Xüsusi
Cavid Hüseynov Rasim Əliyevin öldürülməsi ilə bağlı ilk dəfə BÜTÜN GİZLİNLƏRİ AÇDI - MÜSAHİBƏ
Onunla üz-üzə gəlməyə, hətta söhbətləşməyə tərəddüd edirdim. Çünki faciənin yaşayan tərəfi o idi. Hamı cavabsız qalan bütün sualları onda axtarırdı, o isə 20 kvadratlıq otaqda qaçmağa yer. İstənilən cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs 4 divar arasına məhkum edilir və ən ağır cəza olaraq bu verilir. Ancaq o şəxsin bir də futbolçu olduğunu düşünün. Peşəsinin, uşaqlığının, həyatının qayəsi qaçmaq olan insanın 4 divar arasına salınması da cinayət qədər ağrılı bir durumdur. Müasir cəmiyyətdə insanların ağrılarına şərik çıxmaq, onlarla empatiya qurmaq muzeyə qoyulacaq dəyərə çevrilsə də, o dəyəri bir neçə saatlıq oğurlayıb Cavid Hüseynovla görüşdüm.
Onu tanıyırsınız. Ancaq bilmədiyiniz tərəfləri ilə tanıyırsınız.
“Qəbələ” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov Publika.az-a verdiyi müsahibəsində ən dərində gizlətdiyi tərəflərini açdı.
- Cavid bəy, başlayaq elə top qovmağa başlamanızdan.
- Futbola başlamağıma səbəb qardaşım oldu. O, uşaq yaşlarından futbola gedirdi. Məndən də qat-qat yaxşı oynayırdı. Sonra səhhətində problemlər yarandı və idmanı atmağa məcbur oldu.Mən o zamanlar gimnastikaya gedirdim. İki il idi ki, akrobatika ilə məşğul idim. Ancaq qardaşım futbolu atandan sonra anam və o, məni futbola yönəltdi. Bakıxanovda yerləşən Respublika Olimpiya Liseyinə yazıldım və alt qruplarda professional futbola başladım.
- Gimnastikaya maraq necə yaranmışdı?
- Uşaq idim. Tam dərk edə bilmirdim. Akrobatik hərəkətlər etmək, salto vurmaq xoşuma gəlirdi. Ona görə gimnastikanı seçmişdim.
- Daha sonra professional karyeraya başladınız...
- Liseydə Rəhman müəllim mənim ilk müəllimim olub. O, mənə çox dayaq oldu. Bir ata kimi mənə qayğı göstərirdi. Komandada 88-ci illərin kapitanı seçildim. Uşaq futbolunda da uzun müddət kapitan oldum. 16 yaşım var idi. Futbolçu Ramiz Məmmədov məktəbimizə gəlmişdi. O vaxt Nazi Şensoyun rəhbərliyi altında “Turan”da oynayırdı. Rəhman müəllim ona məsləhət gördü ki, mənim oyunumu izləsin. Oyunumu izlədi və xoşuna gəldi. O, məni öz klubuna apardı. Nazi Şensoy da məni izlədi və komandada saxladı. Professional karyerama da beləcə Tovuzun “Turan” komandasında başladım.
- Peşəkar karyeranız ərzində bir dəfə legioner həyatı yaşamısınız. Necə xatırlayırsınız o günləri?
- Sözün düzü, mənim üçün heç yaxşı dövr deyildi. “Neftçi”də oynayarkən davamlı olaraq əsas heyətə çıxa bilmirdim. Səbəbini bilmirəm. “Neftçi”dən ayrılandan sonra heç bir klubdan təklif almadım. Ona görə də üz tutdum Türkiyəyə. Menecerlər vasitəsilə əlaqə yaratdım və “Adana Demirspor”a transfer oldum. Əvvəl hər şey yaxşı idi. Maddi baxımdan hər şey qane edirdi. Münasibətlər də əla idi. Ancaq bir müddətdən sonra maddi sıxıntılar yaranmağa başladı. İndi də onların 1-ci liqasında çıxış edən komandalarda bu sıxıntı davam etməkdədir. Ailəli idim. Gördüm ki, o şərtlər altında çox qala bilməyəcəm. 2 illik müqaviləm olduğuna görə buraxmırdılar. Ancaq mən təkid etdim və geri qayıtdım.
- Neçə oyuna çıxmışdınız?
- Əsas heyətdə 5-6 oyun keçirmişdim. Oyunumu bəyənirdilər. Sadəcə maddi sıxıntılara görə söz-söhbətlər yaranmışdı. Legioner həyatı yaşadığım üçün mənə daha çətin idi. Qayıdandan sonra isə “Bakı” klubu ilə müqavilə bağladım. 19 yaşımda milli komandaya dəvət aldım. O zaman Berti Foksun dönəmi idi. Yavaş-yavaş oyunum inkişaf etməyə başladı və hər şey öz yoluna düşdü. Sonra “Bakı” klubunun işləri yolunda getmədi və iflas etdi. Mən də “Qəbələ” ilə razılığa gəldim.
- Millidən söz açmışkən, Qurban Qurbanov sizə də dəvət göndərmişdi. Millidəki hədəflər nələrdir? Yeni baş məşqçi var, yeni liqa var...
- Hədəflər hər zaman maksimum olmalıdır ki, məqsədinə çata biləsən. İlkin məqsəd hələ ki, qrupdan çıxmaqdır.
- Millətlər Liqasında əvvəlki rəqiblər olmayacaq. Sizcə, şansımız daha çoxdur?
- Asan olmayacaq. Ona görə rahatlaşmamaq lazımdır. Şansımızın necə olduğunu oyunların gedişatında daha yaxşı hiss edəcəyik.
- Qurbanovla işləmək necədir? İlk dəfədir onunla bir aradasınız.
- Maraqlıdır. Qismət indi görüşmək imiş. Düzdür, daha əvvəllər onunla işləmək şansı var idi. Çünki “Qarabağ”a keçmək istəyirdim. Ancaq alınmadı. İndi millidə birgə işləyirik. Özünü sübut etmiş məşqçidir.
- Bəs “Qarabağ”a keçid niyə alınmadı?
- Düzün desəm, yadımda qalmayıb (gülür).
- Yaddaşla bağlı ciddi probleminiz var? Çünki “Keşlə”- “Qəbələ” oyununun keçiriləcəyi saata müsahibə salmışdınız və bu oyun günü yadınıza düşmüşdü.
- Bəli. Çox ciddi problemlərim var. Məni tanıyan hamı bunu bilir.
- Millidə “Qarabağ”ın oyunçuları sayca üstünlük təşkil edir. Bu narahatlıq doğurmur ki?
- Bu gün formada olan yerli futbolçulardan kim varsa, hamısı millidədir. Kim layiq görülübsə, o da çağırılıb. “Qarabağ”ın futbolçularının sayının çox olması isə kiməsə mane olacaq bir durum deyil. Onların çoxu ilə uşaq vaxtından birlikdə olmuşuq, münasibətlərimiz yaxşıdır.
- Son görüşdə “Keşlə” ilə qarşılaşdınız. Oyun daha çox hakimin kobud səhvləri ilə yadda qaldı...
- Oyunu tribunadan izləyirdim. Konkret olaraq penalti epizodundan danışsaq, orada yüzdəyüz yanlış qərar verdi. Çünki ilk toxunuş bizim futbolçudan olmuşdu. Topu kənara atandan sonra Kamran sürüşərək müdaxilə etmək istədi və özünü saxlaya bilmədi. Bizim futbolçu ilə toqquşdu. İlk toxunuş “Qəbələ”nin futbolçusundan olduğuna görə avtomatik penalti təyin edilməli idi. Ancaq olmadı. İkinci epizodda isə qol ofsayd sayıldı. O da düzgün qərar deyildi. Sonradan kameradan da izlədik həmin epizodu. Oyunun nəticəsinə təsir edəcək iki qolluq vəziyyət yanlış dəyərləndirildi. Hamı insandır. Başa düşmək olar. Ancaq nəzərəçarpacaq dərəcədə yanlış qərarlar vermək bir az da haqsızlıqdır.
- Premyer Liqada son dörd oyunun üçündə məğlub olmusunuz. “Qəbələ”də nə baş verir?
- Qış fasiləsindən qayıdandan sonra zəif çıxış edirik. Bilmirəm, bu, psixoloji durumla, ya başqa bir şeylə bağlıdır. Əvvəlki illərdə də eyni vəziyyət yaşanıb. Üzücü haldır. Azarkeşlərimiz də məyus olur. Vəziyyətdən çıxmağa çalışırıq. Ancaq buna rəğmən turnir cədvəlinin ikinci pilləsindəyik. Reallığa baxsaq, çempionluq bizdən uzaq görünür. Motivasiyamız zəif olsa belə, mübarizəni davam etdirəcəyik.
- Qriqorçuk sizi çox sıxır?
- Tələbkar məşqçidir. Bəzən olur, çox sıxır. Ümumiyyətlə, məşqçilik çətin peşədir. İkiqat yük düşür adamın çiyinlərinə. Hər futbolçunun öz xarakteri var. Bu baxımdan onun işi asan deyil. Ona görə də məşqçimizi başa düşməyə çalışırıq.
- O gələndən sonra “Qəbələ”də nələr dəyişdi?
- Çox şey. İki il Avropa Liqasında oynadıq, qrupa düşmək özü kiçik nəticə deyil. Avropa Liqasında “Panatinaikos” bizim üçün arzuolunmaz rəqib idi. Həqiqətən, güclü komanda idi.
- 2015-ci il hadisələrindən danışaq. Hər şey necə başladı?
- “Apollon”la səfər oyununda rəqib komandanın azarkeşləri bayrağımızı təhqir etmişdi. O gün stadionda təzyiq dözülməz idi. Biz qol vuranda sonra isə daha da çoxaldı. Yəqin ki, mənim kiprli jurnalistə olan jestimə toxunmaq istəyirsiniz...
- Bəli. Yunan jurnalist sizdən konkret olaraq nə soruşmuşdu?
- Bakıda cavab oyun idi. Biz “Apollon”a qalib gəldik və qrupa düşdük. Oyun bitdi və biz avtobusa tərəf gedəndə jurnalist ingilis dilində məndən soruşdu ki, Türkiyənin bayrağını niyə əlimə götürmüşəm. Çünki oyundan sonra əvvəl öz bayrağımızı, daha sonra Türkiyənin bayrağını götürüb dalğalandırdım. Bu hərəkətim də yunanlara təsir etmişdi. Mən də sualın cavabında yumruqlarımı bir-birinə vuararaq “Azərbaycanla Türkiyə qardaşdır” dedim. Hər şey də bu söhbətdən qaynaqlanmışdı.
- Bəs məlum hadisə necə cərəyan etdi? Yəni, siz necə xəbər tutdunuz ki, mərhum jurnalist Rasim Əliyev haqqınızda paylaşım edib?
- Oyundan sonrakı gün evdə idim. Allah rəhmət eləsin, mərhum jurnalist Rasim Əliyev mənim yumruğumu bir-birinə vurmaq jestimi təhqir kimi şərh etmişdi. Və paylaşımda ünvanıma “mən əxlaqsız, tərbiyəsiz, mədəniyyətsiz futbolçu ilə Avropaya getmək istəmirəm” sözlərini yazmışdı. Bu paylaşımı da bibimoğlu görmüşdü. Mən sosial şəbəkələrdən aktiv istifadə edən deyiləm. Sonra bibimoğlu ilə həmin jurnalist arasında söhbəti olmuşdu. Bir-birilərinə ana-bacı söyüşləri söymüşdülər. Bibimoğlu mənə yazdı ki, gör sənin haqqında nələr deyiblər. Mən də cavabında dedim ki, boş ver, yazıb-yazıb da. Haqqımda yazan ilk jurnalist deyil ki,.. Mənim də futbolda ilk ilim deyil. Özümü tərifləmək kimi də çıxsın, istəmirəm. Sadəcə karyeramın zirvələrində idim və tamam başqa xəyallar qururdum, hədəflərim var idi. Çox yaxşı formada idim. Bilmirəm, necə oldusa, başıma belə bir hadisə gəldi. Bəlkə bir sınaq idi, bəlkə qismətim idi. Ancaq məni yandıran o oldu ki, ən gözəl vaxtlarımda özümün yox, başqalarının səhvi ucbatından zərbə yedim. Və bu hadisədə ən çox zərbə alan da mən oldum. Həyatım boyu belə bir münaqişə ilə heç vaxt rastlaşmamışdım.
- Rasim Əliyevlə söhbətiniz necə olmuşdu?
- Telefon vasitəsilə əlaqə saxlamışdıq. Zəng vurdum və özümü təqdim etdim ki, Cavidəm: “Bəs feysbukda mənim haqqımda paylaşım etmisən və uyğunsuz sözlər yazmısan. Mənim tərbiyəsizliyimi, əxlaqsızlığımı harada görmüsən ki? Ya bəlkə gəlib mənim yaşadığım yerdən, oxuduğum məktəbdən, universitetdən maraqlanmısan ki, mənim tərbiyəsiz olduğumdan bu qədər əminsən?” Dedi: “Yox, Cavid sən orada təhqiramiz hərəkət göstərmisən”. Mən də dedim ki, elə bir şey yoxdur. Otur, videoya bir də dəqiqliklə bax. Mənim dediyim sözlə sənin başa düşdüyün hərəkət üst-üstə düşmür. Açıq aşkar görünür ki, burada hər iki əlim yumruq şəklindədir. Hələ bura qədər dedim ki, hamımızı Allah yaradıb, hamımızın səhvi olar. Biz bir torpağın adamıyıq. Rasim də qayıtdı ki, bilirsən, mən də sənin yerlinəm. Cəbrayıldanam. Mən dedim, yerliyik lap yaxşı. Mənim xoşum gəlmir yerlipərəstlik edim. Hətta sən bilirsən ki, biz eyni rayondanıq. Nəyə lazımdır belə ifadələr? Xahiş edirəm, paylaşımında təkzib et ki, mən söyüş söyməmişəm. Bunu minlərlə adam oxuyur. İstəmərəm ki, məni tərbiyəsiz bir hərəkətə görə tanısınlar.
Beləcə, mehriban şəkildə danışdıq, razılaşdıq. Hətta məndən üzr istədi. Mən də dedim ki feysbukda da bu üzrxahlığı yazarsan, məsələ bitər. Düzü mənim qətiyyən vecimə deyildi. Heç zəng də etməzdim. Sadəcə bibimoğlu çox əsəbiləşmişdi. Onu sakitləşdirmək üçün danışdım və özünə də dedim ki, Rasim üzr istəyib.
- Yəni, sizin xəbəriniz yox idi onların danışmağından?
- Yox. Mən Rasimlə danışandan sonra bibimoğlu ilə Rasim yenidən zəngləşib danışıblar. O deyib sən məndən üzr istəməlisən, bu deyib, yox, sən üzrü söydüyünə görə istəyəcəksən. Nəsə, telefonda razılaşa bilməyib görüş təyin ediblər. Mən həmin vaxtdan məşqə gedirdim. Məşqdən çıxandan sonra eşitdim ki, artıq belə bir hadisə baş verib. İfadəmə görə üzr istəyirəm, “amma oturduğun yerdə zibilə düşmək” bax bu deməkdir.
Karyeramın da elə nöqtəsində idim ki... İndi ha istəyirəm o formama geri qayıdım, alınmır. Çünki o forma bir-iki ayın məhsulu deyildi. İllərin, üst-üstə oyunların nəticəsi idi. Həm təcrübəm, həm fiziki durumum, həm də texnikan oturuşmuşdu. Ancaq bir göz qırpımında hər şeyi itirdim.
- Həbsaxanada qaldığınız 1 il 2 ay müddətində fiziki gücünüzü saxlamaq üçün şərait vardımı?
- Orada xata deyilən bir otağın içində 4 nəfər qalırdıq. İyirmi kvadratlıq otaq idi və bayıra çıxmaq mümkün deyildi. İyirmi kvadratlıq otağın içində öz formanı necə saxlaya bilərsən ki? 11 ay orada qaldım, 3 ay isə başqa yerdə. Ancaq dayana bilmirdim. Müəyyən hərəkətlər edirdim ki, əzələlərim ölməsin. Beş, on litr həcmində su qabları var idi, onları qaldırırdım. Nə qaça bilirdim, nə də başqa bir şey. Gün ərzində saatlarla qaçan insan üçün çox çətin idi orada qalmaq. Hətta otaqda məsafələr o qədər yaxın idi ki, görmə qabiliyyətim də zəifləmişdi. Havasızlıqdan kökəlirdim. Çəkim artırdı.
- Hava almağa belə çıxarmırdılar?
- Yox, qətiyyən.
- Yanınıza gələn olurdu?
- Yatsam, yuxuma belə girməzdi ki, mən o vəziyyətə düşərəm. Başqalarının cahilliyi, səhvləri üzündən mən və ailəm əziyyət çəkər. Halbuki, mən nə kimləsə dalaşmış, nə də kimisə döyüb-söymüşdün. Asan deyildi. Ancaq iradəmin gücünə hər şeyin öhdəsindən gəldim və dözdüm. Yanıma çox futbolçular gəlirdi. Ağlaya-ağlaya girib, gülərək çıxırdılar. Çünki özümü sındırmırdım. Bundan sonra da başıma nə gəlir-gəlsin, özümü sındırmamağa söz vermişəm.
- Deyirlər, orada fikirləşməyə çox vaxtı olur adamın...
- Çox olur. Orada saniyələr, dəqiqələr, saatlar, günlər bitmir. Nə zaman çıxacağını bilmirsən. Sadəcə ümidlə yaşayırsan. Çox götür-qoy etdim, çox şeylər fikirləşdim. İstər həyatımla bağlı, istər insanlarla bağlı... Ailəli olduğum üçün ilk düşündüyüm onlar olurdu. Ailəmin qədrini bilmək... Çünki azadlıqda olanda deyirsən ailə var, öz yerində. Başqa məşğuliyyətlərə vaxt ayırırsan. Ancaq orada ilk düşündüyün şey ailənə nə qədər dəyər verdiyin olur. İnsana qalan ailə olur. Həbsdə olanda da ən çox dəstəyi onlardan gördüm.
- Bəs karyeranız barədə nələri xəyal edirdiniz?
- Futbola qayıdacağımı bilirdim. Ancaq əvvəlki formamı bərpa edib-etməyəcəyimi bilmirdim. İndi də hər məşqdə çalışıram ki, inkişaf etmək üçün nələrsə edim. Ancaq görürəm ki, alınmır. Hadisədən qabaq psixologiyam, fiziki durumum öz qaydasında idi. Oyunların sayı çox idi. Dildə desəm də, bu müddətə bu şeylər edəcəyəm, reallıqda bacarmıram.
- Ümumilikdə neçə il cəza almışdınız?
- Ümumilikdə 4 il cəzaya məhkum edilmişdim. Məhkəmə zalında hər kəs şoka düşmüşdü. Anam oturacaqdan ayağa qalxa bilmirdi... İki övladım var. Onların hər biri üçün cəzadan 6 ay çıxılmalı idi. Onu belə çıxmadılar.
Heç vaxt bu addan istifadə etməmişəm. Çox insan da bilmir bunu: mən şəhid övladıyam. Atamı sonuncu dəfə 4 yaşımda görmüşəm. Qarabağda döyüşürdü. Bir dəfə yaralanıb gəldi. Yaralı-yaralı hospitaldan qaçıb yenə cəbhəyə qayıtdı. Ağdamda şəhid oldu. O gedəndə bacımın 2, qardaşımın 6 yaşı var idi. Hətta cənab prezident İlham Əliyev atama ölümündən sonra “İgidliyə görə” medal da verib. Lakin mən yenə də dilimə gətirmədim şəhid övladı olduğumu...
- Çıxdıqdan sonra yenə də “Qəbələ” sizə qucaq açdı...
- Çox xoş xatirələr yaşamışam orada. Sağ olsunlar, heç zaman dəstəklərini əskik etmədilər. Sözün düzü, mən karyeramı elə “Qəbələ”də başa vurmaq istəyirəm. Əgər görsəm ki, komandaya kömək etmək iqtidarındayam, qalacam. Olmasa, başqa bir kluba keçəcəm. Ancaq hər halda, orada son qoymaq istəyirəm. Amma heç bir halda nəyinsə xətrinə “Qəbələ”də qalmayacam. Bunu özümə yaraşdırmaram.
- Növbəti dəfə leginoer həyatı yaşamaq istərdiniz?
- İstəyərdim. Ancaq bunun üçün təkliflər gəlməlidir. İndiki halda isə bu mümkünsüzdür. Xarici ölkələrdən təklif futbolçular Çempionlar Liqasında çıxış edəndə gəlir. İndi kimsə gəlib Azərbaycan Premyer Liqasında oyun izləyib təklif göndərməz.
- Bizim çempionatımız niyə yerində sayır?
- Komandaların sayı, sponsorlar azdır. Ümumilikdə, futbola maraq azdır. “Qəbələ” komandasının akademiyası var. Uşaq futbolu inkişaf edir. İndi-indi “Qəbələ” başlayıb xarici klublara futbolçu verməyə. Bu da sevindirici haldır, təbii ki. Nə qədər futbolçular xaricə çıxsalar, gələcəkləri bir o qədər yaxşı olacaq. Azərbaycan çempionatına ümid edib yaxşı nəticədən danışmaq yersizdir.
- İki övladınız var dediniz. Onların idmana baxışı necədir?
- Oğlum boksa maraq göstərir. Mənim babam boksçu, atam güləşçi olub. Yəni qandan gəlir. Ancaq mən istərdim ya cüdo, ya da futbolda olsun. Hara gedəcəyinə özü gələcəkdə qərar verər.
- Hansı top klubların oyununa baxırsınız?
- “Real”a azarkeşlik edirəm.
- Yəqin oyun tərzi xoşunuza gəlir.
- Yox.Tərz olaraq “Barselona”nı daha çox bəyənirəm. “Real”da Ronaldo amili var. O, insanlara çox kömək edir. Xeyriyyə işləri çoxdur. Sırf buna görə “Real”.
Qardaşımla uşaqlıqda Amerika çempionatında baxırdıq. Argentina, Braziliya, Uruqvay komandaları oynayırdı. Onların da oyunları səhər saat 5-6 radələrində olurdu. Səhərə qədər yatmayıb oyunları gözləyirdik. Argentinanı çox bəyənirdim. Onların futbol stilini həmişə özümə yaxın hiss edirəm.
- “Red Black Army” ilə münasibətlər var?
- Çox yaxşı münasibətlərimiz var. Düzdür, son oyunlarda onları çox üzdük. Gözlənilmədən “Neftçi”yə uduzduq. Səbailə 3:1 hesabı ilə məğlub olduq.
- Öz performansını necə dəyərləndirirsən?
- İndi zədəliyəm deyə oynaya bilmirəm. Zədə alınması mümkün olmayan bir məşqdə ayağımdan ciddi zədə almışam. Hətta yırtıqdan sümüyüm görünürdü. Psixoloji baxımdan da aqressiv olmağa başlamışam.
- Mənə isə bu məqamda və bundan sonra sizə səbir diləmək və bol şans arzulamaq qalır. Səmimi etiraflar üçün təşəkkür edirəm...
Zümrüd Kərimova,
Foto: Səfiyar Məcnun
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?