Çingiz Mustafayev bütün SİRLƏRİNİ AÇDI: “Depressiyaya düşürdüm, saçlarım tökülürdü...” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Çingiz Mustafayev bütün SİRLƏRİNİ AÇDI: “Depressiyaya düşürdüm, saçlarım tökülürdü...” - MÜSAHİBƏ

Çingiz Mustafayev bütün SİRLƏRİNİ AÇDI: “Depressiyaya düşürdüm, saçlarım tökülürdü...” - MÜSAHİBƏ

"Palmas" musiqi qrupunun rəhbəri və müğənni Çingiz Mustafayevin Publika.az-a müsahibəsini təqdim edirik:

- Çingiz bəy, bizi qapıda Leo qarşıladı. Çox aktiv itdir, baxan kimi bildim ki, müsahibəmizə müdaxilə edəcək. İstərdim ki, söhbətimizə də birinci ondan başlayaq. Bu studiyanı qurmaq asan başa gələn iş deyil, içəridə bahalı musiqi alətləri, müxtəlif cihazlar var. Belə olan halda Leonu bu studiyada saxlamağa necə razı olmusunuz?

- Studiyanı qurmaq filan boş şeydir, iti saxlamaq daha çətindir. Leonu alanda bilmirdim ki, həm belə şıltaq, həm də böyüyüb 60 kq olacaq. Bütün bunlar nəzərə alınmamışdı...

“Bütün sevgi mahnılarında mövzular eynidir”

- Sizə nə vaxtsa ziyan vurub?

- Bu yaxınlarda sağ çiynimi çıxartmışdı, sağ olsun, iki həftə qolu sarıqlı gəzdim, işimdən oldum. Təkcə əşyalara ziyan vurmur, mənim də işlərimə mane olur. Dişləməyi yoxdur, dünyanın ən mehriban it cinsinə aid edilir, hətta oğru gələndə qabağına ayaqqabı gətirir ki, geyinsin. Amma dözülməz dərəcədə şıltaqdır.

- Əgər Leonun bütün şıltaqlıqlarına dözürsünüzsə, deməli, sizin üçün əzizdir...

- Bəli, Leo artıq həyatımın ayrılmaz hissəsi olub. Bir müddət əvvəl, qolum çıxanda onu başqasına vermək istədim. Sağlamlığıma zərər vurmuşdu, buna baxmayaraq yenə də ürəyim gəlmədi.

Heyvanlardan söhbət düşmüşkən sizə eksklüziv bir xəbər deyim. Yaxın zamanlarda itlərin insanın ən sadiq dostu olması mövzusunda mahnı yazmağı planlaşdırıram. Son vaxtlarda sevgi mahnıları çox bəsitləşib, sevgi-məhəbbətdən nə qədər oxumaq olar axı? Vəziyyət o dərəcəyə çatıb ki, mahnıların hesabına sevgi də ucuzlaşıb.

Bütün sevgi mahnılarında mövzular eynidir. Mən də bu mövzuda mahnılar yazıram və oxuyuram, amma həmişə çalışıram ki, sözləri fərqli, eyni zamanda dərin mənalı olsun.

- Yəni sevgini insanlar yox, mahnılar ucuzlaşdırıb?

- İfaçıların 90 faizi sənət üçün yox, kütlə üçün iş görür. Kommersiya ifaçıları daha çox reytinq gətirən kompozisiyalara üstünlük verir. Bunu nəzərdə tuturam.

“Harada oxusan, döyüləcəksən”

- Bəs siz kimin üçün yazırsınız?

- Özüm üçün! Bura mənim studiyamdır, burada yaşayıram, burada çalışıram və burada yaradıram. Əgər dərində nə isə baş veribsə və içimdən sevgi haqqında mahnı yazmaq gəlirsə, onda hisslərimi mahnıya çevirirəm. Məsələn, bu yayı demək olar ki, təbiətdə keçirdim, dağları, kəndləri, dərələri, meşələri gəzdim və gördüklərimdən ilhamlanıb "Qayıtmaq istəmirəm" adlı mahnı yazdım, klip də çəkdim.

Aydın məsələdir ki, təbiətə aid olan mahnı kütləvi deyil, onu nə toyda oxuya bilərsən, nə də ki, ondan pul qazanmaq mümkün olar. Onu harada oxusan, döyüləcəksən.

- Sizcə, auditoriya niyə belə mahnıları qəbul etmir?

- Çünki insanlar beynini yormaq istəmir. Odur ki, onlara “Yaşamaq səninlə xoşdur mənə, xoşdur mənə, Mənim həyatımı coşdur yenə, coşdur yenə!” kimi sözləri olan sadə mahnılar lazımdır.

- Təbiətdən savayı sizi nə ilhamlandırır?

- Təbii ki, hisslərin olmalıdır. Şəhərdə gəzəndə gözləmədiyiniz anda elə bir insan qarşınıza çıxa bilər ki, ondan enerji alarsınız. Şərt deyil ki, həmin şəxslə görüşəsiniz və ya roman yaşayasınız. 50 faiz hisslər, 50 faiz isə fantaziya rol oynayır. İstənilən hadisəyə kreativ yanaşma tərzi olmalıdır ki, onu bəzəyə biləsən. Fantaziyaya yol verəndə yaratdığın məhsul da çox gözəl alınır.

- İnsan əzabının elə bir həddi var ki, ona heç kim təsəlli verə bilməz. Bu təsəllini ancaq təbiət verə bilər. Siz yuxarıda təbiəti sevdiyinizi söylədiniz. Çingiz Mustafayev də ən əzablı günlərində təsəllini həmişə dənizlərdə və dağlarda axtarır?

- Əvvəllər mən də hamı kimi depressiyaya düşürdüm, saçlarım tökülürdü, kökəlirdim və s. cürbəcür proseslər baş verirdi. Sözsüz ki, bunlar məni narahat edirdi. Odur ki, həyatımı dəyişməyə qərar verdim, təsəllini meditasiyalarda axtarmağa başladım. Fikir vermisinizsə, son bir ildə yaradıcılığımda bir qədər durğunluqdur. Kliplər və mahnılar çıxartmıram.

Fəlsəfə və Kvant fizikası kimi qəliz elmlərlə, eləcə də dinlə yaxından maraqlanıram. Fizika elə bir sahədir ki, onunla məşğul olanda gəlib dinə, dinləri öyrənməyə başlayanda isə Allaha gəlib çıxacaqsan.

Bizə hər şeyi etdirən şüurumuzdur. Sufizm insana özünü və həyatı dərk etməyi öyrədir. İnsan niyə başqasını öldürür? Çünki dərk etmir? Niyə pislik edir? Çünki dərk etmir. Əgər biz dərk etməyi və daima o vəziyyətdə yaşamağı öyrənsək, onda həyatımız çox rahat və xoşbəxt olar. Bunun üçün öz üzərində çalışmalısan.

Bəziləri depressiyadan çıxmaq üçün komediya filmlərinə baxmağa üstünlük verir. Bu, baş ağrısı dərmanı kimidir, ağrını sadəcə bir neçə saatlıq azaldır, problemi kökündən həll etmir. Odur ki, həyatda problemlər olanda onun həlli yollarını fikirləşməlisən, unutmaq üsullarını yox.

- İndi xoşbəxtsiniz?

- Bəli, təbii ki, bu, qısa müddət ərzində baş verməyib. Müdriklik yolu çox uzundur.

- Xoşbəxt olmaq bacarıq, xüsusi istedad, yoxsa insanın öz seçimidir?

- Hər ikisi. Niyə mən özümə əziyyət verib saatlarla oxuyuram, niyə o qədər vaxt itirirəm, niyə filosofların çıxışlarını izləyirəm? Çünki rahatlığı bunda tapıram. Adam da var ki, xoşbəxt olmaq istədiyini desə də, həyatını dəyişdirmək üçün heç nə etmir.

Bəzən də xoşbəxtliyi materiyada, maşında pulda, evdə və başqa məsələlərdə axtarırlar. Bu yanlış düşüncə tərzidir. Məsələ ondadır ki, insan eqosu həmişə acdır. Biz onu nə qədər yediririksə, bir o qədər şişirdirik. Nəticədə insanı eqosu idarə etməyə başlayır, “Mən nə desəm, o olmalıdır” şüarı ilə nəfəs alırlar. Materiyaya bağlılıq bu kimi mənfi hallara gətirib çıxarır.

“Necə edim ki, ölməyim?”

- Maraq dairənizi dəyişdirməyiniz sizi musiqidən uzaqlaşdırdı?

- Mütləq qaydada ayırdı, bir işlə məşğul oluramsa, bütün vaxtımı onu öyrənməyə həsr edirəm. Məsələn, kunq-funun bir növü olan vinq-çunu öyrənmək üçün hər şeyi atdım, ona iki il vaxtımı sərf elədim. O Brus Linin də sevdiyi fəlsəfi idman növü olub.

Həmçinin dağ velosipedini öyrəmək də çox vaxtımı aldı. O ərəfədə yaradıcı fəaliyyətlə demək olar ki, məşğul olmurdum.

- Dağ velosipedi çox təhlükəli idman növüdür, həyatını riskə atmaq deməkdir. Maneəli yollardan keçəndə ölümlə üz-üzə qalmısınız?

- Elə yollarda velosiped sürmüşük ki, yıxılsan, sağ qalmaq ehtimalı yoxdur. Ekstremal elə bir vəziyyətdir ki, dağın başında sürətlə velosiped sürəndə ağlına heç nə gəlmir. Ancaq “Necə sağ qala bilərəm?” “Necə edim ki, ölməyim?”, “Necə edim ki, yıxılmayım?” sualları ətrafında düşünürsən. Bu da bir növ meditasiyadır.

- Bəs gitara?

- Gitara da məni sakitləşdirir. Səhnədə gitara çalanda gözlərim öz-özünə bağlanır, bu dünyadan uzaqlaşıram, başqa aləmə düşürəm. Musiqi də meditasiya təsiri göstərir, onunla təsəlli tapa bilirsən.

- Yaradıcı insan kimi bu gün sahib olduqlarınızdan razısınız?

- Məncə, hələ heç nə əldə etməmişəm. Yalnız təkəbbürlü insan düşünə bilər ki, nə isə əldə edib. Özümü dünya miqyaslı hər hansı musiqiçi ilə müqayisə etsəm, onun buraxdığı albom sayına baxsam, görərəm ki, heç kiməm. Bir az da yuxarıdan – kosmosdan baxsan, görərsən ki, insan səhradakı toz qədər xırda, cılız və acizdir. Dərk etmək lazımdır ki, biz sadəcə oyunçularıq. Lap dərindən baxanda başa düşürsən ki, özünü böyütməyə ehtiyac yoxdur. Məsələn, özümüzü nə qədər böyük göstərsək də, acanda nə günə düşürük, əsəbiləşirik, rəng-ruhumuz qaçır və s.

“Eqoist düşüncə tərzidir”

- Sizin həyatdakı əsas missiyanız nədir?

- Hərə bir rol seçir, mən bilirəm ki, dünyaya gitara çalmaq üçün gəlməmişəm. Qalanı çox uzun məsələdir, gəlin oralara getməyək.

- Dini inancınız nədir?

- Bu barədə danışmaq istəmirəm, çoxları bunu başqa cür qəbul edə bilər. Bütün dinlər haqqında məlumat toplayıram, onları araşdırmaq mənim üçün maraqlıdır və hər birinə hörmət edirəm. Müsəlman olduğun üçün digər dinlər haqqında məlumatsız olmaq eqoist düşüncə tərzidir.

- Əvvəllər musiqiçilər pəncərə önündə dayanıb ya gitara, ya da digər musiqi alətində çalırdı. İndi isə musiqi alətlərini telefonlar və planşetlər əvəz edib. Sizə də elə gəlmir ki, texnalogiyalar yaradıcı ruhu azaldıb?

- Tarkanın yeni albomu çıxandaonu almaq üçün mağazalara gedirdik, mahnılara kassetdə qulaq asırdıq. Bir sözlə, əziyyət çəkirdik deyə onlar bizim üçün daha dəyərli idi. Dünya rəqəmsal rejimə keçəndən bəri musiqi hər yerdədir. Bir düymə ilə istənilən mahnını internetdə tapa bilirsən. Bu baxımdan sizinlə razıyam ki, texnologiyalar insanlarda yaradıcı ruhu müəyyən dərəcədə azaldıb. Bu gedişlə daha da pisləşəcək.

Hər şey əlinin altında olanda onun qədrini bilmirsən. Nə qədər ki, toxsan xoşbəxtsən. Ac olanda ağlın başına gəlir və düşünürsən ki, kaş pulumu qənaətlə xərcləyərdim.

“Bizi qarşılaşdığımız bədbəxtçiliklər xilas edir”

- İnsan həyatında elə bir faciəvi hadisə baş verə bilər ki, ondan sonra həyatı tamamilə dəyişsin. Sizi dəyişdirən hansı hadisə olub?

- Öz təcrübəmdən deyə bilərəm ki, bizi qarşılaşdığımız bədbəxtçiliklər xilas edir. Bu gün az-çox nəyə nail olmuşamsa, rayondan yaşadığım çətinliklərin hesabınadır. Qəzadan və ya müflis olandan sonra həqiqəti tapan o qədər adam var. Başıma gələn bir pis hadisə məni yaxşılığa doğru dəyişib.

- Bir dəfə müsahibənizdə demişdiniz ki, rayonda yaşayanda qohumlarınız sizin gitara çalmağınızı xoş qarşılamır. İndi kifayət qədər məşhursunuz, sevilirsiniz də. Sizə olan münasibətləri hələ də eynidir?

- Bilmirəm, çoxdandır ünsiyyətimiz yoxdur. Ümumiyyətlə, sosial insan deyiləm, ətrafımda dost deyə biləcəyim az sayda insan var.

- Təklik təhlükəli asıllıq yaradır. Çünki o dincliyi dadandan sonra insanlarla yenidən əlləşmək istəmirsən. Bu, sizi qorxutmur?

- Bir vaxtlar tək qalanda darıxırdım, sıxılırdım, əyləncə üçün başqaları ilə ünsiyyətə ehtiyac duyurdum. Anladım ki, düzgün fikirdə olmamışam. Zamanla özümü o dərəcəyə çatdırdım ki, tək də daxili harmoniyanı tapa bilim. Dostlarım yanımdadırsa, yaxşıyam, yoxdursa, pis deyiləm.

“Qısa qapanma baş verir”

- Yaxşı insanlar qaranlıqda işıq kimidir. Maraqlıdır ki, Çingiz Mustafayev kimin işığı olub?

- Daima işıqlı olmaq çətindir, qısa qapanma baş verir, hərdən yanırsan, hərdən partlayırsan, sonra yenidən düzəlirsən. Kimisə sevirsənsə, bu, o demək deyil ki, ömür boyu onun yanında olacaqsan. Həyatın öz planları, qayda-qanunları və sürprizləri var. Yaxşılığımı edib kiminsə işığı olmuşam, sonra kənara çəkilmişəm. Əsas məqsədim də odur ki, insanların qaranlıqlarını işıqlandırım. Bundan mənəvi rahatlıq alıram.

- Musiqi elə bir izdir ki, onun sayəsində istənilən dövrə və xatirlərə sayahət edə bilirsən. Siz musiqi ilə məşğul olanda hansı dövrə səyahət edirsiniz?

- İfa etdiyin musiqinin janrından asılıdır. Klassik musiqi dinləyəndə keçmişə gedirəm, ispan mahnıları oxuyanda təbii ki, özümü bir anlıq İspaniyada hiss edirəm.

- Gitaranı bəzən qadınlarla müqayisə edirlər. Hətta belə fikir var ki, gitara yeganə “qadındır” ki, kişiyə öz duyğuları ilə oynamağa icazə verir.

- Abstrakt yanaşmadır, bu musiqi aləti adi taxtadan hazırlanıb, yəni canlı deyil. Əslində insanlar musiqi aləti kimidir. Özünü necə aparmağın sənə toxunan insandan asılıdır. Sənə elə insan toxuna bilər ki, pis səslənər, gitaraya nifrət edərsiniz. Lakin gitaranı böyük bir sənətkarın ifasında dinləsəniz, ona vurula bilərsiniz. Demək istədiyim odur ki, insanlarla necə rəftar etməyimiz onların bizə qarşı olan münasibətindən asılıdır.

- Yaşa dolduqca ən çox nəyə nifrət edirsiniz?

- Oy, oy! Ağır sualdır. Elə reallıqlar var ki, onu çoxu görmür. Dərin insan bütün sistemi görə bilir. Onu görmək istəyəndə insanın içində nifrət yaranır, həyatdakı dəyərləri ölür. Bu səbəbdən də yaxşı olardı ki, heç o sistemə baxmayasan, gözəl işlər görəsən, ancaq gözəlliklərdən zövq alasan. Hər şeydə gözəllik axtarmaq insanın ən gözəl keyfiyyətidir. Neqativ axtarsan, onu hər yerdə tapacaqsan.

- Vicdanınız qarşısında hesabat verməli olmusunuz?

- Normal insan hər gün özünə hesabat verməlidir. Hər hansı işi görəndə “görəsən, düz etdim”, “başqa cür etsəydim necə olardı?” və s. bu tipli suallar üzərində fikirləşirsən.

- “Qolos Ukraini” yarışmasından qayıtdıqdan sonra “O Səs Türkiyə” müsabiqəsinə getmək istədiyinizi demişdiniz. Bu plan hələ də qüvvədədir?

- “O Səs Türkiyə”yə getmək istəmirəm, bu mahnı yarışması deyil, şoudur. Şounun iç üzünü görəndən sonra anlayırsan ki, efirdə başqa şey göstərirlər, səhnə axrasında olanlar isə tamamilə başqadır. Münsiflər efirdə səninlə elə səmimi danışa bilər ki, onların sadəliyinə heyran qala bilərsən. Həyatda isə yanından keçəndə sənə salam vermirlər. Bunları görmək xoş deyil.

- Nə vaxtsa hansısa xanımın nazını çəkməkdən yorulmusunuz?

- Qadının naz etməyi və kişinin dözməyi təbii haldır, amma hər şeyin də bir həddi var.

“Kişi heç bir halda sınmamalıdır”

- Sevgi uğrunda qürurun üstündən xətt çəkməyə dəyər?

- Burada şəxsiyyət və individuallıq önəm daşıyır. Elə kişi var ki, onu qadının həyatı, keçmişi və xasiyyəti narahat etmir. Elə kişi də var ki, onun dəyərləri başqadır. Yalan deməyəcəm ki, sevgi varsa, hər şeyə göz yuma bilərəm. Öz prinsiplərim var, xarakteri olan insanları da yüksək qiymətləndirirəm. Qadın kişinin prinsiplərini sındırırsa, dəyişməyə başlayırsan. Onda vay o kişinin halına... Kişi heç bir halda sınmamalıdır.

- Sizcə, niyə şərq kişiləri üçün qürur həmişə sevgidən öndə dayanıb?

- Zamanla bu proses dəyişir. İndiki dövrü 100 il əvvələ müqayisə etsək, görərik ki, o vaxtın kişisi ilə indikilərin düşüncə tərzi, həyata baxışı eyni deyil. Köhnə düşüncəli kişilər çox az qalıb, hamı avropalaşmağa və ya amerikalı olmağa can atır. Eyni zamanda qadınlarda da belədir. Bu, pis deyil, lakin haradan gəldiyimizi unutmalıyıq. Axı bizim ailəyə, dostlarımıza, işə qarşı çox gözəl dəyərlərimiz var.

- Siz də köhnə kişilərdənsiniz? Zahirən heç belə görünmürsünüz...

- Kənardan çox müasir görünürəm, gəzirəm, səyahət edirəm, bir yerdə dayanan insan deyiləm, özümü inkişaf etdirirəm. Buna baxmayaraq öz köküm olduğunu heç vaxt yaddan çıxarmıram. Babamın babasının babasının ruhunu öz içimdə hiss edirəm. Çoxları mentalitetə lağ etməyi müasirlik bilir, onunla məzələnirlər. Şəxsən mən onların qorunub saxlanılmasının tərəfindəyəm. İslam dövləti olaraq bizim çox gözəl dəyərlərimiz var.

“Öyrəşdiyin insanın yoxluğu daha ağır olur”

- Atanızı uşaq yaşlarından itirmisiniz. Onun yoxluğunu hələ də hiss edirsiniz?

- Sözsüz ki, müəyyən anlarda “kaş ki, burada olardı”, deyirsən, ümmumilikdə isə yalan deməyəcəm, hiss etmirəm. Nə yaxşı ki, bu hadisə uşaqlıqda baş verib. Çünki özünü dərk edən biri üçün öyrəşdiyi insanın yoxluğu daha ağır olur.

- Hadisənin necə baş verdiyini bilmək olar?

- Atam xəstəlikdən dünyasını dəyişib. Bu da həyatın qismətidir, onsuz da gec-tez hamımız dünyadan köçəcəyik. Bilmirik ki, biz yaşlanıb öləcəyik, ya erkən yaşlarda. Evdən çıxanda heç kim bilmir ki, başına nə gələcək. Belə bir məsəl də var: “Allahı güldürmək istəyirsənsə, plan qur”. Üsyan etmək lazım deyil, demək ki, belə məsləhət idi.

- Bütün validyenlərin ən böyük arzusudur ki, övladının xoş gününü görsün. Ananız sizi evləndirməyə tələsmir ki?

- Bizdə belə situasiya yoxdur. Bu, avamlıqdan irəli gəlir. Nəvə görmək xatirinə oğullarını tez evləndirirlər, sonra da oğlan bədbəxt olur. Mənim öz həyatım var, qərarlarıma heç kim müdaxilə etmir. Biz anamla yaxşı dostuq, lazım olanda ondan məsləhət alıram. O, evlənmək mövzusunda mənə heç vaxt təzyiq göstərməyib, fikirlərimə hörmətlə yanaşır.

- Arzuladığınız insanda hansı xüsiyyətlər olmalıdır?

- Saflığı və məsumluğu çox sevirəm. Leonu da ona görə aldım ki, dünyanın ən saf və mehriban itidir, onda qətiyyən aqressiya yoxdur. Üstünə qışqırsanız, 10 dəqiqə sonra yadından çıxacaq.

Hiyləgərliklə məşğul olan insanlardan uzaq gəzirəm. Ona görə yox ki, qorxuram, sadəcə onlardan hər şeyi gözləmək olar.

- Bizə vaxt ayırdığınız üçün çox sağ olun. Arzu edirəm ki, ətrafınızda həmişə mehriban, maraqlı və saf insanlar olsun.

- Minnətdaram.

Aytən,

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm