"Qarşımda oturub Füzuliyə söysə, incimərəm" - Azərbaycanlı yazardan maraqlı AÇIQLAMALAR
Bizi izləyin

Xüsusi

"Qarşımda oturub Füzuliyə söysə, incimərəm" - Azərbaycanlı yazardan maraqlı AÇIQLAMALAR

Publika.az-ın qonağı Londonun məşhur "Natural Gas World" jurnalının enerji məsələləri üzrə eksperti, şair, publisist Dalğa Xatınoğludur.

- Dalğa bəy, özünüzü oxucularımıza təqdim edin.

- Rəsmi cavab olaraq, işim enerji sektorunun təhlilidir. Qərbdə enerji və media şirkətlərinə işləyirəm. Kanada, ABŞ-dan tut, Böyük Britaniya və Çexiyaya qədər. Ancaq, dəqiq, ürəyimcə və gerçək cavab versəm, mənim işim-gücüm eşqdir. Eşqimlə məşğulam. Eşq, yəni vurulduğun gözəlliyi yenidən yaratmaq. Sevdiyin işlə məşğul olmaq önəmli deyil, əsas gördüyün işi sevməkdir. Sevirsənsə, yenilik yaratmalısan. Yoxsa bu sevgi deyil, ehtiyacdır. İstər neft, qaz sahəsi olsun, istərsə ədəbiyyat, fəlsəfə, incəsənət, ailə və ən başlıcası yaşamaq. Məncə, həyatın son qayəsi, yəni bütün çabaların sonu hüzurla yaşamaqdır. Bacarırsansa, demək bir iş görürsən, bacarmırsansa, demək boşuna enerji, ömür tükədirsən. Adətən soruşurlar haralısan? Dəqiq desəm, vətənim yoldur. İnsanın vətəni bütün kainat olmalı.

- Uşaqlığınız, tələbəlik həyatınızdan maraqlı xatirələriniz varmı?

- Uşaqlıqda riyaziyyat və fizika ən çox sevdiyim sahələr olub. Ali təhsilim də elə bu sahədə olub. Ancaq, incəsənət, özəlliklə ədəbiyyata valeh olmuşam. Özəlliklə Qərb ədəbiyyatı. Ola bilsin riyaziyyat dəqiq elm kimi tanınıb, ancaq ən ciddi iş məncə incəsənətdir. Yunan və Roma boyda imperiyaların sarayları uçub, dağıldı, ancaq Homer, Evripid, Sofokl, Horas, Esxil və başqalarının qurduğu saray olduğu kimi qalır. Zaman ötdükcə, dağılmaq, eroziya yerinə, bir az da gözəlləşir. Demək daha dəqiq işlə məşğul olublar.

- Sizin enerji sektorunda fəaliyyətiniz daha çox İran və Ərəb ölkələri sahəsidir. Cənubi Azərbaycanda xalqın problemləri haqqında danışın, zəhmət olmasa...

- Daha yaxşı olar bu sahənin öz uzmanları, insan haqları müdafiəçiləri, sosioloqlar və siyasi fəallar danışsın, çünki, onların ixtisasi budur. Ancaq elə rəsmi məlumata bir diqqət yetirsək, hər şey aydındır. Güney məsələsi əlbəttə ağrılıdır. Öz dilində dərs oxumaq yox, mədəni haq deyilən heç nə yox. İnsanlar öz ana dilində uşaqlarına ad qoymağa belə çətinlik çəkir və üstəlik mərkəzləşdirilmiş hakimiyyətin basqısı altındadır. Rəsmi statistikalarda həftədə bir saat işləyən birisini işsizlər siyahısına salımırlar. Bu meyarla belə, rəsmi məlumata görə işsizlik səviyyəsi Güneydə 15 faizdir. Bu bir faciədir. Rəsmi məlumata görə, boşanma hallarının sayı, Güneydə çox yüksəkdir: 25%. On il öncə ilə müqayisədə 2.5 dəfə artıb. Mən demirəm İranın başqa yerlərində hər şey normaldır. Güneydən qat-qat ağır durumda olan yerlər də var. Ancaq, Güneylə bağlı vəziyyət heç də yaxşı deyil.

- Ədəbiyyata maraq yəqin ki, uşaqlıqdan olub. Bəs necə oldu ki, bu hobbiniz illərlə davam edib? Bu gün bir çox valideyn öz övladında nəyəsə maraq yaratmağa xeyli əziyyət çəkir.

- Şəhriyarın şeirləri böyük rol oynadı. Yaxşı səsim var idi. Şeirlər səsləndirirdim. Sonra bir müəllimim mənə Şəhriyarın “Heydərbabaya salam” kitabını verdi. 13 yaşım olanda isə Füzuli ilə tanış oldum. Fars və azacıq ərəb dilini bilirdim. Füzulini dərindən oxumaqda maraq yarandı. Mənim üçün şeir nə deməkdirsə, onu Füzulidə tapmışdım. Daha sonra Qərb ədəbiyyatı ilə də maraqlanmağa başladım. Qədim yunan-roma ədəbiyyatı, ingilis dilini öyrəndikdən sonra Şekspir, Emili Dikinson, Con Don və Miltonu oxumağa başladım. Ən çox sevdiyim dövr isə 19 və 20-ci əsr ingilis şairləri olub. Eliotun “Waste land” (Çöllük) poemasını hələ tələbəlik vaxtlarımda tərcümə etmişdim. Beləliklə, ədəbiyyatın mahiyyətinə zaman keçdikcə varmağa başladım.

- Ədəbiyyat sizin üçün nəyi ifadə edir?

- Tələbəlik zamanında düşünürdüm ki, ədəbiyyat, şeir bacarıq məsələsidir. Həm şöhrət gətirir, həm zövq verir. Akademik əyləncə kimi yanaşırdım. Lakin yavaş-yavaş, xüsusilə, fəlsəfi əsərlər oxuyandan sonra başa düşdüm ki, ədəbiyyat, ümumiyyətlə, incəsənət həyat üçün hədsiz əhəmiyyətlidir. Fikrimcə, insan dünyada üç şeyi əldə etmək üçün çalışır: birincisi rahatlığıdır. Bu rahatlığı bizə elm bəxş edir. Ancaq elm ruhi rahatlğımızı qarşılaya bilmir. Bunu bizə incəsənət bəxş edir. İkincisi, gözəllikdir. Gözəlliyi isə bizə təbiət verir. İncəsənətin də burada öz payı var. Çünki sənətin ən vacib işi gözəllik ərsəyə gətirməkdir. Xüsusilə, romantizm cərəyanı yaranandan bəri insan başa düşdü ki, həqiqət elə gözəlliyin özüdür.

Con Kitds (John Keats) demişkən, həqiqət gözəllikdir, gözəllik isə həqiqət.

Üçüncü məqsəd isə həyatın mənasını dərk etməkdir. Bu yolda ədəbiyyat insanın əlindən tutur. Ədəbiyyat dünyaya müxtəlif aspektlərdən baxmaq üçün vasitədir. Dünya mənasızdır. Ona görə də hər bir insan özü çalışmalıdır ki, ona məna qatsın.

İnsan şəxsiyyətinin formalaşması üçünsə dörd şey tələb olunur. İlki ləzzətdir. Epikür boş yerə bu ləzzət məsələsinə toxunmayıb. İnsan yaradılışından, məişətindən ləzzət almalıdır. İnsan beyni sevinclə, vəcdlə dolmalıdır. Epikürün fikrincə, ləzzət yəni kədərin olmadığı məqam, yəni hüzur.

Məsələn, Mövalana Cəmaləddin Ruminin altmış min beytlik fəlsəfi-ədəbi külliyyatının yalnız bir misrasında gileyə rast gəlinir. O da ayrılıq dərdindən gileylənir. İnsanın psixikası-yəni ruhu və ürəyi hüzurla yaşamalıdır. Bütün bu komponentləri özündə cəmləşdirən insan harmoniya içində yaşayır. Bəs başqa cür mümkündürmü harmoniyaya çatmaq? Əlbəttə, aşiq olmaq. Eşq bütün bu sadaladıqlarımı insanda cəmləşdirə bilir. Lakin aşiq olmaq tərbiyə məsələsidir, bacarıqdır. Ən xalis aşiqlər uşaqlar olur. Çünki uşaqların həm enerjisi, həm öyrənmə həvəsi, həm də kəşf etmək xüsusiyyəti daha qabarıq olur. Üstəlik, bütün vücudları ilə hər an tərbiyə götürməyə hazırdırlar. Ürəklərindən keçəni deyə bilirlər. Böyüklərin ürəyi isə “arzular qəbristanlığıdır”. Uşaqlar nəsə istəyəndə onu əldə edənə qədər geri çəkilmirlər. Lakin biz böyüklər addım atmağa belə cəsarət etmirik. Uşaqlar sevdikləri şeyi itirəndə tezliklə onu unudub özlərinə yeni maraq dairələri axtarırlar. Böyüklər isə bütün gələcəklərini keçmişdə itirdiklərinə həsr edirlər. Həyatda adi baxışla bunları görmək olmur. Bütün bunların hamısını bizə ədəbiyyat göstərir. Homerdən tutmuş, Nizamiyə qədər bütün yaradıcılıqlarda bu tezis özünü əks etdirir: Normal insan mütləq aşiq olmalı. Əlbəttə, mən ehtiyacdan deyil, eşqdən danışıram.

- Ədəbiyyatın lakonik tərifini istəsələr, hansı sözlərlə verərsiniz o tərifi?

- Bütün ədəbiyyatı yığsaq, bircə kəlimə ilə ifadə edə bilərik: aşiq olmaq. Sofokl, Vergili, Evripiddən tutmuş, günümüz ədiblərinə qədər hər kəs aşiq olmağı təbliğ edib. Eşqin ən gözəl tərifini isə məncə, Platon “Simpozium” əsərində verib. Deyir “eşq vurulduğun gözəlliyi yenidən yaratmaq həvəsidir”. Bu, məişətdə də, fizika da, ədəbiyyatda da eyni axarda gedir. Hər kəs öz aşiq olduğu sahədə yeni şeylər yaratmağa can atır. İndi isə çox insan ehtiyacla eşqi səhv salır.

- Həm qədim, həm də çağdaş ədəbi əsərlərlə maraqlanırsınız. Sizcə, bunlardan hansını araşdırıb dünyaya təqdim etmək olar? Hansı bizim təfəkkürümüzü daha yaxşı ifadə edər?

- Ədəbiyyat da fəlsəfə kimidir. Düz xətti üzrə inkişaf etmir. Məsələn, elə şeylər var ki, onu Homerdə tapmaq olur, ancaq hazırkı nümayəndələrdə yox. Homerdən bu yana əsrlər, dövlətlər, saraylar, hətta xəritələr dəyişib. Ancaq onun misraları necə var, elə də qalıb. Bu, insanın yaratmaq eşqindən irəli gəlir. Çağdaş ədəbiyyatçılarin çoxu isə moda arxasınca qaçmaqla məşğuldur.

Müasir ədəbiyyat klassiklərdən çox şeyi nümunə götürüb. Çünki klassiklər möhtəşəm irs olub. Biz isə dünyaya iki dahi təqdim edə bilərik. Birincisi, sözsüz, Nizamidir ki, artıq dünyada tanınmış bir addır. Bizdən çox onu farslar təqdim etməyə çalışırlar. Çox şükür ki, Avropa, Amerikanın şərqşünasları Nizamini həm orijinal fars dilində redaktə edib, həm öz dillərinə özləri tərcümə ediblər. Hətta bizdən yaxşı işləyiblər. Təkcə Nizami deyil, çoxlu fars dilində əsərləri Qərb alimləri düzənləyiblər. Mən artıq neçə ildir ki, Füzulinin divanını redaktə edirəm. İkinci şairimiz isə Füzulidir. Ola bilsin ki, Füzulini Nizami kimi təqdim edə bilməyək. Çünki o, Nizami kimi kosmopolit dünya görüşünə malik deyil. Ancaq fars ədəbiyyatında, dörd məktəbdən biri olan Hind məktəbinin təməlini Füzuli qoyub. Özü də elə Türkcə yazdığı şeirləri ilə. Fəlsəfə və irfana yönəlik məktəbləri zirvəyə qaldıran çoxlu şairlər oldu. Bundan güclü daha nə yazmaq olardı axı? Ona görə 14-cü əsrdən sonra proses təkrarlanırdı. Elə Nizaminin “Sirlər xəzinəsi”nin dörd yüz, “Leyli Məcnun” hekayəsinin 80 varinatı yazılmışdı. Füzuli diqqətini gözəlliyə yönəltdi. Sırf gözəllik. Məna bir yana qalsın, əsas gözəlliyin özüdür. Bu məktəb Azərbaycanda davam edə bilməsə də, onun davamçısı olan Saib Təbrizi və sonralar başqa Hind məktəbinin davamçıları fars ədəbiyyatının ən möhtəşəm əsərlərini ortaya qoydu. Ancaq Füzuli yapon xalqını, bir amerikalını təəccübləndirə bilməz. Nizaminin şerini Afrikadakı bir qəbiləyə belə oxusan, ortaq hissləri tutub, dinləyər. Buna görə ki, tamamilə düşüncə üzərində qurulub. Füzulini, muğam kimi, özəl adamlar hiss edə bilər. Bu aləmə öyrəncəli adamlar.

-Müasir ədəbiyyat necə, qane edirmi?

- Azərbaycanda müasirlərə o qədər də diqqət yetirməmişəm. Çünki çağdaş ədəbiyyat deyəndə, daha çox Qərb və ərəb ədəbiyyatı ilə maraqlanıram. Müasir ərəb ədəbiyyatında yaxşı yeniliklər var. Bizimkilərdən Aqşin Yeniseyi, Aqşin Evrəni oxuyub, maraqlanmışam. Ramiz Rövşən və Yazıçılar Birliyinə daxil olanlara da uzaqdan baxmışam. Məncə, modern ədəbiyyat hələ keçid dövründədir. Hələ ki, gənc imzalar köhnələri dağıdıb yeni şeylər yaratmağa can atırlar.

Əvvəla, bir şair dünyanın yeddi-səkkiz mədəniyyəti ilə yaxından tanış olmalıdır. Bunun üçün bir neçə dil bilməlidir. Onlardan istifadə texnikalarından, metodlarından xəbərdar olmalıdır. Çünki dil dəyişkəndir. Dövrdən dövrə fərqləri çoxalır. Məsələn, yüz il bundan qabaqkılara baxsaq, Sabirin dildən istifadə texnikalarının özündən əvvəlkilərdən və sonrakılardan nə qədər dəyişik olduğunu görərik. Eləcə də digər xarici ədəbiyyatlarda bu proses var. Məsələn, Eliotu, Ezra Poundu oxuyanda onların dildən istifadə metodları, seçdiyi sözlər insanı heyrətə gətirir. İnsan başa düşür ki, belə də şeir yazmaq olar. İndiki şairlərin çoxunun savad baxımından kasadlığı var. Klassikləri dərin oxumurlar. İndi Britaniyada, ABŞ-da, Fransada çox gözəl, faydalı jurnallar dərc edilir. Özü də indi hər şey internetlə mümkün olduğu üçün abunə olmaq çətin də deyil. Ayda on dollar xərcin çıxa bilər. Ancaq hər şeydən hali olmaq üçün belə şeylər etmək lazımdır. Mən o kəsdən danışıram ki, o, ciddi ədəbiyyatla məşğul olmaq istəyir. Mühit də önəmlidir. Yaxşı şairlərin hamısının çevrəsində yaxşı sənətkarlar olur. Məsələn, Avropa şairlərinə baxıb görürsən ki, rəssamın yanında bir şair var, musiqiçinin yanında bir filosof var. Hamısı bir-birilə ideya alış-verişi edir. Bizdə vəziyyət ürəkaçan deyil. Amma yenə istedadlı gənclər ortaya çıxır. Onlar da mühitsizlikdən yox olub gedir. İndi, dünyada bütün yaxşı şairlər ən az üç-dörd dil bilir. Məsələn, bizə yaxın zamanda yaşamış Borxes. Qiyamətdir.

Onun rəhbərlik etdiyi "Sur" jurnalı Latin Amerika ədəbiyyatını 1930-cu ildən sonra alt-üst etdi. Yosa, Kortasar, Fuentes, Sezar Ayra, Oktavio Paz, Neroda və daha kimlər. Bunları bilmədən nə qədər irəli getmək olar? Ədəbiyyat da elmdir. Qaynaqların, mənbələrin olmalıdır. İndikilər tərcüməyə arxayın olurlar. Guya tərcümələr çoxmu yaxşıdır? Nizaminin Azərbaycan dilinə tərcüməsini gördükcə, ürəyim ağrıyır. Nizamini qoca bir nəsihətçiyə çeviriblər, quru və zəif bir şair. Bütün gözəlliyi, vəcdi, aurası məhv olub.

Etiraf edəndə bir çox insanın xoşuna gəlmir. Ancaq bizim dilimiz köhnəlib. Yaxşı bir əsəri götürüb tərcümə etsən, görərsən ki, yüzlərlə yeni termin, söz yaranmalı. Akademiyanın, AYB-nin hara baxmağından isə xəbərim yox.

Yaxşı əsər yaratmaq üçün dil faktoru mütləqdir. Məsələn, bu yaxınlarda Stefan Sveyqin əsərini türk dilində oxuyurdum. Nə qədər gözəl, geniş, yeni ifadələr var idi. Bizim dildə romanların qatını açırsan, adamın halı qarışır. Elmi kitablar da ondan pis. Terminlərin 90 faizi latın, ərəb mənşəlidir. Ədəbiyyatda bu proses daha pisdir. Çünki alınma sözlər qısır olur. Yeni törəmə sözlər əmələ gətirmək imkanı olmur. Məsələn, "önəm" sözü. Ərəbcədən qarşılığı "əhəmiyyət vermək"dir. "Əhəmiyyət"dən nə qədər yeni söz düzəldə bilərik? Ancaq "önəm" sözündən çoxlu törəmə sözlər yaratmaq olar. Ceyms Coysun “Dublinlilər” kitabında çoxlu ayrı-ayrı hisslərdən danışır ki, bizim dildə onların çoxuna yalnız bir qarşılıqlı söz var. Mən ədəbiyyatdan danışıram, fəlsəfəyə gəldikdə, durum daha ağırlaşır.

- Nizaminin adını çəkmişkən, onun milliyyəti hələ də açıq mövzu kimi müzakirə edilməkdədir. Farsların Nizamini milliləşdirmək iddiası haqqında nə deyə bilərsiz?

- Mən fars nizamişünaslarla da birlikdə Almaniyanın bir teleradiosundakı verilişdə debat keçirmişəm. Londonda da BBC-də bu mövzunu müzakirə etmişik. Onun milliyyəti məsələsində əvvəlcə öz fikrimi bildirmək istəyirəm. Nizami kosmopoli şairdir. Bütün dünya üçündür.

Nizami Azərbaycan dilində bir misra da yazmayıb. Onun ən çox təsirləndiyi şair Xaqani olub. Yəni təsirləndiyi adamlar belə yerli olub. Üstəgəl, Nizami yunan fəlsəfəsindən də bəhrələnib. O Şərq ədəbiyyatı ki, deyirlər, əslində Şərq ədəbiyyatı yunan fəlsəfəsi üzərində qurulub. Məsələn, Mövlana, Nizami, Hafiz, Sədi, hətta Füzuli platonik şairlərdirlər.

Nizami passiv insan olub. Cəmi bir dəfə Gəncədən kənara çıxıb. Buna baxmayaraq, Nizami qiyamət bir dil yaradıb. Onun sələflərinə baxdıqda yeni bir sıçrayışın şahidi oluruq. Onun yaradıcılığında yunan və İslam dinindən qabakı İran mədəniyyətinin təsiri duyulur. Farsların buna görə onu öz adlarına çıxarmağa çalışırlar. Əlbəttə, Nizami irsi məhz fars dilindədir. Ancaq Nizami Azərbaycanda anadan olub, yaşayıb və ölüb. Ona qalsa, İbn Sina və onun kimi bir çox alimlər əsərlərinin əksəriyyətini ərəb dilində yazıblar. Bu o demək deyil ki, onlar ərəb olub. Füzulinin də ərəb və farsca dilində əsərləri var.

Yaxşısı budur ki, Nizami haqqında boş söhbətləri müzakirə etməkdənsə, onu keyfiyyətli formada tərcümə etsinlər. Məktəblərdə tədris olunsun. Özü də quru şəkildə deyil, mənəvi faktorları tədris olunsun. İndiki tərcümələr çox yorucu və sıxıcıdır.

Burada bir misal yerinə düşər. “Ulis” əsərində Ulis dostları ilə birgə mağarada Siklopa (təpəgözə) əsir olurlar. Hərəsi öz cəngavər atasının adını çəkir. Ulis isə deyir ki, mənim adım Heçkimdir. Sonda dostları ölür, ancaq Ulis sağ qalır. Müəllif demək istəyir ki, daimi diri qalmaq istəyirsənsə, ilk olaraq özünü unutmalısan. Yəni aşiq olmalısan. “Romeo və Culiyetta”da da eyni motivə rast gəlmək olur. Culiyetta sevgilisinə deyir ki, Romeo adı sənin nəyindir? Əlinmi, ayağınmı, başınmı? Unut o adı. Məni qazan. Qızılgülü hansı adla çağırsan, yenə də öz gözəl ətrini saçacaq. Nizamidə də eyni şey belə təsvir edilib: Ey Nizami, o zaman ki. sən onun vüsal şərbətini içmək istəyirsən, sən özünü unutmalısan.

Yekun olaraq, belə nəticəyə gəlirik ki, Nizami azərbaycanlıdır, Azərbaycan şairidir. Fars dilində yazmağı o demək deyil ki, farsdır. Mən də ingilis dilində bir xeyli şeir yazmışam. Bu o demək deyil ki, ingilisəm.

- Müasir modaya uyğunlaşmağa çalışan çağdaş ədəbiyyatçılar elə bu modernlikdən qaynaqlanaraq klassikləri inkar edir və hətta bəzən söyürlər. Bu iki cəbhənin ulduzu hardasa barışa bilərmi?

- Əgər onları yaxşı oxusalar, barışar (gülür). Ancaq məncə, söyə də, öyə də bilərlər. Bu azadlığı heç kim yeni nəsildən almamalı. Tutalım mən Füzuliyə valehəm. Qarşımda hansısa bir gənc şair onu söysə, incimərəm. Birincisi, bilirəm ki oxumayıb, oxusa da baş açmayıb. İkincisi, uzağı soruşaram, sən niyə söyürsən? Çoxları deyir kifsənmiş, qəm-kədərli şairdir. Açığı mən minlərlə şairi oxumuşam, ancaq Füzuli qədər enerji, vəcd dolu şair az tapılar. Əksinə çağdaş şairlər daha kədərlidir. Çoxları deyir o sözlərin vaxtı keçib. Şeirin əsas işi zaman və məkanı məhv etməkdir. İnsanı bunlardan qoparıb, azad etməkdir. İnsanın instinkti dəyişmir. Homer hələ də aktualdır. Emili Dikinson deyir: Ədəbiyyat elə bir xəbərdir ki, heç zaman aktuallığını itirmir.

Bir az da gənclərimiz tələsirlər. Diqqət mərkəzində olmaq belə rahat iş deyil. Qalmaqalla alınmır.

Ceyms Coys “Dublinlilər” əsərini yazıb akademiyaya çap etdirmək üçün göndərəndə hər kəs hekayələrinə heyran qalıb. Ancaq çap etdirməyə çəkiniblər. Coys on il əlləşib-vuruşub ki, kitab çap olunsun. Şəxsən mən onun yazdığı hekayələrin üç-dördünü yazsaydım, bir dəqiqə də dözə bilməzdim, heç qoymazdım redaktor da baxsın. Tez çap etdirərdim. Bizim yazarlarımız isə çox tələskəndir. İstəyirlər, hər şey dərhal baş versin. Molla Nəsrəddin açarını itirir və başlayır küçədə axtarmağa. Yoldan keçənlər soruşurlar ki, molla, harda itirmisən, de, biz də oranı axtaraq. Molla deyir ki, zirzəmidə itirmişəm. Soruşurlar bəs zirzəmidə itirdiyini küçədə niyə axtarırsan? Deyir zirzəmi qaranlıqdır, bura işıqlı. Bizim yazarlar da molla kimi ədəbiyyatın qaranlığında itirdiklərini modada axtarırlar.

Bu gün Britaniyada çap olunan “Guardian” qəzetində ədəbiyyatla bağlı verilən araşdırma-məqalənin qiyməti bizim mediaların verdiyi qonarardan 100 qat artıqdır. Bizim gənc istedadlarımız nəinki bunun üzərində çalışmaq istəmirlər, çoxlarının belə şeylərdən xəbəri də yoxdur. Bu gün dünyada ədəbiyyata, incəsənətə, filmə xərclənən pul, çoxlu sektorlardan daha artıqdır. Bu gün bir ədəbiyyat tənqidçisi ilə enerji eksperti birdirmi? Təbii ki, yox.

- Dövr dəyişdikcə həyat da başqalaşır. Tələbatlar, mühitlər formalaşır. Nizaminin dövrü ilə bizim dövrün problemləri eyni deyil, məsələn. Bu gün ədəbiyyat fokusunu hansı problemlərin üzərinə qoymalıdır?

- İnsanlar hər dövrdə sevir, ağlayır, sevinir, kədərlənir. Proses eynidir, ancaq metodlar, üsullar fərqli ola bilər. Bu hisslər insanın zatındadır. Şekspirin əsərləri divlər kolleksiyasıdır: tamah divi, əsəb divi və s. Dəyişməzliyi burada görürük. Bu hisslər Şekspirdən də öncə insanın daxilində var idi. Eyni şəkildə, çağdaş insanın da içində eyni duyğular var. Düzdür, dünya dəyişir və o dəyişdikcə ona uyğun tələbat yaranır. Və incəsənət də başlayır toplumdan, elmdən, siyasi axınlardan faydalanmağa. Məsələn, Ziqmund Freyd psixoanalitikaya gələndən sonra ədəbiyyatda birdən-birə canlanma yarandı. Təsəvvürçülər (İmajistlər) bir tərəfdən, sürrealistlər bir tərəfdən... Beyin axını start götürdü. Dövrün tələbatına uyğun olaraq da sənət yaranmağa başladı. İndiki oxucu da qədim oxuculara bənzəmir. Keçmişdə metafizikaya yönəlik ədəbiyyat daha aktual olub. Bu gün isə düşüncə ədəbiyyatı aktualdır. Nizamiyə qədər bütün ədəbiyyat, tanrıdan qorxu üzərində qurulmuşdu, ondan sonra tanriya sevgi ortalığa çıxdı. Daha sonra ədəbiyyatda əxlaq, utanc, hörmət kimi faktorlar baş qaldırdı. Bu günsə oxucunu üsyankar böyütmək lazımdır. Günün oxucusu kreativ, yeniliklərə açıq olmalıdır. Bu gün Dostoyevski Roskolnikovun simasında göstərir ki, istənilən insan tanrıya da bənzəyir, şeytana da. Müasir oxucu buna hazır olmalıdır.

- Dalğa bəy, dəyərli fikirləriniz üçün sizə təşəkkür edir və incəsənətin işığının daimi olması üçün bol enerji diləyirik.

Zümrüd Kərimova

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm