətə çatdırılacaq. Bu faktları oxuyanda bir sual yaranır: Bəs geləcəyin insanını necə tərif edək?

Gələcəyin möcüzə insanları

Humanity+ qurumunun rəssamı Nataşa Vita Mor deyir:

“Transhumanizm erasında dərimizin üst qatı şəbəkəyəbənzər, eyni zamanda indikindən daha zərif nanotərkibdən ibarət olacaq. Lakin dəyişkən də ola bilər. Məsələn, mən istəyirəm ki, dərimin üst qatı əsmər olsun. İstədiyim vaxt onu çıxarıb, müxtəlif rəsmlərlə bəzəyə bilim. Saçlarım istəyimə görə tez-tez formasını və uzunluğunu hətta düzümünü dəyişəcək. Gözlərim mikroskop və teleskop funksiyasını reallaşdıracaq. Radiodalğaları, şüa ötürülməsini görə biləcəm. Lakin istədiyim zaman yenidən adi qaydada görməyə davam edəcəm. Həmçinin hər qar dənəsinin yerə düşəndə xəfif xışıltısını, yarpaqların səsini eşidib, alatoranın, sübhün ətirlərini duymaq istəyirəm. Düşünürəm ki, yalnız bu halda dünyanı yaxından hiss edib, onu qorumağa çalışacağıq və məhz o zaman özümüzə İNSAN deyə biləcəyik”.

Süni intellekt tədqiqatçısı Ben Hertsel isə özünü gələcək dünyada belə görür:

“Özümü daha təmkinli, səbrli, fikirlərini idarə edən və xəstəliklərdən uzaq biri kimi görürəm. Suyun altnda nəfəs alıb, kosmosda ağılasığmaz hərəkətləri yerinə yetirmək istəyirəm. Həftə boyu intellektimi ikiqat artırıb, elə həddə çatacam ki, mən artıq mən deyil, başqa insan olacam. Ölməyi heç istəmirəm, axı o gözəl dünyanı kim dadmaq istəməz? Milyard illərdən sonra hər şeydən bezsəm, qocalmağa qərar verəcəm”.

44 yaşlı iş adamı, ABŞ prezidentliyinə keşmiş namizəd Zoltan İştvan gözləntilərini belə dilə gətirir:

“Bu təcrübəni gerçəkləşdirən ilk insanlardan olmaq istəyirəm. Beyninə implant yeridilənlər sırasında niyə də mənim adım olmasın?! Gələcək 10 il ərzində əlimi kəsməyi düşünürəm, axı yeni dünyamızda mənə qoyulacaq əl daha çox funksiya yerinə yetirəcək, barmaq uclarımla qəhvə dolu fıncanımı isidib, soyuda biləcəm. 30-40 ilə biz ya fiziki şəkildə, ya da yarımavtomatlaşdırılmış formada mövcud olacağıq. Bəlkə də tamamən virtual aləmdə yaşayacağıq. Sözün açığı mən maşınlaşdırılmaq və gerçək dünyadan, vücudumdan uzaqlaşmaq istərdim”.

53 yaşlı futuroloq Maks Mor:

“Mənim kəllə sümüyümdə titandan da bərk nanostruktur olacaq. Odur ki, istənilən yüksəklikdən yıxılsam belə zədə almayacağam. Sözün düzü, skeletimi də dəyişdirib, daha güclü olmaq istəyirəm. Şəraitə, iqlimə bədənimi proqramlaşdırmağı düşünürəm. Məsələn, Marsda ikən oksigenə ehtiyac duymayan orqanizmin olsa, gözəl deyilmi? Hətta gələcəkdə vahid insan modeli olmayacağına görə bəlkə başqa bədən forması seçdim”.

Süni intellekt üzrə mütəxəssis Piter Vossun 63 yaşı var. O da yeni dünya üçün tədarükünü hazırlayıb:

“Arzu etdiyim qədər yaşamaq istəyirəm. Hətta ölsəm, bədənimin dondurulması üçün müqavilə imzalamışam. Həmin vaxta qədər mənə yenidən can verib, geri qaytara biləcəklərmi, ona dəqiq sığortam yoxdur. Amma mümkün olsa, həyatımdan həzz alacam. Mən sadəcə beynimin neyronlaşdırılmasını istəyirəm. Bəli, başımı birləşdirmək üçün bədənimdən götürdükləri hüceyrələrdən yeni vücud da yetişdirə bilərlər. Lakin mən robot bədənə birləşməyə də etiraz etməzdim. Motosikldə gəzməyi sevirəm. Məhz o zaman istədiyim sürətlə motosikl sürüb, ölmək ehtimalımı sıfıra endirəcəm. Bütün yeni ixtiraların üzərimdə keçirilməsinin tərəfdarıyam”.

Bəs əslində nə qədər yaşayacağıq?

Bəşər tarixi boyu orta hesabla insan 50 il yaşayıb. Son yüzilliklərdə isə bu göstərici nəzərə çarpacaq dərəcədə dəyişib. Əgər XX əsrin əvvəllərində Avropada orta insan ömrü 45, ABŞ-da 49 il idisə, hazırda bu göstərici 71-80 ilədək yüksəlib. Transhumanistlərsə bu göstəricini maksimuma çatdırıb, ideal halda isə əbədiləşdirmək istəyirlər. Öz proqnozlarında insanın milyon illərlə yaşayacağını vurğulayırlar. Onlar iddia edirlər ki, yaxın gələcəkdə ölüm haqda təsəvvürlərimiz kökündən dəyişəcək.

İnsan ölümsüz olsa, nələr baş verə bilər?

Transhumanizmin nəzəriyyəsini çoxları tənqid edir. Tək ona görə yox ki, beyini robot bədənə bitişdirib, yaşamaq fikri fantastikdir. Bunun əsas səbəbi odur ki, layihənin sərmayədarları varlı iş adamlarıdır. Tənqidçilərin fikrincə, bu nəzəriyyə yalnız həmin insanların əhatəsi, bir sözlə seçilmişlərin işinə yarayacaq. Bütün planet sakinlərinin sağlamlığını təmin etmək üçün heç günü bu gün də gərəkli imkanlar və maddiyat istifadə olunmur. Sadə dildə desək, kimin pulu varsa, əbədi həyat qazanacaq. Orta və aşağı təbəqənin həyatında isə heç nə dəişməyəcək, xəstə xəstə, kasıb da kasıb qalacaq.

Filosof, politoloq Frensis Fukuyama “Tarixin sonu” adlı qalmaqallı kitabın müəllifidir. Əsərində transhumanizm mövzusunu açmağa cəhd edən yazar, bu layihəni insanlıq üçün ən təhlükəli ideya kimi qələmə verir. Fukuyama bildirir ki, tarix boyu bir qrup insan özlərini digələrindən üstün hesab edib. İndi təsəvvür edin ki, daha güclü və uzun ömürlü olub, şüurumuza müdaxilə etməyi bacaran kəslər, taeyimizlə istədiklərini etmək iqtidarında olacaqlar. Politoloq düşünür ki, dırnaqarası bu bərabərlik transhumanismin qurbanına çevriləcək. 100, 200, lap 500 il yaşasaq, daha çox təbii resurs istifadə edəcəyik. Bununla da, onsuz da zədələnmiş ekologiya məhv olacaq. Digər əsas məsələ isə iş problemi olacaq. Təhsil sisteminin taleyi qeyri-müəyyən səmtə yönələcək. İnsanlar stabil təhsil almasalar, yeni ixtisaslar, kadrlar formalaşmayacaq. Beləcə, yeni iş yerləri də açılmayacaq. Təqaüd və digər sosial problemlər necə həll olunacaq?

Nəhayət bu fantastik dünyanın psixoloji zərərlərinə toxunaq. Transhumanizmin əsas məqsədi insanlara uzun ömür verməkdir. Transhumanistlər nə qədər mümkündürsə, bir o qədər də çox yaşanmaq istəyirlər. Daha artıq təəssürat keçirib, acgözlüklə daha çox zövq almaq arzusundadırlar. Ən əsası, doğmaları ilə daha çox zaman keçirməyə ümid edirlər. Bəs birdən tam əksi baş versə? Sonsuzluq və əbədiyyət bizi məqsədlərimizdən soyudub, hissiyatsızlaşdırsa?"

Nyu-York Universitenin bioetik professoru Metyu Lyao həyatı çoxdan gözəlnilən yığıncağa bənzədir. Biz gecənin bitəcəyini bildiyimiz üçün maksimum dərəcədə zövq almağa səy göstəririk. Təsəvvür edin ki, bu yığıncaq əbədi davam edəcək. Sizcə, ora gedib, iştirak etməyin mənası qalardımı? Kifayət qədər zamanımız olduğunu bildiyimiz halda, yeni dillər öyrənib, müxtəlif elmlərə yiyələnmək və ya uşaq dünyaya gətirməyə bugünkü kimi həvəsli olacağıqmı? Bu sualı hər kəs özü vicdanı qarşısında cavablandırsın.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm