Xüsusi
Azərbaycanlı gənclərin Fransada daha bir uğuru: Ermənilərə NƏRİMANOV ZƏRBƏSİ
XIX əsrin sonlarında Nəriman Nərimanovun qələmə aldığı ”Bahadır və Sona” əsəri Fransanın Strazburq şəhərində fəaliyyət göstərən "Kəpəz" Nəşriyyatında fransız dilinə tərcümə edilərək, kitab halında çap olunub.
Bu əlamətdar hadisə ilə bağlı nəşriyyatın yaradıcılarından olan, yazıçı Nicat Kazımov Publika.az-la söhbətləşib:
- “Bahadır və Sona” nəşriyyatımızda tərcümə edilib, çapdan çıxan sayca üçüncü əsərdir. Əsəri Azərbaycan dilindən fransızcaya Elvin Abbasbəyli tərcümə edib. Kitabın bədii korrektorluğu vəkil və müəllim Edmon Tyeriyə (Edmond Thierry) məxsusdur. Digər vəkil Jan Emanuel Medina (Jean Emmanuel Medina) isə geniş ön söz yazıb. “Bahadır və Sona” Nəriman Nərimanovun vəfatı günündə nəşriyyatın yaradıcları, yəni mən və Dilbadi Qasımov tərəfindən ərsəyə gətirilib. Azərbaycanın hüquqi torpaqları olan Dağlıq Qarabağın ermənilər tərəfindən işğalından sonra düşmənlərimiz Avropada elə bir görüntü yaradıblar ki, guya azərbaycanlılar başqa dinə mənsub olanlarla, başqa millətlərlə birlikdə yaşaya bilmirlər.
Nərimanovun bu əsəri imkansız məhəbbət mövzusunda böyük bir məsələnin həllində rol oynaya bilər. Sözün əsl mənasında "Bahadır və Sona" əsəri bu məsələnin həlli üçün açar və körpü rolunu oynayır. Azərbaycan ədəbiyyatının ilk romanı kimi qəbul olunan bu əsər fransız dilində oxunduğunda hər kəsə məlum olacaq ki, əslində Azərbaycan hələ XIX əsrin əvvəllərində "Birlikdə yaşam" məsələsini gündəmə gətirib və bu ölkədə hər kəs dini, milli, siyasi ayrı-seçkilik olmadan birlikdə rahat yaşayıb. "Bahadır və Sona" artıq kitab mağazalarında satışdadır. Kitabın tezliklə Parisdə, Strazburqda və başqa şəhərlərdə böyük təqdimatı gözlənilir.
- Əsərdə kifayət qədər savadlı, dünyagörüşlü müsəlman qızının təsviri verilir. Erməni Sona türk və fars dillərini dərindən bildiyi halda, bizim xanım “türk dilində yox, firəngcə danışaq” deyir. Bu hal cağdaş dövrün gəncləri ilə də bir az səsləşir. Sizcə, dilimizə olan bu laqeydliyimizin kökünü harda axtarmalıyıq?
- Bilirsiniz, bu əsər həm də sosioloji bir kitabdır. O dövrün psixologiyasını, yaşam tərzini çox rahatlıqla analiz etmək olur. Əsərdəki türk qızının türk dilinə lağ edərək, fransız və rus dilində danışması əslində həmin dövrdə çarizmin işğal etdiyi xalqlara təsirinin, yuxarıdan aşağı baxmağının nəticəsi idi. Bu səbəbdən də oxuya bilən, öyrənən qızların özlərini zadəgan, yüksək zümrə kimi göstərməsi üçün öz dilinə lağ etməsi müstəmləkəçilik siyasətinin nəticəsi idi. Dilimizə olan laqeydlik bu gün də mövcuddur.
- Fransızdilli oxucular və bu ölkədə yaşayan çoxsaylı ermənilərin əsərə münasibəti sizcə, necə olacaq?
- Konkret nəsə demək çətindir. Kitab həqiqətən çox yayılsa, çox şeyə qara yaxdıqları kimi bu əsərə də qara yaxa bilərlər. Hər an şovinist xarakterli fikir bildirə bilərlər. Qarabağın hüquqi və tarixi tərəfdən Azərbaycana aid olmasını dəstəkləyən, işğalı pisləyən, etdikləri cinayətləri qəbullana bilən ermənilər isə bu kitabı əslində problemlərin həlli üçün dəyərləndirə bilərlər.
- Əsərdə türk dilinin qüdrəti, sadəliyi önə çəkilir və fars, ərəb kökənli sözlər sanki cümlələrdən qovulur. Bir yazıçı kimi sizin bu yanaşmaya münasibətiniz necədir?
- Əsərdə çox az ərəb və fars sözləri istifadə edilsə də, mətn baxımından ərəb, fars ədəbi tərzindən tam çıxa bilməyib. Dilçiliklə bağlı bilgim çox deyil. Lakin hiss olunan budur ki, Nərimanov romanı yazarkən dövrün yazıçılarına dilimizə daxil olan ərəb-fars mənşəli sözlərdən qurtulmağın mümkün olduğunu sübut etməyə çalışıb. Və əlbəttə, bunu yüksək məharətlə sübut edib. Bu məsələdə mənim mövqeyim tamamilə fərqlidir. Əsərdə dilimizə türk dili deyilir, lakin o dövrdə hələ dövlətçilik ənənəsinin qoyulmamasına görə idi bu. Arzu olunan bu olardı ki, birbaşa Azərbaycan dili deyilərdi. İzahı çox uzun və həmişə müzakirəyə açıq bir məsələdir.
- “Bahadlr və Sona” faciəvi sonluqla bitir. Din ayrı-seçkiliyi, müsəlmanların elmdən geri qalmasının günahı mollalarda görülür. Bu gün də məhz qlobal problem ucbatından dünyanın hər yanında günahsız insanlar məhv olur. Bahadır və Sonanın acı taleyi bu gün bəşəriyyətə hansı önəmli mesajı verir?
- Elə sualınızda da bir daha Nərimanovun uzaqgörənliyini göstərmiş olursunuz. İlk dəfə bu əsəri oxuduğumda elə bil günümüzün problemlərini oxuyurdum. Təəccüblənməmək əldə deyildi. “Bahadır və Sona” insanları beynəlmilliliyə, dini, irqi, milli ayırımçılıq olmadan bərabər yaşamağa çağırırdı. Nə yazıq ki, Nərimanov bu məsələni nə qədər əsərlərində danışsa da, daşnaklar sonradan cinayətlər törətməyə, Azərbaycanın torpaqlarında genişmiqyaslı qırğınlar törətməyə başlamışdılar. Bu əsərin yazılmasından illər sonra Azərbaycanda sosialist bir quruluş bərqərar olduğunda, Nərimanovun sayəsində Azərbaycanın hüquqi torpaqları beynəlxalq səviyyədə tanıdıldı, Kommunist Partiyasının içində gizlənmiş şovisinit ermənilərin planlarını, yəni torpaq payı qoparmaq planlarını puça çıxardı. Mustafa Kamalın Türkiyədə istiqlaliyyət mübarizəsinə böyük dəstəyi oldu.
- Kitabın satışı ilə bağlı nə deyə bilərsiniz?
- Əsər yeni çıxmasına baxmayaraq, hazırda Strazburq və Lyon kitab mağazalarında satışdadır. Artıq çap etdiyimiz əsərlər saytlar üzərindən də satışı gerçəkləşir. Bu gün Fransada kitablar daha çox internetdən satılır, nəinki kitab mağazalarından. Sözsüz, bizim üçün prioritet Fransadakı bütün kitab mağazalarında olmaqdır. Mağazalarda "Azərbaycan bölməsi" yaradılaraq orada ancaq fransız dilində Azərbaycan ədəbiyyatına aid kitabların satılmasına çalışırıq. Amma eyni zamanda, internetdən də satış gerçəkləşdiyi üçün təkcə Fransanın bölgələrinə deyil, Belçika, Lüksemburq və s. kimi fransızdilli ölkələrə kitablar göndərilə bilir. Bizim nəşriyyatın əhatə dairəsi genişləndikcə gözləntilərimizdə çoxalır. Azərbaycan ədəbiyyatına və həmçinin bizim coğrafiyanın ədəbiyyatına maraq yaradacağımızın ümidindəyik. Hələ ki, bu işimizdə yüksək nəticələr əldə edirik.
- Digər əsərlərimizin fransızcaya tərcüməsi gözlənilirmi?
- Növbədə İbrahim Bəy Musabəyovun “Neft və milyonlar səltənətində” əsəridir. Eyni zamanda xorvatiyalı bir yazıçının da əsərini çap edəcəyik. Ümumiyyətlə, tərcüməsi yekunlaşmış bir çox əsərlər var. Məqsədimiz aya bir kitab çıxartmaqdır.
- Ölkəmiz üçün olduqca əhəmiyyətli fəaliyyətinizdə sizə uğurlar arzulayıram.
- Çox sağ olun.
Leyla Sarabi
-
MDB09:12
Rusiya paytaxtı vurdu: qurbanlar var
-
Magazin108:12
Xalq artistinin cavanlıq sirri
-
Səhiyyə08:00
Xərçənglə bağlı DƏHŞƏTLİ FAKTLAR
-
Gözəllik07:47
Qırışlara qarşı 8 əsas məhsul - Dəri gəncliyinin SİRRİ AÇILDI
-
Sosial07:17
Bu gün qar yağacaq - PROQNOZ
-
Magazin204:44
Türkiyəli milyarderin aktrisa gəlini dar libasda pozalar verdi - FOTO/VİDEO
-
İdman03:43
Qvardiola özünü cırmaqladı - FOTO
-
Magazin103:13
“Məni döyən hələ anasından olmayıb” - Aygünlə Yaşar efirdə dalaşdılar / VİDEO